525.Az

Durnalı dəftərlər panteonu


 

Durnalı dəftərlər panteonu<b style="color:red"></b>

Müəllimin dedikləri mənə elə dərin təsir eləmişdi ki, özümü doğrudan Parisdə hiss edirdim... Söhbət cəsədləri Paris panteonundan çıxarılmış Jan Pol Maratdan və qraf de Mirabodan gedirdi. Heç cür təsəvvürümə gətirə bilmirdim: dəfn edilmişləri bu cür incitmək olarmı? Onları panteondan başqa qəbiristana belə köçürmək günah deyilmi?

Panteon - qədim yunanlarda və qədim romalılarda bütün tanrıların şərəfinə tikilmiş məbədə deyilib. Bizim günlərdə görkəmli şəxsiyyətlərin dəfn olunduğu yer mənasındadır.

Məgər Paris panteonunun frizində - dekorativ kompozisiya - yazılanlar da Yaradana xatir şahidlik deyilmi: "Görkəmli şəxsiyyətlərə - minnətdar Vətəndən"! Çünki Panteon olsun, ya da Fəxri xiyaban, söhbət xalqına xidmətdə xüsusi fədakarlıqlar göstərmiş insanlardan gedir!

Burada bəzi sarı simlər də - incə nöqtələr, çox həssas məqamlar - var ki, bu yazı ilə bağlı qələmi lirikaya bağlayır. Lirik şeirlər də, rübabi şeirlər də simli musiqi alətləri olan lira ilə rübabın adına bağlı olduğu üçün simin üzərində bu qədər dayanıram. Sim - simli musiqi alətlərinə çəkilən və tərpəndikcə səs verən elastiki telə deyilir. Bəs şair qəlbinin simləri!? Bilmirəm Qalaktion Tabidzenin fizikaya aid Sim nəzəriyyəsindən, ya da Azərbaycan aşıq sənətinə aid olan "Simini gümüş suyuna sal, onda heç paslanmaz" məsəlindən xəbəri olubmu? Bütün hallarda, şair qəlbi - bu yazıda: Qalaktionun qəlbi - sarı simli, incə-əsrar nöqtələr dolu qəlbi, mənəvi siması, ürək telləri poeziya havasına köklənmişdi. Ürək telləri, həssas məqamlar öz ürəyi ilə əlaqəsini kəsən adamlara aid deyil ki! Yəni istəsən də, istəməsən də dünyamızda belə adamlar da var...

Qalaktionun, gürcü simli çalğı aləti olan çonqurinin simləri misilli, duyğularının öz-özünə, əl vurmadan çalındığı (Sazlı Abdullannın sazının öz-özünə çalındığı kimi) şeirlərindən açıq-aşkar görünür. O, çonquriyə toxunub heyrətindən azmı donub qalmışdı?! Onun ürək simləri ilə çonqurinin simləri qohum ola bilməzdimi məgər? Azərbaycan şairi, repressiya qurbanı, otuz yaşlı Müşfiqin də simli musiqi alətlərimiz olan tara və saza belə həzin və usdufca toxunmağna əminəm!

Eynən bu minvalla, Qalaktionun əmisi oğlu, tanınmış şair Titsian Tabidzenin repressiya illəri (o, 1937-si ildə güllələnib) ilə Müşfiqin repressiya illəri (1938-ci ildə güllələnib) və Qalaktionun depressiya illəri (1959-cu ildə müalicə olunduğu xəstəxanada intihar etmişdi) də sarı sim qohumudurlar, məncə.

Bir şeirində o, özünü quş sanır; dan yerinin külünü aşıb keçən quş. Onlar yanıb, sonradan səməndər quşu misilli yenidən öz küllərindən yarandılar...

Mən Qalaktionun Vani bələdiyyəsinin Çkvişi kəndindəki ev-muzeyinə Aşıq Qərib Hələbdən (başqa bir versiyada Ərzincandan) Tiflisə necə gəlmişdisə, elə gəlmişəm, təxminən. Uzaq məsafələri bir günə, bir saata gəlmək möcüzəsi ədəbiyyatda - dastan olsun, roman olsun, ya da şeir; fərq etməz - həmişə var. Məchullu misal üçün, "Aşıq Qərib" dastanında bir günə gəlməyinə inanmayanlara aşığın cavabı belədir:

Mövlam qanad verdi - uçdum da gəldim...

Məsələ də müəllifin-şairin-aşığın elə qanad taxa bilmək, uça bilmək istedadındadır!

Sonra da gətirdiyi bir ovuc torpağı anasının kor olmuş gözlərinə sürtür Aşıq Qərib və ikinci möcüzə baş verir.

Bunu ilk dəfə deyirəm: Qalaktion Tabidzenin son illərinin əzablarını (şairlik-yazıçılıq əzablarını) Aşıq Qəribin ağrıları ilə ruh qohumluğu bilirəm. Və son illərində qapısını küləklərdən savayı, kimsənin döymədiyi ana vətəndə Qalaktion qədər qərib olan çox az şair tanıyıram! Baxmayaraq ki, qürbət də, qəriblik də zahir məsələsi yox, batin məsələsidir, yəni daha çox şairin içindədir!

Doğmalığın dadını doğma kənddə əməlli-başlı çıxara bilməyən Qalaktion və Titsian Tabidzelərə -  ikisinə bir muzey düzəldilib Çkvişidə. Hər ikisi məlum Böyük Təmizlik siyasətinin qurbanı olublar. Amma bu "Böyük Təmizlik"də heç bir təmizlik, təbii ki, mənəvi təmizlik, yox idi. Qanadlanmaq, atlanmaq kimi möcüzələr də həmçinin! Qalaktionun qəbri Panteondadır, Titsianın dəfn olunduğu yer isə naməlumdur.

