525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Bir həftə sonra mən bahalı paltarda və dikdaban tuflidə daha gözəl görünmək üçün varlı bir kişinin məşuqəsi rolunu oynayırdım, həddən çox cəhdimə görə təkcə məşuqumun deyil, tamaşaçı kişilərin də çoxunun yatmış hisslərini oyatmağa müvəffəq olmuşdum. Bir müddətdən sonra isə ahıllar evində qoca, güclə hərəkət edən qadın rolunda idim. Bu qadın əvvəlki illərdə malik olduqlarından çox şeyi itirmişdi, lakin şəxsən özünə məxsus olan bir xüsusiyyətini qoruyub saxlamışdı, bu da onun sevib, sevilmək istəyi idi. Ona görə də əlil arabasında gəzən bir nisbətən yaraşıqlı kişi ilə dostluq edir, onunla mazaqlanırdı. Ahıllar evində söhbət gəzirdi ki, onlar evlənməyə hazırlaşırlar. Həmin üç tamaşaya baxmış bir nəfər mənə yazmışdı ki, proqramda səhvə yol vermişlər, müxtəlif ifaçıların əvəzinə sizin adınızı yazmışlar. Bu, sizə qarşı hörmətsizlikdir, niyə etiraz səsinizi qaldırmırsınız? Axı başqalarının əməyini mənimsəmək sizə şöhrət gətirmir, əksinə, haqqınızda pis fikir yaradır. Bu məktub məni qəzetlərdə gedən təriflərdən daha çox sevindirdi, deməli, mən təəccüb doğuran qaydada başqa qaydaya düşməyi, bir təcəssümdən asanlıqla başqasına keçməyi bacarıram.

İllər keçir, biz yaşa dolurduq, artıq mən iki uşaq anasıydım. Ərimin də saçlarında ağ cığırlar əmələ gəlmişdir. Deyilənlərə görə, mən qocalmırdım. Rusların bir misalını "Malenkaya sobaçka do smerti şenok" - "Kiçik it ölənə qədər küçük kimi olur" sözlərini bütünlüklə mənə aid etmək olardı. Yəqin ki, ərimə, uşaqlarıma və teatra sevgim də, bir güclü motiv kimi məni sürətlə qocalmaqdan qoruyub, saxlayırdı. Balaca boyum elə bir yaşa dolmaq nişanəsini də büruzə vermirdi. Səhnə isə məni istədiyi kimi dəyişdirə bilirdi, axı teatr mənim ikinci həyatıma çevrilmişdi, ərimə, uşaqlarıma qızğın məhəbbətim də mənim səhnəyə olan sarsılmaz münasibətimi kölgə altına sala bilməmişdi.

Rafiq bir dəfə qızımız Saranı səhər tezdən kilsə zənginə bənzəyən ispan milli paltarında görəndə,  heyrətini gizlədə bilməyib, ondan soruşdu?

- Sara? Səndəmi aktrisa olmaq istəyirsən, bu rəqqasə geyimi nədir?

Sual Yuli Sezarın Senatdakı ona olan sui-qəsd vaxtı dediyi məşhur "Et tu, Brut?" - "Səndəmi, Brut?" müraciətini yada salırdı.

Mən irəli gəlib, cavab verdim:

- Məktəbdə son zəng təntənəsi keçiriləcəkdir, qızlara "Flamenko" rəqsini hazırlamağı tapşırıblar. Sara da rəqs etməlidir.

Sonra Sara söhbətə qarışdı:

- Ata, sən bilirsən ki, mənim arzum həkim olmaqdır. İspan rəqsi də mənim qərarımı dəyişə bilməz. Nəslimizdə mən ilk həkim olmaq istəyirəm. Bu, mənim yeganə arzumdur.

Saranın özünə güvənmək tonundakı danışığı söhbətə son qoydu.

 

Xoşbəxtlik anlarında əhval-ruhiyyəm korlanır

 

Mən öz təcrübəmdə belə qənaətə gəlmişdim ki, xoşbəxtliyin ömrü gödək olur, onda ötən anlar bir andaca keçmişin ixtiyarına keçir. Xoşbəxt ömür yaşadığım bir dövrdə də gözlənilmədən, birdən-birə məni bədbəxtlik təsadüfi yaxaladı.

