525.Az

Müəllim hazırlığı - dövrün aktual ictimai məsələsi


 

Müəllim hazırlığı - dövrün aktual ictimai məsələsi<b style="color:red"></b>

Dünya təcrübəsi göstərir ki, bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir, burada da əsas və həlledici sima təhsilverəndir - müəllimdir. Bəs qarşısına təhsilimizi keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabət qabiliyyətliliyinə görə dünyanın aparıcı təhsil sistemlərindən birinə çevirmək vəzifəsi qoyulmuş müəllimlərin hazırlıq və peşə-ixtisas səviyyəsi qənaətləndiricidirmi?

Yadımdadır, hələ 2010-cu ildə Təhsil Şurasının sessiyasında təhsil müəssisələrində işləyən müəllimlərin yarıdan çoxunun peşə-ixtisas səviyyəsinin günün tələblərinə cavab vermədiyi yüksək səviyyədə etiraf edilmişdi.

Düzdür, bu gün məktəblərimizdə yüksək peşə-ixtisas və ümumi mədəni səviyyəyə, peşəkarlıq səriştəsinə malik, ömrünün çoxunu evində yox, məktəbdə keçirən, ürəyini uşaqlara verən minlərlə fədakar müəllim işləyir. Ağır vəziyyətə düşən təhsilimiz hələ ki onların çiyinlərində durur. Amma bunların sayı yetərincə deyil.

İndiyədək bir sıra işlər görülsə də, müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi tam səmərəli və qənaətləndirici nəticə verməyib. Ona görə də təxirə salmadan yeni müəllim hazırlığı və mövcud müəllim korpusunun keyfiyyət tərkibini yüksəltmək üçün elmi şəkildə əsaslandırılmış, peşəkarların müzakirəsindən keçmiş, reallığa və milli təhsil ənənələrinə uyğunlaşdırılmış, müasir təhsilin çağırışlarına uyğun fəaliyyət planı hazırlanmalı və icrasına başlanmalıdır. Çünki "müəllim hazırlığı sistemindəki paradoksal vəziyyət" aradan qaldırılmayınca, öz peşəsinə yararlı, pedaqoji ustalığa və yeni pedaqoji təfəkkürə sahiblənmiş gənc pedaqoqlar hazırlanmayınca, mövcud müəllim korpusunun bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblər səviyyəsinə çatdırılmayınca, təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına çatdırılmasını gözləmək sadəlövhlük olar.

Pedaqoji peşəkarlığın əsası, onun özülü ali və ya orta-ixtisas təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur.

Ona görə universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. Yaxşı olar ki, bu ixtisasa qəbul zamanı akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların da çoxunun peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdür, pedaqoji tədqiqatlar göstərir ki, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların tam formalaşması başa çatmır, bu bacarıqlar, əsasən, 5-6 ilə məktəblərdə - iş prosesində tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına ümid belə qalmır.

Bir məsələni xüsusi vurğulamaq istərdik. Müəllim hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin. Universitetlər elmi biliklərin verilməsi ilə yanaşı, gələcək kadrların pedaqoji ustalığının və zəruri kompetensiyalarının formalaşmasına, müasir təlim metodlarının və pedaqoji innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, kreativ düşüncəni inkişaf etdirən və məktəblilərin fərdi xüsusiyyətlərini nəzərə alan müasir fəal - interaktiv təlim metodlarının öyrədilməsinə, beynəlxalq və yerli təcrübələrin, müasir təhsil çağırışlarının təbliğinə, "Hafizə məktəbindən təfəkkür məktəbinə!" keçidə hazır olan kadrların yetişdirilməsinə, internaturaların təşkilinə ciddi əhəmiyyət verməlidirlər.

Hazırda ölkə universitetlərinin xeyli qismində (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Mövcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 3-4 dəfə üstələyir. Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Təklif edirik ki, müəllim hazırlığı ADPU başda olmaqla potensialı olan bir neçə universitetdə mərkəzləşdirilsin. Müəllimlik ixtisasına yüksək keçid balı tətbiq olunmalıdır. Plan doldurmaq xatirinə 150-250 balla müəllimlik ixtisasına qəbul olanların gələcəkdə təhsilimizə fayda verəcəyinə, yəqin ki, heç bu işin təşkilatçıları da inanmırlar.

