525.Az

Meymun havası


 

Meymun havası

Miriş baxtı gətirmiş qaçqın idi, xan kefində dolanırdı. Amma birdən  də bezib, bezar olurdu, onda hünəri dilinə yetir, özünü qarğıyırdı: “Villan başına uçsun, Miriş!” Elə deyirdi, elə bil düşmən qarğıyırdı və baxdığı bağlı-bağatlı villa da guya özgənin yox, onun özünün idi. Belə götürəndə, elə özününkü kimiydi, “xozeyin” üzü görmürdü, onun kim, nəçi olduğundan da xəbərsiz idi. Nəyinə gərəkdi?

Ağzıdualıydı, oturub-durub şükür eləyirdi bu gününə: “Adamın işi gətirəndə, gətirir, qaçqın var, aralıqda, it döyür.”

Dəblə tikilmiş, çərhovuzlu, güllü-çiçəkli bağ evi dənizə yaxın yerdə - qəlbidəydi. İlk gündən Mirişi ovunduran, onun başını qatan da dəniz olmuşdu, yoxsa dərddən çərləyərdi, it kimi qudurub quyruğunu qapardı. Dənizsə elə əzəl gündən Mirişə üz göstərmirdi, yəni qaçqın hara, dərya hara? Burulğana salıb kişini fırfıra təki fırlatmış, ona yaxşıca qulaqburması vermişdi. Dalğa Mirişin darbalağını əynindən necə sıyırıb çıxartmışdısa, yazığın xəbəri də olmamışdı. Sudan çıxmaq istəyəndə baxmışdı ki, anadangəlmə lütdü. Neyləsin, əli hara yetər? Sahildən əl-ayaq yığışanacan qalmışdı suda, canı soyuq çəkmişdi. Özünü qınamış, özünü yamanlamışdı: “Miriş, başaa daş ələnsin göydən, dədən-baban dərya görmüşdü ki, sən də görəsən? Şappadan-şuppadan cəmdəyini vurursan suya, bu saa Ayıflı kəhrizi dəyil ha, çırmanıb keçəsən. Bunun adına dərya deyərlər, salar səni girdaba, yem olarsan balıqlara.” O tövbə eləyən-bu tövbə eləyən, daha suya yaxın düşmürdü, sahildəcə oturub baxır, gözünün qurdunu öldürürdü və ona qalan da bu olurdu - gözünün qurdunu öldürmək.

Bir gün sürücü balaca meymun gətirdi. Dedi bağda qalacaq, adı da Makakadı. Miriş sevindi, ilk dəfəydi meymun görürdü. Fikirləşdi ki, heyvan da olsa, həniri gələr, onun başını qatar.
Heyvanın pambıq çiyidinə oxşayan xırda, göy gözləri həmişə qüssəli olurdu. Miriş Makakayla özü arasında bir tale yaxınlığı görürdü, deyirdi, əvvəla, əcdadlarımız birdi, ikincisinə qalan yerdə, ikimiz də qəribik, didərgin düşmüşük yerimizdən-yurdumuzdan. Özündən çox meymunun halına yanırdı: “Mənim dilim-ağzım var, düşəndə baiskarı söyüb ürəyimi boşaldıram, bu yazıqsa içində çəkir, içində yanıb-yaxılır.” Miriş əlindən gələni edirdi ki, heyvan xiffət çəkməsin, yeri gələndə təskinlik verməkdən də qalmırdı, deyirdi, Makaka, dədələr sözüdü, yaman günün ömrü az olar. Elə deyirdi, guya meymunu cəngəllikdən tutub bralara göndərən nə vaxtsa onu qaytaracaqdı öz yer-yurduna. Sözləri təsirsiz qalırdı, meymunun bulanıq gözlərindəki qəm-qüssəni silə bilmirdi.
Miriş eşitmişdi ki, bağ evlərində meymun nədi, ayı, canavar, hətta timsah saxlayan da var. “İnsan gör nədən həzz alır ey, vəhşidən”, - düşünürdü  və Allaha şükür eləyirdi nə yaxşı ki, onun “xozeyni” belə şeylərə həvəsli deyil, yoxsa Miriş buralarda tutduq verməz, bircə gün də qalmazdı. Sürüylə qoyun-quzu saxlayar, yoruldum deməzdi. “Ay başınıza dönüm, bizim yerə bab olmayan vəhşi heyvannarı niyə gətirib tökürsünüz buralara? Bir çəpiş tumarlıyın, quzu başı sığallıyyın eyniniz açılsın...” - qınayırdı.

