525.Az

Tarixi yaddaş və vətənpərvərlik duyğusu ilə - Asif Hacılı yazır


 

NAZİR ƏHMƏDLİNİN 36 KAMERAL TƏSVİRİN 14 CİLDLİK NƏŞRİ

Tarixi yaddaş və vətənpərvərlik duyğusu ilə - <b style="color:red"> Asif Hacılı yazır</b>

Ölkəşünaslıq üzrə tədqiqatların mühüm bir sahəsi diyarşünaslıqdan, yəni ölkənin tarixən formalaşmış müxtəlif bölgələrinin tarixinin, mədəniyyətinin öyrənilməsindən ibarətdir. Azərbaycanda bu kimi regional tədqiqatların əsasının görkəmli maarifçi Firudin bəy Köçərli tərəfindən qoyulduğunu desək, yanılmarıq. Firudin bəy milli ədəbi prosesi əsasən regional prinsiplə tədqiq etmiş, ancaq türkdilli poeziyanın Məhəmməd Füzuli, Əlişir Nəvai kimi dahilərinin ümumtürk ədəbi-mədəni miqyaslı ədiblər olduğunu da vurğulamışdır.

Yeni dövrdə ədəbiyyatımızın, mədəniyyətimizin, təhsilimizin müxtəlif regional mühitləri üzrə tədqiqatlar aparılmışdır. Keçən əsrin 80-90-cı illərindən Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə başladığı müharibə regional tədqiqatların, xüsusən də Qarabağ, Qərbi Azərbaycan, bütövlükdə diyarşünaslıq üzrə araşdırmaların intensivləşməsinə səbəb olmuşdur. Azərbaycan ərazisi parçalanmış ölkə olduğundan bu tədqiqatlar elmi dəyəri ilə yanaşı, həm də milli-ideoloji əhəmiyyət kəsb etmişdir.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğal etdiyi ərazilərimiz azad edildikdən və suverenliyimiz tam bərpa olunduqdan sonra humanitar sahədə regional araşdırmaların əhəmiyyəti nəinki azalmış, əksinə, dövlətçiliyimizin yeni mərhələsində xüsusi aktuallıq qazanmışdır. Bu baxımdan "torpağımızla həmsərhəd torpaqlarımızdan" (Arif Abdullazadə) olan Qərbi Azərbaycan, Cənubi Azərbaycan ərazilərinin tarixinin, mədəniyyətinin tədqiqi vacib mədəni-ictimai və dövlətçilik məsələsinə çevrilmişdir. Bu baxımdan, AMEA-nın Folklor İnstitutunda regional folklor mühitləri üzrə toplama, tədqiqat və nəşr işinin mühüm əhəmiyyətini qeyd edə bilərik.

Lakin regional araşdırmaların, xüsusən də dövlət sərhədlərimizdən qıraqda qalan ərazilərimizin tədqiqinin başlıca zəmini həmin yerlərdə yaşayan soydaşlarımızın məskunlaşma tarixinin, etnik mədəniyyətinin, toponimlərin, demoqrafiyanın, sülalələrin araşdırılmasıdır. Bu sahədə bu vaxta qədər müəyyən araşdırmalar aparılmışdır, lakin söhbət demoqrafik vəziyyətdən, yaşayış məskənlərindən və əhalinin tərkibindən gedirsə, tədqiqatlar ilk növbədə rəsmi sənədlərə əsaslanmalı, mötəbər mənbələrlə təsdiqlənməlidir. Təəssüf ki, bu sahədə araşdırmalar bu vaxta qədər, müəyyən istisnalar nəzərə alınmasa, yetərli aparılmamış, tarixi sənədlər sistemli dərc edilməmişdir.

Bu baxımdan, vətənpərvər ziyalı, istedadlı alim və zəhmətkeş tədqiqatçı Nazir Əhmədlinin son dövrdə ardıcıl olaraq apardığı, ağır zəhmət və hərtərəfli bilik tələb edən fəaliyyətini - Rusiya imperiyası dövründə tərtib edilmiş Cənubi Qafqazdakı tarixi ərazilərimizin kameral təsvirlərinin tərcümə, tərtib, giriş mətni, qeyd və şərhlər əlavə etməklə dərc edilməsini  müstəsna əhəmiyyətə malik elmi, tarixi, siyasi, ideoloji, mədəni hadisə hesab edirəm. 

