525.Az

Təbliğatda yapon düsturu


 

Təbliğatda yapon düsturu YAPON DİPLOMATİYASI MÜBAHİSƏLİ ƏRAZİ SAYILAN TAKEŞİMA ADALARI İLƏ BAĞLI TƏBLİĞATI NECƏ QURUR?   

Azərbaycan xalqı tarix boyu erməni vandallarının qurbanına çevrilərək, müxtəlif işgəncələrə, zorakılıq hallarına, qırğınlara, soyqırıma məruz qalıb. 1905-1907, 1918, 1948-53, nəhayət 1988-93-cü illərdə erməni vəhşilərinin millətimizə qarşı törətdikləri soyqırımlar hər kəsə bəllidir. Ötən əsrin əvvələrindən başlayaraq, xalqımızın üzləşdiyi bu qırğınlar, qadın, qoca, uşaq, hətta gənclərimizdən də yan keçməyib. Erməni daşnakları bu günahsız insanlara qarşı da öz qeyri-insani əməllərini törətməkdən çəkinməyiblər. Onlar belə zorakılıq əməlləri ilə yanaşı, tarixi abidələrimizi, şəhər və kəndlərimizi, yeraltı və yerüstü sərvətlərimizi talan etməyə də xüsusi diqqət yetiriblər. Düşmən qonşumuz işğal etdiyi ərazələrdə xalqımızın tarixi keçmişini özündə əks etdirən bir çox abidələri saxtalaşdıraraq, onları özününküləşdirib. 

Maraqlıdır ki, bu vəhşiliklər dünyanın gözü önündə baş versə də, heç kəs bunu “görməyib”. Başqa sözlə desək, bu qanlı olaylara göz yumulub. Belə yanaşma isə erməni vandallarını daha da şirnikləndirərək, onların çirkin əməllərini dünyanın sülhə can atdığı bir vaxtda, ötən əsrin son onilliyində törətməsinə imkan yaradıb.  Dünya dövlətlərinin bir çox ölkələrdə, hətta yüz illər əvvəl baş verən olaylara sərt reaksiya verdiyi halda, ötən əsrin son onilliyində millətimizə qarşı törədilən qanlı facilərə münasibət bildirməməsi düşündürücüdür. Törədilməsi ilə əlaqədar doğru-düzgün heç bir fakt olmayan qondarma “erməni soyqırımı” ilə bağlı bəzi dünya ölkələrinin hələ də gülüş doğuran qərarlar qəbul etməsini nəzərə alsaq, bu məqam üzərində daha dərindən düşünməli olarıq.  Nüfuzlu dünya dövlətlərinin bu tip məsələlərə ikili standartlarla yanaşması bir çox məqamlarla bağlıdır. Burada hansısa şəxsi və digər maraqlar önə çəkilsə də, sözügedən məsələdə düzgün istiqamətləndirilmiş təbliğatın böyük rolunun olması da danılmazdır. Əgər desək ki, erməni vəhşiliyi, Qarabağ problemi ilə bağlı dünya ölkələrinin ikili standartları təbliğat aparmağımızla sıx əlaqəlidir, heç də yanılmarıq. Sözügedən məsələdə xarici ölkələrdəki, səfirliklərmizin, vətəndaşlarımızın, lobbi təşkilatlarımızın üzərinə böyük iş düşür.  Bu yaxınlarda sözügedən mövzu ilə sıx şəkildə bağlı olan bir məqam diqqətimizi çəkdi. 

