525.Az

Dövlət Bayrağı Günü- 9 Noyabr


 

Dövlət Bayrağı Günü- <b style="color:red">9 Noyabr</b>

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birləşmələri Bakını erməni-rus işğalından azad etdikdən sonra hökumət Bakıya köçüb və müstəqil Azərbaycan hökumətinin qəbul etdiyi ilk qərarlardan biri milli bayraq haqqında ikinci qərarın qəbul edilməsi olub.

"Milli bayraq haqqında" Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış”da deyilir:

1. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

2. Azərbaycan Respublikasının dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

3. Azərbaycan Respublikasının dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət bayrağı dəyişdirilib.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

 

 





09.11.2012    çap et  çap et