525.Az

Nağd olsun, yoxsa plastik kart olsun?


 

NAĞD-PUL ƏMƏLİYYATLARININ PLASTİK KARTLARLA ƏVƏZ OLUNMASININ HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Nağd olsun, yoxsa plastik kart olsun? <b style="color:red"></b> Bu gün cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bankdan girov qoyulmuş əmlak qarşılığında pul götürmək yüzdə doxsan faiz qoyulan əmlakı itirmək deməkdi. Bu hala idman diliylə “son ümid foulu” da demək olar.

Söhbətin məğzi bu olmasa da, bilavasitə məsələyə dəxli var. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycanda banklara yetərincə etimad yoxdu. Yəqin ki, bu etimadsızlıq bank əməliyyatlarının əsasən yüksək risk altında və yüksək faiz dərəcələrilə həyata keçirilməsindən qaynaqlanır. Hər halda haqsız saymaq olmaz...

Etimadsızlığın mənbəyini ən müxtəlif səbəblərlə izah etmək olar. Və bu səbəblərdən biri də vətəndaşların plastik kartlardan istifadəsi imkanları barədə geniş bilgiyə malik olmaması, bununla bağlı maarifləndirici tədbirlərin aparılmamasındadı. 

Nağdsız ödənişlər sisteminin qlobal müstəvidə birmənalı olaraq prioritetə çevrilməsi plastik kart istifadəsinə keçidi sürətləndirir. Məqsəd ən müxtəlif əməliyyatları plastik kartlar vasitəsilə  apararaq nağdsız ödənişlər sisteminə qoşmaqla dünyanı qlobal maliyyə böhranından qorumaq, kölgə iqtisadiyyatının qarşısını almaq, pul dövriyyəsini tam nəzarətdə saxlamaqdı. Bunun üçün də bank sektorunun önəmli qollarından birini plastik kartlar xidməti təşkil edir. Lakin nağd-pul əməliyyatlarının plastik kartlarla əvəz olunması nəticəsində bir çox korrupsiya halları da baş verir ki, bu da bank sektorunda nöqsanların olduğuna işarədi.
 
Dünyada plastik kartların müxtəlif növləri var. Onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidi. Fərq yalnız göstərilən güzəştlərin həcmində və təqdim olunan əlavə imkanlarındadı. 

Statistikaya görə, Azərbaycanda hazırda 4,18 milyon plastik kart var. Ölkə əhalisinin yarısı bu kartlardan istifadə edir. Lakin say hesabı ilə passiv istifadəçilərin çoxluq təşkil etdiyi də qeyd olunmalıdı. İstifadəçilərin əksəriyyəti plastik kartlardan yalnız maaş kartı kimi yararlanır.  İnkişaf etmiş ölkələrdə isə bu sahədə vətəndaşların xeyrinə olduqca rahat şərtlərlə infrastruktur formalaşdırılıb. Amerikada bir nəfərin 4, Yaponiyada 2 kredit kartı var. Britaniyada adama minimum 1 plastik kart düşür. Türkiyə, Danimarka, Braziliyada və bəzi Avropa ölkələrində əməliyyatların 90 faizindən çoxu nağdsız aparılır.  Azərbaycanda bütün plastik kartlar üzrə aparılan əməliyyatların həcmi 784 milyon manatdır. Statistika göstərir ki, plastik kartlarla aparılan əməliyyatların 90 fizindən çoxu nağd pulun çıxarılmasına xidmət edir. Əgər dövlət siyasətilə yalnız əmək haqqı və sosial müavinətlərin verilməsi üzrə kart sisteminə keçidi nəzərə alsaq, icbarilik tendensiyasının bir daha aktual olduğunu görərik.

