525.Az

Natəvanın iki qeyri-mətbu şeiri


 

Natəvanın iki qeyri-mətbu şeiri

Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına  Əlyazmalar İnstitutunun
direktor əvəzi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda bu dəyərli şairə və ictimai xadimin həyat və yaradıcılığına dair araşdırmalar intensivləşib, bir neçə əlyazma üzə çıxarılaraq çap edilib.
Hazırda institutda Xurşidbanu Natəvana dair materialların axtarışı prosesi davam etməkdədir. Bir  nüsxəsi institutda saxlanan, 1928-ci ildə Azərnəşrdə çap edilən “Natəvan Xurşidbanu” kitabı bəzi cəhətlərinə görə diqqətimizi cəlb edir. 82 səhifədən ibarət kitabın redaktoru və ön söz müəllifi Hənəfi Zeynallıdır. Buraya şairin həyat və yaradıcılığı barədə ümumi məlumat, onun 38 şeiri (nədənsə 37 nömrəli şeirdən sonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeirlər, qəzəllərinə yazılmış nəzirələr daxildir. Vaxtı ilə natəvanşünaslığa dəyərli töhfə olub, bu mövzuda yazılan sonrakı tədqiqatlarda nəzərə alınmış kitabın tərtibçisi qeyd edilməyib. Kitabın Əlyazmalar İnstitutunda saxlanan ikinci nəşrinin əlyazması aşkar edilməsəydi, əsərin tərtibçisini tapmaq mümkün olmayacaqdı. İnstitutun fondunda S-218 şifri altında mühafizə edilən nüsxə “Natəvan Xuşidbanu” kitabının çap edilməmiş ikinci nəşrinin əlyazmasıdır. 218 səhifəlik bu məcmuədə toplanan materaillar, Natəvanın şeirləri, həyat və yaradıılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar həcmcə birinci nəşrdən əhəmiyyətli dərəcədə çoxdur. Toplu, ümumiyyətlə, XIX əsr ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük maraq doğurur. Burada toplanan materiallar, müəllifin tədqiqat xarakterli qeydləri topluya həm də tədqiqat əsəri kimi baxmağa imkan  verir. Qeyd etmək istərdik ki, əlyazmanın xəttinin görkəmli ədəbiyyatşünas Əliabbas Müznibə (1883-1938) məxsus olduğunu müəyyən etdik. Tədqiqatçının 193-cü səhifədə adını öz əli ilə yazdığını gördükdən sonra artıq heç bir şübhə yeri qalmadı. Əvvəlcə kitabı bu yerdə qurtarmaq qərarına gəlmiş Ə.Müznib tarix də qoymuşdur: 1934-cü ilin mayı. Lakin sonradan o, tədqiqatını davam etdirib, “Natəvanın həcv edilməsi və həcvin təsiri” adlı hissə də əlavə edib. Əlyazmanı diqqətlə nəzərdən keçirdikdə görürük ki, bəzi səhifələr düşüb.
Əsərdə XIX əsrdə Şuşada, ümumiyyətlə Azərbaycanda cərəyan edən ədəbi həyat barədə çox maraqlı məlumatlar toplanıb. Görürük ki, ədəbi məclis şairlərinin xalqın gündəlik həyatından uzaqlaşaraq klassik ənənəni təqlidlə məşğul olduqdarı fikri həqiqətə uyğun deyil. Kitabda Məmo bəy Məmainin çar Rusiyasının işğalçılıq siyasətinə, Qarabağın erməniləşdirilməsinə qarşı yazdığı, vətəndaşları ayılmağa çağıran bu beyti çox şeydən xəbər verir:

Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhm edənim ki, anlayanım,
dərk edənim yox.

Beləliklə, görkəmli tədqiqatçı və şair, Stalin repressiyalarının qurbanlarından biri Əliabbas Müznibin son dövrlərdə üzə çıxarılaraq oxucuların ixtiyarına verilmiş əsərlərinin sırasına “Natəvan Xurşidbanu” kitabı da əlavə olunur. Bəs nə üçün kitabın 1928-ci ildə çapdan çıxmış ilk variantında müəllifin adı göstərilməmiş, əsərin genişləndirilmiş, təkmilləşdirilmiş variantı sonralar işıq üzü görməmişdir? Bu suallara hələlik cavab vermək imkanına malik deyilik. Bu kitabda rast gəldiyimiz, Xurşidbanu Natəvanın indiyədək çapdan çıxan kitablarına daxil edilməmiş “And verirəm” və “Zeynəb” rədifli şeirləri oxucuların diqqətinə çatdırırıq. Hər iki şeir növhədir.

DÜBEYT

Əli, səni pədəri-müztərimə and verirəm,
Bu çöldə zar qalan madərimə and verirəm.
Dağıldı ləşkəri şahın, pozuldu növrağı,
Nəcəf çölündə yatan Heydərimə and verirəm.

Bəli, bu dəşt ara dilfikarü xəstəcigər,
Cavanları qırılan sərvərimə and verirəm.

Ələm batıbdı, Əli xeymələrdə, vaəsəfa,
Bu ləşkəri pozulan yavərimə and verirəm.

Bax indi öz anana, xak üzrə üz qoymuş,
Bu qanlı qundaq ilə Əsğərimə and verirəm.

Gör indi Fatiməni, həcləsi xərab olmuş,
Büsatə bərhəm olan xahərimə and verirəm.

Gəlibdi dərgəhə, ey şah, Natəvani-fikar,
Şəfaət eylə, ona, Əkbərimə and verirəm.

NÖVHƏ

Dağılaydı çərxin, ey çərx ki, olubdu zar Zeynəb,
Günəhi sənindi, oldu belə biqərar Zeynəb.

Düşübən güzarı bir dəm o şəhi-şəriri tapdı,
O zamanda bixud oldu, gedib ixtiyari-Zeynəb.

Bax özün bu dəm həya et ki, nə növ didə giryan,
Baxıb ol Hüseynə gözlər olur əşkbar Zeynəb.

Üzünü Xudayə tutdu, qəmu dərdini unutdu,
Bu Hüseyn, bu Kərbəladu, bu həmin o zar Zeynəb.

Nə edib nə çarə qılsın ki, ona ənis yoxdur,
Gəzib ol şəhidi tapmaz, olacaq nisar Zeynəb.

Nəzər eylə Kərbəlayə, necə verdi tən qəzayə,
Deyər idi kim, nə xoşdur belə eşqi-yari-Zeynəb.

Gəzib axtarırdı hər yan ki, tapa Hüseyni bir dəm,
Azala qəm ilə dərdi, gedə intizari-Zeynəb.

Alıb əllərinə zülfün dedi ümmətə şəfaət,
Bu Hüseyn vəfadə möhkəm, bu da etibari-Zeynəb.

Bilirəm günahkarəm, belə Natəvani-zarəm,
Sənə bağlayıb ümidin bu günahkar, Zeynəb.

 





08.09.2012    çap et  çap et