525.Az

Bütpərəst ərəblər


 

Bütpərəst ərəblər<b style="color:red"></b>

Ruhlar kütləşdikdə bütlərə ibadət edir.
Eduard Şyure

Dünyanın ən möhtəşəm dinlərindən olan İslam əksəriyyəti köçəri və yarımköçəri qəbilələr olub səhralarda yaşayan, yalnız az bir qismi oturaq həyat tərzi keçirən ərəb qəbilələri arasında meydana gəlmişdir. Qonşu xalqlar onlara “ərəb”, yəni “çöl adamı”, “səhra adamı” desələr də, onlar bir-birlərini qəbilə və tayfa adları ilə adlandırırdılar. Daim bir-biri ilə otlaq və su hövzələri üstündə dava edən bu tayfalar qonşu xalqlar tərəfindən vahid bir etnosun nümayəndəsi hesab edilmələrinə baxmayaraq, qəbilələrinə o qədər bağlı idilər ki, qonşu qəbilələrlə öz aralarında bənzərlikdən daha çox fərqli cəhətlər görürdülər. Məsələn, şimal ərəbləri olan ədnanilər cənub ərəbləri olan himyərlərin dilinin də, yazısının da çox fərqli olmasını söyləyirdilər. Bununla belə, qureyş ləhcəsi əsasında bərqərar olmuş vahid ədəbi dilin mövcudluğu, inanc sistemindəki bənzərliklər, həyat tərzinin,  yaşayış resurslarının, adət-ənənələrin oxşarlığı etnik özünüdərk prosesində öz işini görməkdə idi. Bütün bunlar İslamdan sonra ayrı-ayrı qəbilələrin bir ümmət olaraq birləşməsində mühüm amillərdən oldu. Fran­sız şərqşünası Dozinin sözləri ilə desək, “bu xalq dün­yada Bizans İmperiyası və Sasanilər İra­nı kimi iki qüdrətli dövlətin hegemonluq etdiyi bir zamanda indiyədək o qədər də ta­nın­­mayan səhralardan baş qaldırıb dünya səhnəsinə çıxmışdır. Əvvəllər bu xalq daim bir-bi­ri ilə müharibələr aparan köçəri qəbilələrdən ibarət idi. İndi onlar ilk dəfə bir­ləş­miş­di­lər. Bu azadlıqsevər xalq öz həyat tərzinin, geyi­mi­nin, hətta yeməyinin belə sadəliyi ilə se­çi­lir­di. Bu alicənab, qonaqpərvər, ağıllı və nikbin, eyni zamanda məğrur və çılğın, yeri gə­lən­də qisas almağı ba­caran, barışmaz və qəd­dar olan bir xalq idi. Tarix səhnəsində baş qal­dır­maq­­la bir an içərisində fars imperiyasını süquta uğradıb bizans­lı­la­rın ən yaxşı əyalətlərini ələ keçirmişdir. Lakin bu xalq heç də adi işğalçı xalq olmayıb həm də təmiz monoteist bir di­­nin daşıyıcısı idi. Elə bir dinin ki, milyonlarla insan onu qəbul edib iman gətirmişdir”.

Ərəblərin islamaqədərki dini təsəvvürləri müxtəlif di­­­ni etiqadların çuğlaşması, poli­te­izmin bütpərəstlik şəklində geniş vüsət tapması, yə­hu­di­­lik və xristianlıq kimi monoteist dinlərin müxtəlif cərəyan­la­rının zərdüştlüyün dua­lizmi və sabiliyin astral ibadətləri ilə qarışması, ən nəhayət, cəmiyyətdə tutarlı mövqeləri ol­ma­sa da, təkallahlılıq ideyalarının etibarlı mühafizəçiləri kimi tanınmış həniflərin fikir və dü­­şün­cə­lərinin, zəif şəkildə olsa da, yayılması fonunda olduqca rən­ga­rəng təsir ba­ğış­la­yır­dı.

Qurani Kərimdə ərəblərin islamaqədərki tarixi “cahiliyyət”, yəni “islami biliklərdən xəbərsizlik” dövrü adlanmışdır (Q. 3:154; 5:50; 33:33; 48:26). Cahiliyyət ərəblərinin çoxcəhətli inanc, ayin və iba­dətləri arasında əsas yeri büt­pə­­­rəstlik tuturdu. Qeyd etmək lazımdır ki, İslamın yaranması ilə ərəb dini fikir və düşüncə ta­­rixində öz mövqeyini itirmiş bütpərəstlik yeni yaranmış din tərəfindən qətiyyət və aman­­sızlıqla rədd edildiyindən Orta əsrlər ərəb mən­bə­lərində ərəblərin qədim dini tə­səv­­­vürləri ilə bağlı məlu­matlar olduqca azdır. Cahiliyyət poeziya­sında, tarix, coğrafiya və s. elm sa­­hələrinə dair Orta əsr mənbələrində hifz olunmuş dağınıq məlumatlardan başqa, ayrıca olaraq bütlərə həsr edil­miş üç əsərin olması da qeyd edilir. Hər üçü «Kitəbul-əsnam» (Bütlər haqqında kitab) ad­la­­nan bu əsərlər İbn Fudeyl (miladi 803-də vəfat edib) Hişam ibn Məhəmməd əl-Kəlbi (miladi 819-da vəfat edib) və Əbu Osman əl-Cahizə (miladi 868 vəfat edib) məxsus olmuş, İbn Fu­dey­l və əl-Ca­hizin əsərləri itib-batmış, yalnız Hişam ibn əl-Kəlbinin kitabı zəmanəmizədək gə­lib çat­mışdır. 

İbn əl-Kəlbinin «Kitəbul-əsnam»  əsərində, bir sıra Orta əsr ərəb mənbələrində, eləcə də ca­hiliyyət ərəblərinin mə­­nəvi durumuna həsr edilmiş bir sıra təd­qi­qatlarda bütpərəstliyin öz inkişafında bir sıra mər­­hələlərdən keçməsi göstərilir. Orta əsr mənbələrində, bir qayda olaraq, bütpərəstlik monoteist düşüncənin təhriflərə uğ­ra­­ması kimi başa düşülür, yəni bir zamanlar İbrahimin hənif dininə etiqad edən ərəblərin sonradan Allaha şərik qoşması qeyd edilir. Son tədqiqatlarda isə, bütpərəslik Ərəbistan yarımadasında pri­mitiv animizm və fe­ti­şiz­min inkişaf etmiş politeizmə çevril­məsi kimi təqdim edilir.

