525.Az

Azərbaycanın üzləşdiyi mina terroru 


 

Azərbaycanın üzləşdiyi mina terroru <b style="color:red"></b>

Aprelin 4-ü bütün dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunub. Bu gün bir daha Azərbaycanın hazırda qarşılaşdığı ən ağrılı və aktual problem olan mina terrorunu gündəmə gətirmiş oldu. Azərbaycan ərazisi dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistan torpaqlarımızı işğalda saxladığı 30 il ərzində ərazilərimizi tamamilə minalarla çirkləndirib. Eyni zamanda, İkinci Qarabağ müharibəsi və ondan sonra da minalarla çirkləndirməni davam etdirib.

İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb.

Ermənistanın mina terroru nəticəsində demək olar ki, hər gün dinc insanlarımız həyatlarını itirir, yaxud ağır bədən xəsarətləri alırlar. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357 nəfəri uşaq, 38 nəfəri isə qadınlardır. Məlumdur ki, münaqişə bitdikdən sonra Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Belə ki, 2021-ci il Ermənistan istehsalı olan və piyadalar əleyhinə minlərlə mina aşkar edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda da vurğulanıb ki, 44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. Bunlar, həmçinin Ermənistan tərəfindən verilən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Hazırda Azərbaycan dövləti azad edilmiş ərazilərdə geniş bərpa quruculuq işləri aparır. Bəzi yaşayış məntəqələrində məskunlaşma həyata keçirilib. Dövlət üçün əsas məsələ insanların tez və təhlükəsiz qayıdışıdır. Amma mina təhlükəsi həm də bərpa və yenidənqurma işlərini, eyni zamanda insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, onların həyat və sağlamlığına ciddi təhdid yaradır. Azərbaycan bu problemlə də demək olar ki, təkbaşına mübarizə aparır. Belə ki, minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur.

Ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Məhz onun strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA yaradılıb. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur.

Azərbaycan həm də qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə töhfə verir. 2023-cü ilin mayında Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfransın keçirilməsi mühüm əhəmiyyətə malik idi.

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində deyib: "Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır".

2023-cü ildə Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edib. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyində Azərbaycanın təşəbbüsü ilə humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb.

Yenə Bakının təşəbbüsü ilə UNESCO silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının xüsusi bir istiqaməti kimi, minaların mədəni mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə qəbul edib.

Göründüyü kimi, Azərbaycan mina problemi ilə həm daxildə ciddi iş aparır, eyni zamanda beynəlxalq müstəvidə bu istiqamətdə fəal təşəbbüslər, səylər irəli sürür. 

Onu da qeyd edək ki, Azərbaycan tərəfi mina xəritələrinin təqdim edilməsinə dair dəfələrlə çağırışlar edib. Təəssüf ki, Ermənistan bu məsələdə də manipulyasiya ilə məşğuldur. Bu ölkə uzun müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55 faizdən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.

Dünya birliyi, beynəlxalq təşkilatlar bu problemin, mina terrorunun aradan qaldırılmasında Azərbaycanla həmrəylik nümayiş etdirməli və güclü dəstək verməlidir.

 

 





05.04.2024    çap et  çap et