Mövcud müəllim korpusunun hazırlıq səviyyəsinin yüksəldilməsi isə həm yüksək səviyyədə, həm də yerli təhsil müəssisələri səviyyəsində icra olunmalı və bir-birini tamamlamalıdır. İxtisasartırma tədbirlərinin imkanlarından daha səmərəli istifadə edilməlidir. Bizcə, belə tədbirlər ARTİ-da, digər elmi potensialı olan universitetlərdə, kolleclərdə, elmi mərkəzlərdə, tanınmış və qabaqcıl ümumtəhsil məktəblərində fəal iş prosesində təşkil edilsə, daha effektli olardı. Burada müəllimlərin ali məktəblərdə öyrəndiklərinin təkrarından, nəzəriyyəbazlıqdan, səmərəsiz slaydların və sxemlərin nümayişindən, yersiz terminlərin əzbərlədilməsindən, milli təhsil ənənələrini nəzərə almadan xarici təcrübənin tətbiqinə təkiddən daha çox, praktik işlərə, pedaqoji ustalığın inkişafına, ixtisas səviyyəsinin yüksəldilməsinə üstünluk verilməli və bu işlər müdavimlərin sifariş, maraq, təklif və ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Keçmiş RTŞ-nin nəzdində fəaliyyət göstərən, lakin RTİ-ı yarananda ləğv edilən metodik kabinetlərin fəaliyyəti ən azı ictimai əsaslarla davam etdirilməlidir. RTİ-də formalaşdırılan TDM-lər bu kabinetlərə rəhbərlik və köməklik göstərməlidir.

Müəllimlərin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi işlərinin müxtəlif "lisenziyalı" kurslara, onların  təlimçilərinə, qeyri-hökumət təşkilatlarına, qeyri-peşəkarlara həvalə edilməsi düzgün deyil. Rayonlarda "təşkil olunan" səmərəsiz təlimləri (proyektor tamaşalarını), o cümlədən, başaldadan, nəzarətsiz onlayn təlimləri yığışdırmaq lazımdır. Dövlət üçün strateji sahə olan təhsildə yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması ilə dövlət təşkilatları özləri məşğul olmalıdırlar.

Təklif edirik ki, ümumtəhsil məktəblərində pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş modellərin, innovativ təlim metodlarının və müvafiq resursların tətbiqini təşkil etmək, fənn metod birləşmələrinin fəaliyyətini tənzimləmək, yeni təlim texnologiyalarını təbliğ etmək, qabaqcıl yerli və beynəlxalq iş təcrübələrini yaymaq, pedaqoji işçilərin peşə-ixtisas səviyyələrinin monitorinqini aparmaq və sair üçün də metodiki şuraların fəaliyyəti canlandırılsın. Burada metodiki işin kollektiv formasına aid edilən konfrans, işgüzar müşavirə və konsilumlar, treninqlər, bulleten və jurnalların buraxılması, problemlər üzrə qrupların təşkili, mühazirələr, pilot məktəbləri ilə tanışlıq, innovativ təlim metodları ilə işləyən müəllimlərin iş təcrübələrinin öyrənilərək yayılması, polemikalar, proqram və layihələrin hazırlanması, radio və televiziya verilişlərinin izlənilməsi; fərdi işə aid edilən özünütəhsil, ixtisasartırma, fərdi konsultasiya, mətbuata abunə, dərslərə qarşılıqlı gediş və təcrübə mübadiləsi, ədəbiyyatlar üzərində müstəqil iş, şəxsi hesabat hazırlamaq, məktəb rəhbərlərinin təklif və tövsiyələri kimi iş formalarından səmərəli istifadə olunmalıdır. Metodiki şuraya zəngin iş təcrübəsinə malik olan müəllimlər seçilməli və onların əməyinin stimullaşdırılması nəzərdə tutulmalıdır. Bu işlərə fənlər üzrə metodbirləşmələr də cəlb edilməlidir.

Müəllim hazırlığı ilə məşğul olanlar unutmalı deyillər ki, müəllimlik yaradıcı işdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir. O, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Zəruri kompetensiyalar, müasir təlim metodları və pedaqoji innovasiyalar, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, kreativ düşüncəni inkişaf etdirən müasir fəal - interaktiv təlim formaları və üsulları və s. barədə ona ancaq təklif və tövsiyələr edilə bilər.

