525.Az

Dövlət və ordu quruculuğu tariximizin unudulmaz səhifəsi


 

Dövlət və ordu quruculuğu tariximizin unudulmaz səhifəsi<b style="color:red"></b>

Hər dəfə Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradına baxanda böyük qürur hissi duyuram. Azadlıq meydanı əsgər matrosların, zabit kursantların nizami yerişindən titrəyir, hərbi texnikanın keçişindən lərzəyə gəlir.

Ordu quruculuğu, müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan Respublikasının qarşısında duran ən mühüm ümdə vəzifələrindəndi. Bu yolda böyük işlər görülmüş görülməkdədir. Qısa müddətdə ölkəmiz ən müasir silahlarla təchiz olunmuş, yüksək döyüş hazırlığına malik Milli Ordusunu yarada bilmişdir. Bu günü hər birimiz arzulayır inanırdıq ki, belə bir vaxt-vədə gələcək, Azərbaycan öz müstəqilliyinə qovuşacaq, ölkəmiz güclü, qüdrətli orduya malik olacaq. Məhz bu inamın təcəssümüydü ki, 1970-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 50-ci ildönümü münasibətilə keçiriləcək paradda Azərbaycan oğullarının hərbi geyimdə iştirakı planlaşdırılmışdı. Bu,  Respublikanın yeni rəhbəri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin uzaqgörən planıydı. O dövrdə belə bir addım atmaq asan məsələ deyildi bu addımın arxasında böyük ideyalar, böyük amallar dururdu.

Həmin tarixi hadisənin yalnız şahidi deyil, bilavasitə iştirakçısı olduğumdan deyə bilərəm ki, bu hadisə gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəlməsində böyük önəm daşımaqla yanaşı, onlarda sabaha, gələcəyə nəsə başqa gözlə, fərqli nəzərlə baxmağa inam oyatmışdı.

1970-ci ilin sentyabrında yeni dərs ili tələbələrin gözləmədiyi bir hadisəylə başladı. Bakıdakı ali məktəblərin ikinci kurs tələbələrinə hərbi geyim payladılar. Tələbələrin bir çoxuna, o cümlədən mənə hərbi dənizçi forması daşımaq nəsib oldu. Qəribədir ki, yeni qiyafəyə tez alışdıq, elə bil bu günü çoxdan gözləyirdik. Hər kəs özünü əsl əsgər sanır, vətənin müdafiəçisi sayırdı. Azərbaycan oğullarının paraddan hərbi formada keçməsi tarixi bir hadisə olacaqdı. O illəri xatırlayanda düşünürəm ki, müstəqil ölkəmizdə ordu quruculuğuna aparan yol bəlkə o hadisədən başlayır. Heydər Əliyevin bu cəsarətli addımına təbii ki, totalitar Sovetlər Birliyi rəhbərliyində, Kremldə qısqanclıqla yanaşılırdı. Buna baxmayaraq, hərbi təlim məşqləri başladı. İki aya yaxın bir müddətdə biz gənclər əsgəri vərdişlərə yiyələnməli, təntənəli nümayişdə meydandan əsl hərbçilər kimi keçməliydik. (L.Brejnevin Bakıya səfərilə əlaqədar, bayram tədbirləri payıza keçirilmişdi.)

Hökumət evinin meydana baxan tərəfində, hündür postament üstündə Leninin heykəli ucalırdı. O vaxtların təbirincə desək, dünya proletariatının rəhbəri əlini irəli uzatmış halda təsvir edilmişdi, başını dik tutub harasa uzaqlara baxırdı. Hələ uşaq vaxtından bizi öyrədirdilər ki, guya işıqlı gələcək - kommunizm Leninin əlini tuşladığı səmtdədir, rəhbər kommunizmə gedən yolu göstərir. Meydandan baxanda Kirovun Dağüstü parkdakı nəhəng heykəli aydın görünürdü, o da şəstlə əlini irəli uzatmışdı. Qəribə buydu ki, əqidəcə həmfikir, həmkar, silahdaş olan bu iki bolşevik başqa-başqa səmtləri göstərirdi.