Dini inancların inkişafın­da ilkin mər­hə­lə daşlar, ağaclar, ma­ğa­ralar, bulaqlar və s. kimi maddi əşya­ların və yerlərin müqəddəs­ləş­dirilib iba­­dət edilməsi idi. Bütün bunlar bədəvi ərə­bin gündəlik həya­tında rastlaşdığı, bəhrələndiyi əşyalar idi. Məsələn, bədəvi ərəblər səhra­larda qızmar günəş şüa­la­rın­dan və düşmənlər­dən qorunmaq üçün mağa­ra­lara sığınırdılar. Ərəbistan yarımadasında mağara həm sakral, həm də profanik xarakter daşımış, insanlara gündəlik həyatla bağlı praktik ehtiyacları ilə yanaşı, mistik meditasiyalar üçün də lazım olmuşdur Məhəmməd peyğəmbərin (s.ə.s) sirəsindən onun Hirə mağarasına çəkilib meditasiyalara qapılması məlumdur.

Sonradan Qurani Kərimdə mağara anlamının (Kəhf surəsi) Platonun mağara alleqoriyası ilə səsləşməsi diqqəti cəlb edir və Islam mistisizmində mağaraya xüsusi önəm verilir.

 Bu­laq­lara gəlincə, onlar, de­mək olar ki, çayların olmadığı və uzun müddət yağış üzünə həsrət qalan ucsuz-bu­caq­sız səhralarda əsil həyat mənbəyi idi. Bu səbəbdən də, ərəbin möcüzəsi, duası su ilə, bulaqla bağlı olmuşdur. Ərəblər arasında yağış duaları (istisqa) geniş yayılmışdır. Onlar özlərinə “əbnə məi-s-səma” (göydən yağan suyun övladları) demişlər. Əgər Mesopotamiyada, Misirdə və digər ərazilərdə çaylar, okeanlar müqəddəs sayılırdısa, həyatın okean dibindən qaynadığı düşünülürdüsə, suyun qıt olduğu Ərəbistanda məhz yağış damlası ilkin nütfəvari maddə, həyatın başlanğıcı hesab edilirdi. Sufizmdə övliyaların minik heyvanının ayağının altından bulaqların fəvvarə vurması  və yaxud onların bulaq tapması kəramət sayılıb. Bu cür fövqəladə halların İslamdan öncə baş verməsi də rəvayət edilir;  Peyğəmbərin babası Əbdülmüttəlibin dəvəsinin  ayaqları altından bulaq qaynaması, və yaxud onun Zəmzəm bulağının gözünü açması buna misal ola bilər (İbn Hişam, “Sirətun-nəbi”).

Ərəblər cansız əşyaları və məfhumları canlı hesab edirdilər. İnancın bu növü animizm adlanır. İnsan, adə­tən, bu varlıqlarda onları faydalı edən ruhların mövcud­luğuna ina­nırdı. Ola bilsin ki, bədəvi ərəb mü­qəd­­dəs bildiyi bu əşyalara daimi şəkildə ibadət etməmişdir, lakin onların mü­qəd­dəs­ləş­di­ril­­mə­­si Hi­­cazda əl-Lat, əl-Uzza, Mənat, Bəəl kimi büt­lərin ibadətinə gətirib çıxarmış, dini təsəv­vürlərinin inkişafında daha yüksək mər­hə­lə­yə keç­id ilə həmin əşyalara mü­cərrəd qüvvələr kimi ibadət edilmişdir.

Ərəblərin bütpərəstliklə bağlı etiqadlarında totemizmin izləri də güclü olub. Xü­su­si­lə Yəmən panteonunda bir çox allahların heyvanlarla əlaqələndirilməsi müşahidə olunur. As­tar – ceyran, əl-Məhak – vəhşi qoyun, Vadd – ilan, Sin – öküzlə əlaqələn­di­ri­lir­di. Bə­zi ərəb qəbilələrinin heyvan ad­ları ilə adlandırılmasında da, (məs: Bənu Kəlb-It oğulları, Bənu Əsəd-Şir oğulları Bə­nu Sələb-Tülkü oğulları və s), totemizmin izlərini görmək mümkündür.

Səhra ərəbləri üçün ağacların, xüsusilə meyvəsindən başlıca qida məhsulu kimi istifadə edilən xur­­ma ağacının böyük faydası var idi. Səhra ağaclarının gövdə və budaqları deyil, kökləri güclü olduğundan, agac kökü ərəbin təsəvvüründə dünya ağacı arxetipini əvəz etmiş, onlar ilk insanın yerin dərinliklərinə gedib çıxan kökdən (irq as-səra) yaranmasına inanmışlar.  

Bütlər, sənəmlər və şəkillər

Qumsal səhralarda ara-sıra rast gəlinən daşlar daha cəlbedici idi. Xüsusilə, əgər daşlar öz rəngi ilə səhranın adət edilmiş boz rəngindən fərq­lənərsə, ucsuz-bucaqsız səh­ra­­larda daim bir-birinə bən­zəyən yol­ları qarışıq salmamaq üçün praktik əhə­miyyət kəsb edir­­di. Xüsu­silə qara daşlar və yaxud ağappaq parlaq daşlar çox cəlbedici idi. Adətən, ərəblər səyahətə gedərkən özləri ilə dörd daş götürür, onlardan birinə iba­dət edir, üçündən isə ocaq daşı kimi istifadə edirdilər.

Ərəblər daşlara o qədər bağlı idilər ki, ilk insanın daşdan, qayadan yaranması barədə miflər belə yaratmışlar.  P. Qryazneviç Bənu Jəndəl, Bənu Saxr (Daş, Qaya oğulları) kimi qəbilə adlarında məhz bu miflərin izini görür. 

