525.Az

5 aprel görüşünün sülhə yaratdığı təhlükə


 

5 aprel görüşünün sülhə yaratdığı təhlükə<b style="color:red"></b>

Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı rəsmilərinin müştərək görüşü keçiriləcək. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşdə hərbi paktın müzakirə ediləcəyi və qəbulu gözlənilir ki, bu da açıq şəkildə regionda sülhün və sabitliyin bərqərar olmasına qarşı yönəlib.

Qərb və Avropa Cənubi Qafqazda illər sonra təhlükəsizlik, sülh üçün yaranmış fürsətləri, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması imkanlarına maneə yaratmaqla məşğuldur. Bunu Ermənistanın hərbləşdirilməsi istiqamətində atılan addımlar da sübut edir.

Təbii ki, baş verənlər, o cümlədən, Brüssel görüşü regionda narahatlıqla qarşılanır. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanatında qeyd edilib ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və 5 aprel toplantısının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Vurğulanıb ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Rusiya XİN də bir neçə gün əvvəl bununla bağlı öz narahatlığını dilə gətirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yaratmasına, ölkələri antirusiya gündəminə məcbur etməyə, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. O deyib ki, rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır: "Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər. Bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "İzvestiya" qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər isə Rusiyanın Ermənistana diplomatik müharibə elan etməsi kimi şərh olunur. Lavrov Ermənistan rəhbərliyinin uydurma bəhanələrlə Rusiya ilə münasibətləri bilərəkdən pozduğunu dilə gətirib: "Ermənistanla bağlı mən artıq mövcud vəziyyəti şərh etməli oldum. Bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır".

Onun sözlərinə görə, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinin, sərhədçilərin, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) rüsvay etməklə özünü göstərir. O xatırladıb ki, KTMT 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün Ermənistana öz sülhməramlı missiyasını göndərməyə hazır olub. Amma Paşinyan konsensusun olmadığını bəyan edib və Aİ-nin oxşar missiyasını ölkəyə çağırıb: "Rəsmi İrəvan Azərbaycana bunun cəmi 2 ay çəkəcəyini vəd etmişdi. 2 aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya, Şimali Atlantika Alyansının missiyasına çevrilir".

Yeri gəlmişkən, bu proseslərin başlanğıcı elə Avropa İttifaqı müşahidə missiyasının Ermənistana gəlişi ilə başlayıb. Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə vermək üçün gələn 40 nəfərdən ibarət missiyanın müddəti də artırıldı, tərkibində və mandatında da dəyişiklik olundu.

Azərbaycan XİN-in bəyanatında təəssüflə qeyd olunub ki, missiyanın müddəti Azərbaycanın razılığı olmadan əhəmiyyətli dərəcədə uzadılıb, daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu missiya o vaxtdan etibarən antiazərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir.

Beləliklə, görünən odur ki, ABŞ və Qərb regionda öz planlarını Ermənistanın əli ilə reallaşdırmağa çalışırlar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid  Vəliyev "525"ə şərhində 5 aprel görüşü ətrafında yaranan suallara aydınlıq gətirib. Əvvəlcə görüşün region üçün risklərinə toxunan ekspert deyib ki, başlıca risk işğalçı bir dövləti cəsarətləndirməkdir: "Biz bilirik ki, Ermənistan işğalı öz xoşu ilə yekunlaşdırmadı. Azərbaycanın hərbi gücü ilə beynəlxalq hüquqdan irəli gələn hüquqlarını istifadə etməsinin nəticəsində işğala son qoyuldu. Təəssüf ki, Ermənistanda hələ də revanşist qüvvələr var, onlar öz güclərini, qüvvələrini qoruyurlar. Biz Qazaxın 4 kəndi ilə bağlı məsələdə də gördük ki, Ermənistanda onların mövqeləri güclüdür. Bu səbəbdən işğalçı bir dövlətlə imzalanacaq hər hansı saziş - istər iqtisadi, istər enerji, istər hərbi sahədə olsun, bu, işğalçı onu cəsarətləndirməkdir.

İknicisi, bu, Azərbaycanla davam edən sülh sazişinin imzalanmasını gecikdirməkdir. Uzun zamandır Ermənistan tərəfinin gündəmə gətirdiyi bir məsələ var idi və ona görə sülh sazişini imzalamırdılar. Deyirdilər ki, indiki geosiyasi vəziyyət bizim əleyhimizədir və bu vəziyyət bir gün bizim lehimizə dəyişəcək, sülh sazişinin şərtlərini o zaman əyləşib müzakirə edək. Biz həqiqətən son dövrlərdə Qərbdən Ermənistana dəstəyin artdığını hiss edirik və əgər 5 apreldə hər hansı bir müqavilə imzalanarsa, bu, Ermənistanın o istədiyi geosiyasi vəziyyətin dəyişməsi ilə bağlı ümidlərinin artmasına səbəb olacaqdır. Eyni zamanda, bu, Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirilməsinə gətirib çıxara bilər".

