525.Az

"Polis əməkdaşlarına məharət dərəcələrinin satılması iddiaları əsassızdır"(Müsahibə)


 

NƏSİMİ RAYON MÜHAFİZƏ İDARƏSİNİN XİDMƏT ÜZRƏ BAŞ İNSPEKTORU, POLİS MAYORU ƏLİ HÜSEYNOV: “BELƏ QƏRƏZLİ MƏLUMATLAR ŞƏXSİ-HEYƏTDƏ TƏƏSSÜF DOĞURUR VƏ ONLARIN HEYSİYYATINA TOXUNUR”

"Polis əməkdaşlarına məharət dərəcələrinin satılması iddiaları əsassızdır"<b style="color:red">(Müsahibə)</b>

Son vaxtlar bəzi mətbu orqanlarında Baş Mühafizə İdarəsi (BMİ) ilə bağlı müxtəlif yazılara rast gəlinir. Bu yazılarda BMİ haqda heç də xoş olmayan məqamlara toxunularaq, idarə əməkdaşlarının əmək haqlarının gecikdirildiyi, əmək hüquqlarının pozulduğu iddia edilir. Məsələ ilə bağlı BMİ-nin ən böyük idarələrindən biri olan Nəsimi Rayon Mühafizə İdarəsinin Xidmət üzrə baş inspektoru, polis mayoru, Qarabağ müharibəsi veteranı Əli Hüseynovla söhbətləşdik. Müharibə veteranı olan Ə.Hüseynov müharibə zamanı dəfələrlə yaralanaraq, bir gözünü də itirib.  

– Əli müəllim, hazırda ölkəmizin sürətlə inkişafı demək olar ki, bütün sahələrə öz təsirini göstərir. Bu quruculuq işləri BMİ-yə, eləcə də bu qurumun ən böyük mühafizə idarələrindən biri olan Nəsimi Rayon mühafizə İdarəsinə necə təsir edib? Bu ilin geridə qoyduğumuz 10 ayı ərzində idarənin fəaliyyətini necə dəyərləndirərdiniz?  

– Həqiqətən də, bu gün ölkəmizdə gedən quruculuq işləri bütün sahələrdə olduğu kimi, Daxili İşlər Nəzirliyinin bir strukturu olan Baş Muhafizə İdarəsində də məqsədyönlü şəkildə həyata keçirilir. Baş Mühafizə İdarəsinin maddi texniki bazasının möhkəmləndirilməsi, yeni müasir tipli inzibati binaların tikilməsi, avtomobil parkının yeniləndirilməsi, müasir siqnalizasiya qurğularından obyektlərin və vətəndaş mənzillərinin mühafizə olunmasında geniş istifadə olunur.  Baş Mühafizə İdarəsinin ən böyük idarələrindən biri olan Nəsimi rayon Mühafizə İdarəsində 2012-ci ilin 10 ayı ərzində müsbət nailiyyət əldə edilmişdir. Nəsimi rayon Mühafizə İdarəsində 630 əməkdaş xidmət aparır.  2012-ci ilin 10 ayı ərzində idarənin əməkdaşları tərəfindən 709 obyekt və 153 mənzil mühafizə olunur, 256 obyektə digər xidmət göstərilir. Qeyd olunan dövr ərzində 121 obyekt və 47 mənzil mühafizəyə qəbul olunub. İdarəmiz tərəfindən qorunan obyekt və mənzillərdə heç bir oğurluq və fövqəladə hadisəyə yol verilməyib. 

– Sizin fəaliyyətiniz yalnız bununla məhdudlaşır? 

– Xeyr, əməkdaşlırımız rayon ərazisində qorunan obyektlərin mühafizəsini təmin eməklə bərabər həm də xidmət apardıqları sahələrdə cinayətkarlığa qarşı mübarizədə müəyyən iş aparırlar. Deyərdim ki, bu sahədəki fəaliyyətimiz də uğurludur. Belə ki, mühafizə edilən 3 obyektdən oğurluq hadisəsinin qarşısı alınaraq, 3 nəfər saxlanılıb. Habelə 7 fakt üzrə digər cinayət hadisəsinin qarşısı məharətlə alınaraq, 5 nəfər yaxalanıb. Eləcə də ictimai qaydanı pozan 74 nəfər rayon polis idarəsinə təhvil verilib. 3 halda yanğın hadisəsinin qarşısı alınmış, 3 ədəd əl qumbarası aşkar edilərək 21-ci Polis Bölməsinə çatdırılıb. Bununla yanaşı 2 ədəd qaçırılmış avtomobil tapılaraq aidiyyəti üzrə təhvil verilib.Şəxsi heyətin bu işlərlə bərabər Bakı şəhərində keçirilən mühüm dövlət tədbirlərinə də cəlb edilib. 

– Əli müəllim, gördüyünüz bu işlərin qarşılığında sizə verilən dəstəyi necə qiymətləndirərdiniz? 

– Qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirərkən bizə, bütün əməkdaşlarımıza Daxili İşlər Nazirliyi və Baş Mühafizə İdarəsi rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Xidmətində fərqlənən əməkldaşlara istər maddi, istərsə mənəvi dəstək olunur. İdarənin şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə hər ay maddi yardım göstərilir. Bununla yanaşı bayramlarda hər bir əməkdaşımıza pul və digər hədiyyələr verilir. Yəni heç kimin əməyi istismar edilmir və hər kəsə xidmətinin qarşılığı artıqlaması ilə ödənilir. 