Nazir Əhmədlinin hazırlayıb dərc etdirdiyi bu kitabların dəyərini artıran xüsusi amillərdən biri odur ki, təsvir olunan ərazilərə aid sənədlərin bir çoxu hələ də ölkəmizin sərhədlərindən kənarda qalan, tarixi torpaqlarımızda yaradılmış Ermənistan Respublikasının arxiv və kitabxanalarındadır və hələlik əlçatmazdır.

Qeyd edək ki, Nazir Əhmədli üçün sərhədlərimizdən kənardakı tarixi ərazilərimiz mücərrəd anlayış deyil, onun şəxsi taleyidir. Fədakar ziyalı Nazir Əhmədli 1961-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub və sonradan erməni daşnakları tərəfindən tarixi vətən, ana yurd həsrəti ilə yaşamağa məhkum edilib. Beləliklə, ata ocaqlarımızdan olan Dərələyəz həsrəti, Qərbi Azərbaycan nisgili ümumən Bütöv Azərbaycan onun milli amalına çevrilib. Dərələyəzdən başlayan bu idrak yolu onun elmi fəaliyyətində, yaradıcılığında mühüm yer tutan kameral təsvirlərdə vətənimizin qıraqda qalan digər yurdlarına - Göyçə, İrəvan, Şəmsəddil, Zəngəzur, Zəngibasar, Gərnibasar, Qırxbulaq ma-hallarına və Elatlarına uzanıb, Dərbənd, Borçalı, Axısqa, Naxçıvan, Şərur, Qarabağ, Qazax, Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpibasar, Abaran mahallarını əhatə edib. 

İri həcmli, bəziləri bir neçə cilddə olan (İrəvan əyalətinin kameral təsviri 5 cilddədir) bu kitabların müasir meyarlarla hazırlanıb dərc edilməsi son dərəcə mürəkkəb, ağır zəhmət və vaxt tələb edən gərgin araşdırmaçılıq işidir. Qədim toponimlərin və şəxs adlarının tərcüməsi, yeni əlifbaya transliterasiyası, digər materiallarla tutuşdurulması müəllifdən həm dərin tarixi-filoloji bilik, həm də zəhmətkeşlik tələb edir. Nəzərə alsaq ki, bu kitablardakı məlumatlar ermənilərin bir çox saxtakarlıqlarını ifşa edir və onların iddialarını puça çıxarır və buna görə də onların diqqətini cəlb edəcəkləri şübhəsizdir, bu işin nə qədər məsuliyyətli olduğu aydın olar.

Nazir müəllimin bu silsilədən bu yaxınlarda nəşr etdirdiyi kitablar Axısqaya və Borçalıya həsr olunub. Tarix boyu gürcü qardaşlarımızla sülh və müttəfiqlik şəraitində yaşadığımız bu ərazilərdə Azərbaycan və Axısqa türkləri qədimdən yaşamışlar. Lakin 1944-cü ildə Axısqa türkləri Stalin rejimi tərəfindən yurdlarından sürgün edilmişdir. Borçalılar hazırda öz tarixi yurdlarında tam hüquqlu vətəndaşlar kimi yaşamaqdadırlar, ümumi vətənləri olan Gürcüstanın inkişafına öz töhfələrini verməkdədirlər. Ulu öndər Heydər Əliyevin Gürcüstanda soydaşlarımızla görüşdə vurğuladığı kimi, onlar diaspora deyil, yaşadıqları torpaqların köklü sakinləridir. 

Təəssüf ki, sovet dönəmində və sonralar qonşu ölkələrdəki azərbaycandilli toponimlərin böyük bir qismi dəyişdirilmişdir. Nazir  Əhmədlinin Borçalı nahiyəsinə aid 1860-cı ili əhatə edən kameral təsviri tarixi həqiqəti, coğrafi adların əslinin aşkarlamaq və bərpa etmək baxımından böyük əhəmiyyətə malikdir.