Bir dəfə axşamüstü maşında teatra getdiyim vaxt, səkidə səndələyə-səndələyə yeriyən, üz-gözünü tük basmış, qoca bir adam diqqətimi cəlb etdi. Mən sürücüyə sürəti azaltmağı xahiş etdim, bunu onunla əsaslandırdım ki, yüksək sürətdə ürəyim bulanır, özümü pis hiss etməyə başlayıram. Maşın yavaş-yavaş gedəndə, küçədəki o adama daha diqqətlə baxıb, onun köhnə sevgilim Fərhad olduğunu tanıdım. Ancaq inana bilmirdim ki, 10-12 il ərzində o, bu qaydada dəyişmiş, bu qəddi-qamətli, sərv boylu adamın beli bükülmüşdür. Ancaq onu hərtərəfli seyr etdikdən sonra yanılmadığım qənaətinə gəldim. Mən maşını saxlatdırıb, onunla görüşməyə cəsarət etmədim. Sürücü bunu anlamazdı və hadisəni ərimə çuğulçuluq qaydasında deyə bilərdi. Sürücülər bu yolla öz şefinə necə sədaqətli olduqlarını bildirmək istəyirlər. Ona görə də tanıdığım piyadanı ötüb-keçdik və teatr binasına girəndə Fərhadın görünüşü məni düşünməyə, fikrə dalmağa məcbur etdi. Axı olduqca nikbin təbiətli, gülərüz, həyatın çətinliklərini də yaxşı dərk edən bu insan niyə bu günə düşmüşdür, hansı fəlakət onu bu vəziyyətə salmışdır. Qərara gəldim ki, nə olursa olsun, mən Fərhadı tapmalı, onun dərdindən hali olmalı, imkanım daxilində ona kömək etməliyəm. Bu, təkcə mənim vaxtilə çox sevdiyim insan qarşısında borcum olmaqla yanaşı, onun, vaxtilə məni ölümdən xilas etməsinə bir cavab olmalı idi.

Bir yay günü biz Fərhadla Bilgəhdə istirahət etmək üçün çimərliyə getmişdik. Fərhad soyunub plyaj paltarını geyinənə qədər mən artıq özümü dənizə atdım və üzməyə başladım. Birdən-birə mən batdığımı hiss etdim. Kömək barədə qışqırırdım. Mən Xəzərdə tez-tez rast gəlinən quyuya düşmüşdüm və quyu bədənimi aşağıya doğru dartırdı. Sahildəkilər qışqırığı eşidib, kömək üçün əlləri ilə mənim batdığımı göstərdilər. Hamıdan əvvəl Fərhad məni xilas etməyə cummuşdu və güclü qolları ilə məni qucaqlayıb quyu çuxurundan aralamışdı. Mən özümü itirmişdim, çoxlu su udmuşdum. Sevgilim mənə dəniz sahili mühafizəçisi kimi professional kömək göstərmiş və bir qədər sonra mən özümə gəlmişdim.

Beləliklə, Fərhad məni ölümün pəncəsindən xilas etmişdi və onun fədakarlığını mən ömrüm boyu unuda bilməzdim.