Hər bir müəllim zamandan geri qalmamalı, müstəqil olaraq da özünün peşə-ixtisas və ümumi-mədəni səviyyəsinin yüksəldilməsinin qayğısına qalmalıdır. Məşhur pedaqoq K.Uşunski yazırdı: "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür".

Üzərinə çox böyuk məsuliyyət, qarşısına çox mühüm strateji hədəflərin gerçəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu da hər vasitə ilə qorunmalıdır. Təəssüf ki, indi müəllim nüfuzuna ciddi zərbə vurulub, müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu mənada Kolumbiya Universitetinin professoru olmuş Jak Barze haqlı olaraq deyib: "Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir". Bu, çox təhlükəli haldır. Unutmayaq ki, "Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir" (A.Çexov). Albert Eynşteyn isə deyirdi: "Müəllimə qarşı laqeyd olmaq ölkənin intiharı deməkdir".

Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir:

Müəllim nüfuzunu qorumaq və yüksəltmək istəyənlər Ulu öndərimiz Heydər Əliyevi nümunə götürə bilərlər. O deyirdi: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətimizə görə məktəbə, müəllimə borcluyuq..."

Onu da qeyd etməyi vacib sayırıq ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən birbaşa asılıdır. Ş.Aslanın yazdığı kimi, "Müəllimlərin şəxsi xüsusiyyətləri peşənin sosial statusuna təsir edən ciddi amildir. Müəllim uşaqları sevən, onlarla ünsiyyət qura bilən, hər bir təhsilalana fərdi yanaşa bilən, onlarla dostluq etməyi bacan, eyni zamanda uşaqların psixologiyasından anlayan biri olmalıdır. Eyni zamanda, tədris etdiyi fənnin elmini yaxşı bilməli, sahəyə dair yenilikləri izləməli, tədqiqatlarını geniş tutmalıdır. Müəllim yalnız orta məktəbin tədris proqramında nəzərdə tutulanlarla kifayətlənməməlidir. Müəllim, biliyi, düşüncəsi və peşəsində usta olması baxımından şagirdləri üçün nümunə olmağı bacarmalıdır. Zamandan geri qalmayan, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər". 

Bizcə, məktəblərdə peşə-ixtisas səviyyəsi aşağı olan, öz üzərində işləməyən, yuxarıda da dediyimiz kimi, "başgirləyən", haqqında şagird, müəllim və valideynlər arasında mənfi rəy formalaşmış, fədakar müəllim adına ləkə gətirən "müəllimlərdən" sertifikasiya yolu xilas olmaq ən ədalətli yoldur. Belə "Biliksiz müəllimlər susuz bulağa, işıqsız lampaya bənzərlər". (Y.A.Komenski). 

Müəllimlərin nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi üçün ayrıca dövlət proqramının qəbul edilməsi və onların dövlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi nüfuzu aşağı düşməkdə olan təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu, həm fəaliyyət göstərən müəllimlərin əməyini güclü şəkildə stimullaşdırar, həm "müəllim peşəsinin çətin və ağır olması ilə yanaşı, az maaşlı olması" düşüncəsinə, "müəllimlik qadın peşəsidir" stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yüksəldər, həm də savadlı, istedadlı və müasir düşüncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.

Üzərinə çox böyük məsuliyyət, qarşısına çox mühüm strateji hədəflərin gerçəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Daha doğrusu, müəllimlərə göstərilən diqqət və qayğı daha da artırılmalıdır. Yeni qaydalara görə, bir qrup müəllim və məktəb rəhbərinin əmək haqqında yaranmış artım minnət qoyulmuşcasına başa qaxılmamalıdır. Unutmayaq ki, müəllimlərin yetişdirdiyi deputatların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından dəfələrlə çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş: "Elə edin ki, öyrətmən (müəllim) maaşını keçməsin". Ulu öndərimiz H.Əliyev də deyirdi: "...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir..."

Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin maarif və dini etiqad naziri  N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: "Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz".

Birdəfəlik bilməliyik ki, müəllimin hazırlıq səviyyəsi və işinin səmərəsi daha çox bu diqqət və qayğıdan asılıdır. Belə bir qayğı isə müəllimin halal haqqıdır. Çünki o, cəmiyyətin memarı və təhsil sistemində əsas sima - həlledici şəxsdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda dediyi kimi, "...fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

 

 





04.04.2024    çap et  çap et