C.Vəliyev hesab edir ki, üçüncü ən böyük risk Ermənistanın regionda yeni bir Ukrayna, yeni Suriya olma ehtimalıdır: "Çünki Ermənistanda artıq Rusiya hərbi bazaları var, İrandan gələn müəyyən dəstək var,  qüvvələr var, eyni zamanda Avropa müşahidəçiləri mövcuddur. Bu dəstəyin gəlməsi ilə bir yerdə gələcəkdə Ermənistanın dediyim kimi, yeni bir Ukrayna, Suriya olma ehtimalı artır ki, bu bütün region üçün təhlükəlidir. Dördüncü, Avropa İttifaqı və ABŞ-dən Ermənistana gələcək bu dəstək o deməkdir ki, onlar Cənubi Qafqazı ikiyə parçalamaq istəyirlər. Bir tərəfdə Gürcüstan, Ermənistan, digər tərəfdə Azərbaycan. İkiyə bölünmə, parçalanma Cənubi Qafqazda gələcək əməkdaşlıq üçün heç də yaxşı gələcək vəd etmir". 

BMTM-nin şöbə müdiri deyib ki, Rusiyanın Ermənistana qarşı hərbi, enerji iqtisadi və siyasi rıçaqları var: "Biz bunu hamımız görürük, amma bunlardan hansının nəticə yaradacağı haqqında açıq bir məsələ, açıq mövqe ortada yoxdur. Bu səbəbdən, məncə, Rusiya Ermənistana hətta reaksiya verməkdə gecikdi. Yəni artıq Ermənistanda bir proses başlayıb. Rusiya açıqlamalarla bu prosesi idarə etməyə çalışır, Ermənistan da əlbəttə görür ki, Rusiya Ukrayna müharibəsi səbəbindən istədiyi reaksiyanı verə bilmir. İstər İkinci Qarabağ müharibəsindən, istər Paşinyanın seçilməsindən sonra, istərsə də Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın  Ermənistanda siyasi mövqeləri zəifləyib. Siyasi mövqeləri zəiflədikdən sonra iqtisadi, enerji sahəsində də mövqelərini zəiflətmək mümkündür. Ermənistan hakimiyyəti ən azından belə düşünür. Bu, Rusiya üçün bir paradoksdur. Yəni Ermənistana müdaxilə eləsə, Rusyanın prestiji baxımından daha mənfi nəticələri ola bilər, bu səbəbdən bütün yükü, məsuliyyəti Paşinyan hakimiyyətinin üstünə atmağa çalışır, müdaxilə etməsə, Rusiyanın təsirləri, imkanları gedərək məhdudlaşa bilər. Bu səbəbdən Rusiya üçün bir paradoks vəziyyəti yaranıb".

Ekspet bildirib ki, İranın bu məsələdi mövqeyi maraq kəsb edir: "Biz bunu daha öncə də İrandan gördük. Xatırlayırsınızsa, Fransanın Ermənistandakı səfiri açıqlamasında demişdir ki, bir çox məsələdə İranla fərqli düşünürük, amma Ermənistan məsələsində ortaq düşündüyümüz nöqtələr var. Zaman-zaman İrandan müəyyən reaksiyalar gəlir. Ermənistanın səlahiyyətli şəxsləri İrana səfərlər edəndə bu ölkənin prezidenti, xarici işlər naziri, ali dini rəhbəri bu məsələdə etirazlarını bildirirlər ki, region üçüncü dövlətlərin qarşıdurması halına gəlməməlidir. Amma İranın antiazərbaycan mövqeyini Ermənistana münasibətdə görmürük. Burda Qərbin həyata keçirdiyi ikilistandartın İran tərəfindən də Ermənistan-Qərb münasibətlərində davam etdirildiyini görürük, hiss edirik. Düşünürəm ki, Azərbaycana qarşı Ermənistanın mövqeyini möhkəmləndirmək, onu Rusiyanın əlindən almaq, Türkiyə və Azərbaycanın mövqeyini zəiflətmək kimi məsələlərdə İranla Qərbin mövqeyi üst-üstə düşür. Bu səbəbdən də daha aşağı səviyyədə reaksiyalarla prosesi idarə etməyə çalışırlar".

 

 





01.04.2024    çap et  çap et