525.Az

İnsan qətliamlarına vurulan siyasi damğalar


 

İnsan qətliamlarına vurulan siyasi damğalar<b style="color:red"></b> Son illər Yaxın və Orta Şərq regionunda hökm sürən qeyri-sabitlik, eləcə də ixtilafların coğrafi miqrasiyasının daha da genişlənərək tədricən bir ölkədən o birinə sirayət etməsi ictimai-siyasi proseslərlə bərabər digər məsələlərə də diqqət yönətməyi aktuallaşdırır.

Kütləvi insan qırğını ilə nəticələnən müharibələrin az qala dövrün tələbi kimi göründüyü bir vaxtda humanizm prinsiplərinin ayaqlar altına salınması, insan faktorunun arxa plana keçməsi adi hala çevrilir. Hadisələrə ən fərqli yanaşmalar, bu zaman bəzən hətta haqqın nahaqqa qurban verilməsi kimi nüaslar əslində, baş verənlərin daha çox sosioloji problemlərin yaratdığı ziddiyətlərdən qaynaqlandığı təsəvvürünü formalaşdırır. Özü də bu zaman yaranan problemlər, onminlərin, yüzminlərin həyatına və taleyinə nöqtə qoyan fəlakətlər təkcə konkret bir regionda yox, demək olar ki, bütün dünyada humanizm prinsiplərinin pozulduğundan xəbər verir. Seyrçi mövqeyində dayan, baş verənləri kənarda durub izlə və sus. Günümüzün ən böyük sosioloji bəlalarından biridi bu. Nəticədə isə məhv olan insanlıqdı. 

Fasiləsiz informasiya qəbul olunan və ötürülən XXI əsr saysız müharibələrlə başladı – yeni minilliyi bitməz zülmətdən və ədalətsizlikdən qoruya bilmədik. Əksəriyyəti diktatura rejiminə qarşı etirazla başlanan, tarixə azadlıq mübarizəsi kimi iz salan dövlət çevrilişləri və çevrilişlərə cəhd hallarını yaradan səbəbləri düşünəndə istər-istəməz oyunu oynayanlar və oyuna gətirilənlər yada düşür. Bəlkə, heç uzun neçə illərdən sonra da bu oyunları quranların kimliyini müəyyənləşdirməyə imkan verilməyəcək, bu kimliklər qalın pərdələr arxasında gizlədiləcək. Ancaq o oyunların ən dəhşətli nəticələri – qətliamlar fakt kimi həmişə qalacaq. Adı əbədi olaraq naməlum qalacaq bu siyasi qurbanların bir ziyarətgahları belə olmayacaq. 

Qayıdaq yenə Yaxın və Orta Şərqə! Regionda sabitlik istəməyən qüvvələr hökumətdən narazı kütlənin etirazlarını daha da alovlandırdı və vəziyyət pik həddə çatdı. Xarici qüvvələrin “katalizator” rolu inqilabla istəyən kütləni faciə ilə üz-üzə qoydu – qətliamlar başladı! Artıq geriyə dönüş qeyri-mümkün idi! Müharibə qızışdıqca qüvvələr ixtilaflar daha da dərinləşdi. “Katalizator” öz ampluasında idi – münaqişə daha da bərk düyünlənir, nəticə etibarı ilə minlərlə dinc insan qətliamların qurbanlarına çevrilirdi. “Ərəb baharı” al Qana boyanırdı. 

Kim kimdir? 

Sağlam Toplum İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı:

– Dünyada baş verən qətliamların səbəbi çox sadədir. Qlobal oyun, ikili siyasət və qan üzərində qurulmuş hakimiyyət. Xalqları bir-birinə qırdıran gizlin qüvvələr, hakimiyyət uğrunda qanlı mübarizələr və daha nələr. Qərbin, ABŞ-ın bu sıyasəti hələ çox qanlar axıdacaq, çox ölkələr viran qalacaq. Nə qədər ki, bu demokratiya oyunu dünyaya ölüm saçacaq, qətliam və qanın sonu da olmayacaq. ABŞ-ın Federal Təhqiqat Bürosuna görə, insanlara qeyri-qanuni güc işlətmək, vətəndaşlara zor tətbiq etmək və qorxu içərisində saxlamaq – terrordu. Pentaqon isə hesab edir ki, terror – siyasi, dini və ideoloji məqsədlər üçün insanlara hazırlanmış zor tətbiqi və hədə-qorxudu. “Terror” latın sözüdü – mənası da elə “qorxu”du.

Sosioloq-psixoloq Yunis Dürüst: – Hər bir toplumun və ölkənin inkişaf durumu həmin toplumdakı zəka səviyyəsi məqbul insanların say və nisbətilə ölçülür. Fərdin dünyagörüşü nə də qədər geniş olursa, onun mühit amilindən asılılığı da minimuma enir. Onun həyatın hər məqamında müəyyən düşüncə və mövqeyi formalaşdığı üçün xaricdən gələn məlumat öz əhəmiyyətini xeyli dərəcədə itirir. Yəni bir cəmiyyətin ümumi taleyində, həyatında xarici amillər də rol oynayır, amma ən əsas rola elə cəmiyyətin özü sahibdi. Düzdü, “Ərəb baharı”nda xarici amillər də mühim rol oynadı. Amma bu baş verənlərdə ən önəmli amil hər şeydən öncə sözügedən dövlətlərdəki ədalətsiz sistemlərin və insanların haqlarını tanımayan hakimiyyətlərin illərdən bəri yürütdüyü zülümlər və bu özbaşınalıqlara qarşı təpkidi. Xarici faktorlar yalnız bu inqilabları sürətləndirən bir amil oldu. 