Onu da deyək ki, Nazir Əhmədlinin qələmindən tək tarixçilər deyil, filoloqlar üçün də böyük əhəmiyyəti olan əsərlər çıxıb - "Azərbaycan aşıqları və el şairləri arxiv sənədləri ilə" adlı dəyərli kitabı filologiyamızı gerçək sənədlərlə zənginləşdirən mənbədir.

Nazir Əhmədlinin dərc etdirdiyi XIX əsrə aid kameral təsvirlərin elmi, milli-mənəvi dəyəri misilsizdir. Əvvələn, bu kitablar Azərbaycan türklərinin və ümumən oğuz və qıpçaq türklərinin Cənubi Qafqazda məskunlaşması və avtoxtonluğu məsələsinin öyrənilməsində dəyərli sənədli məxəzdir. İkincisi, coğrafi və şəxsi adlarının filoloji baxımdan tədqiqində buradakı materiallar böyük rol oynaya bilər. Üçüncüsü, türklərin məskunlaşdığı coğrafi arealların, yəni tarixi yurdlarımızın tədqiqi üçün bu kitablarda həm toponimik, həm də demoqrafik əhəmiyyətli zəngin material var. Dördüncüsü, hər bir xalq və hər bir ailə, hər bir nəsil öz tarixi ilə dəyərli olduğundan bu kitablar bir çox nəsil şəcərələrinin bərpasında mötəbər mənbə olacaq.

Təəssüf ki, sovet dönəmində nəsil, sülalə anlayışları, xüsusən ziyalı, zadəgan nəsillərini adları bir kateqoriya kimi silinir, yaddaşlardan çıxarılır, sovet insanı şüuru formalaşdırılırdı. Halbuki xalqın dövlətçilik ənənəsinin, mədəniyyətinin, müəyyən coğrafiyada avtoxtonluğunun əsas göstəricilərindən biri məhz ziyalı və zadəgan sülalələrin mövcudluğundan ibarətdir. Belə sülalələri olmayan xalqın qədim dövlətçiliyi və tarixi də olmur. Nazir  Əhmədlinin təqdim etdiyimiz kitabları Azərbaycanın tanınmış kübar, ziyalı, ağa-bəy nəsillərinin, eləcə də bir çox insanların öz əcdadları haqqında məlumat almasına, məşhur xadimlərin şəcərəsinin bərpasına və bununla da milli tariximizn daha əhatəli mənzərəsinin yaranmasına da kömək edə biləcək məxəzdir.

Bu baxımdan bir faktı diqqətə çatdırmaq istərdim. Borçalı və Axısqa-Axılkələk əraziləri tarixən türklərin yaşadığı məskənlər olmuş və buralarda bir çox kübar, ziyalı nəsillər, ağalar, bəylər yaşamışdır. Bu qənaəti 1828-ci ildən sonra türk əhalisinin böyük əksəriyyətinin çıxarıldığı və yurdlarına ermənilər yerləşdirildiyi Axılkələk mahalı haqqında Rusiya mənbələrində verilən məlumat təsdiqləyir. 1887-ci ildə Axılkələkdə əhalinin silklər üzrə tərkibi türklərin burada əsilli-köklü xalq olduğunu sübut edir: 59.496 nəfərdən dvoryanlar  - 5, xan, bəy və ağalar - 253, ruhanilər - 1.053, meşanlar - 21, kəndlilər - 58.147, sahibkar kəndlilər - 116, istefada və ehtiyatda olan aşağı rütbəli məmurlar - 17 (Brokhauz-Efron, SPb., 1890, t. II, s. 526).

Göründüyü kimi, ermənilərin ümumi sayda süni şəkildə artırıldığı bu ərazidə müsəlman əsilzadələrin sayı - 253, xristian dvoryanların sayı - 5 nəfərdir. Bu 5 nəfərin bəziləri də rus ordusunda xidmət edən hərbçilər olub. Artıq bu fakt özü ermənilərin Qərbi Azərbaycanda, Axısqa və Borçalıda yerli xalq olmadığını, türklərin bu ərazilərin tarixi dövlətçilik ənənələrinə malik köklü sakinləri olduğunu göstərir.