– Son zamanlar bəzi mətbu orqanlarında BMİ haqqında heç də xoş olmayan yazılara rast gəlinir. İdarə əməkdaşlarının əmək haqlarının gecikdirildiyi iddia edilir. Bu barədə nə deyə bilərsiz? 

– Heç bir iş ideal deyil. Yəni bütün işlərdə nöqsanların olması qaçılmazdır. Lakin əmək haqlarının bir ay gecikdirilməsi ağ yalandır. Bizim idarənin eləcə də Baş Mühafizə İdarəsinin tabeliyində olan mühafizə hissələrinin hər birində əmək haqlarının gecikdirilməsi hallarına yol verilməsi yanlış məlumatdır. Mühafizə polisi yeganə qurumlardan biridir ki, özü-özünü maliyyələşdirir. Biz hər bir tələbatımızı özümüz ödəyirik. İşçilərimizin saxlanılması, maddi-texniki təchizatın hamısı idarənin vəsaiti hesabına ödənilir. Və hər ayın sonunda qorunan obyektlərdən mühafizə hissələrinin hesabına vəsait daxil olur. Bundan sonra işçilərin əmək haqları plastik kart hesablarına köçürülür və hər bir əməkdaş tərəfindən bankomatlardan çıxarılır. Hesab edirəm ki, bu qərəzli informasiyadır. Məhz belə qərəzli məlumatlar şəxsi-heyətdə təəssüf doğurur və onların heysiyyatına toxunur. Digər sahələr kimi, bu sahənin də inkişafı göz qabağındadır. Bunun nəticəsidir ki, yeni-yeni avadanlıqlar alınır, avtomobillər gətirilir. Məhz bu xoşagəlməz informasiya həmin nailiyyətləri görmək istəməyən şəxslərin uydurmalarıdır.  –
 
- Məharət dərəcələrinin satılması barədəki məlumatlarla bağlı fikirləriniz necədir? 

– Mühafizə polisinin əməkdaşlarına məharət dərəcələrinin satılması barədəki iddialar tam əsassızdır. Hər kəsə bəllidir ki, daxili işlər orqanlarının əməkdaşlarına məharət dərəcələri Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş normativlərə uyğun şəkildə verilir. Bunun üçün mühafizə polisində də il ərzində keçirilən xidməti, döyüş və fiziki hazırlıq dərslərinin yekunu ilə əlaqədar əməkdaşların aldıqları qiymətlər Baş İdarədə təhlil edilir. Göstərilmiş istiqamətlər üzrə məqbullardan yalnız “yaxşı” və “əla” qiymətlər alanlara attestasiya komissiyası tərəfindən məharət dərəcələri verilir. Yəni burada hansısa qanunsuz əməldən söhbət belə gedə bilməz. 

– Əli müəllim, iddia edilən başqa məqam əmək hüquqları ilə bağlıdır...

– Mühafizə hissələrində xidmət aparan heç bir zabit tabeçiliyində olan polis nəfərindən əlavə pul tələb etmir. Dövlət obyektlərinə çıxan əməkdaşlara plan qoyulması da həqiqətə uyğun deyil.İdarəmiz tam demokratik prinsiplər əsasında fəaliyyət göstərir. Biz hər bir işçinin problemini öz problemimiz kimi görürük. Bunu hər bir işçimiz təsdiq edə bilər. Bu sahədəki fəaliyyətimiz heç bir MDB ölkəsi ilə müqayisə edilə bilməz. Bütün bu iddialar işimizə kölgə salmaqdan başqa bir şey deyil.   Son olaraq bildirim ki, son vaxtlar bəzi mətbuat orqanlarında Baş Mühafizə İdarəsinin ünvanına yazılan əsassız böhtan xarakterli fikirlər şəxsi heyəti arasında, bu xildmətin inkişafını istəməyənlərin fikirlərinin bariz nümunəsi kimi qiymətləndirirəm. Bunlara baxmayaraq, çoxsaylı mühafizə xidmətinin əməkdaşları bugünki inkişafı görür, yüksək səviyyədə qiymətləndirir və xidməti vəzifələrinin yerinə yetirilməsində dövlətimizin inkişafına ictimai sabitliyin təmin edilməsində öz bacarıqlarını əsirgəməyəcəklər. İdarəmizin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Baş Mühafizə İdarəsinin verdiyi əmr və göstərişləri bundan sonra da yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Bu iddialar ona görə bizə toxunur ki, işimizdə bu halların heç biri yoxdur. Biz nəinki öz işçilərimizin, hətta hər bir vətəndaşın maraqlarına xidmət edirik. Məhz uğurlu işin nəticəsidir ki, günbəgün fəaliyyət dairəmizi genişləndiririk. Biz xalqla birgə işləyirik. Buna görə də idarəmizin qapıları istənilən şəxsin üzünə açıqdır. Bu və digər məsələlərlə bağlı jurnalistlərdən qaçmırıq. İstənilən məsələyə aydınlıq gətirə bilərik. 

Aqil LƏTİFOV

 





01.11.2012    çap et  çap et