525.Az

Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır


 

Əbədi sevgi, yoxsa istək? - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

GÖZƏLLİYİN MİLLİ DÜSTURU

 

"Yaşıl eynəkli adam" televiziya tamaşasında rejissorun öz köməkçisinə verdiyi sarsaq sualları və göstərişləri yəqin ki, xatırlayırsınız: "Hanı aerobika rəqsi edən bu yarıçılpaq qızların kəlayağısı? Get bunların başına kəlayağı bağla, çiyinlərinə də səhəng alsınlar - guya bulaqdan gəlirlər. Mən səndən milli xarakterli aerobika istəyirəm".

Bu sözlər milliliyi, milli geyim akssesuarlarına, qədim əşyalara sevgini, hörməti belə kəlləmayallaq başa düşənlərin düşüncə tərzinə ironiya, onların milli təəssübkeşliyinin qrotesk gülüşlə ifşası, karikaturası idi. Çünki milli təəssübkeşlik, milli dəyərlərə sayğılı münasibət belə olmur.

Yaxşı, bəs necə olur (yaxud olmalıdır)?

Hər dövrün öz geyim mədəniyyəti, davranış etiketi var və bu mənada, tutaq ki,  azərbaycanlıların 2-3 əsr bundan əvvəlki geyim dəbini yüzə yüz təkrarlamaq absurddur. Lakin onu bilmərrə unutmaq, ona laqeydlik, biganəlik göstərmək də olmaz - hansısa ştrixi, hansısa detalı saxlamaq, müasir dəbə transfer edib müasirliklə milliliyin sintezinə çalışmaq, etnik kimliyimizin atributlarından biri kimi hansısa geyim elementini əsrlərin, illərin o tayından bu günə gətirmək olar və lazımdır. Amma konyuktura naminə, gözə kül üfürmək üçün yox.

Özbəklərə fikir vermisinizmi? Milli araqçınlarını tarixin, milli geyimlərinin nişanəsi kimi kişili-qadınlı hələ də qoruyub saxlayırlar, müasir özbək qadınları nənələri kimi zolaq-zolaq parçadan tikilmiş paltarlar geyinib ictimai yerlərdə, dövlət tədbirlərində görünməkdən utanmırlar. Çünki bu, gen yaddaşından, daxildən gələn bir istəkdir, tələbatdır.

Bizim geyim dəstlərinin içində  kəlayağı, çalma, yığcam bəy papağı kimi gözəl baş geyimləri olduğu halda nə üçün bunlardan istifadə edilmir? Qadınların, qızların geyindiyi şalvarlar nə üçün gündən-günə daralmaqda, cırıqlarının ölçüləri böyüməkdədir?

Əgər paltar tikiləndə materiala qənaət üzrə müsabiqə keçirilsəydi, şalvarların şortikə qədər gödələn balaqlarına, koftaların, üzr istəyirəm, göbəkdən yuxarıda dayanan ətəklərinə görə heç şübhəsiz ki, 1-ci yeri tutardıq.

Budurmu milli dəyərlərə təəssübkeş münasibət?

Konsertlərdə, müsabiqələrdə təpədən dırnağa qədər "milliləşdirilən" gənclər əyinlərindən çıxardıqları paltarlarla birgə milli ruhlarını da orda qoyurlarsa, kimə lazımdır bu tragikomediya?

Milli təəssübkeşliyi konyuktura predmetinə çevirmək - onunla manipulyasiya, spekulyasiya etmək qədər təklükəlidir və sonda "Yaşıl eynəkli adam" tamaşasandakı kimi absurda gətirib çıxarır. Milliliyi qoruyub saxlamaq üçün o, gündəlik yaşam, geyim tərzinin bir elementinə çevrilməlidir.

Unutmayaq ki, başdan-ayağa Avropa dəbində geyinmək hələ müasir, sivil olmağa şəhadət vermədiyi kimi, bütünlüklə, lakin ürəksiz, xala-xətrin qalmasın milli libasa bürünmək də milli olmaq demək deyil.

Milli dəyərlərlə quru-quru öyünmək yox, onları yaşatmaq, nəsildən-nəsilə ötürmək lazımdır!!!