Hərbi təlim məşqləri ovaxtkı adıyla desək, Lenin meydanında keçirdi, fərəhimiz, ədamız yerə-göyə sığmırdı. İlk günlər meydandan nizami yerişlə keçmək asan olmurdu. Tələbələr arasında çətinliyə dözməyib tibbi arayış almaq yoluyla canını qurtaranlar da oldu. Elələri az idi, barmaqla sayılası qədər. Biz belələrinə öz aramızda "papa-mama uşaqları" deyirdik. "Papa-mama uşaqları" dediyimiz tələbələrdən fərqli, Əlimusa meydandan əl çəkmirdi ki, ona da hərbi forma versinlər. Sağ ayağından şikəstliyi olan Əlimusanın bu cəhdi nəticəsiz qaldı, təlim keçən rus zabitləri ona qəti surətdə bildirdilər ki, bu xam xəyaldan daşınsın, orduda fiziki qüsurluların olması yolverilməzdir. "Orduda" - bu söz sinəmizə məlhəm təki yayılırdı.

Ciddi təlim məşqləri yavaş-yavaş öz bəhrəsini verirdi. Həvəsliydik, yorğunluq olduğunu bilmirdik. Təpik döyməkdən sızlayan ayaqlarımın ağrısını belə hiss eləmirdim. Günlər ötdükcə çətinliyə alışır, davranışımızla seçilirdik. Səliqəli, təmiz hərbi dənizçi forması əynimizə qutu kimi otururdu, sanki neçə ilin matroslarıydıq. Küçədə-bayırda, tramvayda, trolleybusda adamların diqqəti bizə yönəlirdi, xüsusən qızların. Qoşa lentli günlüksüz dənizçi furackasını yanakı qoyur, əməllicə-başlıca təşərlənirdik. Hərbi dənizçi formasını əsl hərbçilər kimi fərəhlə daşıyır, bundan sonsuz qürur duyurduq. Mərkəzi Komitə nümayəndələrinin bu işə təhkim olunması, ciddi nəzarəti ölkə rəhbərinin tədbirə necə böyük önəm verdiyini göstərirdi biz gənclər bunun məsuliyyətini aydın dərk eləyirdik.

Təlim məşqləri zamanı dərsdən bir qədər kənarlaşsaq da, axşamlar kitab-dəftər əlimizdən düşmürdü, geri qalmaq istəmirdik.

Bizim yataqxana binası ilə qızlar yataqxanası arasındakı məsafə qısalmışdı elə bil, sanki bu iri, daş binalar ayaq açıb bir-birinə yaxınlaşmışdı, o qədər yaxınlaşmışdı, əl uzatsaydın, çatardı. Qarşı binadakı qızlarla ünsiyyətimiz lalhavasıydı, danışıqsız, sözsüz-söhbətsiz idi. Qızlar bir bəhanəylə balkona çıxır, boylanır, hərbi geyimimizi maraqla süzür, çəkmələrimizi necə silib parıldatdığımızı seyr etməkdən həzz alırdılar. Bizim beşmərtəbəli yataqxana binası qızların gözündə mavi dalğaların qoynunda üzən gəmiydi bu gəmini uzaq bir səfərə yola salırmış kimi, əl yelləyənlər olurdu. Biz özümüzü hərbi gəminin göyərtəsində hiss eləyir, fərəqət əmri alıbmış kimi başımızı dik tutur, sağ əlimizi gicgahımıza aparıb bizi "uzaq səfərə" yola salan qızları əsgəri təzimlə salamlayırdıq.

Təkcə tələbə qızların deyil, küçədə-xiyabanda da insanların mehriban baxışlarını duyurduq. Əslində, Bakı liman şəhəri olduğundan bir burada çoxlu sayda hərbi hissələr yerləşdiyindən hər addımda hərbçilərlə qarşılaşmaq olurdu, amma onların hamısı sarışın, slavyan tipliydilər qədər yaraşıqlı olsalar da, yerli qızlar-qadınlar başlarını qaldırıb baxmazdılar.

