525.Az

Çindən yayılan ilk virus - TikTok


 

Çindən yayılan ilk virus - <b style="color:red"> TikTok</b>

Son illər Çindən dünyaya yayılan ilk virus COVID-19 deyildi. Ən azı, Azərbaycan üçün bu, mübaliğəsiz cümlədir. TikTok-un ilk versiyası olan "Douyin" tətbiqi məhz Çində yaradılmışdı və ilkin mərhələdə həmin platforma yalnız Çin əhalisi üçün nəzərdə tutulmuşdu. Günlərin bir günü şirkətin təsisçisi Zhanq Yiminq qərara gəlir ki, Çində dünyadakı internet istifadəçilərinin 20 faizi yaşayır, daha böyük kütləyə çatmaq lazımdır. Beləliklə, TikTok yaradılır. Koronavirusdan əvvəl Çindən dünyaya yayılan ilk virus TikTok-dur. Bu cür yanaşma əsassız deyil. Əgər Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı üstünlük təşkil edirsə, Tiktok-un istifadəyə verilməsindən sonra vüsət alan "mənəvi ölüm"lərin sayı heç də kliniki ölümlərdən geri qalmadı.

Sadəcə, bu məqamda bir həqiqət var: TikTok yalnız müəyyən alqoritmlə idarə olunan sosial platformadır. Necə deyərlər, o, bir fabula idi. Həmin fabulaya məzmun verən isə biz olduq - TikTok-u sevməyən, amma daim izləyən cəmiyyətimiz... Bəlkə, virus əvvəlcədən aramızda olub, sadəcə TikTok onu müəyyən edib?

Son vaxtlar ictimai qınaq intensivləşib. Televiziya kanallarındakı bayağı verilişlər, Azərbaycan musiqisinə yaraşmayan mahnılar, sosial şəbəkədəki "fenomenlər" və s. mütəmadi olaraq tənqid olunur. Amma hamımızın evindən həmin bayağı verilişlərin səsi gəlir, ətrafımızda həmin aşağı səviyyəli mahnıları dinləyən yüzlərlə insan var və əksəriyyətimizin telefonunda TikTok-u görmək mümkündür. Bəs biz nəyi və kimi tənqid edirik?

Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir xəbər yayıldı: "TikTok-da qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq". Bir çox insan bu addımın nəticə verəcəyi barədə rəy bildirdi. Çox keçmədi, xəbər təkzib olundu.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas "525"ə verdiyi açıqlamada qeyd edib ki, TikTok və digər sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girişin texniki tərəfi yalnız həmin platformalardan asılıdır: "Üçüncü tərəf - dövlət, yaxud hansısa qurum şəxsiyyət vəsiqəsi ilə bağlı tələb qoya bilməz. Yalnız dövlət tərəfindən həmin platformalarla razılıq əldə edildiyi halda, hansısa ölkə üçün belə bir tələb müəyyənləşə bilər. Bu da çox nadir hallarda müşahidə edilən hadisədir və mənim qarşıma çıxmayıb ki, hansısa dövlət bu addımı atsın. Ancaq hansısa platforma şübhələndiyi istifadəçilərdən şəxsiyyəti təsdiq edən sənəd tələb edə bilər. Məsələn, "Meta" şirkətinə məxsus olan feysbuk sosial şəbəkəsində belə bir hal var. Əgər feysbuk hansısa izləyicidən şübhələnirsə, dərhal vəsiqə tələb edir. Bu halda profilinizi təsdiqləmək üçün şəxsiyyət vəsiqənizin skanını tətbiqin müvafiq bölməsinə yükləməlisiniz. Bir çox sosial şəbəkələr istifadəçidən şübhələndiyi halda bu üsulu tətbiq edir. Şəxsiyyət vəsiqəsinin məcburi tələbi, hələ ki, heç bir sosial media platformasında yoxdur. Dövlətlərin kənar müdaxiləsi texniki cəhətdən mümkün deyil".

F.Pərdəşünas bildirib ki, TikTok-un bloklanması mövcud problemin çıxış yolu deyil: "Əslində, TikTok kifayət qədər səviyyəli platformadır. Hazırda bir çox məşhur brendlər, yaxud dövlət qurumları TikTok istifadəçisidir. Azərbaycanda da ən çox izləyicisi olan sosial platforma məhz TikTok-dur. Sadəcə, cəmiyyətin reallıqlarını, düşüncə tərzlərini daha sərt şəkildə göstərdiyinə və sürətlə yayımladığına görə, bu platformaya aqressiya var. Digər platformalarda sadə insanlar tez bir zamanda məşhur olmadıqları və bunun üçün xüsusi ödənişlərin zəruri olduğu halda, TikTok pulsuz şəkildə imkan verir ki, istifadəçilər özlərini pul ödəmədən göstərə bilsinlər. Əgər bir problem mövcuddursa, bunun səbəbi TikTok-da yox, cəmiyyətdədir. TikTok-un əlamətləri digər cəmiyyətlərdə tamamilə başqa məzmun ehtiva edir. TikTok-a qarşı hansısa bloklanma effektiv olmayacaq, çünki bu addım həmin insanların düşüncəsini dəyişməyəcək. TikTok olmasa belə, onlar başqa platformadan istifadə edərək özlərini büruzə verə biləcəklər".

