525.Az

Pensiya və müavinətlər artırılacaq


 

Pensiya və müavinətlər artırılacaq<b style="color:red"></b>

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il üçün büdcəsinin layihəsində həm gəlirlər, həm də xərclər artırılıb.

«APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, fondun büdcəsində dövlət büdcəsindən transfertin çox az məbləğdə, cəmi 33 mln. manat artırılması nəzərdə tutulub ki, bu məbləğ bu ilki 1 044 mln. manatdan 1 077 mln. manata çatdırılacaq. Nəticədə, Fondun gəlirlərində dövlət büdcəsindən transfertin payı 42%-dən 40%-ə düşəcək.

Fondun gəlirlərində əsas artım məcburi dövlət sığorta haqları üzrə nəzərdə tutulub. İşləyənlərin sosial sığortaya cəlb olunması və maaşların leqallaşdırılması sahəsində görülən tədbirlər nəticəsində gələn il sosial sığorta ödəmələrinin 150 mln. manat və ya 10% artması nəzərdə tutulur. Bunun hesabına gələn il əmək pensiyalarının həm baza, həm də sığorta hissəsinin artımı gözlənilir.

Pensiyaların baza hissəsinin artımı bu addımın ilin hansı vaxtında atılmasından asılı olaraq 15-20% səviyyəsində ola bilər. Bu addım sosial sığorta ödəmələrinin yığım səviyyəsindən asılı olacaq. «Artımlar hazırda müşahidə olunan templə davam etsə, maliyyə ehtiyatı yaranacaq ki, biz belə təkliflə prezidentə müraciət edə bilək», - deyə S.Müslümov bildirib.

Bundan başqa gələn il Fond tərəfindən verilən müavinətlərin, o cümlədən əmək qabiliyyətinin itirilməsinə, hamiləlik və doğuma görə, dəfnə görə verilən ödənişlərin artması gözlənilir.

 





30.10.2012    çap et  çap et