Birdən-birə şəhərdə azərbaycanlı əsgər matrosların görünməsi əhalidə böyük maraq oyatmışdı. Ordu içində ordu?

Paradın sonuncu təlim məşqləri keçirilirdi. Hərbi geyimli tələbələr əsl əsgərlərdən seçilmirdilər, səyimiz-zəhmətimiz boşuna getməmişdi. Mətin addımlarımızın səsi meydanı başına götürürdü, həqiqi hərbçilərdən geri qalmırdıq. Bizi sıxan bir məsələ vardısa, o da meydandan əliyalın keçməyimiz idi. Silahlı sarışın, göygöz rus əsgərlərin rişxəndli baxışlarına tab gətirmək adamdan səbr istəyirdi. Hətta bir yol az qaldı aramızda əməlli-başlı münaqişə yaransın. Tələbələrin təlim məşqlərinə baxmağa gələnlər çox olurdu, bulvarda gəzişənlər maraqlanır, yollarını yaxındakı meydandan salırdılar. Diqqət mərkəzində olmağımızdan fərəhlənirdik. Tamaşaya yığılanların çoxu qızlar olurdu - al-əlvan geyimli gözəl-göyçək qızlar hər kəsə elə gəlirdi bu qızlar hərbi geyimli yüzlərlə oğlanın arasında yalnız onu görür. Gözəl bir rus qızı isə doğrudan da yalnız bir nəfəri görür, bir nəfərə baxırdı - Qabilə. Qabil meydana o qızla gəlirdi, məşqdən sonra da birlikdə gedirdilər meydandan. Nataşa adlı bu rus qızıyla Qabil dəmiryol vağzalında tanış olmuşdu. Odessadan gəlmiş turist qatarındakı komsomolçu qızların arasında gözü Nataşanı tutmuş, bir könüldən min könülə vurulmuşdu ona.  Fındıqburun, sarışın qız ay parçasıydı, iki göz istəyirdi, baxsın. İki nədir, bəlkə min göz baxırdı ona açıqdan-açığa həsəd ifadə edən bu gözlər arasında qarası da vardı, alası da. Əlisilahlı rus əsgərləri qısqanclıqlarını gizlətmirdilər. Hətta biri özünü saxlamayıb söz atdı: "Krasavitsa, çto naşla v nem, on ce ne nastoyaşiy moryak…" Qız bu atmacanı boşboğazlıq bilib, qulaqardına vurdu, necə yəni həqiqi moryak deyil, yalançı moryak da olur ki?.. Göygöz soldatın atmacası Qabili sillə təki tutmuşdu. Onu sakitləşdirmək olmurdu, ipə-sapa yatmırdı. Zabitlər araya girməsəydilər, bu söz-söhbət sonda hərbi geyimli əliyalın tələbələrlə silahlı rus əsgərlərinin dava-dalaşına gətirib çıxaracaqdı.

Günəşli bir səhər açılmışdı, amma göyün üzündə adda-budda bulud topaları gəzişdiyindən, hərdən havanın üzü dönürdü. Şəhər ehtişam içindəydi, insan axını, izdihamı aramla dalğalanan dənizi xatırladırdı. Bayram təntənələri zəhmətkeşlərin nümayişilə başladı. Orkestrin ifa etdiyi musiqi fonunda eşidilən şüarlar, "Uraa! Uraa!" səsi-sədası meydanı başına götürmüşdü.

Zəhmətkeşlərin keçişindən sonra hərbi parad başladı, sovet ordusunun şıq geyimli əsgər dənizçiləri, zabitləri, kursantları nizami yerişlə tribunanın önündən keçdilər. Təntənəli parad hərbi texnikanın keçişi ilə sona yetdi. Çox təəssüf ki, bizə bu təntənəni-təmtərağı kənardan izləmək qaldı, azərbaycanlı tələbələrin bayram nümayişində hərbi geyimdə iştirakına son məqamda - parada bir neçə gün qalmış Moskva razılıq verməmişdi...

