525.Az

Hüseyn Cavid -130


 

Hüseyn Cavid<b style="color:red"> -130</b>

Bu gün görkəmli Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyidir.
Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. 

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyası ortaya atılıb.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.


Mənim Tanrım

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir

 





24.10.2012    çap et  çap et