525.Az

İran niyə susur?


 

POLİTOLOQ: "İRAN GƏLƏCƏKDƏ BAŞININ BƏLASINA ÇEVRİLƏCƏK OYUNUN OYNANILMASINA ŞƏRAİT YARADIR"

İran niyə susur?<b style="color:red"></b>

Bir müddətdir Cənubi Qafqaz bölgəsi ilə bağlı təhlükəli proses gedir. İranın buna susması, hər hansı reaksiya verməməsi suallar doğurur. Söhbət ondan gedir ki, Ermənistan hazırda regionu qarşıdurmaya, böyük oyunların meydanına çevirməklə məşğuldur. Artıq ABŞ və Qərbin məhz İrəvanın əli ilə bölgəyə hesablanmış planlarını həyata keçirmək üçün ilkin addımları atdıqlarını demək olar. Belə ki, Avropa İttifaqının 40 nəfərlik missiyası iki ay müddətinə regiona gəlsə də, bu müddət başa çatdıqdan sonra Azərbaycanın razılığı olmadan onun həm müddəti uzadıldı, həm də mandatı dəyişdirilərək Aİ-nin Ermənistandakı Missiyasına çevrildi. Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik oldu.

Məlumdur ki, 5 aprel görüşündən sonra Qərbin regiona hesablanmış planları İrəvanın vasitəsilə davam etdiriləcək. Bu, özünü ABŞ və Aİ-nin regionda üçlü hərbi alyansı kimi göstərə bilər. Eyni zamanda Fransanın Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş addımları da ciddi narahatlıq doğurur, Azərbaycanın regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Artıq Rusiya da, Türkiyə də baş verənlərə münasibət bildirərək öz narahatlıqlarını bölüşüblər.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, ona zərər vurmamaq üçün ehtiyatlı davranması daha önəmlidir: "Bu kontekstdə 5 aprel - Ermənistan, Aİ və ABŞ üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur".

Vurğulanıb ki, Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə zəmin yaradacaq.

Region üçün ciddi təhdid olan bu addımların və İrəvanın Qərblə birlikdə oyunlarının İran tərəfindən susqunluqla qarşılanması onu deməyə əsas verir ki, ortada bir razılaşma var. Çünki İran İkinci Qarabağ müharibəsindən bu yana Azərbaycana qarşı düşmən siyasəti sərgiləməyə başlayıb. Ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etməsini heç cür həzm edə bilməyən Tehran, sözdə müsəlman həmrəyliyindən danışsa da, əməldə terrorçuya, işğalçıya dəstək verib. Elə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bu yaxınlarda rəsmi Parisin İranın "Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı narahatlığını bölüşür" deməsi də bir sıra mətləblərə yenidən aydınlıq gətirir. Səfir bildirib ki, İran dəfələrlə Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və Tehranın narahatlığını BMT-nin digər üzvləri də "bölüşməlidir".

Faktiki olaraq, Ermənistana yanaşmada regiona kənar qüvvələrin gətirilməsini özünün "qırmızı xətti" elan etmiş İranla regiona gəlmək istəyən Fransanın mövqeyi eynidir. Vaxtilə Zəngilanda adi fermanı hansısa ölkənin "hərbi bazası" sayan İran indi sərhədində yerləşmiş Aİ-nin - faktiki olaraq NATO-nun casus missiyasına səssiz qalır. Bunun səbəbi odur ki, İran Azərbaycan əleyhinə olan bütün layihələrdə, təşəbbüslərdə məmnunluqla yer alır.

Amma İranın siyasətinə nəzər salanda, görünən odur ki, səsləndirdiyi "qırmızı xətlərə" özü riayət etmir. Fələstində 30 mindən çox insan həlak olub, amma İran ABŞ-la oyun quraraq proseslərdən kənar dayanıb. Bunun müqabilində isə Vaşinqton sanksiya altında olan İranın neftlə bağlı maxinasiyalarına göz yumur.

Cənubi Qafqazda baş verən proseslərdə də İran və Fransanın sövdələşdiyini demək mümkündür.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu "525"ə şərhində deyib ki, uzun müddətdir 5 aprel görüşü həm regionda, həm dəm dünyada regionla bağlı gedən proseslərin predmetinə çevrilib. Bununla bağlı Azərbaycan dəfələrlə özünün sərt mövqeyini açıqlayıb: "5 aprel görüşü əslində yalanın, saxtakarlığın, ədalətsizliyin, qərəzin nümayişidir. Bu gün ədalətdən, sülhdən, demokratiyadan dəm vuran, danışan dövlətlər ikiüzlülük nümayiş etdirərək, əslində yalanın, iftiranın, şərin, təcavüzkarın, işğalçının yanında yer almağa cəhd göstərirlər. Bu da təbii ki, onların yürütdüyü siyasətin nə dərəcədə səmimi olduğundan xəbər verir. Hər bir halda biz mövqeyimizi ortaya qoymuşuq. Bunu əslində Qranada görüşünün məntiqi davamı adlandırmaq olar".