Bu xəbər bizdən ötrü gözlənilməz idi, kefimiz yamanca pozulmuşdu. Hamı dilxor halda dağılıb getdi. Biz üç dost isə yataqxanaya qayıtmağa tələsmirdik. Yorulub əldən düşənəcən şəhəri gəzib-dolaşmaq istəyirdik, hərbi dənizçi forması daşıdığımız son gün idi bu günün bitməsini heç istəmirdik.

Payız günəşinin ilıq şüalarına bürünmüş dənizkənarı bulvar izdihamlıydı. Deyib-gülən, şənlənən adamların arasında biz üç dost seçilirdik, qoşa lentli dənizçi furackasını yanakı qoyub şəstlə yeriyir, pərtliyimizi büruzə verməməyə çalışırdıq. Bizi hərbi patrul saxladı, sənəd tələb etdilər. Tələbə biletini verdik. Sarışın zabit tələbə biletlərinə baxıb qaytardı, soyuq bir tərzdə bildirdi ki, bu gündən hərbi formaları qaytarmalıyıq. Üçümüz əlimizi gicgahımıza aparıb hərbi təzimlə cavab verdik. Patrullar uzaqlaşdılar.  

- Stroevım şaqom! Ravnenie na pravo!  - izdihamın içərisindən səs gəldi. Sinəsi orden-medallı müharibə veteranıydı.

Himə bənd idik, elə bil bayaqdan bu əmri gözləyirdik. Başımızı dik tutub nizami yerişə keçdik. Adamlar çəkilib yol verdilər, hamının gözü bizdəydi, doğma övladlarını görürdülər sanki.

Mətin addımlarımızın səsi sahil boyu yayılırdı, yer ayağımızın altında titrəyirdi, meydandan sanki üç nəfər yox, böyük bir alay keçirdi.

- Bizim Azərbaycan əsgərləridi! Boyunuza qurban olum! - ağbirçək bir qadın alxış elədi. O yaşlı qadının titrək, fərəhli səsi indi qulağımdadır - "Bizim Azərbaycan əsgərləridi..."

Deyim ki, iki aya yaxın müddətdə hərbi forma daşımağımız biz gənclərin həyatında izsiz qalmadı. Ali təhsildən sonra hərbi sahəyə gedənlər oldu. Öz həyatımla bağlı isə onu deyə bilərəm ki, 1976- ilin mayında Azərbaycan Respublikasının hərbi komissarı general-moyor Murtuz Quliyevin qəbuluna yazıldım, əsgərə getmək istədiyimi bildirdim. O vaxtlar ali təhsillilər üçün hərbi xidmət müddəti 1 il idi. On gündən sonra mən artıq Moskvada SSRİ Silahlı Qüvvələrinin Daxili Qoşunlarında sıravi əsgər kimi xidmətə başladım. Təsadüfə bax - xidmət etdiyim ehtiyat xüsusi batalyonu bir vaxtlar Martınovlara məxsus olmuş malikanədə yerləşirdi. Hərbi hissənin həyətində o sülalədən olanların dəfnindən xəbər verən nişanələr hələ qalırdı. Nikolay Martınov şair Lermontovu dueldə öldürdüyünü özünə bağışlamayıb ömrünün sonunacan bu mənəvi ağırlığı daşıyıb. Hətta vəsiyyət edib ki, öləndə onu öz malikanələrində, amma doğmalarının sərdabəsindən qıraqda dəfn etsinlər, məzarının başdaşında isə heç yazılmasın  - ad-familiya, tarix...

Yadımdadır, hərbi xidmətə başladığım ikinci gün idi, sıra təlimində fərqlənməyim bölmə komandiri leytenant Fokinin diqqətini çəkdi. Məni sıradan çıxarıb maraqlandı, soruşdu ki, sıravi Məmmədov siz yoxsa hərbi məktəbi atıb əsgərliyə gəlmisiniz?.. Mən əhvalatı olduğu kimi danışdım. Leytenant çiyinlərini çəkdi. "Yoxsa ordu içində ordu qurmaq istəyirdiniz?" - təəccübünü gizlətmədi. Gənc leytenant bu sualı qəribə bir ədayla verdi. Əsgərlik xidmətindən sonra Daxili Qoşunlarda zabit olaraq qalmaq fikriniz yoxdur ki?" - maraqlandı.