Texnoblogerin TikTok-un alqoritmi ilə bağlı fikirlərindən belə qənaətə gəlmək olar ki, sözügedən platforma ödənişsiz şəkildə canlı yayımları, müxtəlif videoları daha çox insana təqdim etdiyinə görə dayaz düşüncəli insanlar üçün bu proqram daha geniş yollar açıb. Təbii ki, xüsusi funksiyalarla təchiz olunmuş bir sosial şəbəkə yükləndiyi andan aşağı səviyyəli paylaşımları, ifadələri paylaşmağı təlqin edə bilməz. Görünür, TikTok-un daha geniş imkanlarına cəmiyyət olaraq hazır deyilmişik.

Təhsil eksperti Elçin Əfəndi "525"ə açıqlamasında bildirib ki, xüsusən, məktəblilərin TikTok-dan istifadəsi onların təhsil göstəricilərinə mənfi təsir göstərir: "Azərbaycanda TikTok-un 6 milyon istifadəçisi var. Bu da o deməkdir ki, hər birimizin ailəsində, azı, bir nəfər həmin platformaya daxil olur. Onların içində TikTok-dan təyinatı üzrə istifadə edənlər də mövcuddur. Müxtəlif şəxslər qarşılarına maarifləndirmə yönümlü məqsədlər qoyublar və müəyyən kütləyə xitab edirlər. Yaxud kimsə TikTok vasitəsilə şəxsi biznesinin reklamına nail olur. Təəssüflər olsun ki, bu tip şəxslər digərlərinə nisbətən, azlıq təşkil edir. Ölkəmizdə TikTok-u təyinatı üzrə yox, başqa istiqamətlərdə istifadə edən vətəndaşlar sayı daha çoxdur. Bunun da başlıca səbəbi odur ki, bu platformada canlı yayımlar zamanı müxtəlif miqdarda maddi gəlirlər əldə olunur. Belə olan halda, kiçikdən böyüyə qədər əksər insanlar TikTok-dan istifadə edib müəyyən gəlir əldə etməyə çalışırlar. Bu da oturduğu yerdə pul qazanmaq istəyən, əsasən, hansısa əmək fəaliyyəti ilə məşğul olmayan, "Ver yeyim, ört yatım, gözlə canım çıxmasın" düşüncəsi ilə yaşayan şəxslər üçün yaxşı "fürsətdir". Həmin şəxslər canlı yayımlar zamanı milli-mənəvi dəyərləri nəzərə almadan onları izləyən kütləni mənəvi deqradasiyaya məruz qoyurlar. Bununla bağlı dövlət tərəfindən müəyyən addımların atılması zəruridir. Bilirsiniz ki, bəzi şəxslər Vətən müharibəsi zamanı reytinq xatirinə, özlərinin piarı naminə TikTok-da paylaşılması yolverilməz olan görüntüləri yayaraq dezinformasiyaları tirajlayırdılar. Həmin dövrdə Dövlət Təhlükəsizlik Xidməti və digər qurumların birgə səyi nəticəsində, sözügedən platformaya müəyyən məhdudiyyətlər qoydular. Buna baxmayaraq, bəziləri digər tətbiqlərin vasitəsilə başqa ölkələrin İP ünvanlarından istifadə edərək TikTok-a daxil ola bilirdilər. Təbii ki, TikTok istifadəçiləri arasında azyaşlılar da var və həmin platforma onların təhsil göstəricilərinə mənfi təsir göstərir. Bu səbəbdən yaxın vaxtlarda Türkiyənin təhsil naziri açıqlama verdi ki, məktəblilərin sosial platformadan istifadələrinin məhdudlaşdırılması planlaşdırılır. Zənnimcə, bu qərar bizim ölkəmizdə də müzakirə olunmalı, yaşı on səkkizə qədər olan fərdlərin, yəni şagirdlərin məhz TikTok və bu kimi platformalardan istifadəsi məhdudlaşdırılmalıdır. Təsadüfi deyil ki, azyaşlılara, məktəblilərə mənfi təsir göstərdiyindən TikTok-un bağlanması məsələsi Amerika Birləşmiş Ştatlarını konqresində də müzakirəyə çıxarılıb. Bu addımları nəzərə alıb özümüz üçün qeydlər aparmalıyıq, zaman itirmədən qərarımızı verməliyik".