Bir neçə gün öncə redaksiyamıza Yaponiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin adından bir məktub daxil olub. Məktubda mübahisəli Takeşima adalarından bəhs edilir. Bildirək ki, Takeşima adası Yaponiya ilə Koreya Respublikası arasında mübahisəli ərazədir. Yaponlar iddia edirlər ki, Koreya bu adanı qanunsuz olaraq ələ keçirib. Bu məsələdə hansı dövlətin haqlı olması başqa bir yazının mövzusudur.  Məqsədimiz bu problemi qabartmaq deyil, Yaponiyanın məsələ ilə bağlı necə təbliğat aparmasını diqqətə çatdırmaq və bu məqamdan haqq səsimizi dünyaya çatdırmaq üçün nümunə kimi istifadə edə biləcəyimizi diqqətə çatdırmaqdır. Yaponiya səfiri məktubda Takeşima probleminə toxunaraq bu adanın öz əraziləri olduğunu bildirir, məsələ ilə əlaqədar tarixi faktları diqqətə çatdırır. Azərbaycan və ingilis dilində olan məktubda həmçinin adanın fotoşəkilləri, problemlə bağlı ayrı-ayrı ölkələrin münasibətləri, beynəlxalq və hüquqi aktlar öz əksini taparaq, iki ölkə arasındakı münasibətlərə də toxunulub:

“Mənim səmimi fikrimcə, sizin qəzetiniz Azərbaycanda öndə gedən və vacib informasiya mənbələrindən biridir. Bu ölkədə Sizin qəzetin nüfuzunu və oxucularınızın sayını yüksək qiymətləndirirəm. Bildiyiniz kimi, son günlərdə Takeşima adaları üzərində Yaponiya və Koreya Respublikası arasında münaqişə ətrafındakı vəziyyət beynəlxalq birliyin diqqətini cəlb edib. Bu nöqteyi-nəzərdən, həmin məsələdə Yaponiyanın mövqeyini, eləcə də onun bu adalara olan iddiasının əsaslı olması haqqında daha dolğun anlayış vermək üçün bu məktubla Sizə müraciət etməyi qərara aldım”. Məktubda daha sonra Yaponiya və Koreya Respublikası arasında olan ümumi əlaqələr haqqında bəhs edilərək Yaponiyanın Koreya ilə münasibət qurmaqda maraqlı olduğu qeyd edilib. Məktubda iki ölkənin 2002 FİFA Dünya Kubokuna birgə evsahibliyi etdikləri qeyd edilərək, sadə insanlar səviyyəsində ölkələr arasında mədəniyyət mübadiləsinin sürətlə inkişaf etdiyi bildirilib:

“İqtisadiyyata gəlincə, Koreya Respublikası Yaponiya ölkəsi üçün 3-cü ən böyük ticarət partnyorudur, Yaponiya isə Koreya Respublikası üçün 2-ci ən böyük ticarət partnyorudur. 2011-ci ildə bizim ikitərəfli ticarət mal dövriyyəmiz 100 milyard ABŞ dollarından artıq olan məbləğ təşkil edib. Butun bunlara əlavə olaraq, Koreya Respublikası Yaponiya üçün əhəmiyyətli portnyor sayılır və biz azadlıq, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət və sairə kimi fundamental dəyərləri birgə bölüşürük. Bizim dost əlaqələrimizin bundan sonrakı təkanı nəinki iki ölkə üçün, eləcə də ümumiyyətlə, şimal-şərqi Asiyada sülh və tərəqqi üçün vacibdir. Bütün bunlarla yanaşı Takeşima adalarına dair Yaponiya və Koreya Respublikası arasında ərazi münaqişəsi mövcud olması təəssüf doğurur. Həm tarixi, həm də beynəlxalq hüquq perspektivlərindən Takeşima adaları şübhəsiz olaraq Yaponiyanın suveren və ayrılmaz ərazisidir.