Belə ki, səhra şəraitində insanın gildən, palçıqdan yaranması  əvəzinə səhra ərəbinin hər gün gördüyü daşlar, qayalar, hətta qum yaradılışla bağlı miflərin əsasında dayanmışdır. T. Fəhd göstərir ki, daşlara olan bu marağa rəğmən ərəblərin nasab (cəmdə ənsab) adlandırdığı və ibadət etdiyi daşın bütə, heykələ çevrilməsi prosesi xeyli vaxt tələb etmiş, Hicazda ancaq eramızın 3-cü əsrindən etibarən Nabati və Assuriya mədəniyyətlərinin və inanclarının təsiri ilə daşdan yonulmuş bütlər – heykəllər yaranmışdır. “Büt” fars sözüdür. Ərəblər daş bütləri nasab (ənsab), heykəl formasında olan büt­ləri isə sanəm (əsnam) və vasən (ausən) adlan­dırır­dı­lar. Nasab bir çox hallarda xüsusi bir tərzdə yonulub hazırlanır, onların özərində qurban kəsilirdi. «Sa­nəm»  ağac, qızıl və gümüşdən insan surətində dü­zə­lən bütlər idi. Büt-heykəllər daşdan düzəldikdə isə, onları «vasən»  adlandırır­dılar. Bəzi Orta əsr müəllifiləri sənəmlərin taxtadan hazırlandığını bildirir. Ümumiyyətlə isə, hansı bütün sənəm, hansının vasən və ya nasab adlanması ilə bağlı konkret bir məlumat yoxdur. Bu barədə əsas mənbə olan “Kitabül-Əsnam”-da belə xəbərlər dolaşıqdır. Qurani-Kərimdə “sənəm” sözünə beş ayədə rast gəlinir (6:74; 7:138; 14:35; 21:57; 26:71). Təbəri sənəmin şəkil kimi bir heykəl (timsəl musavvar) olduğunu deyir.  Kəbə məbədgahında saxlanılan Hübal insan şəklində olan bir heykəl idi. Sağ əli qı­rıl­dığın­dan ona qızıldan əl düzəltmişdilər. Vadd adlanan büt də nəhəng bir insan heykəli idi. Onun əynində geyimi belə olmuş, çiyninə isə əba salınmışdı.

Ərəblər arasında büt yapmağı özünə peşə etmiş sənətkarlar da var idi. Onlar düzəltdikləri bütləri satmaq üçün obaları gəzir, bədəvi ərəblər bu bütləri alıb alaçıqlarında saxlayırdılar. İslamdan əvvəl, nəinki bədəvi ərəblər arasında, hətta Məkkədə belə elə bir ev tapmaq olmazdı ki, onun öz bütü olmasın.

Ayrıca olaraq, şəkillərə ibadət də mövcud idi. Kəbə məbədgahında hz. Məryəmin qucağıda körpə İsa əl-Məsihlə bir şəklinin olması cahiliyyət dövründə ərəblər arasında xristian ikonalarının mövcud olmasını da düşünməyə əsas verir. Məkkənin fəthi zamanı Kəbə bütxanasındakı bütün büt və şəkillər məhv edilmiş, amma peyğəmbərin göstərişi ilə həmin şəkil saxlanılmışdır. Şəklin X əsrdə Kəbəyə qərməti hücumu zamanı məhv edildiyi zənn edilir.

Çox güman ki, bədəvi ərəb bu cür ikonalarla bütlər arasında ciddi bir fərq görməmişlər. Ümumiyyətlə, bütlərin yalnız ərəbin dini düşüncəsini deyil, həm də onların mədəniyyət və incəsənətini, heykəltaraşlıq və rəssamlığını əks etdirdiyini nəzərə alsaq onların öyrənilməsinin nə qədər   mühüm olduğunu zənn etmək olar.  

Astral tanrılar

Səhra şəraitində yaşayan xalqların həyatında göy cisimləri olduqca mühüm yer tutur.  Bundan əvvəl Sabiliklə bağlı yazımızda ərəblərin astroloji təsəvvürlərindən bəhs etmişdik. Gecənin sərinində yol gedərkən ulduzlara baxıb səmti müəyyənləşdirən ərəblərin bir sıra tanrıları göy cisimləri ilə bağlı idi. Kəbənin qədimdən Günəş tanrısının məbədgahı olması barədə fikirlər səslənməkdədir. Ərəblər arasında Abduşşəms (Günəşin bəndəsi) adının geniş yayılması da Günəş tanrısına ibadətlə bağlı idi. Nöldek ərəblərin Zarih adlı bütünün də Günəşlə əlaqəli olmasını bildirir.

Göy cisimləri ilə bağlı bəzi bütlər yaxın Şərqin astral allahlarının ipostası idi. Məsələn, əl-Əl-Uzza bütünün yunan mifologiyasındakı Veneranın (Afroditanın) ipostası olması bildirilir. Nöldek haqlı olaraq bildirir ki, illər boyu Əl-Uzzaya ibadət edən ərəblər yəqin ki, onun Venera ilə əlaqəli olmasının fərqinə belə varmırdılar, bəlkə də bu barədə aydın təsəvvürə belə malik deyildilər. Bununla belə, Nöldek tarixin qədim dövrlərində yunanlar və romalılar kimi, ərəblərin də Veneraya insan qurbanları verməsini zənn edir. Hər bir halda Məhəmmədin (s.ə.s.) atası Abdullanın qurban deyilməsi ilə bağlı rəvayətin müsəlman mənbələrində geniş yayılması həmin dövrdə insan qurbanlarının mövcud ola bilməsinə və yaxud bir neçə yüzillər öncə bu cür təcrübələrin tətbiqinin mümkünlüyünə işarə edir. Bununla belə, qız uşaqlarının diri-diri basdırılmasına Qurani Kərimdə işarə edilməsi (81:9), və “övladlarınızı kasıblıq qorxusundan məhv etməyin”,(17:31), yəni kasıblıqdan qurtarmaq üçün övladlarınızı bütlərə qurban kəsməyin deyilməsi cahiliyyət ərəblərinin də Yaxın Şərqin digər xalqları kimi insan qurbanları verməsinə dəlalət edir.

Ərəblər ulduz və planetlərin insan talelərinə təsirinə inanmış, ulduzları ya xoşbəxtlik gətirən, uğurlu (səd), ya da nəhs hesab etmişlər.  Məsələn onların nəzərində Yupiter, Venera və Ay xoşbəxtlik gətirirdi. Günəş və Merkuri barədə ikili təsəvvür var idi. Saturn isə, birmənalı olaraq nəhs sayılırdı. Onlar hər insanın bir ulduzu olmasına inanır, ulduz axmasını bir insanın ömrünün sonu kimi başa düşürdülər. Ərəblər Ayla bağlı müşahidələr aparır, onun 28 fazasını öyrənib hər bir fazanın özünəxas cəhətləri olmasını bildirirdilər. Ərəb əlifbasında 28 hərfin olması da Ayın fazaları ilə əlaqələndirilirdi.