Bağ yiyəsi meymunun yem-yeməyini ayrıca göndərirdi, Mirişin pay-puşuna qatmırdı. Miriş sıxılır, abıra boğulurdu, özünü də meymun gözündə görürdü və onu da görürdü ki, “xozeyn” əsl meymunu əziz tutur. İçindəki paxıllığı boğur, üstünü vurmurdu. Bir yandan da özünə təskinlik verir, düşünürdü ki, mən özününküyəm, meymunsa yaddı, Allahın dilsiz-ağızsızdı, həlbət ona görə...

Meymunun yediyini Miriş yuxuda da görməmişdi, buraların neməti deyildi. Deyirdi qurban olduğum Allah hər yerin öz nemətini yetirib və hər kəs də allah yetirəni dadmalıdı, dünyanın o başında nə bitir, nə yetişir, onun maa isti-soyuğu yoxdu. Xudəvənd-aləm rəva bilsəydi, o mer-meyvələrin toxumunu buralara da səpərdi... Tək bircə yol ürəyindən keçmişdi ki, tamsınsın, görsün Makakanın yediyi nə dadır. Qabıqdan çıxardığı banandan bir dişdək aldığını gördü, Makaka bir hay-həşir saldı, guya dünya dağılmışdı. Yəni sən meymun deyilsən ha, banan yeyirsən? Odu-budu daha meymun ruzusuna tamah salmadı. Meymunun nə vaxtsa onu qonaq edəcəyini də ağlına sığışdırmırdı. Makaka mer-meyvəylə dolu səbətin həndəvərində hərlənir, payını qoruyurdu. Ağaca-zada dırmaşanda da bir gözü o səmtdə olurdu. Meymunun bu xasiyyəti Mirişin kefinə dəyirdi, dilxor olurdu. “Mən dünya malında nəfsi olan dəyiləm ki, duram meymun ruzusuna tamah salam”, - deyirdi. Bir yandan da heyvanı qınamırdı ki, ağılsızdı, qanıb-qandırmır, insan var, meymundan da betərdi, ondan da həşəridi, gözü acdı,  elə yığır altına. Yığsın, bu dünyadan kim nə aparıb?

Əvvəl günlər Miriş bilmirdi meymunla nə sayaq davransın. Daldada onu heyvan gözündə görürdü, elə ki, üzbəsurət çıxdılar, sözünü dəyişirdi, keçirdi adam dilində danışmağa, meymuna “eloğlu” deyirdi, elə deyirdi, guya Makaka Afrika cəngəlliyində yox, kəndlərinin ayağındakı Tumas meşəliyində göz açmışdı dünyaya. Deyirdi, eloğlu, ikimiz də bir dərddə-çordayıq: sən didərgin, mən didərgin, dərdimizi özümüzdən savayı bir kimsə başa düşməz. Salırdı meymunu çənəsinin altına, danışırdı, elindən-obasından söhbət açırdı. Əslində, danışıb özünü ovundurur, öz başını qatırdı. Qəhərlənirdi. Deyirdi, Makaka, insan oldu, ya meymun, yersiz-yurdsuz bir qəpiyə dəyməz. Naşükür dəyiləm, burda bəy kefində dolanıram, heç nədən də korluğum yoxdu. Allah başımnan töküb, amma nolsun? Vallah razıyam, ac-susuz qalım, sənin kimi meymunluq eləyim, ağacda yatım, ağacda yaşayım, amma öz elimdə-obamda ömür sürüm, qəbrimi də öz torpağımda qazsınlar. Sən necə, Makaka?.. Ona elə gəlirdi meymunun dili olsaydı, deyərdi, Miriş, elə bil ürəyimi oxuyursan, meymun da doğulduğu cəngəllikdə ölmək istəyər.