...Panteonla bağlı Qalaktiona və dünyanın panteonlarda, Fəxri xiyabanlarda dəfn edilmiş digər məşhur şairlərinə ən çox uyğun bildiyim və yaraşdırdığım ifadə "Şairin Panteonu - onun Qəlbidir" ifadəsidir; bunu da 1840-cı ilin nəşri olan "Lirik Panteon" adlı bir kitabın adı ilə bağlayıram. Müəllif A.Fet öz kitabını nədən "Lirik Panteon" adlandırmışdı, özü-ruhu bilərdi!

Qalaktionla bağlı bunu da deyim: ömrünün son illərində kimsə ona üzərində durna rəsmi olan dəftər bağışlayıbmış. Durna - əksər xalqların poeziyasında həsrət, intizar simvoludur. Necə ki, göyərçin - sülh, qaranquş - bahar simvoludur. Məsələn, yaponlarda belədi: əgər sən kağızdan yüz durna düzəltsən, ayrılıqlar sovuşub gedər, vüsala çatarsan. Bütün hallarda simvollar - dərin duyğuların, emosiyaların bədii ifadəsi deyilmi!? İndi Qalaktionun özü də bir simvola çevrilib; göylərlə, qalaktikalarla bağlı simvola!..

Onun durnalı dəftəri ilə bağlı mənə şairin həyatla vidalaşdığı xəstəxanada yaşlı nevroloq danışıb. O vaxtdan hesab eləmişəm ki, hər əsl şairin bir durnalı dəftəri olmalıdır. Qəribədir, "Böyük Təmizlik" illərində ölkədə kağız-qələm qıtlığı olub. Onda Qalaktionun da, Müşfiqin də, Titsianın da qolları qəddənmiş qələmlərə çox bənzəyib yəqin.

Qalaktionun "Çöl" şeirində iki belə misra var:

 

Çöllərin ahəstə səssizliyində durna nidaları və tənha bir səs (sətri tərc.)...

 

Həmin tənha səs onun öz şair səsidir; durna nidalarına, durna fəryadlarına qarışan səsi.

Həmin hədiyyə-ərməğan olaraq bağışlanmış durnalı dəftərə Qalaktion hansı durnalı şeirlər yazdı. Bilmirəm. Bunu bilirəm ki, hər axşam Tiflis Panteonuna - Mtatsmindaya durnalı misralar yağır... Mtastsminda - "Müqəddəs dağ" deməkdir. Əgər heç bu Panteonda Qalaktion, Vaja Pşavela, N.Barataşvili də yatmasaydı, o, yenə də müqəddəs sayılacaqdı; çünki müqəddəslik bu dağın havasındandı, qədimliyindəndi, suyundandı, Ay işığındandı. Buraların Ay işığından, buralara yağan yağışdan, qardan xəyali tutaraq boylandıqları uzaq qalaktikalardandı.

Qalaktionun durnagözlü səhərlər misilli bir özəlliyi var: vaxtında "şairlər çarı" adlandırılsa da ömrünün son illərində qələmdən-kağızdan qərib-qərib boylanmağı da olub. Çünki poeziya tarixinə baxanda, vətəndə qərib kimi davranılan şairlərin sayı barmaqhesabı saydan qat-qat artıq deyilmi?! Bütün bunlara rəğmən, Qalaktion Panteonda dəfn olunacağının "anons"unu hələ "Mavi atlar" şeirində vermişdi:

 

Əsrlər ötəcək və adım Niaqara misilli, təmiz axınlar kimi şəlalə-şəlalə xatırlanacaq (sətri tərc.)...

 

Təbii ki, Qalaktion Panteon, Fəxri xiyaban əsirlərindən deyildi. Lakin onun "Dəniz efemerası" şeirindəki "Ümid" gəmisitək, xatırlanmaq ümidləri heç ölmədi; heç sonuncu ümidi də.

Düşünürəm ki, Qalaktion da, Müşfiq də, Titsian da (və adları burada keçməyən bir çox başqa unudulmaz yazarlar da) repressiya illərindən aldıqları ölümcül yaralara görə deyil, kökündə Yazı, Poeziya dayanan yaşam tərzlərinə görə simvola çevriliblər. Onlardan "nakam", "məzlum" obrazı düzəltmək cəhdlərinə də xəyanət və müxənnətlik kimi baxmışam.

Arada-sırada məni cəlb edən addakı cazibələrdir: fizikanın Qravitasiya - Cazibə qanununun əksinə, yuxarıdan aşağıya olandan çox, aşağıdan yuxarıya olan cazibələr; lirik cazibələr. Burada göz yaşları da aşağıdan yuxarıya axır, yaz, ya da payız yağışları da: yəni məcazi-lirik mənada olsa da. Yuxarıya - Günəşə, Aya, qalaktikalara doğru. Yerdə bu qədər ədalətsizliklər, bu qədər "Böyük Təmizləmə layihələri" olduğu səbəbindən...

Lirika həm də İlahi Məndir!

Bu "İlahi Mən" ölməz-əbədi sayılır: əbədi Sənət misilli!

P.S. "Onlar Tiflis darvazasının ağzında idilər".

Bu bir cümlə M.Lermontovun "Aşıq Qərib" hekayəsindəndir.

...Həmin həzin cümlə misilli, mən indi Tiflis Panteonun qapıları ağzındayam.

Astadan Qalaktionun bir misrasını pıçıldayıram:

Mən lira ilə axar-baxaram...

...Sanki durnalı dəftərlər yağır səmalardan;

çox səmavidir...

 





18.04.2024    çap et  çap et