525.Az

Dağlıq Qarabağ haqda Azəri xanımın bildikləri


 

Dağlıq Qarabağ haqda Azəri xanımın bildikləri<b style="color:red"></b> Əslən azərbaycanlı olan fransız yazıçısı Baninin (Ümm el Banin) Fransanın “Lö Monde” qəzetinin 20 yanvar 1990-cı il nömrəsində çap olunmuş bir məqaləsi məni təəccübləndirmişdi. Çünki yazı qanlı yanvar günü çap olunsa da, hadisə haqda heç bir məlumat yox idi. Ola bilər ki, məqalə qəzetə əvvəlcədən təqdim olunmuş, lakin onu 20 yanvar faciəsi ilə əlaqədar həmin gün dərc etmişdilər.  Baninin əsərləri gec də olsa, Azərbaycan oxucularına təqdim olunub. 90-cı illərdə onun “Qafqaz Günləri” və “Paris günləri” romanlarını fransızcadan dilimizə tərcümə edib oxuculara çatdırmışıq. İndi isə onun “Lö Monde” qəzetində çap olunmuş cəsarətli məqaləsinin tam mətninin tərcüməsini təqdim edirəm.  Hamlet QOCA  

Ümm El BANİN 

Bu tikanlı Dağlıq Qarabağ problemi həmişə ancaq ermənilərin qərəzli nöqteyi-nəzəri əsasında təqdim olunub.

Əslində isə Qarabağ və Dağlıq Qarabağ (azəri dilində Qara bağ deməkdir və bu da oranın mənşəyi haqda həqiqəti açır) heç vaxt ermənilərə mənsub olmayıb. Dağlıq Qarabağda erməni əhalinin çoxluq təşkil etməsi isə XIX əsrdə çar 1-ci Nikolay ilə İran şahı arasında çoxsaylı erməni əhalinin İrandan Qarabağa və Zaqafqaziyaya köçürülməsi haqda müqavilənin imzalanması oldu ki, bu da şiə İranda xristian əhalinin sayının azalmasına xidmət edirdi. Ermənilərin iddiaları 1918-ci ildən, Rusiyada vətəndaş müharibəsi nəticəsində Rusiyadan ayrılaraq öz müstəqilliklərini elan etmiş Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranmasından sonra başladı. Əvvəllər isə, XIX əsrin əvvəlindən bu ölkələr rus imperiyasına mənsub idilər və heç bir iddia irəli sürə bilməzdilər. 1920-21-ci illərdə bu respublikalar sovetləşmiş Rusiya tərəfindən yenidən zəbt olundular və ümumi rejim qaydalarına tabe oldular.  Buna baxmayaraq,1920-ci ilin sonlarında Ermənistan  Qarabağ məsələsini qaldırdı. Bu dəfə o, ərazinin beşdə birini, yəni erməni əhalinin çoxluq təşkil etdiyi Dağlıq Qarabağı tələb etdilər. Bu tələblərə görə, 1921-ci il iyulun əvvəlində Kommunist Partiyasının Qafqaz bürosu belə bir dilemma qarşısında qaldı: “Dağlıq Qarabağa toxunmamaq (qeyd edək ki, bu “toxunmamaq” ifadəsi sübut edir ki, bu ərazi həmişə Azərbaycana mənsub olub), yaxud Ermənistana birləşdirmək. Əvvəlcə ikinci təklifə üstünlük verilirdi, amma Nərimanovun başçılıq etdiyi azəri hökuməti tələb edirdi ki, məsələyə Moskvada qərar verilsin və Orconikidze ilə Nazaretyan məsələni tarixə salmağı qərara alırlar. Beləliklə, Dağlıq Qarabağın Azərbaycanla qalması qərarı ermənilərin israr etdiyi kimi, Stalindən gəlməyib. Amma o, bu işi taktiki səbəblərə görə edə bilirdi: Dağlıq Qarabağın ermənilərə verilməsinin əvəzində gürcülərin bəzi ərazi tələblərini də dəstəkləyərdi (unutmayaq ki, onun özü də gürcü idi). Lakin Nərimanovun məsələyə şəxsən Leninin baxması tələbi qarşısında geri çəkilməli oldu.  1921-ci ildən sonra isə paradoksal bir vəziyyət yarandı: Ermənistanda (altı yüz min) və Gürcüstanda (beş yüz min) yaşayan azərilərə muxtariyyat verilmədiyi halda Qarabağda yaşayan ermənilərə muxtariyyət verildi. 

Heç kimin dilə gətirmədiyi məsələ 

Onu da unutmayaq ki, son minillikdə Ermənistan ancaq 1918-1920-ci illərdə müstəqil olub, qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ heç vaxt onun tərkibində olmayıb. Onu özünə birləşdirmək cəhdində Ermənistan iqtisadi, sosial, yaxud dini məqsədlərə deyil, ancaq öz ərazisini genişləndirmək məqsədinə xidmət edirdi. Heç kimin dilə gətirmədiyi və özüm şahidi olduğum məsələdən də danışmaq istəyirəm. Osmanlı imperiyasında ermənilər əzilmiş və intiqam ala bilməmişdilər. Azərbaycanda isə başqa şərait yaranmışdı. Burada onlar bir növ intiqam almaq imkanı qazanmışdılar. Biri müsəlman, digəri xristian olan iki millətin toqquşması və bir-birini qırmasında ruslar heç bir qəbahət görmürdü. Elə buna görə də 1905-ci ildə, birinci inqilab vaxtı, inqilabçılardan kömək alan ermənilər azəri əhalini qırıb məhv etməyə başlamışdılar. Hamilə olan anam Bakıdan uzaq bir əyalətə, həkimi və xəstəxanası olmayan bir yerdə sığınacaq tapıb, orada doğmalı olub və doğuş vaxtı ölüb. Doğulan uşaq mən olmuşam.  1918-ci ildə, oktyabr inqilabı vaxtı sol təmayüllü daşnaksütunçü ermənilər, bu dəfə qırmızıların köməyi ilə, azəri əhalini qırmağa başladılar. Mənim ailəm isə bu dəfə böyük çətinliklə İrana qaçmaq məcburiyyətində qaldı.

Qeyd: Madam Banin azəri əsilli yazıçıdır, Fransada yaşayır.
Lö Monde, 20 yanvar 1990, şənbə
 





30.10.2012    çap et  çap et