525.Az

Gənc şair dostuma açıq məktub - Fikrət Qoca


 

Gənc şair dostuma açıq məktub - <b style="color:red">Fikrət Qoca</b> Hörmətli Heydər Ələddinoğlu, şeirlərini diqqətlə oxudum. Sən şairsən, ona görə mənə şair dilində, şeirlə cavab yazıram. Özün başa düşərsən.

Fikrət Qoca

Dərdin çoxdu, çək azalsın,
Dərd üstünə dərd yükləmə.
Namərdlər dərd çəkən deyil,
Mərd üstünə dərd yükləmə. 

Torpaq qara, səma bəyaz,
Nə “daş axtar”, nə “qəbir qaz”.
Sən rəngləri qarışdır yaz!
Şeirini yaz. Dərin-dayaz!
Yeri! Yüyür! İməkləmə!  

Heydər ƏLƏDDİNOĞLU 

Kül olsun dünyanın yekə başına! 

Məni hədələyir bu azğın dünya,
Gözümdən süzülən yaşı da görmür.
Mən əzab elmini elə bilirəm
Ayağım biləni başı da bilmir.
Dərd-qəmi sinəmdə elə yatır ki,
Zəhəri şərbətə elə qatır ki,
Həsrət sapandıyla elə atır ki
Tökülür başıma daşı da bilmir.  

Baxıb utanmayır ahıl yaşına,
Nə gəldi eləyir elə huşuna,
Kül olsun dünyanın yekə başına!
Bir şair oğlunu yaşada bilmir!..

Qəbrimə Yer boyda daş bəsləyirəm 

İçdiyim kədərdir, yediyim əzab
İsti ürəyimdə qış bəsləyirəm.
Yıxılmış yurd-yuvam boş qalmamaqçın
Birtəhər bədəndə baş bəsləyirəm. 

Fələkdir puç olmuş günləri sayan
Qoruyan mələksən, sən nəsən dayan!
Vüsalı dadmamış qırxa çatmayan
Ölümçün şərəfli yaş bəsləyirəm. 

Uçar üstünüzə çəkilin, qaçın!
Torpağın qan olmuş ağzını açın,
Bir də bu dünyaya qayıtmamaqçın
Qəbrimə Yer boyda daş bəsləyirəm!..
 





24.10.2012    çap et  çap et