Ərəblərin astral təsəvvürlərində qövsü-quzehin xüsusi yeri var idi. Sözün mənası “Quzahın yayı” deməkdir.

Qədim ərəbistanda Quzah tufan tanrısı idi. Yaqışdan sonra səmada görsənən rəngbərəng yarımdairəvi təbiət hadisəsi olan qövsü-quzehin  Quzahin yayı olması zənn edilirdi.  İslamdan sonra bu təbiət hadisəsini Nuh peyğəmbərlə bağlayan deyimlər yayıldı.

Ərəblərin yerlə göyü birləşdirən mifik bir nərdivan, və ya ip barədə təsəvvürləri də var idi.  Cahiliyyət şairi Zuheyr ibn Əbi Sulmə “İnsan nərdivanla göylərə qalxsa belə, ölümün kəməndindən qurtula bilməz”-deyirdi.  

Mücərrəd tanrılar

Bəzi tanrılar abstrakt məfhumları ifadə edirdi. Ərəblər zərdüştlüklə bağlı zaman tanrısı olan Zurvana çox bənzər zaman-tale anlamına gələn dəhr barədə antropomorfik təsəvvürlərə malik idilər (Q. 14:23). Təbəri tarixində bəzi qəbilələrin dəhrə and içməsi bildirilir. Ola bilsin ki, onlar bəzən dəhri konkret bir tanrı hesab etmişlər. Amma cahiliyyət şerində dəhr tanrı olmaqdan daha çox antropomorfik bir obraz kimi canlanır. Ərəblər başlarına gələn müsibətləri “bənətud-dəhr” (dəhrin qızları) adlandırırdılar. “Gecələr hamilədir, səhər nə doğacaqları bilinmir”, deyən ərəblər qaranlıq, mübhəm gecələri də qadın cinsi ilə əlaqələndirirdilər.  İslam yarandıqdan xeyli sonra sufilərin qadın elementinə tam fərqli bir baxışını görürük; ərəbcə “rəhm” sözü ana bətnini bildirdiyindən, bəzi sufilər Allahın “rəhm”lə eyni kökdən olan Rəhman və Rəhim adlarının qadın başlanğıcı ilə bağlı olmasını iddia etmişlər. 

Mücərrəd məfhumlarla bağlı bütlər arasında Mənat xüsusi qeyd edilməlidir. Quranda “Nəcm” surəsində əl-Lat və əl-Uzza ilə yanaşı anılan Mənatın tale tanrısı olması zənn edilir. Mənat Məkkə və Yəsrib (Mədinə) arasında yerləşirdi. O, yunan-roma mifologiyasındakı Fortunaya yaxın bir tanrı idi. Palmirada Mənatın ipostası olan bütün əlində qələm tutması onun tale yazısı ilə bağlılığına dəlalət edir. İbn əl-Kəlbi göstərir ki, bütün ərəb­lər Mənatı müqəddəs sayıb qurban­lar verirdilər. Xü­susilə, Aus və Xəzrəc qəbilələri ona iba­dət­də canfəşanlıq edirdilər.

Hətta Aus və Xəzrəc qəbiləsindən olan­lar Kəbəyə həcc ziyarətinə gə­lərkən başqa zəvvarlar kimi başlarını qırxmaz, Minadan çıxıb Mənatın ibadətgahına gə­lər, burada başlarını qırxar və bir müddət qalıb ibadət edərdilər.

An­caq bundan sonra onlar öz həcc zi­yarətlərini bitmiş sayar­dı­lar. Peyğəmbər hicrə­tin 8-ci ili Mə­dinədən çıxıb Məkkəyə gələnədək Mənata ibadət edilmişdir. Peyğəmbərin Məkkə üzə­rində qələbə çaldığı həmin ildə o, hz. Əlini Mənatın üzərinə göndərmiş, Əli onu da­­­ğıdıb mə­bəd­gahdakı əşyaları Peyğəmbərə gətirmişdir. Bu əşyalar içəri­sin­də iki qılınc da olmuş, Peyğəmbər onlardan birini – Zülfiqarı Əliyə bağışlamışdır.

Bundan əlavə, ərəblərin Aud adlı bütü olmuşdur ki, o da zaman tanrısını bildirmişdir. Ayrıca olaraq, Ciddə yaxınlığında Səd adlı bir qayaya büt kimi ibadət edilmişdir. Səd bəxti gətirmək, xoşbəxtlik anlamına gəlir. 

Əcdadlara sita­yiş

Bəzi ərəb rəvayətlərində bütpərəstliyin əcdadlara sita­yiş­lə əlaqədar yarandığına da işa­rə edilir. Məsələn, İbn Ab­ba­sa istina­dən söylənilir ki, Şisin övladları Adəmin cəsədi olan mağaraya gəlib ona ibadət edərmişlər. Bu zaman Qabil övladlarından bir nəfər deyir: «Ey Qabil övladları! Şis öv­lad­larının ətrafına do­lanıb sitayiş etdikləri bir məzarları var. Bi­zim isə heç bir şeyimiz yoxdur». O, Qabil övladları üçün ibadət ediləcək bir büt düzəltdi. Hə­min adam ilk büt düzəldən şəxs idi.

Əcdadların müqəddəsləşdirilməsi ilə bağlı bütlərə Nuhun hekayətində işarə edilir (Q. 71:23). Nuh qövmünün ibadət etdiyi bu bütlər sonralar ərəb qəbilələrinin bütlərinə çevrilmişdir. Vadd Bənu Kəlbin, Suva Hüzeylin, Yəğus Bə­nu Ğatifin, Yəuq Bənu Həmdanın, Nəsr isə himiyərlərin bütü olmuşdur. Rəvayətə görə, bu bütlər Nuh qövmündən çıxmış əməlisaleh beş kişini təm­sil edirdilər. Onlar vəfat etdik­dən sonra şeytan Nuh qövmünü yoldan azdırıb onların xatirəsinə bütlər yapıb ibadət etmə­yə sövq etmişdir. Kəbədə baş büt sayılan Hubəlı da bəzən əcdadlarla əlaqələndirirlər.