Bəs sivil dünya, insan faktorunu həmişə ön planda saxlayan, humanizm prinsiplərini hədəf seçən institutlar niyə baş verənlərə seyrçi mövqe tuturlar? Niyə onminlərin qanı bahasına baş verən bu hadisələrə, sadəcə, siyasi məsələ deyib keçilir? Cəmiyyətin bu qədər laqeydləşməsi, insanlarda müşahidə olunan bu dərəcədə aqressiya nə ilə izah oluna bilər?

Sosioloq Lalə Mehralı: – İnsanların aqressiyasına səbəb, əlbəttə ki, psixoloji vəziyyətlə bağlıdı. Amma heç kim maraqlanmır ki, bu psixoloji vəziyyəti yaradan səbəb nədir? Psixoloji vəziyyətin başlıca səbəbi insanların sadəcə, qidalanmasındadır. Süni konsentrantlarla zəngin, GMO, geni dəyişdirilmiş məhsullarla qidalanan insanlardan humanizm, insanlıq və mərhəmət hissi gözləmək sadəlövlük olardı. Üstəlik, televiziyalar, saytlar, qəzetlər – ümumiyyətlə, KİV zorakılığı təbliğ edən məlumatlar yayımlayır. Valideynlə bərabər oturub cinayət verilişini izləyən yeniyetmənin psixoloji vəziyyəti normal ola bilərmi? O verilişlər konkret olaraq, dəlinin yadına daş salır, şüuraltı insana qətl törətmək siqnalları verir. Yaranmış psixoloji vəziyyət, əlbəttə ki, cəmiyyətə yönəlmiş təsirdi – bununla həmin təsir gücü insanlarda görmə və dərketmə qabiliyyətinə olduqca mənfi təsir göstərərək sosial susqunluq yaradır. Bu cür vəziyyətdə siyasi proseslərin iştrakçısına çevrilmək istənilən xalqın, toplumun, cəmiyyətin üzləşə biləcəyi vəziyyətdi. Əslində, sivil dünya cəmiyyətləri sağlam ideya ətrafında birləşə bilsələr, gərgin siyasi vəziyyətlərin bir xalqın durumuna sirayət etmə şansı ciddi şəkildə məhdudlaşar.

Sosioloq-psixoloq Yunis Dürüst: – Xüsusən son 15-20 ildə elm və texnikanın sürətlə inkişafı, ələlxüsus internet və KİV resursları insanların həyatını məlumat şəbəkəsilə hörüb. Artıq insanlar harasa getmədən, oturduğu yerdə həyatın müxtəlif sahələrində çeşidli bilgi axını ilə üzbəüz qala bilir. İnsan ən dəhşətli və ən qeyri-adi bir hadisə barədə dəfələrlə bənzər məlumatlar qəbul edir və baş verənlər onun üçün bir anlamda adi, sıradan, gündəlik yaşamın ayrılmaz bir hissəsinə çevrilir.

Oyunu quranlar da, ixtişaşları başladanlar da seçilmiş insanlardı. Dünya miqyasında baş verən siyasi proseslərin düzgün təhlilini vermək, həmin proseslərin arxasında duran qüvvələri, onların niyyət və məqsədini müəyyən etmədən mümkün deyil. Bütün baş verən hadisələr, inqilablar və qarşıdurmalar – dünyanın hansı nöqtəsində olur-olsun– bir-birilə sıx bağlıdı və vahid mərkəzdən idarə olunur. 

Sosioloq-psixoloq Yunis Dürüst:  – Suriyadakı avtoritar rejimin illərdən bəri yürütdüyü zülm və haqsızlıqlara kütlənin əks-reaksiyası və real etiraz bildirməsi çox mühüm amildi. Ancaq təbii ki, burada xarici amil, yəni Qərbin fəaliyyəti, təşkilatlanmış müxtəlif qüvvələrə etdiyi hərbi və maliyyə yardımı da xüsusi rol oynayır. Bütövlükdə orada az qala hər gün onlarla insanın həlak olması və çox sayda insanın yaralanmasına insanların adekvat münasibət bildirməməsinin bir neçə səbəbi var. Bunlardan biri də, Suriya toplumunun ümumən çoxda yüksək dünyagörüş və zəka səviyyəsinə sahib olmamasıdır. Digər amil, hər gün hər iki tərəfdən insanların ölməsi səbəbindən burada kimlərin məzlum olduğu, hüquqlarının tapdandığı məsələsində bir çaşqınlıq və qərarsızlığın yaranmasıdır. Digər bir amil də hər gün gələn ölüm xəbərlərinin insanların nəzərində adiləşməsidir.

Çözüm yalnız insanların özündədi. İnsan qətliamları ilə nəticələnən müharibələrə siyasi məsələ kimi yanaşılması əslində, insanlığı diri-diri torpağa basdırmaqdı. 

Kimlər qazanır, kimlər itirir? Siyasi oyunun qurucuları və oyunun ümumi iştirakçıları əsas mübarizənin obyektləri prizmasında durduqları üçün hədəfdə olan azad cəmiyyət istəyən xalq kütlələridi. Çox deyilib, amma haqq deyilib: müharibəni hər zaman varlılar başlayıb, qurbanlar isə həmişə sadə insanlar olublar. 

Ceyhun ABASOV
 





31.10.2012    çap et  çap et