Bu kitabların ərsəyə gəlməsi prosesi ümumən ağır zəhmət tələb edən proses olmuşdur. Dəyərli alimimizin 2024-cü ildə dərc olunmuş 536 səhifəlik "Şərur-Dərələyəz qəzasının kameral təsviri. 1873-cü il" adlı bu silsilədən 17-ci kitabına yazdığı MÜƏLLİFDƏN"  adlı müqəddimə yazısı Nazir  Əhmədlinin milli amallı fədakar elmi fəaliyyətinin oxucuların sezmədiyi cəhətlərini aşkarlayır.

Nazir müəllim oxucusuna belə bir həqiqəti çatdırır: "Bu kameral təsvirlər Rusiya işğalından sonra itirdiyimiz vətən torpaqlarının Azərbaycan türklərinə məxsus olduğunu göstərən mülkiyyət kağızıdır, tapu sənədidir, bu torpaqların pasportudur. Hazırda Ermənistan Respublikasının ərazisində qalan İrəvan xanlığı, Naxçıvan xanlığının Dərələyəz mahalı, Zəngəzur qəzasının 60, Qazax qəzasının 45 faizinin, Dərbəndin, Borçalının Vətən torpaqları olduğunu sübut edən rəsmi dövlət sənədləridir".

Eyni zamanda digər bir gerçəyi də bildirir: "Kameral təsvirləri heç kimin maddi və təşkilatı yardımı olmadan əldə etdim və nəşrə hazırladım, 17 kameral təsvir kitabından 14-nü də ailə büdcəmin hesabına nəşr etdirdim. İrəvan əyalətinin 5 cildlik kameral təsvirinin 2-ci cildi A.A.Bakıxanov  adına Tarix İnstitutunun, "Axısqa qə-zası Xertvis nahiyəsinin kameral təsviri" kitabı Dünya Axısqa Türkləri Birliyinin, "Borçalı nahiyəsinin kameral təsviri. 1860-cı il" kitabı şöbə müdiri olduğum Atatürk Mərkəzinin vəsaiti ilə nəşr olunub və buna görə akademiklər Y.Mahmudova, N.Cəfərova və Dünya Axısqa Türkləri Birliyinin başqanı Z.Kasanova təşəkkürümü bildirirəm".

Bu materialların arxivlərdən əldə edilməsi özü belə bəzən xarici ölkənin mənsəb sahiblərinin müqavimətini dəf etməklə, mənəvi-psixoloji əzab və maddi məsrəflərlə bağlı bir məsələ olub və bunu da hörmətli alim öz ziyalı ailə büdcəsi hesabına həll edib. Nazir müəllim bütövlükdə bu günə qədər əldə etdiyi 36 kameral təsviri 14 cilddə dərc etdirmişdir.

Nazir müəllimin qeydlərinə qoşularaq, əminliklə deyirəm ki, şəxsi fədakarlığı, onun illərlə çəkdiyi zəhməti hesabına əldə edərək çap etdirdiyi kameral təsvirlər, xüsusən, Ermənistan Milli Arxivində saxlanan qaynaqlar dövlət əhəmiyyətli mənbələrdir, onların köməyi ilə siyasətçilərimiz, diplomatlarımız hazırda Ermənistanda qalan əzəli torpaqlarımızın Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək üçün danılmaz faktlar əldə edəcəklər.

Nazir  müəllim bu gün də milli amallar, vətənpərvərlik idealları ilə yazıb-yaradır, onun səriştəsi, təcrübəsi, bu sahədə zəngin biliyi imkan verir ki, o, müəyyən dəstək olarsa, Moskva, Peterburq, Tiflis arxivlərində ümummilli əhəmiyyətli araşdırmalarını davam etdirsin.

Minnətdarlıq hissi bildirmək istərdim ki, Nazir Əhmədlinin xidməti dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və o, Ümummilli liderin xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Vətənpərvər alimimizə milli mündəricəli, dövlətçilik amallı şərəfli fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram.

 





02.04.2024    çap et  çap et