525.Az

Uzaq ölkə, yaxın dost


 

AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF ETMƏKDƏDİR

Uzaq ölkə, <b style="color:red"> yaxın dost</b>

Azərbaycanla Çin arasında əlaqələr qədim tarixə malikdir. Xalqlarımız tarixən İpək Yolu vasitəsilə sıx əlaqələrə malik olublar. Bu gün də həmin təməl üzərində münasibətlər bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etməkdədir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri məhz Çin Xalq Respublikası (ÇXR) olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda, 1993-cü il 3 sentyabrda isə Azərbaycanın Çində səfirliyi açılıb.

İki ölkə arasında yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olub.

Azərbaycan dövləti Çinlə münasibətlərin inkişafını hər zaman xüsusi diqqətdə saxlayıb. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin "Sinxua" agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: "Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var".

2019-cu il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Səfər zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoq mövcuddur. Azərbaycan "Vahid Çin" siyasətinə bütün platformalarda dəstəyini bildirib, Çin isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək nümayiş etdirib. Təbii ki, münasibətlərin bu səviyyədə olması həm də iki ölkə liderinin dostluq münasibətlərindən irəli gəlir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Prezident seçilməsi münasibətilə İlham Əliyevi ilk təbrik edən dövlət başçılarından biri oldu. Məktubda vurğulanırdı ki, son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, "Bir kəmər, bir yol" təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur: "Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram".

Bu gün iki ölkə güclü iqtisadi əlaqələrə malikdir. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi davamlı olaraq artır. Çin şirkətləri respublikamızda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər.

Son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Ölkəmizdə Çin investisiyalı 300-ə yaxın şirkət qeydə alınıb. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində icra olunan infrastruktur layihələrində Çin şirkətlərinin fəaliyyəti getdikcə artır. Məsələn, "Huawei" şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı kənd" və "ağıllı şəhər" təşəbbüslərinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib. Hər iki dövlət tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiya-sının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Çin Kommunist Partiyasının rəsmi nəşri olan "Global Times" qəzetinə müsahibəsində deyib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi dəyərləndirir. İki ölkənin iqtisadi-ticari münasibətlərində davamlı inkişaf nəzərə çarpır. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və "yaşıl keçid" sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür.

Şöbə müdiri bəzi media orqanlarında Çin sərmayələrinin və şirkət-lərinin "təhlükəsizlik təhdidi" kimi təqdim olunmasını bu ölkəyə qarşı ədalətsiz yanaşma kimi şərh edərək, Çin texnologiyasının dünyada ən yaxşılardan biri olduğunu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.

Onu da qeyd edək ki,  Çin ölkəmizdə günəş elektrik stansiyası üçün panellər hazırlayır. Xatırladaq ki, burada söhbət əsasən, Qaradağ Günəş Elektrik Stansiyasından gedir. Stansiyanın gücü 230 MVt-dır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə he-sabına tikilib. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcəyi, eyni zamanda, atmos-ferə atılan karbon emissiyasının 200 min ton azaldılacağı nəzərdə tutulur.

Göründüyü kimi, Çinlə bütün sahələrdə əlaqələr dinamik inkişaf edir. 2023-cü ildə Azərbaycanla dost ölkə arasında ticarət əlaqəsinin həcmi digər illərlə müqayisədə 21 faiz artaraq, 2 milyard 200 milyon dollara yaxınlaşıb. Bu tendensiya artıq davamlı xarak-ter alıb. Belə ki, cari ilin göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Çinlə ölkəmiz arasında ticarət dövriyyəsinin həcmi 50 faizə yaxın artıb.

Həmçinin, turizm sahəsində də çox səmərəli əlaqələr qurulub. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir. Çindən ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır.

Çin getdikcə dünyanın aparıcı dövlətinə çevrilir, burda onun iqtisadi və texnoloji inkişafı da öz sözünü deyir. Yəni bu inkişaf həm də texnologiyalarda Qərbin monopoliyasına son qoyulması deməkdir. Azərbaycan da regionun lideridir və beynəlxalq aləmdə böyük nüfuza malikdir. Belə olan halda, iki dövlətin münasibətləri daha da sıxlaşdırması çox müsbət perspektiv vəd edir.

 

 





01.04.2024    çap et  çap et