525.Az

Bakıda motosiklet sürücülərinə qarşı reydlər başlayıb


 

Bakıda motosiklet sürücülərinə qarşı reydlər başlayıb<b style="color:red"></b> Bakıda motosiklet sürücüləri tərəfindən törədilən kobud qayda pozuntularının aşkar edilməsi məqsədilə reydlərə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, son vaxtlar paytaxtda motosiklet sürücüləri tərəfindən törədilən yol qəzalarının sayının artması ciddi narahatlıq doğurub. Bununla əlaqədar İdarə tərəfindən Bakıda reydlərə başlanılıb.
Dünən keçirilən reyd zamanı 6 motosiklet sürücüsü sənədlərinin qaydasında olmadığı üçün saxlanılıb, barələrində inzibati protokol tərtib edilib və motosikletlər cərimə meydançasına aparılıb.

Əsədov bildirib ki, saxlanılan motosikletlərin dövlət nömrə nişanı olmayıb, texniki baxışdan keçməyib, bir neçə sürücünün isə sürücülük vəsiqəsi olmayıb.

3 sürücü dəbilqə geyinmədiyi üçün barəsində protokol tərtib olunub.

Bölmə rəisi deyib ki, kiçik ölçülü motosikletlərə sifariş əsasında xidmət göstərən şirkət rəhbərlərinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müraciət edilib. Onlara xəbərdarlıq olunub və əməkdaşlarına nəzarət etmələri xahiş edilib. Əsədov bildirib ki, bu şirkətlərin işçiləri motosiklet idarə edərkən əks istiqamətdə, eləcə də piyada səkilərində hərəkət edirlər. Bu isə digər yol hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Bölmə rəisi deyib ki, bu ilin 10 ayında Bakıda 19 yol nəqliyyat hadisəsi motosiklet sürücüləri tərəfindən törədilib. Həmin qəzalarda 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Motosiklet sürücüləri tərəfindən 3 piyada vurulub və onlar yüngül xəsarət alıblar.
 





02.11.2012    çap et  çap et