Cahiliyyət ərəbləri içərisində ölülərə, xüsusilə ulu baba­la­ra pərəstiş də güclü idi.  M. Mahmudov göstərir ki, bədəvi ərəb heç vaxt qəbrin üstünü örtən qalağa bir parça daş və ya bir budaq əla­və etmədən bir qəbrin yanından ötüb keçməzdi. Adətən, ölü basdırıldığı zaman qurban kə­silirdi. Bu zaman qurban kəsilən dəvənin vətərlərini kəsib qəbrin üstünə qoyurdular. Görünür onlar ölünün bir zaman dirilib həmin dəvəni minəcəyini düşünürdülər. Bəzi bütlər elə ölülərin şərəfinə iba­dət obyektinə çevril­miş­lər. Rəvayətə görə, Sə­qif qəbilə­sinə məxsus bir daş parçası üzərində (bu daş sonralar məşhur əl-Lat bütünə çev­ril­miş­dir) bir kişi yaşayırmış. O, zəv­var­lara yağ satırmış. Həmin kişi öləndən sonra Əmr ibn Lüheyy (Bu, Ərəbistanda bütpərəsliyə rəvac vermiş, Şamdan Məkkəyə bütlər gətirmiş bir şəxsdir.) dedi: «O ölməmişdir. O tanrı idi və indi həmin daş parçasının içində giz­lən­mişdir». Sonra o, camaatı bu daşa ibadətə çağırıb onun üstündə mə­bə­dgah tikdirdi (İbn əl-Kəlbi, Kitəbül-Əsnam).

Yuxarıda qeyd etdiyimiz kimi, bütpərəstliyin meydana gəlməsi ilə bağlı başqa bir mülahizəyə görə, ərəblər İbrahimin təkallah­lı­lıq di­ni­ni qəbul etmiş, sonra on­­­lar müşriklik yoluna qədəm qoy­muş­lar. İbn əl-Kəlbinin «Kitəbul-əsnam»ında bu pro­ses belə təsvir edilir:

«İsmayıl ibn İbrahim əleyhissəlam Məkkədə məskən salarkən onun çoxsaylı nəsil­lə­ri yaranıb Məkkəni dol­durur və əma­li­kləri (Əmaliklər Hicazda məskən salıb ərəbcə danışan ilk qəbilələrdən sayılırdı) ordan qovurlar. İsmayıl övladları artdıq­ca Məkkə onlar üçün darısqallıq edir. Onlar arasında düş­mənçilik və çəkişmələr yaranır, bir-birini Məkkədən qov­ma­ğa başlayırlar. Qovulan nəsillər azuqə dalınca başqa yerlərə da­ğılışırlar. Onların heykəl və daşlara ibadət etmə­lə­rinə gəlincə, bunun səbəbi o idi ki, Mü­­qəddəs Məsciddən yadigar kimi bir daş götürmədən heç kəs Məkkəni tərk et­mirdi. Bu Məs­­cidə olan hörmətin və Məkkə ilə bağlılığın əlaməti idi. Harda yaşayırlar-yaşasınlar, onl­ar bu daşı bir yerə qoyub Kəbə ətrafına təvaf etdikləri  kimi, onun ətrafına dolanırdılar. Bu­nunla belə, onlar Məkkə və Kəbəni müqəd­dəs bi­lib ora həcc və ümrə etməyi də unut­mur­dular. Bütün bunlar ona gətirib çıxardı ki, ərəblər əsil dinlərini unudub sonradan alış­dıq­ları daşlara ibadət etməyə başladılar... Onlar Nuh əleyhissəlamın qövmünün ibadət et­di­yi bütlərin də ibadətinə qayıtdılar».

Bəzən ərəblərin İbrahimin hənif dinindən, təkallahlılıqdan üz çevirib bütpərəstlik yoluna üz tutmasını konkret bir adamın – Əmr ibn Luhey­yin adı ilə bağ­layırlar. Deyilənə görə, o, xəstəliyi səbəbin­dən Su­riy­aya getmiş, burada bir isti mədən suyunun təsi­rin­dən sağalmış və yerli əhalinin büt­lə­rə ibadətindən xoş­la­nıb qayı­dar­kən özü ilə Məkkəyə büt gətirib Kəbədə yer­ləş­dir­miş­dir. 

Ümumiyyətlə, ərəblər arasında İbrahimin hənifilik dini­nin yayılması və əsil həni­fili­yin sonradan müşriklik yoluna qədəm qoymuş ərəblərin etiqadından əsaslı şəkildə fərq­lən­məsi ayrıca bir tədqiqat mövzusu olduğundan bu yazıda hə­min məsələyə toxunmaq fik­rin­dən uzağıq. Ancaq bir məsə­ləni qeyd etmək istərdik ki, 360 bütün yerləşdiyi Kəbə iba­dətgahında İbrahim peyğəmbərin əlində fal oxları olan bir şəkli də mövcud olmuşdur. Bütlərlə fala baxmaq kimi bir adətin İbrahimlə əlaqələndirilməsi, həqiqətən də, ərəb­lə­rin İbrahim dinini nə qədər təhriflərə uğrat­masından xəbər verir.Təsadüfi deyildir ki hz. Məhəmməd Məkkənin fəthi zamanı bu şəkli məhv etməyi tapşırmışdır.

Baş tanrı

Onu da qeyd etmək la­zım­dır ki, ərəblər çoxsaylı büt­lər­dən çox yüksəkdə dayanan ilahi bir varlığın – Allah Təa­la­nın möv­cud­luğuna inannırdılar. Onlar Allahı baş tanrı sayır, hətta əl-Lat, Mənat və əl-Uzzanı Allahın qızları hesab edirdilər; Qurani Kərimdə də əl-Lat, əl-Uzza və Mənatın cahiliyyət dövründə qadın ilahələri olub Allahın qızları sayılmasına işa­rə edilir: «Siz əl-Lat, əl- Uzza və üçüncü büt Mənatı gördünüz­mü? Necə olur ki, oğlanlar si­zə, qızlar isə Ona düşür? Bu necə də əda­lətsiz bölgü­dür» (Q.53:19-22). Ərəblər arasında Abdullah adının geniş yayılması və Cahiliyyət şerində Allah adının dönə-dönə anılması onların Allahı baş tanrı saymalarına sübutdur.

