525.Az

Lukaşenko Avrasiya İttifaqında hərbi qurumun da olmasını istəyir


 

Lukaşenko Avrasiya İttifaqında hərbi qurumun da olmasını istəyir<b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın gələcəkdə Avrasiya İttifaqının hərbi qurumuna çevriləcəyini gözləyir.

“Modern.az” saytının məlumatına görə, Belarus prezidenti iyunun 5-də deyib ki, qarşıda Avrasiya İqtisadi İttifaqını ciddi inteqrasiya gözləyir: “Qarşıda bizi bu ittifaq çərçivəsində siyasi və hərbi inteqrasiya gözləyir”.

Lukaşenkonun sözlərinə görə, bir halda ki, Avrasiya İttifaqının əsasında iqtisadiyyat durur, o zaman bu iqtisadi maraqların müdafiəsi də təşkil olunmalıdır: “Fikrimcə, biz tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya İttifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Rusiyanın təşəbbüsü ilə imzalanıb. Müqaviləni Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalayıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişə imza atıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb. 2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.

Avrasiya İqtisadi İttifaqı 2014-cü il mayın 29-da Rusiyanın təşəbbüsü ilə yaradılıb. Həmin gün Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus bu ittifaqı təsis edib. Bu il daha iki dövlətin Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənir: Ermənistan, Qırğızıstan.

 





06.06.2014    çap et  çap et