Məncə, aşağıdakı fotoda müasirliklə birləşib gözəl effekt yaradan millilik, yalançı millilikdən təsirlidir.

Qeydlərimi 2 il əvvəl yazdığım bir yazıdan kiçik sitatla bitirirəm:

"Biz mənəvi təzyiqdən, həm coğrafi, həm də mənəvi işğaldan qurtulandan sonra milli yaddaşın, milli şüurun yenidən ruhumuza hakim kəsiləcəyinə sadəlövhcəsinə inanırdıq.

Amma əvəzidə nə gördük?

Cırıq-cırıq, dar-düttək, Habil Əliyevin sözü olmasın, rajokla geyinilən şalvarlar.., göbəkdən yuxarı koftalar.., əcaib beysbolkalar...

Məgər bütün bunlar yeni - daha amansız mənəvi işğaldan xəbər vermirmi?

Sözümü bitirir, şair Ramiz Rövşənin "Papaq" şeirinin bir bəndi ilə son nöqtəni qoyuram:

 

Fələyin qapazından

Papaq keçsə xirtdəyə,

Vay o gündən papağı

Dikəltməyə başımız.

 

SEVGİ DOĞURAN İSTƏK

                      

"Hansı qızı istəyirsən, de, elçi gedək (yaxud sənə alaq").

Yəqin razılaşarsınız ki, bu müraciət Azərbaycanın nitq-davranış etiketi üçün tipik bir haldır. Elə cavab da həmçinin: "Filan qızı istəyirəm (yaxud "Filan qızdan xoşum gəlir").

Nə üçün bu yazıya məhz bu frazalarla başladım?

Ona görə ki, məni çoxdan düşündürən bir məsələyə geniş kontekstdə baxmaq üçün yaxşı şans verir.

İş burasındadır ki, bu cümlələrdə müxtəlif qrammatik formalarda işlədilən "istəmək" sözü şüurun yox, şüuraltının dediyidir və insanın şüura buraxıb ictimailəşdirmədiyi sirri bir növ faş edir. Bu kiçik mükalimə şüur müstəvisində baş versəydi, söhbət istəməkdən yox, sevməkdən getməli idi. Amma necə deyərlər, dil çaşıb düzünü deyir. Çünki insanın xisləti, əsl siması şüurlu şəkildə dediklərində yox, şüurun altında yığılıb qalan, səsi boğulub susdurulan təbii instinklərdədir.

Sevgi böyük və qudsal anlayışdır, ilk növbədə mənəvi bağlılığı, asılılığı bildirir; şüura tabe deyil; bir dəfə baş verir və əbədi xarakter daşıyır və üstəlik, şüurdan dışarıda olduğu üşün onun izahını vermək çətin, bəlkə də mümkünsüzdür. Mənə görə 4 belə sevgi-bağlılıq nümunəsi var: Allaha, Vətənə, anaya (valideynlərə) və övladlara olan sevgilər.

Analogiya aparsaq, sevgi gözəllik anlayışına yaxındır, ona görə də ülvi və müqəddəsdir. Kant gözəlliyi məqsədsiz məqsədəuyğunluq adlandırırdı. Allaha, Vətənə, anaya, övlada bağlılıq da elə umacaqsız məqsədəuygunluq deyilmi?

Qayıdaq söhbətin əvvəlinə.

Yaxşı, əgər sevgi, məhəbbət mənəvi-ruh

i və izahı mümkün olmayan halətdirsə, bəs istəmək, xoşu gəlmək nəyi bildirir və nə üçün valideynlər övladlarına "Hansı qızı sevirsənsə..." yox, "Hansı qızı istəyirsənsə" - deyə müraciət edirlər?

Mənim cavabım belədir: Ona görə ki, sevginin yuxarıdakı 4 ünvanını çıxmaq şərti ilə yerdə qalan hər şeyə münasibətimiz umacaqlı, məqsədlidir. Yəni biz bir şeyi ona görə istəyirik ki, o, hansısa ehtiyacımızı, umacağımızı ödəmək üçün lazımdır.

