525.Az

Antalyanın valisi: “Hər il Azərbaycandan bura yüz minə yaxın turist gəlir”


 

Antalyanın valisi: “Hər il Azərbaycandan bura yüz minə yaxın turist gəlir”<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Türkiyənin “Anfaş” şirkətinin təşkilatçılığı ilə Antalya şəhərində sağlamlıq və idman turizmləri mövzusunda beynəlxalq sərgi keçirilib. Sərginin ilk günündə Antalya valisi Əhməd Altıparmak da iştirak edib. Ə.Altıparmak sərgi ilə tanışlıqdan sonra “525-ci qəzet”in Antalyaya ezam olunmuş xüsusi müxbirinin suallarını cavablandırıb.
 
- Hazırda Antalyanın turizm imkanları sizi qane edirmi?

- Antalyanın turizmi bu gün dunyada bir markaya çevrilib. Buranın coğrafi durumu, iqlimi çox əlverişlidir, bölgəmiz tarixi yerlərə malikdir. Antalya turizmdə layiq olduğu payı alıb və almağa da davam edəcək. Bizim başlıca məqsədimiz ondan ibarətdir ki, Antalyaya gələn turistlər rahat dincələ, buranın yüksək səviyyəli imkanlarından faydalana bilsinlər. Bunun üçün səylə çalışırıq və müsbət nəticəsini də görürük. Təsadüfi deyil ki, turistlərin 80-90 faizi Antalyadan razı qayıdırlar. Təbii ki, əgər turist razı qalırsa, bu, onun ikinci-üçüncü dəfə də eyni yerə gəlməsinə şərait yaradır. Ona görə də Antalyaya gələn turistlərin sayı günbəgün artır.

- Sərgidən əvvəl təşkil olunan konfransda qeyd edildi ki, Antalya qəbul etdiyi turistlərin sayına görə Avropada birinci, dünyada altıncıdır. Dünyada ilk sıralara düşmək üçün nə kimi işlər görülür?

- Təbii ki, bununla bağlı hədəflərimiz var. Əslində hazırda Antalya hotellərində yer sayı yetərlidir: beş yüz min. Burada qalma müddəti də uzundur. Dünyanın başqa ölkələrindən fərqi olaraq, Antalyada hər turist orta hesabla yeddi-səkkiz gün dincəlir. Amma bir ildəki bütün on iki ayı nəzərə alsaq, gələn turistlərin sayı yetərli deyil. Ona görə ki, dörd-beş ayda müəyyən boşluqlar olur. Əgən biz bütün on iki ay ərzində bura çoxlu turist cəlb edə bilsək, bizim üçün qaneedici olar. Bununla həm turistlərin sayı yüksələr, həm də hotellərimizdə yerlər boş qalmaz. Məhz bu sadaladıqlarıma görə belə sərgilər keçirilir.

- Yeri gəlmişkən, Antalyada turizm sərgiləri tez-tez təşkil olunur?

- Bəli. Özü də təkcə sağlamlıq və idman turizmi deyil, mədəniyyət turizmi, konqreslər də keçiririk. Çünki payız və qış mövsümündəki boşluqları doldurmaq istəyirik. Avropada yaşlı insanlar əsasən Antalyada dincəlməyə üstünlük verir. Burada payız və qış aylarında hava çox əlverilşi olur. Baxın, özünüzü də görürsünüz ki, payız mövsümü olmasına baxmayaraq, burada hava istidir. Hazırda dənizdə suyun hərarəti 24 dərəcədir. Dünyanın bir çox ölkəsində isə indi hava çox sərtdir, fırtına var.

- Sağlamlıq və idman turizmləri ilə bağlı turistlərə nə kimi təkliflər irəli sürürsünüz?

- Yeni təklif budur ki, Qərbi Avropada yaşayan insanlar bizim hotellərimizdə öz evlərindəki kimi istirahət edə bilərlər. Buna görə daha rahat şərait yaradırıq. Hotellərdə, xəstəxanlarda şəraiti daha da yaxşılaşdırırıq. Ən əsası da turistlər burada əlverişli məbləğə dincələ bilərlər. Proyektlərimiz çoxdur. Amma bunların hamısını indi açıqlamaq uzun vaxt aparar.

- Bir il ərzində Azərbaycandan Antalyaya gələn gələn turistlərin sayı nə qədərdir?

- Dəqiq rəqəm söyləyə bilərəm. Amma bilirəm ki, hər il ölkənizdən Antalyada yüz minə yaxın turist istirahət edir.

Aydın BAĞIROV, Antalya-Bakı

 





06.11.2012    çap et  çap et