Ərəblərin qədim Səfa və Səmud yazı­larında «Allah»  adı­na rast gəlinmişdir. Heredo­tun «Ta­rix»ində ərəblərin iki əsas tanrısının –  Oratal və Ali­latın adı çəkilir. Şərqşünaslar birinci adın Allah-Təalanın təhrif olunmuş şəkli ol­du­ğu­nu bildirirlər. Onu da qeyd etmək lazımdır ki, bəzi şərq­şünaslar Allah və əl-Lat sözləri arasında bir yaxınlıq görüb kişi baş­lan­ğı­cı­nı bildirən Al­lahın qadın formasının əl-Lat olduğunu bildir­miş­lər. Huges Herodotun andığı Alilatın əl-Lat bütünü bildirdiyini söyləyib bunu artıq Herodotun dövründə həmin bütün məşhur olmasına dəlalət kimi qəbul edir. Maraqlı haldır ki, bu fikrin Orta əsrlər ərəb təfsir ədəbiyyatında da əks olunduğunu görürük; məşhur müfəssir Əbul-Fida ibn Kəsir də Təbəriyə isti­na­dən əl-Latın Allahın müən­nəs ipostası olmasına işarə edib deyir: «Əl-Lat üstü naxışlı ağ bir daş parçası idi. Onun Ta­if yaxınlığında mə­bədgahı var idi. Üstünə örtük çəkilir və xü­susi adamlar tərə­fin­dən qoru­nur­du. Xüsusilə Taifdən olan Saqif qəbiləsi onunla fəxr edirdi... İbn Cərir ət-Təbəri əl-La­tın Allah sözündən yaranıb onun müənnəs şəkli ol­ma­sını bildirmişdir». İbn əl-Kəlbi İslam zühur etdikdən sonra əl-Latın Pey­ğəm­­bərin göstərişi ilə Muğira ibn Şubə tərəfindən dağıl­dı­ğını və onun ətrafında tikilmiş ibadətgahın yandırıldığını bil­di­rir.

P. Tsvetkova görə, “politeistik aksessuar­la­rın çox­lu­ğuna baxmayaraq, ərəblərin qədim dövründə du­manlı şəkildə ol­sa da, monoteist is­ti­qa­mət­ləri sezmək müm­kün­dür. Bu mənada, Kəbənin hələ hz.Mə­həm­mədin pey­ğəm­bər­lik mis­siya­sından qabaq “Beytullah” adlanması da diqqəti cəlb edir. «Allah»  sözünə klassik ərəb şerində də tez-tez rast gəlinir. Məgər peyğəmbər özü də Abdulla adlı bir kəsin oğlu deyil­dirmi? ...Kəbə ətrafında təvaf edən Qureyş və Kinanə qəbi­ləsindən olan ərəblərin «Ləb­beyk Əlla­hu­mmə!»  demə­lə­ri də İbn İshakın Pey­ğəmbərin tərcü­meyi-halına həsr et­di­yi əsərdən bizə məlumdur».

Əslində, ərəblər çoxsaylı bütlərə ibadət edərkən onların vasitəsi ilə uca və qüdrətli Al­laha yaxınlaşmağa cəhd et­miş­lər. Qurani Kərimin əz-Zumər surəsinin 3-cü ayəsində de­yilir: “Bizi ancaq Allaha yaxınlaşdırmaları üçün onların qılığına girib ibadət edirik”. Ancaq yaxınlıqda olan bütlər çox zaman dumanlı təsəv­vürlərdən ibarət Allah anla­yı­şı­nı üstələyib əsas ibadət ob­yek­tinə çevrilmişlər. 

Bəzi  bütlər

Yuxarıda haqqında bəhs etdiyimiz əl-Lat və Mənatla yanaşı əl- Uzza da ərəblərin əsas bütlərindən sayılırdı. O, akasiya  ağacı idi. Ərəb­lərin lap qədimlərdə ağacların ruhlar məskəni ol­ması ilə bağlı təsəvvürləri bu bütdə öz əksini tapmışdır. Onlar əl-Üzzaya hədiyyələr və qurbanlar verir, onun rəğ­bə­tini qazan­maq istəyir­di­lər. əl-Uzza Nəxlətuş-Şamiyə ad­la­nan vadidə yerləşirdi. Ərəb­lər bu ağacdan səs­lər eşidildiyini söyləyirdilər. Sonradan pey­ğəmbərin göstərişi ilə Xalid ibn Valid bu ağacı baltalayıb onun məbədgahını dağıtmışdır. Rəvayətə görə, əl-Uzzada məskən sal­mış bəd­xah ruh çirkin bir həbəş qadını sifətində Xalidə gör­sənmiş və Xalid onu qılınc zərbəsi ilə parçalamışdır.

Kəbədə olan 360 büt içərisində Hubəl baş büt sayılırdı. Qırmızı əqiqdən dü­zəl­dil­miş bu büt Kəbəyə Suriyadan gətiril­miş­dir. Bu insan şəklində olan bir heykəl idi. Sağ əli qı­rıl­dığın­dan ona qızıldan əl düzəltmişdilər. T. Fəhd Hubəlın mahiyyət etibarilə ulduzlarla bağlı bir büt olduğunu bildirir. Amma sonradan o talelərdən xəbər verən bir qüvvə kimi başa düşülmüşdür. Hubəl vasitəsilə ərəblər fala baxırdılar. Onun qarşısın­da­kı yeddi oxdan (əzlam) birini çək­mək­lə ərəblər övladlarının, hə­qi­qə­tən də öz övladları olub-olmasını yox­layırdılar. Eləcə də evlənməzdən, səyahətə çıx­maz­dan əvvəl onlar gəlib Hu­bəl­­la ox çəkməklə «məsləhət­ləşərdilər». Öz övladı Abdullanı qurban demiş Əbdülmüt­tə­lib də Hubəlın önündə ox çəkməklə bu qurbanı yüz dəvə qurbanı ilə əvəz etmişdir. Bəzi tədqiqat­çılar Hubəlin İbrahim pey­ğəm­bərin heykəli olduğunu söyləsələr də, onların bunu sübuta yetirəcək tutarlı dəlilləri yox­dur. Amma görünür, Hubəlın əlində oxlar tutması və İbrahim peyğəmbərin də Kəbədə əlində fal oxları olan bir şəklinin mövcudluğu Hubəlin İbrahim peyğəmbərlə əlaqələndirilməsinə gətirib çıxarmışdır. Başqa bütlərlə müqayisədə Hubəlın diqqəti cəlb edən cəhəti onun sadəcə daş deyil, bir heykəl, sənət əsəri olmasıdır. 