İqtisadçı-ekspert Samir Əliyev: 

"Son illər, xüsusən də “Avroviziya” mahnı müsabiqəsi yaxınlaşdığı müddətdə Bakı şəhərində plastik kartların istifadə imkanlarını genişləndirən bir sıra tədbirlər görülmüşdü. Paytaxtda nağdsız əməliyyatların aparılması üçün post-terminalların, bankomatların sayı artırılmışdı. Bununla belə, statistik göstəricilərə nəzər salsaq, ölkədə istifadə olunan plastik kartların demək olar ki, 95 faizini debit kartlar, qalan 5 faizini isə kredit kartları təşkil edir. Bu da əsas etibarı ilə nağd pulun əldə olunmasına xidmət göstərir. Nağdsız ödənişlərin aparılmasında bu çox aşağı göstəricidi. Ümumilikdə nağdsız əməliyyatlara şəffaflığın və təhlükəsizliyin təməli kimi dəyər verilir: İnsanlar üzərində nağd pul daşımaq məcburiyyətində qalmır, plastik kart insana sərbəstlik, çeviklik, əminlik və geniş imkanlar açır. Bunların reallığa çevrilməsi üçün sadəcə, istifadə imkanları genişləndirilməlidi".

Bu sahədə ölkədə infrastruktur hələ tam formalaşmayıb. Eyni zamanda stimullaşdırıcı və maarifləndirici tədbirlər bazası zəif aparıldığından ciddi irəliləyiş müşahidə olunmur. Əksər inkişaf etmiş ölkələrdə alış-veriş zamanı, hansısa ödəmə aparılanda plastik kartlardan istifadə edirlər. 

İqtisadçı-ekspert Samir Əliyev: 

"Bu baxımdan Vergilər Nazirliyi bir sıra maarifləndirici tədbirlər aparır. Lakin bu, vətəndaşlarda nağdsız ödənişlərə maraq yaratmaq üçün kifayət etmir. Bunun üçün vətəndaş cəmiyyətləri də fəal olmalıdı. Əgər müəyyən nağd ödənişlər zamanı 4 faiz vergi tutulursa, kart sistemində bunun 2-3 faiz olması vətəndaşlarda müəyyən stimul yaradır. Əslində, nağdsız ödənişlər aparılmasının böyük üstünlükəri var: korrupsiya hallarını aradan götürür, kölgə iqtisadiyyatını kəskin zəiflədir. Statistik göstəricilərə görə, Avropada aparılan nağdsız ödənişlərin həcmi 90 faiz təşkil edir. Əksər əməliyyatlar, alqı-satqı prosesləri zamanı insanlar nağd ödənişlərdən az istifadə edirlər. İsveçdə isə hökumət ölkənin tam nağdsız əməliyyatlar sisteminə qoşulması üçün böyük tədbirlər görür.  Bu o deməkdir ki, ölkədə kağız əskinaslardan istifadəyə zərurət qalmayacaq". 

Nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad etsə də, bu sahədə bir sıra maneələr də özünü göstərir. Azərbaycanda kartlarla ödəmə aparılan post-terminallar yetəri sayda quraşdırılmayıb. İnsanlar bankomatlar önündə gözləməli olurlar. Hazırda ölkəmizdə  33,568 post-terminal quraşdırılıb. Post-terminalların böyük əksəriyyəti obyektlərdə, 1000-ə yaxını isə taksilərdə quraşdırılaraq onlayn rejimdə fəaliyyət göstərirlər. Onlara Vergilər Nazirliyinin operativ strukturları nəzarət edir. Orta hesabla 277 nəfər bir post-terminal düşür ki, bu da çox azdı. Onu da qeyd edək ki, post-terminalların 90 faizi Bakıda quraşdırılıb.

İqtisadçı-ekspert Samir Əliyev: 

