525.Az

Sən mənim varımsan


 

Sən mənim varımsan<b style="color:red"></b>

Bir atalar sözündə buyrulur : "Dostunu göstər, sənin kim olduğunu deyim".  Mən dostlarım qədər mükəmməl olsaydım vardı ki?  Dostluq özünü deyil, əksinə özündə olmayanları   tapmaqdır. nələrisə qatmaqdır ona.  "İnsana ailəsindən yaxını yoxdur" deyirlər. Bu fikir özünün təsdiqini dəfələrlə tapıb. Amma etiraf edək ki, doğmalarına demədiyin ya deyə bilmədiyin, hətta gizlətdiyin məqamlar olur. O məqamlar ki, yalnız dostunla bölüşə bilirsən.  Deməli, dost dediyimiz həm doğmamızdır bəzən doğmalarımızdan da yaxın.   Ailəmizin bir üzvüdür yəni .

Deyirlər  DOST    Daş, Od, Su, Torpaq kimi müqəddəs ünsürləri  özündə birləşdirəndir. Mənə görə isə DOST çətin anlarda göstərdiyi Dözümü, yüz dəva-dərmana dəyən Ovuntusu , sarsılmayan Sədaqəti sənə bəxş etdiyi Tamlığı ilə yanında olandır.

Özün dindar ola bilərsən, amma dostun ateist.  Əsas odur ki, sizi  bir-birinizə din ya da dinsizlikdən daha güclü bir bağ bağlasın. Ailəni, Vətənini, dilini sən seçmirsən, hansısa bir dinə mənsub  adam kimi doğulursan... Bütün bunları sənin üçün həyat seçir, Dostu isə ruhun ...   Yəni sirdaşındır dost , yəni ruhdaşındır dost ...

Bir yanılmalar var bu həyatda. Tanıdığın meşədə azmağa bənzəyir  bu ... Əvvəl xoş münasibət kimi gələr sənə, sonra anlayarsan ki, boşmuş hər şey.  varmışsa təmənnaymış. onda sevinərsən ki,  yaxşı Dost demək istədiyini  sirdaş etməmisən özünə, arxadaş bilməmisən. Yaxşı ki,  həyatımızda bu yanılmalar, aldanmalar yalanlar var. Onlar əslində bizə gerçəkləri, ən böyük həqiqətləri tapmağımızda bir dost kimi yardımçı olub, yol göstərir. Əlbəttə, dostunla ortaq cəhətlərin mütləq var.  İlk tanışlığınızda budu elə sizi bir-birinizə yaxınlaşdıran, amma sizi sizə bağlayan fərqləriniz olacaq.

Gülməyi çoxuyla bacarmaq olar. Bəs ağlamağı? Kişi kimi hönkürməyi? Sosial-psixoloji problemlərdən qaynaqlanan gərginliklərini dalaşaraq bölüşmək, ağır sözlər demək ya eşitmək, amma inciməmək , sadəcə anlamaq  başadüşülmək.

Bəzən "qatığın qaralığı"na əminlikdir dostluq. Güvənməkdir bəlkə özündən çox inanmaqdır...

Biri "Dost qapısı" dedi? Dostlar arasında qapı olmamalıdı. Sadəcə DözümOvuntuSədaqət Tamlığı özündə birləşdirən hörmət pərdəsi gərəkdir.   O pərdə ki, bütövlüyünü qorusun, naxələf olmağa səni elə utandırsın ki,  heç bu barədə düşünə bilməyəsən. Dostluq sevincləri bir yaşayıb, qəmləri bərabər çəkməkdir.  Həyatını bölüşmək, son tikəni bölməkdir nisbətsiz...  

Ola bilər eyni səmtə  ayrı -ayrı rakuslardan baxasınız .Əsas məsələ hər ikinizin görə biləcəyi  bir nöqtənin varlığıdır. 

bəzən inciməkdir dostluq, küsmək hətta uzaqlaşmaqdır amma kin saxlamamaqdır, ayrı qala bilməməkdir. Çünki həyatında tutduğu yeri o qədər böyükdür ki, getsə, ya da getsən qalan boşluğu heç heç kəs əvəz edə bilməyəcək.

Tək arxalanacağın yox, çox vaxt öndən gedib təhlükəni sənin üçün dəf edəndir dost.

 Ruslar deyir ki, "İş başqa, dostluq başqa".  Mən deyirəm ki, ortada bir varsa onun iki ağası, iki qulu var. Sizin işiniz dostluq olsun, vəssalam.   

Düşünməkdir dostluq, onun yerinə onun üçün düşünmək, narahat olmaqdır, qayğı diqqətdir.  Mənfilərilə qəbul edib, müsbətlərini ona verməkdir . Əsl dostluqlar zamana məkana sığmayandır. Qazanmaqdır dostluq. Onun məhəbbətini, məsələn.  Necə ki, hörməti tələb etmirlər, qazanırlar.  Bütün bunları daha fazlasını düşünüb yazmışdım  "Sual dolu"  bu şeiri. Elə sonluğu da onunla vururam.  Siz şeiri oxuyun mən dostuma zəng edim. Yaxşı ki , varımsan dostum. Sən mənim varımsan!

 

Dərdimi-sərimi,

Xeyrimi -şərimi,

Heç kimə

oxuya bilmədiyim şeirimi,

Bölüşə biləcəyim

Dostum olarsan ?

 

Söykənəcəyim,

Acıqlananda söyəcəyim,

Hirsimi tökəcəyim,

Ən əsası güvənəcəyim.

Dilim acı olsa da ,

Dərdim səni yorsa da

Getməyənim

yalan deməyənim olarsan ?

 

Ən zəif tərəflərimi

biləsən ,

Təriflərini istəmirəm

mənə ən acı həqiqətləri deyəsən.

 

Yorulanda,

Həyatın məngənəsində sıxılanda

bəzən yox olanda yanına gəlsəm.

Mən sussam , sən dinləsən ,

İçimdəki səsim olarsan ?

 

bəzən gülsək ,

Qəh-qəhələrimiz

Ən acı qəhərləri boğsa,

Səhərləri yoxsa bir bardaq çayın

Qapımı döysən ,

Bölüşsək əlimizdə olanları...

 

Dərdləşsək,

Sevincləri dəmləsək,

süzsək səmimiyyəti.

 

Dostum...

Əlini mənə uzat,

Uzat ki, uzaqları yaxın edək.

 





20.06.2014    çap et  çap et