Politoloq əlavə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra təşəbbüslərindən biri də 3+3 formatının reallaşdırılması olub. Prezident İlham Əliyevin bu fomatı yaratmaq təşəbbüsünün əsas məqsədi Cənubi Qafqazda baş verən proselərin 3 region və 3 qonşu dövlət tərəfindən müzakirə edilməsi idi: "Dünyanın ayrı-ayrı regionlarında, xüsusilə Avropada belə platformalar çoxdur. Bu, region dövlətlərinin haqqıdır. Amma təsəvvür edin ki, bu gün Cənubi Qafqazla bağlı proses reallaşdırılır, dünyanın iki nəhəngi - ABŞ və Aİ regionla bağlı təşəbbüslər ortaya qoyurlar, həmin görüşə isə yalnız və yalnız bir dövləti - Ermənistanı dəvət edirlər. Bunu iqtisadi məsələlər və s. adlarla çağırsalar da, biz bilirik ki, bu növbəti böyük oyundur. Yəni Aİ və ABŞ Cənubi Qafqaza sülh, ədalət, sabitlik, təhlükəsizlik gözündə baxmırlar. Onlar Cənubi Qafqaza ən yaxşı halda xristian və müsəlman, dini ayrı-seçkilik gözündə baxırlar. Eyni zamanda, Cənubi Qafqaza Rusiyaya qarşı mübarizə üçün dayaq nöqtəsi kimi baxırlar. Çox təəssüf olsun ki, Ermənistan da böyük həvəslə alət olmağa çalışır".

İranın mövqeyinə toxunan politoloq deyib ki, Azərbaycandan sonra Rusiya, Türkiyə məsələyə  münasibət bildirib. Rusiyanın narahatlığı da başadüşüləndir. Gələcəkdə Rusiyaya qarşı Ermənistandan plasdarm kimi istifadə niyyəti də görünməkdədir: "Amma maraqlısı budur ki, İranla Gürcüstanın mövqeyini görmürük, eşitmirik. Çünki üç dövlətdən ibarət olan Cənubi Qafqaz həm İranla, həm Rusiya, həm Türkiyə ilə qonşudur. Orta dəhliz üzərində yerləşən əsas həlqələrdən biridir. İran İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi. İranda olan bəzi antiazərbaycan qüvvələri dövlətin siyasətinə təsir göstərərək, onu Azərbaycana qarşı qaldırdı və ermənipərəst mövqe nümayiş etdirərək Azərbaycanı kənar qüvvələri bölgəyə gətirməkdə ittiham edirdilər. Amma zaman göstərdi ki, Azərbaycan Cənubi Qafqaza heç bir kənar dövləti gətirmir, təhlükəli oyuna rəvac vermir, yaxud onun təşkilində iştirak etmir. Əksinə, Cənubi Qafqaza İranın zamanında özünün "qırmızı xətti" hesab etdiyi Ermənistan kənar qüvvələri dəvət edir. Aİ mülki missiyası adı ilə başladılan prosesə artıq NATO qüvvələrinin Ermənistana yerləşdirilməsi prosesi kimi dəyişiklik ediblər. Bu gün faktiki olaraq NATO qüvvələri, Aİ-nin missiyası adı ilə Ermənistanda fəliyyət göstərirlər. Fransa, Almaniya, ABŞ, hətta Kanadanın hərbçiləri, kəşfiyyatçıları, jandarm qüvvələri, polisləri Ermənistandadır. Nəzərə alsaq ki, onlarla paralel olaraq Ermənistanda həm də Rusiyanın hərbi bazası, kəşfiyyatçıları var, bu, artıq ölkənin plasdarma çevrilməsi deməkdir. Zaman-zaman eşidirik ki, İrandan Ermənistana silahlar daşınır, bu onu deməyə əsas verir ki, İran gələcəkdə onun üçün də ciddi fəsadlar törədəcək, başının bəlasına çevriləcək bir oyunun oynanılmasına ən azından göz yumur və yaxud buna şərait yaradır. Ona görə İran tərəfi bu məsələdə özünün həssaslığını nümayiş etdirməlidir. Əks halda İran da Fransa, Almaniya, ABŞ və digərləri kimi zaman-zaman öz maraqlarına uyğun şəkildə, ikiüzlü siyasət aparıb, ikilistandartları ortaya qoymuş olacaq. Amma bizim üçün narahatedici məqam budur ki, İran regionumuzda yerləşən və bizimlə qonşu olan dövlətdir. O dövlətlər ki, ikiüzlü siyasət aparırlar, onlar bizdən uzaqda yerləşirlər. İran isə bizə qonşudur və belə siyasət yeritməsi təbii ki, Azərbaycanı narahat etməyə bilməz. Düşünürəm ki, region və qonşu dövlətlər Cənubi Qafqazda sülhün, təhlükəsizliyin tərəfdarlarıdırlarsa, onların nə bu prosesə göz yummağa, nə də laqeyd yanaşmağa haqları var. Onlar bu prosesə səsli, ədalətli və qərəzsiz yanaşmalıdırlar. Azərbaycanın mövqeyindən, yəni ədalətlilikdən çıxış edərək, Fransanın, ABŞ-nin və digərlərinin regiona yerləşdirilməsi üçün şərait yaradan Ermənistana sərt reaksiya verməli, lazım gələrsə, əlaqələri kəsməli, Ermənistan vasitəsilə regiona münasibətdə hazırlanan və oynanılan oyunun pozulmasına çalışmalıdırlar. Əks halda, təbii ki, gələcəkdə onlar Cənubi Qafqazla bağlı hansısa bir təşəbbüs ortaya qoyacaqlarsa, heç bir dəyərləri, qiyməti olmayacaq".

 





06.04.2024    çap et  çap et