Tale elə gətirdi ki, mən hərbçi olmadım, amma radio jurnalisti kimi Qarabağ cəbhələrində döyüşən Azərbaycan əsgərlərinin şücaətindən, onların keçdiyi döyüş yolundan proqramlar hazırlamalı oldum. Qarşılaşdığım o insanların arasında Vətən yolunda həlak olanlar da var. Elələrini unutmamalıyıq, o qəhrəmanların həyatını, cəbhədə göstərdikləri igidlikləri bədii ədəbiyyata gətirməliyik, bugünkü nəslə örnək olsun deyə. Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi naminə bədii ədəbiyyatın personajlarına çevirməliyik o qəhrəmanları.

Bu yazını qələmə alanda 44 il bundan əvvəl baş vermiş o hadisənin iştirakçılarını arayıb axtardım. Heydər Orucov, Söhbət Zəkəriyəyev, Qabil Məmmədov o günləri yaxşı xatırlayırlar. Yadımdadır, hərbi təlim məşqlərinin getdiyi vaxtda eşitdik ki, institutda qanvermə - donor aksiyası keçirilir. Biz hərbi formadaca gəlib, lazım olandan da çox - kursdakı qızların da əvəzindən qan verdik... Elə bil bütün bunlar dünən baş vermişdi.

Heydər Orucov "Azərbaycan" jurnalında çıxan "Daşlı qala" romanımı oxuduğunu söylədi. Dedi, roman 70-ci illər gənclərinin həyatına işıq salır. Tarixi unutmamalıyıq. Tarixə - ötən aylara, illərə bədii ədəbiyyatın təxəyyülündə qayıtmaq daha maraqlıdı, şirindi. O hadisələri sanki canlı olaraq yenidən yaşayırsan, qovuşursan o niskilli dünyaya.

Bəli, bəzən ilk baxışdan o qədər mahiyyət vermədiyimiz bir hadisənin məğzindəki böyük ideyaların, böyük məqsədlərin mövcudluğu sonradan mövzunu bədii ədəbiyyatın predmetinə, yazıçı qələminin məhsuluna çevirir. Böyük yunan filosofu Aristotel özünün məşhur "Poetika" əsərində yazır ki, ədəbiyyat tarixi hadisələri tarixin özündən daha dəqiq əks etdirir. Qısaca danışdığım bu əhvalat da məhz belə hadisələrdəndi heç bir mübaliğəsiz o hadisəni Milli Ordu quruculuğu ideyasının ilkin nişanələri, bu yolda atılan ilk addım kimi dəyərləndirmək olar.

Respublikanın ovaxtkı rəhbəri Heydər Əliyevin bu sahədə daha bir cəsarətli addımı 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaq oldu. Təbii ki, sovet dövründə bu məsələyə qısqanclıqla yanaşılır mərkəzdən hər cəhdlə qarşı çıxırdılar. O vaxtlar SSRİ- cəmi iki hərbi təmayüllü orta məktəb vardı - Naximov, Suvorov məktəbləri. Üçüncü belə bir təhsil ocağının Bakıda açılması Sovetlər ölkəsində böyük narahatlıq doğurmuşdu, daha çox təşviş keçirən isə ermənilər idi. Ermənistan rəhbərliyi belə bir məktəbin Bakıda açılmasının lüzumsüzluğunu sübuta yetirməkdən ötrü dəridən-qabıqdan çıxır, bu barədə Moskvaya yazır, təzyiq göstərməyə çalışırdı.

Hərbi liseyin bağlanmasını təşkil etmək məqsədilə SSRİ Müdafiə Nazirliyi general-leytenant Topovu xüsusi tapşırıqla Bakıya göndərdi. General Topov, necə deyərlər, dəridən-qabıqdan çıxsa da, Heydər Əliyevin erudisiyası, tutarlı dəlilləri qarşısında aciz qalaraq Moskvaya əliboş qayıtmalı oldu.