Cahiliyyət ərəblərinin bəzi bütlərə ibadəti təəccüb doğur­ma­ya bilmir. Məsələn, Kə­bə yaxınlığındakı Asəf və Nailə adlı bütlərin bir zamanlar insan (Asəf – kişi, Nailə – qa­dın) ol­duğu bildirilir. İbn əl-Kəlbi göstərir ki, onlar məsciddə zinakarlıq yapdığından tanrıların qəzəbinə gəlib da­şa çevrilmişlər. Həmin daşları Kəbənin yanında saxlamışlar ki, insanlara zinakarlıq barədə ibrət dərsi olsun. Amma sonradan daşlara ibadətə alışmış ərəblər Asəf və Nailəyə də ibadət etmişlər. Bu cür bir rəva­yət­lə əlaqələndirilən daşların sonradan nə səbəbdən iba­dət obyekti olması qədim miflərlə bağlı idi. Görünür, qədim ərəblərdə də qadın və kişi başlanğıclarının müqəddəs qovuşması ilə bağlı kultlar olmuşdur. Bu mənada Nailə və Asəfi mü­qəd­dəs yaxınlıqda bulunmuş Misir tanrıları Anat və Setin ipostasları hesab etmək olar. Adlar arasındakı yaxınlıq da bizə belə düşünməyə əsas verir.

Ərəb qəbilələrinin hər birinin ibadət etdiyi xüsusi bütü olur­du. Xüsusilə, qonşu qə­bi­lələrlə müharibə zamanı onlar öz büt­lə­rin­dən kömək gözləyir, əgər məğlub olardılarsa, büt­­lərindən üz döndərib qalib qəbilənin bütünə ibadət edər­di­lər. Beləliklə qəbilələrarası müharibələr həm də bütlərarası müharibə idi və nə qədər bəsit olsalar da, islamaqədərki dini təsisatlar da, imandan daha çox qəbilə maraqlarına xidmət edirdi.

Cahiliyyət ərəbinin çoxsaylı bütlərlə bağlı təsəvvürlə­rinin pri­mitiv xa­rak­ter daşıyıb mifoloji sistemlər kimi for­malaşmaması, onların çoxsaylı allahları haqqında, qə­dim yunan, Misir, şumer və s. xalqların mifologiyasında ol­du­ğu kimi, əfsanələr, əsatirlər uy­durulmaması ərəbşü­nas­lığı daim düşündürməkdədir. Ərəb ədə­biyyatında epos-poema janrı­nın olmamasını da bəzən onun be­lə bir qay­naq­dan məhrum olması ilə bağlayırlar. Digər tərəfdən, onların ibadət etdikləri bəzi bütlərin ümum­sami xarakteri daşadığını gö­rürük. Məsələn, tale  tanrısını bil­di­rən Mənatla bağlı ayinlər başqa sami xalqla­rın­da da möv­cud­dur. Əl- Uzzanı bəzən yunan Afro­di­tası, bəzən də Astarla əlaqə­lən­dirirlər. Vadd, Suva, Yağus, Yəuq və Nəsr adlanan bütlər isə ümumdünya daşqınından əvvəl Nuh qöv­münün ibadət etdiyi bütlər idi. Mifoloji sistemdəki bənzərliklər ərəblərin qonşu xalqların rəvayət və əfsanələrini mənimsəməsindən daha çox, həmin sistemlərin və ümumsami mifologiyasının ərəblərin spesifik səhra həyatına müvafiq dəyişikliklərə uğramasını öyrənmək baxımından maraq kəsb edir.  

Bu dövrdə bütlərlə bağlı əsas ayinlər onların ətrafına hərlən­mək­­­dən, bütlərə qurbanlar kəsməkdən, onlara hədiy­yələr etmək­dən ibarət idi. Yuxarıda qeyd etdiyimiz kimi, bütlərə övlad­la­rın, xüsusilə qız uşaq­la­rı­nın qurban deyilməsi adəti də olmuşdur. Ayinlər sistemində bəzi bütlərin (Hübəl, Zu Xalasa və b.) fal məqsədi ilə istifadə edilməsini də qeyd edə bilərik.

Bütlərə qurban kəsilməsi cahiliyyət poeziyasında da əks olu­nub. Hirə hakimi Əmr ibn Hind şair Tərəfə ibn əl-Əbdin onu həcv etdiyini eşidib bərk qəzəblənir. Bu zaman Tə­rə­fə günahsız olduğunu bildirmək üçün ona yazdığı şerdə deyir:

Sənin cəddinə və qana bülənmiş daş bütlərə and olsun ki, mən səni həcv et­mə­mi­şəm. 

Büt­pə­rəstliyin böhranı

Artıq İslamın zühuru ərəfəsində, hətta bu zühura bir əsr­dən də çox qaldığı bir vaxtda büt­pə­rəstliyin böhran içəri­sin­də olduğunu görürük. Bütlər onlara ibadət edən insanların təh­qirlərinə məruz qalır. Məsələn, klassik ərəb poeziyasının atası sayılan İmruul-Qeys öl­dü­rül­müş atasının qisasını almaq üçün Zu Xalasa adlı bütün yanına gedib ox çəkməklə on­dan düz­gün yol diləyir. Hər dəfə ona bu işdən çəkinməyin lazım ol­du­ğunu bildirən ox çı­xır. Əsəbiləşən İmruul-Qeys oxları bü­tün başına çırpıb ədəbsiz bir söyüş söyür. Sonra isə, «Əgər sənin atanı öldürsəydilər, belə de­məzdin», - söyləyir.

Bənu Hənifə qəbiləsi isə öz bütünə o qədər hörmətsizlik edir ki, aclıq ilində onu ye­yir. Belə ki, bu büt xurma, süd və yağdan hazırlanmışdı. Başqa bir misal: Səd uzunsov bir daşdan ibarət büt idi. Bir dəfə bir ərəb bütün kö­mə­yi dəvələrin üzərində olsun deyə onları yığıb bütün yanına gətirir. Üzərində qurban kə­sil­miş bütün qanı dəvələri qorxudur. Onlar hərəsi bir tərəfə qaçıb pərən-pərən olur. Bu za­man qəzəblənən ərəb bir daş götürüb bütə çırpır. Başqa bir gənc isə atasının Vadd bütünün üzərinə tökmək üçün ona verdiyi bir cam südü bütün üzərinə tökməyib özü içdiyini bildirir.

