525.Az

Azərbaycanla İtaliya arasında təhsil əməkdaşlığı


 

Azərbaycanla İtaliya arasında təhsil əməkdaşlığı<b style="color:red"></b> Bu gün Bakıda “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb.

525.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunmasıdır.
Tədbirdə 120 iştirakçının, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin yüksək rütbəli əməkdaşları və təhsil müəssisələrinin 21 nəfər nümayəndəsinin iştirak etdiyini deyən nazir qeyd edib ki, Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra genişlənməyə başlayıb:
 
“Həmin sazişdə universitetlərarası birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının öyrənilməsi məqsədi ilə universitetlərdə, həmçinin digər ümumi təhsil məktəblərində kafedraların açılması, mühazirələrin təşkili, tədris metodları, vasitələri, materialları və proqramlarının mübadiləsi və digər məsələlər öz əksini tapıb”.

 Hər iki ölkənin ali təhsil müəssisələri arasında da əməkdaşlıq əlaqələri genişlənməkdə olduğunu bildirən M. Mərdanov vurğulayıb ki, İtaliyanın Perucia Əcnəbilər Universiteti və Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bakalavr və magistr pillələri üzrə tələbə mübadiləsinin həyata keçirilməsi üçün imzalanmış saziş çərçivəsində ADU-nun tələbələri İtaliya universitetlərinə göndərilir və həmin universitetlərdən ADU-ya mütəxəssislər dəvət edilir. Bununla yanaşı, TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutu “Yazılı və şifahi tərcümənin tədrisində islahatlar” layihəsi üzrə ADU ilə sıx əməkdaşlıq edir: “Bu əlaqələrin inkişafının təməli 2001-ci ildə ADU-da “İtalyan dili” kafedrası açılması və universitetdə italyan dilinin tədrisinə başlanılması ilə qoyulub”.

Daha sonra çıxış edən La Sapienza Universitetinin rektoru, professor Luigi Frati t’msil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. O bildirib ki, ali təhsil ocağında 140 min tələbənin təlim-tərbiyəsi ilə 4148 pedaqoq məşğul olur. Hər il universiteti 25 min tələbə bitirir. Onun sözlərinə görə, Azərbaycan Tibb Universiteti ilə İtaliyanın La Sapienza, Genuya Universiteti, Milan Milli Onkologiya Universiteti, Aralıq Dənizi Hemotologiya İnstitutu arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Tədbirin davamında çıxış edən qonaqlar iki ölkə arasında təhsilin bugünki vəziyyəti, gələcək perspektivlər barədə öz fikrilərini bildirib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 1-8 iyun 2012-ci il tarixlərində İtaliyanın təhsil, universitet və tədqiqatlar nazirinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti ali təhsil təcrübəsi ilə tanışlıq, əməkdaşlığın genişləndirilməsi və birgə layihələr üzrə təkliflərin müzakirə olunması məqsədi ilə İtaliyada rəsmi səfərdə olub. Səfər çərçivəsində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyində, La Sapienza Universitetində keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlıq istiqamətləri, Azərbaycan və İtaliya arasında təhsil üzrə birgə işçi qrupunun yaradılması və təhsil sənədlərinin qarşılıqlı tanınması məsələləri müzakirə edilib.

Qeyd edək ki, “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans sabah da öz işini davam etdirəcək.

Sevinc QARAYEVA 
 





31.10.2012    çap et  çap et