"Azərbaycanda hələ ki, infrastruktur tam qurulmadığından plastik kartlar vətəndaşlar üçün o qədər cəlbedici görünmür. Quraşdılırmış post-terminal və bankomatların əksəriyyəti Bakıda yerləşir. Araşdırılma aparılsa, bir çox obyektlərdə quraşdırılmış post-terminalların işləmədiyinin şahidi olarıq. Təhlükəsizlik problemlərinə gəldikdə isə artıq plastik kartlara keçid dövrü internet resurslarından istifadə etməklə kartlardan pul oğurlanması hallarını da yaradır. Ən əsas səbəb kimi isə mövcud iqtisadi vəziyyəti qeyd etmək olar. Sahibkar plastik kart sistemi, yəni, nağdsız ödənişlər bazasına qoşulmadan öncə ondan əlavə verginin tutulmayacağına əmin olmaq istəyir. İlk öncə bu problemlər aradan qaldırılmalıdır. Bölgədəki əhali üçün bu xidmət demək olar ki, əlçatan deyil. Pensiyaçılar müəyyən aralıqda yerləşən rayon mərkəzinə gedib pulu çıxarmalı olurlar. İlk növbədə bu infrastrukturu yaratmağa ehtiyac var".

Bu gün ölkədə plastik kartların işləmə mexanizmində bir sıra çatışmayan hallar mövcuddu. Bu nöqsanlardan bir də kartların keyfiyyət dərəcəsinn aşağa olması, tez sıradan çıxması, vəsaitin vaxtında karta yüklənməməsi kimi hallardı. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, plastik kartların tez sıradan çıxması, keyfiyyətin dəyişkənliyi kimi hallara daha çox yerli banklarda rast gəlinir ki, bu da onların kartların hazırlanmasına çəkdikləri xərclərin azaldılması məqsədi güdmələrindən irəli gəlir. Ancaq xarici təcrübə onu göstərir ki, dünya brendi olan banklar keyfiyyətli  xidmət  məsələlərinə böyük diqqət yetirirlər. Vəsaitlərin kartlara gec oturulması məsələsinə gəlincə, ekspertin sözlərinə görə, bu, sırf vəsaiti köçürən idarə və müəssisələrə aid faktorlardı. Kart hesablarına vaxtında köçürülmə olsa, gecikmə halları yaşanmaz:

“Apardığımız araşdırmalardan da belə məlum olur ki, vəsaitlərin kartlara gec yüklənməsi banklara vəsaitlərin gec köçürülməsilə bağlıdı. Mərkəzi  Bankın nəzdində yeni yaradılmış Maliyyə Monitorinq Mərkəzi belə nöqsanların qarşısının alınmasına nəzarət mexanizminə malik olub, çirkli pulların yuyulması, banklardan vəsaitlərin kənar yerlərə köçürülməsi kimi halların qarşısını almağa xidmət edir”.

Nağdsız ödənişlər sisteminin bir çox əhəmiyyətli üstünlükləri olduğunu önə çəkən ekspertə görə, bu sistem pul dövriyyəsinin sürətinin artması və  nəzarətdə saxlanması, eləcə də çirkli pulları dövriyyədən çıxarmaqla “kölgə iqtisadiyyatı”nın qarşısının alınması baxımından çox əhəmiyyətlidi. Eyni zamanda bu, banklarda kapital ehtiyatlarının güclənməsinə böyük təsir edir, təhlükəsizliyi artırır, pulların oğurlanması, vətəndaşların əmanətlərinin əllərindən alınması kimi halların qarşısını alır, inflasiyanın həddini xeyli azaldır və s. Amma bununla yanaşı, plastik kartlar vasitəsilə bir sıra korrupsiya halları da baş verir:

“Belə hallar dünyanın başqa ölkələrində də mövcuddu. Bu problemləri yaradan əsas faktorlar bankın daxilində müəyyən insanların hər hansı bir qrupla əlbir olaraq əlavə vəsaitin daşınması marağından irəli gəlir. Burda ən xarakterik üsul kimi banklar tərəfindən heyətdan köçmüş insanların adına qüvvədə saxlanan plastik kartlarla vəsaitin mənimsənilməsidi. Bununla bağlı Hesablama Palatası bu yaxınlarda açıqlama da vermişdi. Daha bir korrupsiya halı bankda işləyən müəyyən insanların kartların kodunu əldə edərək vəsaitin oğurlanmasına cəhd etmələridi. Amma öz nüfuzuna xələl gəlməsini istəməyən bank, təbii ki, bu cür hallar aşkarlayıb qarşısını almağa borcludu”.

Ceyhun ABASOV
 





06.11.2012    çap et  çap et