Makaka  yerdə elə də qərar tutmurdu, gününü ağacda keçirirdi. Gözlərini dikirdi uzaqlara, kirimişcə baxırdı. Miriş kor deyildi, görürdü ki, heyvan da xiffət çəkir. “Yazıq neyləsin, nağayırsın? Onu da yerindən-yurdundan eləyiblər, didərgin salıblar. Heyvan olanda nolar, o da öz yerində-yurdunda qıynaqlıdı, təpərlidi...” - düşünürdü. İnsafən, bağ yiyəsi əlindən gələni eləyirdi, bahasına gətirib süni palma ağacı da basdırmışdı həyətin ortasında ki, Makakanın başı qarışsın, elə bilsin ki, bura Afrkadır. Belə şeylə meymunu xamlamaq, ona kəf gəlmək olar? Bicin-bicəngənin yekəsidi. Palmanın altında belə kölgələnmirdi, yalançı ağacın kölgəsini də yalançı bilirdi. Günahı Mirişdə görürdü, elə bilirdi bu yalan-palan hamısı onun əməlidi. Gic damarı tutanda meymunluğundan qalmır saymazlıq eləyirdi. Bir dəfə kokos qozu tolamazlamışdı kişiyə. Miriş cana yığılmışdı, özünə yer tapmırdı. “Deyəsən, arxın dalı bulanıq gəlir, mənimki bu başıbatmışla düz sarımayacaq. Ayıbı yoxdur, bu qanmaza bir dədəlik eləyim, nənəsinin toyu yadına düşsün. Makakasan-nəsən, ya səni adam eləyəcəm, ya da özüm dönüb olacam meymun...” - deyirdi. Bir yandan da fikirləşirdi ki, Allahın bu dilsiz-ağazsız heyvanıyla nəyi şərik düşüb axı? Özü bilər, istəyər ağaca dırmaşar, istəyər dombalağ aşar. Nə işimə qalıb, mən qananın quluyam, qanmazın yox...

Meymunu da qınamalı deyildi. Mirişin hərdən özünü zodlu göstərməyindən, hökmlü danışığından xoşlanmırdı. Onun başındakı təvərə papağı isə gözü heç yemirdi...
Miriş səhər yuxudan ayılanda papağını tapmadı, axtarmadığı, gəzmədiyi yer qalmadı. Bilirdi ki, Makakanın əməlidi.
Meymun başında kepka, əlini çənəsinə dayayıb oturmuşdu ağacın milləməsində. Miriş çaşıb qaldı. “Bıy! Bu başıbatmış məni yamsılıyır, deyəsən. Nə təhər də maa oxşuyur e… Vallah bu parabeyini geyindirib-keçindirsən, insandan seçilməz...” - deyindi. Altdanyuxarı heyvana bozardı:

 - Ayə! Meymunnuq eləmə! At aşağı papağı! Bircə bu əməlim qalmışdı… Papaq kişinin… - hirsindən dili dolaşdı, sözünün dalını gətirə bilmədi.
Makakanın tükü də tərpənmədi, papağın günlüyündən tutub yanakı əydi. Meymunun onu yamsılamağı Mirişi cin atına mindirdi. “Oturduğun yerdə zibilə düşmək buna deyiblər e…” - mırtıldandı. Söz atdı: - Makaka! Sən özünü maa tay tutma, allahın acığına gedər! - Durub gözlədi. Baxdı ki, hərbə-zorbayla iş aşmayacaq, səsinin həngini dəyişdi, yağlı dilini işə saldı:

- Makaka, əcdadım! Düş aşağı, papağı qaytar. Saa nə pisdiyim dəyib ki, papağımı əkişdirirsən? Papaq kişinin… - sözünün dalını gətirmədi, o fikirlə ki, meymun papaq qoymur ha, onun nə demək olduğunu da qansın. Səsinə bir az da həlimlik gətirdi: - Düş, saa nağıl danışacam - qaçqınların nağılını. Onda bilərsən, biz nə zülm, nə zillət çəkmişik. Ölənnərimizin goru haqqı… İstəyirsən lap davalı yerini danışım. Amma qorxuram bağrın paralanar. İnsan davası meymun davası dəyil e, qan su yerinə axır.  İnsan insanlıqdan çıxır, olur yırtıcı, qaniçən. Yırtıcıya şükür, qarnı doyanda, çəkilir bir küncə, ziyankarlıq eləmir. İnsan isə ayrı törəmədi: qan tökdükcə qana susuyur, içdikcə içir, doymaq bilmir... - Miriş sözünə ara verdi, bilmək istədi görsün bu danışdıqları heyvanın beyninə batır, ya yox. Kimə deyirsən?

