525.Az

İlham Əliyev: "İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir"


 

İlham Əliyev: "İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir"<b style="color:red"></b>

Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan prezidenti əvvəlcə Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış olub.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verib. Bildirilib ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilib. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.

Qeyd olunub ki, Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilib. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Ş. Mustafayev dövlət başçısının tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı görülən işlər barədə də prezident İlham Əliyevə məlumat verib. Sonra Prezident İlham Əliyevin sahibkarlarla görüşü keçirilib.

Dövlətn başçısı görüşdə giriş nitqi söyləyib. O bildirib ki, həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşləri mütəmadi xarakter daşıyır: “Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq”.

Prezidentin sözlərinə görə, son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır: “İki Dövlət proqramı qəbul edilib. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulub və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulub. Təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatıb. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olub. Bu proqram qəbul olunanda, hədəflər də müəyyən edilib və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik”.

İlham Əliyev vurğulayıb ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon manatdan çox vəsait ayrılıb: “Təkcə bu il bu məbləğ 200 milyon manatdır. Gələn il 300 milyon manat olacaq. Bu, bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki hər bir layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Hər bir layihə iqtisadiyyatımızın real sektoruna qoyulan investisiyalardır. Bu investisiyaların mahiyyəti ondan ibarətdir ki, investisiyalar ilk növbədə dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Verilən güzəştli kreditlər və eyni zamanda, sahibkarların öz vəsaiti artıq bu tərəfdaşlığı möhkəmləndirir. Hesab edirəm ki, bizim təcrübəmiz dünya miqyasında çox dəyərlidir, çox uğurludur. Bu təcrübə onu göstərir ki, dövlətlə özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaq. Əlbəttə, bizim böyük enerji resurslarımız var və biz bu resurslardan səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya miqyasında ən səmərəli üsul və yanaşma məhz Azərbaycandadır. Bizim təcrübəmiz öyrənilir. Xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlığımız nümunəvi xarakter daşıyır. Çünki bir tərəfdən biz investorların investisiyalarını lazımi şəraitdə, lazımi səviyyədə qoruyuruq. Digər tərəfdən, dövlət maraqlarını maksimum dərəcədə müdafiə edirik. Bu sahədə əldə edilmiş təcrübə əlbəttə ki, başqa sahələrdə də tətbiq edilir. Son illər ərzində Azərbaycanda qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini də böyük dərəcədə yaxşılaşdırıb”.

İlham Əliyev bildirib ki, xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdilər və öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyini göstərmiş oldular: “Yəni, bu, vacib məsələlərdən biridir və gələcəkdə vacib məsələ kimi qalacaq. Ancaq bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbul olunması və icra edilməsi məhz bu məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail ola bilmişik. Doqquz ayda qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artıb. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilir. Kreditlərin verilməsi və dövlət tərəfindən layihələrin icrasına nəzarətin gücləndirilməsi öz müsbət rolunu oynayır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış müxtəlif layihələr üzrə biznes planlar əlbəttə ki, sahibkarların işini də asanlaşdırır. Çünki sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət etməz. Eyni zamanda, düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Dövlətimiz bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf etdiriləcək istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən dəstək əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onlar üçün yeni gözəl şərait yaradır”.

Bölgə sahibkarlarının uğurlu fəaliyyəti üçün yerli icra orqanlarına da mütəmadi qaydada göstərişlər verildiyi deyən dövlət başçısı qeyd edib ki, sahibkarların fəaliyyətini dəstəkləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün lazımi şəraiti yaratsınlar: “Çünki bir daha demək istəyirəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır. Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa çatıb. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq bu problem aradan qaldırılıb və beləliklə sahibkarların fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait var”.

Prezident digər məsələlərə də toxunub: “Yollarla bağlı problemlər öz həllini tapmaqdadır. Bütün magistral yollarda əsaslı təmir işləri davam etdirilir, yaxud da ki, başa çatmışdır. Şəhərlərarası yollar təmir edilir. Biz indi kənd yollarının tikintisinə ciddi şəkildə başlamışıq. Gələn illər ərzində bu proses davam etdiriləcək. Qazlaşdırma ilə bağlı məsələlər, kənd təsərrüfatı texnikasının çatışmazlığı sahibkarlığı əngəlləyən ən böyük məsələ idi. Vaxtilə “Aqrolizinq”, “Aqroservis” dövlət şirkətlərinin yaradılması bu istiqamətdə atılan çox önəmli addım idi. Dövlət öz tərəfindən texnikanı alır və lizinq şərtləri ilə sahibkarlara icarəyə verir. Yəni, bu problemi də dövlət öz üzərinə götürmüşdür. Eyni zamanda, kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar və onlara lazımi səviyyədə subsidiyalar verilir - həm yanacaq, həm gübrə, güzəştli kreditlər. Dövlət dəstəyi, infrastruktur layihələrinin dövlət tərəfindən icra edilməsi prosesi bu gözəl şəraiti yaradır. Sahibkarlar da öz növbəsində bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. Onların biznes fəaliyyəti genişləndirilməlidir. İlk növbədə, bu, onların özlərinə lazımdır. Eyni zamanda, dövlətə, xalqa lazımdır. Çünki son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə bir milyon yüz min yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti bölgələrdə açılan iş yerləridir. Beləliklə, işsizlik probleminin aradan qaldırılması istiqamətində çox böyük addım atılıb. Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir. İnkişaf etmiş ölkələrin bəzilərində işsizliyin səviyyəsi 25 faizə çatıb. İşsizlik kimi böyük bəlanı aradan qaldırmaq, insanlara yeni şərait yaratmaq, yəni, işlə təmin etmək siyasəti deyə bilərəm ki, uğurla nəticələndi. İşsizliyin aradan qaldırılması bilavasitə yoxsulluğun azaldılmasına da xidmət göstərir. Bu sahədə də deyə bilərəm ki, tarixi nailiyyətlər əldə edilibdir. 10 ildən az bir müddətdə yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşüb, hazırda 7 faizdən bir qədər çoxdur. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz yoxsulluq kimi böyük bəlanı ümumiyyətlə aradan götürəcəyik. İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir. Əlbəttə, yeni iş yerlərinin açılması bundan sonra yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaq. Çünki dövlət qurumlarında artıq bütün struktur islahatları demək olar ki, başa çatıb və dövlət sahəsində yeni iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz, buna ehtiyac da yoxdur. Yəni, əsas iş yerləri özəl sektorda yaranacaq”.