Mən Rafiqin qarşısında tam səmimi olmaq üçün ona keçmiş sevgilim və onun məni xilas etməsi barədə hələ ilk görüşlərimizin birində danışmışdım. O, mənim etirafıma sakitcə qulaq asıb, olub-keçənlərə elə bir reaksiya verməmişdi. Axı o, anlayırdı ki, mən az qala gənclik dövrümü də arxada qoymağa yaxınlaşmışdım, balaca qız uşağı kimi qala bilməzdim. Gənc qızın bir insan kimi müəyyən istəkləri və bunlardan yaranan hissləri vardır. Mən gizlətmirəm, ərə getmək, ailə qurmaq istəyirdim, çox sayda tənha qalmış qoca aktrisaların səhvlərini təkrar etmək istəmirdim, sadəcə olaraq, ailə xoşbəxtliyinə nail olmağa can atırdım. Ona görə də uğursuz eşq macərasını da yaşamışdım. Lakin həmişə ehtiyatlı hərəkət etmişdim, ona görə də taleyimə xələl gətirən həmlədən həmişə uzaq olmuşdum. Mən insan idim, insana xas olanlar mənə heç də yad deyildi. Lakin hisslərimin gur şəkil almasına yol verməmişdim. Möhkəm iradəm daim məni idarə etmişdi. Ona görə də gələcəyimə təsir edəcək heç bir səhv buraxmamışdım, belə bir səhvi, mən Napoleonun dövründə Fransanın polis naziri olmuş Jozef Fuşe kimi cinayətdən betər hesab edərdim. Mən öz mənəviyyatımı, ruhumun və bədənimin saflığını qoruyub saxlamışdım və axırıncını ilk toy gecəsi, fateh kimi mənim həyatıma və qəlbimə daxil olmuş, qanuni ərim Rafiqə təslim etdim. Güman edirəm ki, İisus Xrist demişkən heç bir günah işlətməyənlərin də, əgər belələri varsa, mənə daş atmağa haqqı yoxdur. Rafiq, ona məxsus iti şüuru ilə bunları anlayırdı və ona görə də məni görünməmiş sevgi tufanına məruz qoymuşdu. Və mən həqiqi xoşbəxtliyə çatdığım qənaətinə gəlmişdim. Bizim birgə sevgimiz o qədər güclü idi ki, keçmişdə baş verən hansısa bir an və ya başqası ilə yumşaq və ötəri sevgi macərasını da yuyub təmizləməyə qadir idi. Zaman təkcə əlini qana bulayanların günahını təmizləyə bilmir, baş vermiş hansısa sadə tərzdəki mənəvi yaxınlığı və ya sadə bir ünsiyyət təsadüfünü bağışlaya, unutdura bilir. Rafiqin arxivi araşdırmaq meyli yox idi, mənim ürəyimi və bütün həyatımı ona həsr etməyim onun üçün nəinki kifayət idi, bunu hətta özü üçün bir müqəddəs mükafat sayırdı.

Biz təkcə bir-birimizi qızğın məhəbbətlə sevmirdik, həm də artıq təcrübəli ər-arvad olmaqla, iki uşağımızın valideynləri idik. Onu da səmimi etiraf edirəm ki, mən Fərhadı heç vaxt Rafiq kimi belə qızğın məhəbbətlə sevməmişdim, sonuncu ilə tanışlığın ilk günündən iki bədən bir ruha malik idi, bu bədənlər də toydan sonra ehtiras zirvəsində qovuşmuşdu. Keçmişin ən böyük qüsuru, qəbahəti də bizim sevgimizə xələl gətirə, onu hədəf seçə bilməzdi, əslində isə heç onlar olmamışdı. Biz sadəcə ər-arvad deyildik, bir-birimizə olduqca bağlı olmaqla, həm də sədaqətli məşuqlar idik. O, mənim səhnədə aktyor tərəfindən qucaqlanmağımı, ehtirasla öpülməyimi də adi hal kimi, səhnənin qəribə xüsusiyyətlərindən biri kimi qiymətləndirir və bunlara görə heç vaxt pərt olmurdu. O, dəfələrlə demişdi ki, hansı aktyor səni öpüb, ağılsızlığı hesabına bundan qarşılıqlı hiss umsa belə, bunun əbəs cəhd olacağına mən şübhə etmirəm. Çünki yaxşı bilirəm ki, sənin bədənin də, ürəyin də mənə məxsusdur, başqa heç kəs onlara yaxın düşə bilməz.

O, təcrübəli bir kişi kimi bilirdi ki, prima nostanı - ilk intim yaxınlığı İzolda təkcə öz namusu kimi deyil, həm də ona elə bil ki, özünün qeyri-adi duyğusu ilə əziz hədiyyə kimi qoruyub saxlamışdır. Bu, ilk toy gecəmizin kulminasiya nöqtəsi idi. Biz birgə sədaqətimizlə bir-birimizə qarşı inamımızı möhkəmləndirmişdik. Mənim barəmdə yayılan şayiələrə də əhəmiyyət vermirdi, paxıl adamların bu danışığını ağcaqanad vızıltısına bənzədirdi. O, aktrisaya evlənməyə tam şüurlu qaydada qərar verəndə, hansısa səhnə macəralarının mövcud olacağını və heç bir əsas olmadan şayiələr, ürək bulandıran söhbətlər yaranacağını da nəzərə almışdı. İlk toy gecəsində isə bizim təkcə ruhumuz deyil, bədənlərimiz də birləşib, vahid varlığa çevrilmişdi. Hər ikimiz eyni qaydada həzz alır və eyni dərəcədə xoşbəxt idik.