 Miriş papağın dalınca ağaca dır manmağa ürək eləmədi, bilirdi ki, dırmansa, meymun yenə çığır-bağır salacaq, budaqları silkələyib onu yıxmaq istəyəcək, insanın bu sayaq hərəkətini - ağaca çıxmağını gözü götürmürdü. 

Ağaca dırmanmaq Mirişdən ötrü heç nə idi, öz yerlərində bundan da hündürünə çıxmışdı. Rəhmətlik bibisi elə ha onu öyüb deyərdi, Miriş bala, sən körpəlikdən meymunyossunnuydun, maşallah, ağaca da meymun kimi püfərək dırmaşırsan… İnsafən, bu bacarığı Mirişin karına gəlirdi, bir yol isə davada onu ölümdən qurtarmışdı. Meşədə beş-altı erməniylə üzbəüz çıxmışdı, bir göz qırpımında ağaca dırmaşıb gizlənməsəydi, ələ keçəcəkdi. O əhvalatı xatırlayanda deyirdi yeri düşəndə insan meymunluq eləməyi də bacarmalıdı... Bir ildən artıq Qarabağ davasında, cəbhədə döyüşmüşdü, qan-qada görmüşdü. Yaralanmışdı, gedib o dünyanı görüb qayıtmışdı...

Makaka papağı başından götürdüsə də amma atmadı aşağı. Dişlərini göstərib ciyildədi, budaqdan-budağa atlandı, endi ağacdan. Papağı qaytarıb gözünü dikdi Mirişin ağzına, yəni əvəzinə nağıl danış.
Miriş papağı çırpıb başına qoydu, bədəni çimçəşdi. Fikrindən ötürdü ki, axşam suya çəkər papağı.

Əlini ağzına tutub yalandan öskürdü.  
- Makaka, dədəmin, dədənin goru haqqı… - sözünə ayaq vermək istədi, amma baxdı ki, meymun nəsə üz-gözünü turşutdu. “Həlbət, andım xoşuna getmədi, ona görə sifətini əydi”, - şəkkə düşdü. - Deyirəm, dədən sağ olar? - meymundan soruşdu. - Nolar? Diriyə də rəhmət düşür, - heyvanın könlünü almaq istədi. 
Meymun bitdənə-bitdənə oturub ona qulaq asırdı, özü də elə qulaq asırdı, guya dünyanın ən maraqlı nağılını dinləyirdi və gözləyirdi ki, axırda göydən üç banan düşəcək və üçü də meymuna çatacaq. Mirişin danışdığı nağılın hamısı öz yer-yurdlarının nağılıydı, oraları öyüb-tərifləməkdən dili cidav olmuşdu. Deyirdi dünyanın cənnətməkanıdı: meşəsi, dağı-dərəsi, bağı-bağatı...

- Allah qoysa, qayıdaq gedək torpağımıza, səni qonaq aparacam, özün görərsən, - Miriş dedi. - Onda bilərsən ki, yer üzündə nələr varmış. Danışıram, təpəmnən tüstü çıxır… Bizim yerləri görənnən sonra, vallah-billah sənə qızıl da versələr, Afrikadı-nədi, oralara qayıtmazsan. Bəs nə təhər?.. Uəngəllikdə nə itin azıb ki, keçəsən şirin-pələngin caynağına... Mən sözümün dalında duranam, dedim səni qonaq aparacam kəndimizə, deməli aparcam, o yan-bu yanı yoxdu. Ləvin-ləvin yemək bişirib düzəcəm dəstərxana, deyəcəm ye, Makaka, əziz qonağımsan...
Meymun xırda çiyid gözlərini Mirişin üzündən çəkmirdi. Elə bil soruşmaq istəyirdi ki, torpağınıza nə vaxt qayıdacaqsınız? Bu sayaq sualı Miriş dəfələrlə özü özünə vermişdi, çox baş sındırsa da, çavab tapa bilməmişdi.