İlham Əliyev Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu bildirib. Onun sözlərinə görə, bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı artır, bu da çox müsbət haldır: “Daha da sürətlə artmalıdır. Bu, öz növbəsində onu göstərir ki, gələcəkdə iş yerlərinin açılması prosesi davam etdirilməlidir. Yenə də deyirəm, dövlət bu istiqamətdə öz səylərini göstərəcək. Gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcək. Bayaq qeyd etdiyim kimi, gələn il Sahibkarlığa Dəstək Fondunun xətti ilə 300 milyon manat kreditin verilməsi rekord həddir. Bu günə qədər heç vaxt bu məbləğdə vəsait ayrılmayıb. Hesab edirəm ki, növbəti bir neçə il ərzində biz bu xətti saxlamalıyıq ki, 4-5 ildən sonra artıq verilən kreditlərin qaytarılması hesabına yeni sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun. Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. Ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlamışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Biz sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır”.

Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradıldığını deyən dövlət başçısı vurğulayıb ki, həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir: “Sahibkarlar da sadəcə olaraq, bir daha demək istəyirəm ki, bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. Kənd təsərrüfatı ilə bağlı qarşımızda duran, sahibkarların qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyimizi tam şəkildə daxili resurslar hesabına təmin etməkdir. Mən bu hədəfi bir neçə il əvvəl qarşıya qoymuşdum. O vaxt özümüzü təminetmə əmsalı çox aşağı səviyyədə idi. Ancaq biz həmişə qarşımıza böyük hədəflər, məqsədlər qoyuruq. Çünki uğura nail olmaq üçün başqa cür imkan olmayacaq. Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, biz ərzaq təhlükəsizliyimizi daxili imkanlarımız hesabına təmin etməliyik. Deyə bilərəm ki, bu istiqamətlər üzrə böyük uğurlu yol keçmişik. Demək olar ki, hazırda əsas ərzaq məhsulları Azərbaycanda 100 faiz istehsal olunur. O məhsullar ki, hələ idxalla bağlıdır, yəni, idxaldan asılılığımız var, əminəm ki, yaxın gələcəkdə bu asılılıq da aradan qaldırılacaq, xüsusilə taxılçılıq sahəsində”.

Prezident İlham Əliyev bildirib ki, ilkin böyük fermer təsərrüfatlarının yaradılması layihələri bu bölgədə həyata keçirilir: “Ağcabədi və Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatları fəaliyyətə başlayıb. Biz bu layihələrə böyük ümidlərlə yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir. Baxmayaraq ki, bu layihələr 5 min hektarı əhatə edir, böyük layihələrdir, ancaq birinci təcrübədir. Bu təcrübənin uğurlu nəticələri, əlbəttə, hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib çıxaracaq. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il biz bu təcrübənin ilkin nəticələrini görəcəyik. Həm məhsuldarlıq böyük dərəcədə artmalıdır, bəlkə də orta məhsuldarlıqdan iki dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da ərzaq təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır. Dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Bu imkanları dövlət yaradır, dövlət siyasəti yaradır. Bu seçilmiş istiqamətlər üzrə dövlət bütün səylərini səfərbər edir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün texnika, suvarma sistemi, gübrələr, güzəştli şərtlərlə verilən kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni, bir daha demək istəyirəm ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. Sahibkarlar da birinci növbədə bundan istifadə etməlidirlər, bunu qiymətləndirməlidirlər. Eyni zamanda, sahibkarlar sosial məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər”.

Çıxışının sonunda prezident sahibkarlarımız bölgələrdə müxtəlif sosial layihələrdə iştirak etdiyinə şad olduğunu bildirib: “Bəziləri məktəb tikintisi, bəziləri məktəb təmiri, bəziləri isə digər xeyriyyə işləri ilə məşğuldurlar. Mən bunu alqışlayıram. Hesab edirəm ki, dövlət tərəfindən sahibkarlara verilən güzəştlər, maliyyə dəstəyi və yaradılan şərait onların bu işlərdə daha da fəal olmalarını təmin edəcəkdir. Bu gün isə biz bu bölgənin müxtəlif layihələri haqqında danışacağıq”.

 





30.10.2012    çap et  çap et