Göstərilən aramsız təzyiqlərə baxmayaraq, Naxçıvanski hərbi liseyi fəaliyyətinə davam elədi. Bu gün Vətənin keşiyində sayıq dayanan hərbçilər arasında məktəbin məzunları da az deyil. Onlardan 10 nəfəri general, 1 nəfəri isə admiral rütbəsinədək yüksəlib.

Bu məktəbdə təhsil alan yeniyetmələrin, gənclərin həyatı, onların təlim-tərbiyəsi, təhsili ədəbiyyatın, bədii söz sənətinin: hekayələrin, povest romanların mövzusu olmalıdır. Bu, gənclərdə hərbi vətənpərvərlik hissinin formalaşmasında, onların vətənin layiqli övladları kimi yetişməyində önəmli rol oynayar, böyük əhəmiyyət kəsb edər. Bu məsuliyyət, bu missiya necə deyərlər, düşür sənət adamlarının, o cümlədən yazıçıların üzərinə. Yeri gəlmişkən deyim ki, "Çadır" romanıma Cəmşid Naxçıvanski hərbi liseyilə bağlı fəsil daxil etmişəm. Qaçqınçılıq zamanı Arazı o taya adlayanda çayın qırağındaca dünyaya gələn körpənin adını Araz qoyurlar. Taleyin hökmüylə çadır şəhərində böyüyüb boya-başa çatan Araz hərbi liseydə oxuyur, arzusu zabit olmaqdır. Romandakı yeniyetmə Araz surəti ümumiləşdirilmiş obrazdır - hərbçi olmaq, Vətənin keşiyində durmaq eşqi-həvəsiylə yaşayan minlərlə, on minlərlə Azərbaycan gənclərinin bədii prototipidir. Hansısa yeni əsərimdə yəqin ki, bu mövzuya bir daha qayıdacağam. Məncə, biz Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşmalıyıq bu mövzunu ədəbiyyata hissə qapılmadan, təmkinlə elə ustalıqla gətirməliyik ki, yalnız özümüzə yox, dünya oxucusuna da maraqlı olsun. Bədii ədəbiyyatın sevmədiyi, qəbul etmədiyi cəhət müəllifin həyati gerçəkliyi təhrif etməsində, tərəfgirliyində, səbatsızlığındadır. Haqq bizim tərəfimizdədir biz yazıçılar bunu söz sənətinə uğurla gətirməyi bacarmalıyıq. Bu mənada, bədii ədəbiyyatın öz üsulları, forma metodları var. Bəzən hansısa tarixi bir hadisənin ədəbi fakta, ədəbiyyatın predmetinə çevrilməsi uzun illər sonra baş verir. Bu baxımdan, danışdığım o hadisəni düz qırx ildən sonra qələmə almaqda geçikmişəm, yoxsa? Ola bilər. Amma bir yandan da düşünürəm ki, bu mövzuya əvvəllər müraciət etsəydim, bəlkə roman indiki təki dolğun maraqlı alınmazdı. O əhvalatı, yadıma salan, xatirəmdə canlandıran həm bir yadigar fotoşəkildir, o fotoşəkil ki, romantik duyğuların kövrək qanadlarında məni ötən illərə, niskilli dünyama qaytarır, gəncliyimə qovuşdurur.     

Gələcəyə inamla addımlamaq üçün biz keçmişimizi unutmamalıyıq. Keçmişimizi bugünkü nəsillərə çatdıran həm söz sənətidir, ədəbiyyatdır.

Özümdə mənəvi bir rahatlıq, arxayınlıq hiss eləyirəm, yaxşı ki, tarixin unutduğu, görmədiyi ya görə bilmədiyi o hadisəni bədii ədəbiyyata gətirmişəm. "Daşlı qala" romanım 70-ci illər gəncliyinin romantikasıdır bu gün əllərində silah mətin addımlarla "Azadlıq" meydanından keçən Azərbaycan əsgərləri o gənclərin övladlarıdır.

 





27.06.2014    çap et  çap et