Mirişin dili-dodağı təpidi, deməyə söz tapmadığından sıxıldı, yer yarılsaydı, yerə girərdi. Bundan qəliz, bundan dolaşıq sual bilmirdi. Səsini udub kirimişcə baxırdı meymuna. Mirişin də gözləri meymununku kimi xırda, ala idi. Elə sur-suyumu da ondan seçilmirdi, nanığın, şüyümün biriydi, qəddi əyili, büzüşük görünürdü, aralıdan baxan deyərdi bəs bu həyətdə iki meymun var.
Miriş hərdən xəyal eləyirdi kaş bir gün Makaka da dilə gələydi, öz yer-yurdundan nağıl danışaydı. Vallah, saatlarla oturub dinləyər, yoruldum deməzdi. Heyvandan soruşacağı çox şeylər vardı… Soruşacaqdı, Makaka, meymunun da varlısı-kasıbı, yalanı-yalançısı, naxələfi, acgözü olur? Meymunun da qoluzorlusu cəngəllikdəki ağacların karlısını özünə məngirləyir? Sizdə də… Sual birdi-ikidi ki?.. “Bilirsən, bu meymunda nələr var, dili olsa, bilirsən nələr danışar? Üzü üzlər görüb, o boyda cəngəllikdə vəhşilərin - şirin-pələngin  arasında baş saxlamaq havayı iş dəyil ha…” - düşünürdü.  

- Həə, harda qaldıq? - Miriş söhbətin dalını gətirmək istəyirmiş kimi soruşdu. Əslində, nə deyib-danışacağını bilmirdi, söhbətə ipucu axtarırdı. Sözü qalmamışdı, nə bilirdi, nağıl eləmişdi. Budur nə vədədi meymunun xasiyyətinə yaxşı bələd olmuşdu: görürdü ki, bu insanyosunlunun boyat söz-söhbətlə arası yoxdur. Dünən axşam yenə Arpa dərədən, Ayıflı kəhrizindən, Qızıldöşdəki xırman yerindən, kəndin ayağındakı köhnə dəyirmana cin-şəyatin yığışmağından, bağ qarovulçusu Mustafanın ovxarlı iti dəhrəsindən danışmaq istəyəndə meymun üzünü çöndərib getmişdi, yəni bu dediklərinə bir çürük qoz, bunları eşitmişəm.  
- Əcdadım, yaxın otur, - Miriş nəsə xatırlayıbmış kimi səsinə ciddilik verdi. 

Ağzı qızışmışdı, ağlına gələni danışırdı, birinin üstünə beşini qoyub danışırdı. Dedi, Makaka, eloğlu, saa andım yoxdu, inan, öz yerimizdə elə mülküm, bağım-bağatım vardı ikicə göz istəyirdi baxsın. Heç nədən də korluq çəkmirdim: sürüynən heyvan saxlayırdım, qapıda toyuğum, hinduşkam... Ürəyim istəyəndə, birini kəsirdim, atırdım tavaya cızhacız bişirdi. Böyrümü yerə verib tıxırdım, ye ki, yeyəsən. Həə, bəs nə təhər?.. Mənim belə olduğuma baxma, üstümü unlu görüb, dəyirmançı bilmə. Kənddə qabağıma çıxan oğul yox idi, dava dağarcığıydım... Yüz əlllik mismar var e, onu ovcumda əyirdim… Ev-eşiyə gələndə, bax gördüyün bu villa var ha, mənimkinin yanında at tövləsidi...

Nağılın bu yerində nağılçının səsinin həngi lap dəyişdi, lap tabsızlaşdı, əsdi. Meymun Mirişin təpərsiz danışığından nəsə duymuşdu elə bil. Əttökən səslə necə çığırdısa, kişinin sözü ağzında qaldı. Dalını çevirib, hikkəylə əlini yanbızına döyəclədi. Miriş meymunun bu hərəkətini özü qandığı təki yozdu, yəni yalansa, buramı yeyəsən...
Kişini heyrət götürmüşdü ki, allahın bu dilsiz-ağızsız heyvanı əyriylə düzü, yalanla gerçəyi necə qanıb-qandırır?
Heyvanın qanacaqsızlığı ona yaman yer eləmişdi, dilxor olmuşdu. Mısmırığını salladı, daha danışmadı.
Meymundan sidqi sıyrılmışdı. Az-çox bu heyvan türünə ürək qızdırırdı, bu da ki belə... “Balam, meymuna da etibar yoxmuş, bananı dizinin üstəymiş. Bu qədər can yandır, qulluğunda dur, axırda da saa dalını göstərsin...”