Təəssüflər olsun ki, Koreya prezidenti Li Myund-bakın bu ilin 10 avqust tarixində həmin adalara səfəri böyük narahatlığa səbəb olur, çünki baş verən hadisə bu məsələdə Yaponiyanın mövqeyinə zidd gəlir və Yaponiya Hökuməti Koreya Respublikası ilə birgə Beynəlxalq Ədalət Məhkəməsinə birgə məraciət etməyi təklif edir. Beləliklə, Takeşima adaları üzərində münaqişəyə dair Yaponiyanın mövqeyi və onun bu adalara olan iddiasının əsaslı olması haqqında materialları Sizə göndərirəm. Ümid edirəm ki, bu materiallar ilə tanışlıq Sizə mövcud olan məsələ haqqında daha dolğun anlayış verəcək. Əgər istənilən əlavə suallarınız yaranarsa, Səfirin Müşaviri xanım Ono və ya Siyasi Katib Fukuda ilə göstərilən telefon nömrələri vasitəsilə əlaqə yarada bilərsiniz”.  Daha sonra məktubda bütün tarixi faktlara, beynəlxalq hüquq normalarına toxunulur.  Göründüyü kimi bu, son dərəcə uğurlu və nəticəsi müsbət məqamlara aparıb çıxaracaq bir təbliğat növüdür. Artıq belə bir məktubla bizdə də Takeşima problemi ilə bağlı müəyyən təəssüratlar yaranaraq, məsəldə Yaponiyanın haqlı tərəf olması düşüncəsi yarandı. Deməli xaricidəki səfirliklərimiz, diplomatlarımız, diaspor təşkilatlarımız “fil qulağında yatmamalı” və yerləşdikləri ölkələrin dövlət, hökumət üzvləri ilə yanaşı, ayrı-ayrı media orqanlarını, qeyri-hökumət təşkilatlarını Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vəhşiliyi ilə bağlı məlumatlandırmalıdır. Bundan ötrü hansısa xüsusi araşdırmaya ehtiyac yoxdur. Çünki bütün faktlar göz önündədir və hər şey çılpaqlığı ilə aşkardır.

Üzərimizə düşən vəzifə sadəcə bu faktları aidiyyatı yerlərə çatdırmaq və dünyanı həqiqətin carçısına çevirməkdir.  Görkəmli tarixçi alim, millət vəkili Musa Qasımlı Azərbaycanın xarici ölkədəki səfirliklərinin, nümayəndəliklərin Qarabağ problemi ilə bağlı həyata keçirdikləri addımların qənaətbəxş olduğunu bildirib. Xarici ölkələdəki diplomatik nümayəndəliklərimizin sözügedən məsələ ilə bağlı addımlarını müsbət dəyərləndirdiyini diqqətə çatdıran tanınmış professorun fikrincə, bununla yanaşı bəzi işlərin görülməsində də fayda var: “Səfirliklərimiz bununla bağlı fəaliyyət göstərdikləri ölkələrdə digər ölkələrin səfirlik, nümayəndəlik və konsulluqları ilə geniş iş apara bilərlər. Mətbuata müntəzəm olaraq məqalələr verə bilərlər. Həmçinin həmin ölkələrin telekanallarında çıxışlar etmək olar. Müvafiq ölkələrin qeyri-hökumət təşkilatları ilə müəyyən layihələrdə birlikdə iştirak etmək, habelə ali məktəblərdə, universitetlərdə elmi konfranslar keçirmək olar. Bundan əlavə səfirliklərimiz Azərbaycanla bağlı akreditasiya olunduqları ölkələrin məktəb şagirdləri arasında inşa müsabiqəsi, rəsm müsabiqəsi, şeir müsabiqəsi keçirə bilər. Həmin müsabiqələrin qalibləri Azərbaycana dəvət olunaraq, buradakı vəiziyyəti öz gözləri ilə görə bilər. Hər ölkədən bir neçə şagird yay vaxtı Azərbaycana gələrsə və buranı tanıyarsa, bunun strateji əhəmiyyəti olar. Fikrimcə, səfirliklərimizdə aylıq bületenlərin buraxılması fayda verərdi. Həmin bülletenlərdə Azərbaycanla bağlı həqiqətlər yer alardı”.  Millət vəkilinin düşüncəsinə görə, bütün bu məqamlar Azərbaycan həqiqətlərinin, erməni işğalının dünyaya çatdırılmasında mühüm rol oynayar. 

Aqil LƏTİFOV
 





07.09.2012    çap et  çap et