Bütün bunlar İslamın yarandığı ərəfədə bütpərəsliyin ağır böhran içərisində qalıb, insanların mənəvi tələbatını ödəməyə qabil olmamasından xəbər verir.  Təsadüfi deyil ki, Yəsribdə bir çox gənclər ata-babalarının dinindən üz döndərib Bənu Qaynuqa, Bənu Nadır kimi yəhudi qəbilələrinə gedib onların vəhdaniyyət dininə sığınırdılar. İslam yarandıqdan sonra valideynlər övladlarını müsəlman etmək istəmiş, bu zaman məcburiyyətə əl atarkən, Peyğəmbər buna imkan verməyib “lə ikrahə fid-din” (dində məcburiyyət yoxdur), demişdir. 

Kəbə panteonu

Ərəblərin əsas panteonu Kəbə məbədgahı sayılırdı. Burada 360-dan artıq büt var idi. Baş büt yuxarıda haqqında bəhs etdiyimiz Hubəl idi. Kəbənin baş məbədgah olması Məkkə üçün bir sıra iqtisadi üstünlüklər gətirirdi. Həcc ziyarətinə gələnlər həm də burada ticarətlə məşğul olurdular. Məkkə yaxınlığındakı Ukaz yarmarkası şəhəri həm də ticarət mərkəzi edirdi. Qureyş qəbiləsnin bu əlverişli vəziyyəti başqa qəbilələri düşündürməyə bilməzdi. Ərəbistan yarımadasında dini-ideoloji üstünlük həm də maddi rifah gətirdiyindən, digər qəbilələr də öz kəbələrini yaratmaq təşəbbüsləri edirlər. Nəcranda, Zahrda Kəbə məbədgahları tikilsə də, onlar baş məbədgah funksiyası qazana bilmədilər.

Kəbə məbədgahı həm də Ərəbistan yarımadasında sürətlə yayılmaqda olan xristianlıq qarşısında böyük maneə idi. Dini təsisatların təminatı olmadan siyasi hakimiyyəti möhkəmləndirmək mümkün olmadığından, Yəməndə möhkəmlənmək istəyən və bu məqsədlə bir kilsə də tikdirən Həbəşistan valisi Əbrəhə ilk növbədə Kəbəni dağıtmaq istəyirdi. (Bu hadisəyə Fil surəsində işarə edilib. )

İslamdan öncə Ərəbistan yarımadasında xristianlığın yayılmaq imkanları daha real idi; Bütpərəslik böhran içərisində idi. Yəhudilik və Zərdüştlük müəyyən intişar tapsalar da onlar dəvət dini deyildilər. Yarımadada dini hegemonluqda əsas maraq Bizans imperatorluğunun idi. Yarımadaya daim xristian missionerləri göndərilirdi. Təğlib, Tayy, Saqif kimi böyük qəbilələr tam xristianlaşmaq üzrə idi. Belə bir vaxtda İslam dini yarandı və yarımadanı vəhdaniyyətə yönəltmək təşəbbüsünü xristianlıqdan aldı. İslam dininə də əsas müqavimət Məkkə müşriklərindən, yəni Kəbə məbədgahından bəhrələnən ərəblərdən gəldi. Məhəmməd peyğəmbərin siyasi uzaqgörənliyi bu məsələni birdəfəlik həm İslamın, həm də mənsub olduğu Qureyş qəbiləsinin xeyrinə həll etdi; Kəbə İslamın baş məscidi oldu. Bütün bütlər dağıdılarkən, adı Adəmlə əlaqələndirilən Qara daş saxlanıldı. (Rəvayətə görə, bir zamanlar ağ olmuş bu daşda güzgü kimi cənnət bağları əks olunurmuş; sonradan Adəm övladlarının günahı səbəbindən daş qaralıbmış.) İslam Kəbəni büt məbədgahı olmaqdan qurtarıb, onu ilkin məramına qaytardı və vəhdaniyyətin mərkəzi, yer üzərində ilk məscid kimi təqdim etdi. Sonrakı deyimlərdə Kəbənin kosmoqonik mahiyyəti vurğulandı. Beyt əl-Məmur (hərfi mənası: məskun ev, yəni mələklərin yaşadığı ev) – göyün yeddinci qatında yerləşən və eynilə Kəbəyə bənzəyən bir səcdəgah anlamı yarandı.  Bu yerdəki Kəbənin göylərdəki arxetipi, mələklərin ibadətgahı idi (Tur surəsi, 4-cü ayə).  Hədisdə deyilir: “Beyt əl-Məmur göydəki məsciddir. Kəbə düz onun altında yerləşir. Əgər Beyt əl-Məmur  yerindən qopub düşərsə, düz Kəbənin üstünə düşər”. Bəzən də cəmi on dörd Kəbə olduğunu bildirirlər. Burada, görünür, həm göyün, həm də Yerin yeddi qatında səcdəgahlar olması nəzərdə tutulur.

Göründüyü kimi, ərəblərin İslamdan öncəki baş panteonu İslamla bağlılıq statusunu qazanır.  Yeni yaranmış din, bu yazının əvvəlində qeyd etdiyim kimi, sürətlə Ərəbistan yarımadasında yayılıb qonşu ölkələrə ayaq açır. 

Beləliklə, bu yazıda cahiliyyət ərəblərinin bütpərəstliklə bağlı etiqa­dı­nın ümumi təxmini mən­zərəsini yaratmağa çalışdım. Bu mənzə­rədən hasil olunan nəticələr isə aşağıdakılardır.

- Cahiliyyət ərəbləri lap qədim dövrlərdən faydalı bil­dik­ləri bəzi əşyaların can­lı­lı­ğı­na inanıb onlara sitayiş etmişlər.

- Bu dövrdə bütpərəstlik geniş yayılsa da, ərəblər bu və ya digər ayinlərin icrası za­ma­nı sadəcə olaraq ata-babaların yolu ilə gedib bütlərə münasibətdə xüsusi ehtiram gös­tər­məyə çox da aludə olmurdular.

- O dövrdə bütpərəstlik animizm, totemizm, astral tanrılara sitayiş və əcdadlara ibadətlə sıx çuğlaşmışdı.

- Cahiliyyət dövründə ərəblərin vahid bir ilahi qüvvə – Allah Təala ilə bağlı qaran­lıq da olsa, təsəvvürləri olmuş, onlar baş tanrı hesab etdikləri bu qüvvəyə yaxınlaşmaq üçün bütlərin kö­məyinə sığınmış və nəticə etibarı ilə bütləri özlərinə daha yaxın say­mış­lar.

 





18.08.2014    çap et  çap et