Meymun da özünü o yerə qoymurdu. İnsan meymunu, meymun da insanı saya salmırdı, elə bil bir kökdən törəməmişdilər. Hər kəs payına düşən yem-yeməyi götürür, çəkilirdi bir yana. Makaka iki-üç bananı qoltuğuna alıb dırmaşırdı əbrişimin düz təpəsinə. Bananı soyub, qabığını tolazlayırdı Mirişə sarı, yəni buna bax, bizdən çönüb, bizi bəyənmir. Miriş insanın meymundan çöndüyünü məktəbdə oxumuşdu, amma buna inanmağı gəlmirdi. İndi isə fikri dəyişmişdi, meymunun nə oyunlardan çıxdığını, nə pəstaha çıxartdığını görəndə şəkki-şübhəsi çəkilib getmişdi. Fikrindən ötürürdü: “Vallah kitabda yazılanlar haqqınaymış, biz hamımız meymundandönməyik. Budu ha, kor-kor, gör-gör: ikicə qarış boyuynan Makaka mənnən çox bilir, bicəngənin yekəsidi...” Bir az da dərinə gedəndə, dərindən fikirləşəndə bu qənaətə gəlirdi ki, insanlarda insanlıq qalmayıb, meymunxasiyyət olublar, meymun kimi hər oyundan çıxırlar. Bəlkə də dünyanı bəladan qurtarsa, bu qurtaracaq - insanın öz əcdadına dönüşü. Bunun yuxusunu da görmüşdü, görmüşdü ki, insanlar qayıdıb meymun olublar, dağılışıblar dağlara-dərələrə, meşələrə, çıxıb ağaclarda yaşayayırlar. Dünyanı meymun bürüyüb, dünya meymun dünyası olub. Kəndlər, şəhərlər boşalıb, evlər qalıb ağzıgünə. Din-məzhəb tanıyan, göydə allahın varlığından-yoxluğundan xəbəri olan yoxdu. Aralarına inciklik düşəndə isə bir-birlərinə bomba, raket yox, manqo, kokos qozu, banan tolazlayırlar... İnsanın öz əcdadına qayıdışı əsl meymunların gen yer-yurdunu dar eləyir, çığıra-çığıra baş götürüb qaçırlar meşələrdən, cəngəlliklərdən. Yayılırlar xaraba şəhərlərə, kəndlərə, doluşurlar boş evlərə, təpilirlər şaxtalara, hərbi bunkerlərə. Yeraltı beton bunkerlərdəki cihazlar, göz vuran rəngarəng lampalar, sayrışan işıqlar meymunları əyləndirir: cihazları qurdalayır, dəsdəkləri ora-bara döndərir, meymunluq eləyirlər. Biri cihazdakı açarı çevirir, barmağını qırmızı düyməyə basır, dünya bir andaca lərzəyə gəlir, titrəyir, yerin altı üstünə çevrilir, dünya dağılır… Yuxunun bu yerində Miriş yerindən dik atılmışdı, bismillah, alah, sən saxla deyib dua eləmişdi, səhərəcən gözünü yummamışdı. Bilməmişdi yuxunu necə və nəyə yozsun. Uanını xof sarmışdı, qorxduğu buydu ki, deyəsən, dünyanın axırı gəlib çatıb...

