525.Az

“Azərbaycan Ramil Səfərov məsələsində məhz ABŞ-ın ata biləcəyi addımı atıb”


 

“Azərbaycan Ramil Səfərov məsələsində məhz ABŞ-ın ata biləcəyi addımı atıb”

“AMERİKA HÖKUMƏTİ ƏCNƏBİ DÖVLƏT VƏ QURUMLARIN İTTİHAMLARINA BAXMAYARAQ, İSTƏNİLƏN HALDA ÖZ HƏRBÇİLƏRİNİ MÜDAFİƏ EDİR”

Müsahibimiz ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru
Adil Bağırovdur.


- ABŞ-dakı Azərbaycanlı İcması Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsini necə qarşıladı?

- Hər insanın bu məsələ ilə bağlı öz fikri, öz münasibəti var. Bu aydındır - zərərçəkmiş ölkədən olan bir hərbçi təcavüzkar və işğalçı ölkəni təmsil edən digər hərbçiyə ölümcül zərbələr endirib. Belə “zərbələr”, xüsusilə avtomat silahlardan açılan atəşlər Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında minlərlə olub - axı 11.000-dən çox Azərbaycan hərbçisi və təxminən 6.000-ə yaxın Ermənistan işğalçısı 1988-1994-cü illərdə həlak olub və hər il hər iki tərəfdən yüzə yaxın əsgər və zabit 1994-cü ildən bəri həlak olur. Nə üçünsə, bunlar haqqında daha az emosiya ilə danışılır. Ermənistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) dörd qətnaməsini yerinə yetirməməsi ilə də bağlı az emosiya ilə danışırlar.  
Yeri gəlmişkən, burada Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının zabiti, podpolkovnik Pargev Abramyanın cinayət işini xatırlamaq lap yerinə düşər. 2005-ci ilin avqust ayının 18-nə keçən gecə o balta ilə endirdiyi 3 zərbə ilə 40 yaşlı arvadı Marine Maloyanı qətlə yetirmişdi. Yatan arvadını baltalayan P.Abramyan daha sonra baltanı vanna otağında yuyubmuş. Ermənistanın məhkəmə-psixiatriya ekspertizası onu anlaqlı hesab etmişdi.
Qeyd etmək lazımdır ki, Amerikada yaşayan azərbaycanlılar demək olar ki, yekdilliklə hesab edirlər ki, Azərbaycan bir dövlət kimi hər zaman öz vətəndaşlarının, o cümlədən hərbçilərinin azad edilməsi ilə bağlı səy göstərməlidir.
Heç nəyə baxmayaraq, bir azərbaycanlı hərbçisi belə yad əllərdə qalmamalıdır. Belə bir təcrübə özünə hörmət edən bütün ölkələrdə var, məsələn, ABŞ-da Amerika hökuməti əcnəbi dövlətlər və ya qurumlar tərəfindən hər hansı ittihamların irəli sürülməsinə baxmayaraq, istənilən halda öz hərbçilərini və dövlət qulluqçularını müdafiə edir.    

- USAN  Ramil Səfərovun məsələsi ilə bağlı Amerika hakimiyyət orqanlarının müdaxiləsini mühakimə edən bəyanatla çıxış edib. Super güc dövlətinin bu məsələyə olan marağını nə ilə izah etmək olar?  

- Obama administrasiyasının bu məsələyə dair səs-küylü və sərt reaksiyası bir qədər qəribə görünür - Ağ evin (Milli Təhlükəsizlik Şurasının), Dövlət Departamenti, eləcə də ayrıca olaraq, həmsədrlərindən birinin Amerika olduğu ATƏT-in Minsk qrupunun reaksiyası məhz belə oldu. Görünür, hələ tezliklə erməni şinelindən çıxan daha bir neçə konqresmenin bu barədə dediklərini eşitməli olacağıq. Aydındır ki, Obama administrasiyası erməni lobbisinin çox səsli-küylü və intensiv çağırışlarına qulaq verməli olub. Obama administrasiyası Azərbaycanla olan müttəfiqlik əlaqələrini, təxminən yarım milyonluq Azərbaycan diasporunu, eləcə də R.Səfərovla bağlı bütün faktları nəzərə alaraq, daha təmkinli davrana bilərdi - istənilən halda, Milli Təhlükəsizlik Şurasının reaksiyası yersiz idi. Məhz bu ikili standartlar bütün azərbaycanlıları, xüsusilə də prezident Obama və ABŞ-ın digər siyasətçilərinə mindən artıq məktub yazan USAN üzvlərini hiddətləndirir.

- Bu müdaxilə Bakı və Vaşinqton münasibətlərinə təsir edə, onları korlaya bilərmi?

- Düşünürəm ki, ABŞ Dövlət Departamenti, MTŞ, həmçinin ATƏT-in Minsk qrupunun reaksiyası Azərbaycanda geniş əhali kütləsi arasında, eləcə də Amerikayönlü əhalinin əksəriyyəti, bütün müxalifət və hökumətyönlü insanlar, həmçinin müstəqil (siyasi baxışlarda) azərbaycanlılar arasında ABŞ-ın imicinə ciddi xələl gətirib. Amerikalıların gözündə Azərbaycanın imici isə heç bir zərər çəkməyib və bəlkə də artıb, çünki Azərbaycan məhz Amerikanın davrana biləcəyi kimi addım atıb.
Erməni KİV-i, təşkilatları və qurumları sadəcə öz təbliğatlarını yayırlar və hadisələrə dair öz izahlarını təqdim edirlər. Aydın məsələdir ki, erməni hökuməti və lobbisi Azərbaycan xüsusi təyinatlıları və snayperlərinin Ermənistanın sülhə məcbur edilməsi üzrə əməliyyatları, işğal olunmuş Azərbaycan torpaqları üzərində İrana (“Azərbaycana”) məxsus pilotsuz uçan aparatla bağlı hadisə, ABŞ-da hazırlanan Azərbaycan peyki, hərbi büdcənin artırılması və İsraildə çoxmilyardlı hərbi alış-veriş, Bakıda “Eurovision”nun keçirilməsi, ABŞ-ın Azərbaycandakı yeni səfirinin Senatda müzakirəsi və bir çox hadisələrdən istifadə etdikləri kimi Ramil Səfərov işini də öz məqsədləri üçün şişirdirlər.
Təəssüf ki, Azərbaycan və azərbaycanlıların əksəriyyəti hələ ki, erməni təbliğatını darmadağın etməyi və ümumilikdə önə çıxarmaq bir yana, bunlara simmetrik də olsa belə cavab vermək fürsətlərindən çox geri qalırlar. Bu çatışmazlıq açıq-aşkar ortadadır və onları aradan qaldırmaq lazımdır - şükürlər olsun ki, bunun üçün bütün lazımi vasitələr mövcuddur.
Eyni zamanda, bütün yuxarıda deyilənlərdə əsas “oyunçu” olan Azərbaycan diasporu və bəzi diaspor təşkilatları qüvvələrin bərabər olmamasına baxmayaraq daha iri və güclü erməni lobbisinə qarşı müqavimət göstərmək və hətta ona qalib gəlmək iqtidarında olduqlarını sübut edən fenomenal uğurlara nail ola bilərdi.

PƏRVANƏ

 





08.09.2012    çap et  çap et