525.Az
Parisin Yelenayla söhbəti
Müasir Azərbaycan ədəbiyyatında yeni nəslin ən parlaq nümayəndəsi sayılan Qismət noyabrın 5-də ailə həyatı quracaq. Bu münasibətlə istedadlı qələm dostumuza səmimi təbriklərimizi və ən xoş arzularımızı ünvanlayır, oxucularımıza isə Qismətin poetik yaradıcılığının yeni nümunələrini təqdim edirik.
Alman hesabı
o gün, hə, o gün
sən dodağında qırmızı qətiyyət,
əynində “qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum.
O gün idi, hə, o gün
13-ü cüməyə düşmüşdü,
“Araz” kafesində ayrılmaq üçün görüşürdük,
Azərbaycan kimi...
ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən “Günah anandadı !” salatı ,
yanında “Sən məni başadüşməzsən” qızartması istəmişdim.
Sən “Özün bilərsən” şorbası demişdin,
bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.
O gün, hə, o gün,
13-ü cüməyə düşmüşdü
Ucuz bir ayrılığın hesabını ödəmişdik
alman hesabı.
Sən masadan
“Sənə qalmamışam” deyərcəsinə çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
– çinarlara qohum qürurumdan-,
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.
arada düşünürəm o günü :
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa axı nədən
o gün o küçədə
bircə heykəl vardı,
Nizaminin heykəli.
Mətbəxlik
Bir qadın var hardasa
gözləri razılaşmaq dilində susur...
metroda əlləri yaxasına,
çantası dizlərinə səngər.
Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdə qalan,
hər gün ciyərini qayğılar didən
mətbəxə zəncirlənmiş Prometeya.
Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad
sevdiyi kişiyə Çin səddi...
Bir qadın var hardasa
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Yerindədi hər şeyi
əri, uşaqları, şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü...
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
ağlar bir qalstukun xorultusuna,
bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ...
Bir qadın var hardasa
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz
Deyər: çox mətbəxəm...
Parisin Yelenayla söhbəti
Fəth olundu qəlbimin Troya krallığı,
İndi yanır ürəyim hər tərəfi duman, sis...
Yelena, məndə hardan tapmısan sakrallığı,
Məni sevmək əzabdı, dərddi, yoxsa katarsis?
Mən müqəddəs deyiləm,
qoy səni aldatmasın –
Gözlərimdə gördüyün o təmizlik, o ziya.
Hər şey qəfildən oldu,
vaxtın başı batmasın,
Vaxtına düşməyənin hər şeyi illüziya...
Ömür axır su kimi, arzu qoyuruq dəmə...
Özü özünə çökən boz dumanam, Yelena.
Dünya dolub-boşalan bir qədəhmiş sən demə,
Mən isə yaşamağa narkomanam, Yelena.
Mənim adım cücərsin qoy sənin dodağında,
Adıma kölgələnim, sevinim, qürurlanım.
Bu yaralı gəminin qaranlıq otağında,
Baxışında yuyunub, səsində qurulanım...
Bilirəm, gedəcəksən, budur mənim qədərim
Ömrün çoxu gecədir, sən səhərsən, Yelena.
Gəl, uduzaq savaşı, qudurtmayaq zəfəri,
Sənə at bağışlasam götürərsən, Yelena?
Klassika məşqlərindən – XX
Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...
Qırmızı kəmturş şərab badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...
Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən ?
Birnəfəsə...
Darıxmaq pəncərəsi açıq qalıb,
yellənir səbrin pərdəsi,
fikrimin atı qan-tər içində...
Saçlarını üzündən
yığırsanmı astaca ?
Daralırmı nəfəsin ?
Leysan kimi yastığa
yağırsanmı astaca ?
Mən nə axmaq adamam,
nə axmaq suallardı ?!
Vaxt vardı,
oyanıb görürdüm ki,
tavan başqa tavandı.
Tavan da təəccüblənirdi...
Kəsəsi, öpdüyümüz dodaqlardan
pomada kimi silinmək ehtimalı da var.
Amma səni düşünmək elə gözəl ki,
sənə də məsləhət görürəm...
Hamı kimi durursan yuxudan.
Əllərini yudunmu, çayını içdinmi
başlayır dünənə əkiz bir gün.
Kontur göndərirsən rəfiqənə,
nömrəni dəyişmək istəyirsən,
Facebook-a öyrəşə bilmirsən...
Filmə baxırsan,
yeməyi qızdırırsan,
qeybət eləyirsən yüngülvari...
Çantanla ayaqqabının rəngini tutuşdurursan,
necəsə şalvarını köynəyə yaraşdırırsan,
qəşəng görünürsən insafsızca...
Gülümsəyirsən kiminsə zarafatına,
yorulursan, mürgüləyirsən divandaca
yastığa toxunur saçların, çiynin...
Oyanırsan, güzgüyə baxırsan.
Güzgün olum,
yadıma düşürsən çilik-çilik oluram.
Adını bir vərəqə yazıb baxıram.
Adın gözlərimdən başlayıb fəth edir
ürəyimin paytaxtını.
Yuxularıma tökülür saçların...
Sonra nəsə olur,
adın ayrı-ayrı mənalara bürünür,
bax, onda
əllərin “qucaqlaşmaq”,
dodaqların “öpüşmək”
ayaqların “getməmək” felinə bənzəyir...
Bax, onda
nəsə olur,
sənin acıgöz həsrətin
məni dişinə çəkir.
Bax, onda
darıxmağım qurd kimi ulayır...
Dönüb görərsən ki...
Bir də görərsən ki, qəti alınmır...
Səni gecələrin zülməti çəkər,
Dodağın bir öpüş həsrəti çəkər.
Yanar dodağında bir dodaq yeri
Lap elə mən ölü, sən də ki, diri
Qabları yuyarsan, çörək alarsan,
Görərsən könlünün simi tarımdı.
Amma bilməzsən ki, niyə yarımsan,
Bilməzsən evində nəyin yarımdı...
Könlünə qəfil bir qayıtmaq düşər,
Birdən başlayarsan lap darıxmağa...
Dönərsən gəldiyin yola baxmağa,
Qəhər boğazında ilişər qalar,
Dönüb görərsən ki, divardı yollar,
Dönüb görərsən ki, yol çıxıb gedib...
Bezginlik
Suallar verirlər,
çoxlu suallar...
Niyə? Nədən? Necə?
Cavabını bilmirlər guya.
Zalım uşağı,
səadət ərzaq deyil ki,
tutub doldurasan soyuducuya...
Bir nəfər az
Çanaq antenaları
göylərin sonsuzluğuna
qulaq kimi şəklənmiş
binaların sakinləri
çay içir, qab yuyur, nərd oynayır.
Mənsə yenə Darıxmağa məğlub oluram,
çünki yenə Darıxmağın hücumunda Dərd oynayır,
çünki yenə bir nəfər azlıqdayam...
Dünyaya – bu qədim adamyeyənə
ağaran saçlarla təslim bayrağı qaldırmış,
ömürləri reklam kimi təkrar
adamların gecəsi
topdansatış qarasıdı.
Mənimki gecə deyil,
gecə üstəgəl gecə vur gecədi.
Mənimki qara deyil,
zülmətin kvadratıdı.
Amma neyləməli, bir azdan
ikinci əl bir səhər açılacaq
və mən son istifadə tarixi keçmiş
bir ümid geyinib, gedəcəyəm.
Gedəcəyəm, sizin küçənizdə
baş rolda darıxmağa...
03.11.2012 çap et