Miriş baxırdı ki, Makakayla soyuq dolanmağın ona bir faydası yoxdur, əksinə zərəri var: gah ayaqqabısı yoxa çıxırdı, gah köynəyi qeyb olurdu. Bir dəfə isə Makaka xəlvətə salıb, bir banka duzu çevirmişdi xörəyin içinə. Miriş meymunun işinə-işdəhlərinə dözürdü, dözməyib neyləyəsiydi? Xozeyn qulağından tutub atar bayıra, deyər itil get, sən mən deyən qaçqınlardan deyilsən. Ondan sonra qalar aralıqda, yiyə duran da tapılmaz.
Ağlına hər fikir gəlirdi. Elə bilirdi Makaka girəvələyib ağacın təpəsindən onun başına yekə bir daş salacaq… Ölümdən-zaddan qorxan deyildi, qorxduğu buydu ki, urvatsız ölüb gedər. “O boyda davadan, qan-qadadan keçəsən, axırda da bir meymunun küdazına gedəsən…” - düşünürdü...  
Qamışın salamat yerindən kəsib yontaqladı. Tütək düzəltmək istəyirdi, o illətlə ki, çalar, meymun da onun çaldığına qol qaldırıb oynayar, aralarındakı umu-küsü çəkilib gedər.
Meymun aralıdan maraqla onu süzürdü.
Miriş özlüyündə mülahizə elədi: “Nə təhər də baxır e, deyir görən nə düzəldir qaçqın?”
 - Hə, nədi, nə baxırsan? - üzünü meymuna tutdu. - Tütək düzəldirəm, çoban tütəyi, - dedi.  
Meymun ehmal-ehmal yovuqlaşdı. Əlini əlinə vurub ciyildədi.
- Sevincəyə düşüb. deyəsən, - Miriş mızıldandı. Qamışın hamar səthində oyuqlar açdı. - İndi sənin havanı çalacam, - qımışdı. Dediyinə peşman oldu, meymun havası bilmirdi ha... Fikirləşdi ki, tərəkəmədən-zaddan bir şey çalar,  Makaka da qol götürüb süzər o baş-bu başa, mayallaq aşar. Meymuna nə var, oynamağa girəvə gəzir.    
Miriş tütəyi dodaqlarına apardı, ovurdlarını köpürdüb pülədi. Musiqinin hənginə yatan hərəkətlər eləyir, başını aramla tərpədirdi, elə bil ovsunçuydu, ilan ovsunlayırdı. 

Tütəyin titrək ahənginə Makaka devikdi, insanın meymunluq eləməyindən baş açmırdı. Dalı-dalı gerilədi, təlaşla əllərini sinəsinə döyəcləyib çığırdı.
- Balam, deyəsən, sümüynə düşmədi axı, - Miriş donquldandı. Havanı dəyişdi, bu dəfə cəngi çaldı.
Meymun daha da bərkdən çığırdı, bir haray təpdi, elə bil ətini kəsirdilər. Hövlnak dırmaşdı ağaca. Miriş çaldıqca Makaka daha da hündürə qalxırdı, sanki bəni-insan əlinə çubuq alıb heyvanı ağacdan salacaq, zorla da olsa, onu yad havaya oynadacaqdı. 
Makakanın təlaşlı çığırtısı içindən tütəyin titrək züyültüsü öləziyib itdi... 
     
lll  
Miriş meymunun ipindən yapışanda heyvan qandı ki, dənizə gedəcəklər, dənizə deyəndə, yəni sahilə. Suyla arası yox idi, yaxın düşmürdü, amma aralıdan tamaşa eləməyə həvəsliydi.
Çimərlikdə ətcəbala çimişənlər meymunu əyləndirirdi, səsini içinə qısıb kirimişcə tumançaq adamlara baxırdı, paltarsız onları başqa gözdə - bir köynək yaxın görürdü özünə.
Mirişə isə ən çox ləzzət verən ləpələrin pıçıltısıydı, olmazın həzzini alırdı. Özü təbiətən sakit, həlimxasiyyət olduğundan dəryanın da dinc halından xoşlanırdı. Ləpələrin xəfif pıçıltısı ona kəndlərindəki kəhrizin  həzin zümzüməsini xatırladırdı, ruhunu dincəldirdi.
Dənizin üzü nəhəng aynanı andırırdı Mirişə. Oturub kirimişcə baxırdı, nəzəri suyun hamar, ayna sinəsində gəzişir, nəsə axtarırdı elə bil. Makaka da gözünü dikmişdi dənizə, səssizcə uzaqlara baxırdı...
Birdən elə bil dənizin halı dəyişdi, Mirişin gözü qabağındaca qabardı. Uzaqda, suların qoynundan hovur-hovur ağ çalmalı zirvə peyda oldu - Ziyarat dağıydı. Qızıl gədiyin təpəsi qızardı, sonra dağın ətəyinə sığınmış kəndləri, Arpa dərə göründü. Qoyun-quzu səpələnmişdi dərənin döşünə... Suların üstüylə süd rəngli ensiz cığır uzanırdı və Miriş meymunu da yanına salıb cığırla Ziyarat dağına sarı gedirdi. Uanının ağırlığı qeybə çəkilmişdi, bulud kimi yüpyüngül idi, sanki yerimir, suyun üstüylə süzürdü...

Süd rəngli bəyaz cığır irəlidə haçalanırdı. Yol ayrıcında meymunun ipini əlindən buraxdı.
 
İyun 2012

 





08.09.2012    çap et  çap et