 

Xəstə və bədbəxtlik basmış Fərhadın Bakıya qayıdışı

 

Fərhadın Bakıya gəlişi, xüsusən onun bu vəziyyətə düşməsi məni çox həyəcanlandırmışdı və mən nə olursa olsun, onu tapmağı, ona kömək əli uzatmağı qərara aldım. Rafiqin mənə olan məhəbbətində anlaşılmazlıqlar, çapıq da əmələ gələ bilərdi, o, keçmiş sevgilimin neçə illər sonra bərpası variantı barədə də düşünə bilərdi. Və sonra daha xoşagəlməz hadisələr baş verə bilərdi. Bunlar mentalitetimizə görə mümkün idi, lakin mən öz qərarımda qəti idim, Fərhadı tapıb, onun başına gələnlərdən hali olmalıydım.

Sabahısı gün mən başım ağrıdığına görə şəhərə çıxmayacağımı sürücüyə bildirdim. Sonra taksi çağırıb Fərhadın əvvəllər yaşadığı küçəyə yollandım. Taksini buraxıb, vaxtilə onun mənə tanıtdığı bu küçə ilə addımlamağa başladım. Fərhadın evinin yanına çatdım, özü kimi nimdaş geyinmiş üç-dörd nəfərlə söhbət etdiyini gördüm.

Mən uzaqdan onu müşahidə edirdim. 30-40 dəqiqədən sonra onunla söhbət edənlər dağılışdılar və o, tək qaldı. Mən ona yaxınlaşdım və adını çağırdım. O, diksinən kimi oldu və diqqətlə baxıb məni tanıdı.

Mən ondan niyə bu vəziyyətdə olduğunu soruşdum. O, danışmaq istəmirdi, mən çox təkid etdikdən sonra, güclə adımı yadına salıb dedi:

- İzolda, mən qəzetlərdən sənin taleyinin uğuru barədə hər şeyi bilirəm, buna çox sevinmişdim. Bilirəm ki, sevdiyin və imkanlı olan ərin, uşaqların vardır, sən ehtiyac daşını birdəfəlik atıb, ondan uzaqlaşmısan, hətta anana da maddi köməklik göstərirsən.

Mən onun sözünü kəsib heç də vəziyyətimin yaxşı olduğunu eşitmək istəmirdim, özü haqqında danışmağını xahiş etdim. İsrarımı nəzərə alıb, aramla, nəfəsi tutula-tutula danışmağa başladı:

- Mən o vaxt sənə də xəbər vermədən Rusiyaya, sonra isə Türkiyəyə getdim, burada məni lazımınca qiymətləndirmədiklərinə görə inciyib, Bakını tərk etmişdim. İstanbulun mənim yaralarımı sağaldacağına çox əmin idim və güman edirdim ki, ən uzağı, 2-3 ilə qayıdaram, yenə təzə bir truppa yaradaram. Mənə İstanbulda çox şey vəd etmişdilər, həmin adamları mən yaxın dost hesab edirdim. Az sonra yanıldığımın şahidi oldum, həmin dostların, onların içərisində azərbaycanlılar da var idi, mənim zəngimə də cavab vermirdilər. Mən işləmirdim, yaşamaq üçün param yox idi. Həmin dostlar mən ac qalanda, mənə bir tikə çörək vermək də istəmirdilər. İstanbulda isə pullu adamlara daha böyük sitayiş edirlər, imkansızları isə bəzən dünyanın ən bədbəxt adamı hesab edib, onlara əl uzatmaqdan daim yayınmağa çalışırlar. Bircə iftar axşamları xərc çəkmədən qarnımı doldururdum.

 (Ardı var)  

 





03.04.2024    çap et  çap et