E.Əfəndi qeyd edib ki, bu məsələdə çıxış yolu aidiyyəti qurumların rekasiyasından asılıdır: "Bu prosesə valideynlər də nəzarət etməlidilər. Valideynlər azyaşlı övladlarının sosial şəbəkələrə daxil olma prosesini daha yaxından izləyə bilirlər. Hətta bunun üçün xüsusi proqramlar da var. Həmin proqramlar vasitəsilə uşaqların onlara zərərli təsir göstərən tətbiqlərə daxil olması valideynlər tərəfindən məhdudlaşdırıla bilər. Bəzi valideynlərin bu mövzuda övladlarına gücləri çatmadığı üçün dövlət hərəkətə keçməlidir və məhdudiyyətlər tətbiq edilməlidir. Məktəblilərin -TikTok-a daxil olmasının qarşısını almaq üçün qeydiyyatdan keçən zaman şəxsiyyət vəsiqəsinin tələb olunması uğurlu nəticə verə bilər. Çünki şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikdə əgər yaş on səkkizdən aşağıdırsa, onların TikTok-dan istifadəsi təsdiqlənməyəcək. Eyni zamanda, bəzi şəxslər adlarını və üzlərini gizlədirək digər şəxsləri təhqiredici rəylər yazırlar. Həmin şəxslərin daha tez üzə çıxarılması üçün şəxsiyyət vəsiqəsi ilə platformaya daxil olmaq daha məqsədəuyğun hesab oluna bilər. Bu addımın tətbiqi texniki baxımdan real görünməsə də, həmin şəbəkənin idarəediciləri ilə danışıb Azərbaycan seqmenti üçün bəzi müdaxilələr barədə razılıq əldə etmək mümkün ola bilər. Əks halda, biz təhsil göstəricilərinin nə qədər aşağı düşdüyünü müşahidə edəcəyik. Eyni zamanda, məktəblilərin cinayət əməllərinə, məişət zorakılığına meylləri, milli dəyərlərə zidd addımları ilə tez-tez rastlaşacağıq.

Özünüz də şahidsiniz ki, son dövrdə valideynlərlə bərabər, onların övladları da TikTok-da canlı yayımlarda görünürlər və zaman keçdikcə "fenomenə" çevrilirlər. Bu, onların psixologiyasına zərbə vurur və həmin uşaqlar, bəlkə də, özləri də bilmədən travma alırlar, həmçinin yaşıdlarına pis örnək olurlar. İstər qız uşaqları, istərsə də oğlan uşaqları bu yolla istismar olunurlar. Bu isə insan hüquqlarının pozulması deməkdir. Bundan başqa, hazırkı dövrdə TikTok-dan istifadə edən bəzi şəxslər əxlaq prinsiplərinə əks mövqe sərgiləyirlər. Nitqlərində küçə sözləri, jarqonlar, bir sözlə, mədəniyyətdən kənar ifadələrə üstünlük verirlər. Həmin şəxsləri izləyənlər bu fikirlərin və üslubun qarşısında təsir altına düşürlər, həmin ifadələr leksikonlarında vüsət alır. Tədricən, bir nəfərin səhvi ucbatından minlərlə insan zərər çəkmiş olur. Bu məsələdə çıxış yolu aidiyyəti qurumların reaksiyasından asılıdır. Mənfi obraz yaradaraq populyarlaşan şəxslər barədə ölçü götürülməlidir. Onlarla fərdi söhbət aparılmalı, son xəbərdarlıq olunduqdan sonra növbəti dəfə bu kimi halların təkrar olunduğu təqdirdə həmin normalara zidd olan ifadə və hərəkətlərin müəllifləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Domino effekti bir çox məsələlərdə özünü göstərir. Alt şüur hansısa mənfi təsirə məruz qaldıqda insanların qərarvermə qabiliyyəti zəifləyir və bu cür xoşagəlməz hallar cəmiyyəti, bir növ, gipnoz edir. Sosial şəbəkələrin Azərbaycan seqmentini zərərli təsirlərdən arındırmaq mütləq addım kimi daim aktual olmalıdır. Ən azı, bu problemlər sağlam cəmiyyət arzusunda olan hər bir kəsi narahat etməlidir. Əks halda, nəticədə ayaq üstə dayanan domino daşı tapmaq çox qəliz olacaq.

 

 





01.04.2024    çap et  çap et