Sevgi isə umacaqsız olduğuna görə umacaq olan yerdə sevgidən danışmaq absurddur.

İndi isə, zənnimcə, mübahisələrə, fikir ayrılığına səbəb olacaq 1-ci  tezisimi bəyan edirəm: "Əks cinslər arasındakı münasibətlər məhz məqsədli məqsədəuyğunluq prinsipi üzərincə qurulur, yəni istəklərlə (ailə qurmaq, övlad sahibi plmaq, evdə rahatlıq və s.) idarə olunur. Sadəcə olaraq, biz hər şeyi öz adı ilə çağırmaqdan ehtiyat edir, onu bir az estetikləşdirib, bəzəyib-düzəyib sevgi adlandırırıq".

Bu tezisi əsaslandırmaq, sübut etmək asan olmasa da, mən müxtəlif mənbələrə, faktlara istifadən fikrimi arqumentləşdirməyə çalışacam.

Tanınmış teatr xadimi K.Stanislavski "Məhəbbət nədir" sualına (söhbət kişi-qadın münasibətlərindən gedir) belə cavab verib: "Məhəbbət xoşladığın şeyə toxunmaq istəyidir". Məncə, bu sadə, lakonik cümlə sözügedən kontekstdə münasibətlərin mahiyyətini çox dəqiq ifadə edir və bu fikirdən itələnib deyə bilərik ki, kişi-qadın münasibətləri istək və bir-birinə ehtiyac zərurətindən yaranıb formalaşır. Bunu fəlsəfi-metafizik baxımdan da izah etmək olar. Maddi varlığın, bütövlükdə dünyanın mövcudluğu əksliklərin mübarizəsi və vəhdəti qanunu əsasında qurulub: atom ona görə mövcuddur ki, müsbət işarəli nüvəsi ətrafında mənfi işarəli elektronlar fırlanır və əks işarələr arasında vəhdət pozulsa atom, onunla bərabər, dünya da məhv olar. Elə Günəş sistemi də əslində nəhəng atom modelidir. Bu atomun nüvəsi (Günəş) planetləri (elektronları) öz cazibə dairəsində saxladığına görə sistem pozulmur.

Dünya adlı aləmin yaradıcısı olan Allah dünyanı da bu qanunauyğunluq əsasında qurub - həmin aləmdə həyatı 2 əks cins arasındakı münasibətlərə həvalə edib və beləliklə, bəşəriyyətə hələ ki sonu görünməyən mövcudluq şansı verib. Qadın və kişi "işarələrinə" görə əks, bir-birini itələyən, lakin mövcudluq, həyat naminə bir-birinə ehtiyac duyan 2 antoqonist varlıqdır. Ehtiyacın təmin olunması isə həmişə istək zərurəti yaradır, yəni ehtiyacı təmin etmək üçün müsbət mənfini, mənfi isə müsbəti cəzb edir. Alman filosofu A.Şopenhauer çox güman, məhz buna görə hesab edirdi ki, insanın bütün bədən üzvləri müxtəlif istəklərin həyata keçməsinin təzahürüdür, yəni ağız - danışmaq, yemək, göz - görmək, ayaq - yerimək... istəyinin reallaşmasıdır.

Deyilənlərdən alınan 1-ci nəticə: Kökündə, bünövrəsində ehtiyacı ödəmək istəyi dayanan əks cinslər arasındakı münasibətləri sevgi adlandırmaq ona görə düz deyil ki, sevgi istəkdən yaranmır, heç bir umacağa tabe deyil. İstək seçim qanununa tabedir - hər kişi öz umacağına, ehtiyaclna uyğun qadını, eyni qaydada da hər qadın kişini bəyənir.

Mən söhbətin daha dərin qatlarına enib boyaları tündləşdirmək istəmirəm. Amma bu arqumentlərlə razılaşmayan oxuculara bəzi ədəbi-bədii nümunələrdən misallar gətirəcəm.

"Babək" filmində gənc Babək ustadı öləndən sonra onun xanımı Zərnisənin yaxınlıq istəyini əvvəlcə "Gözü yolda qalanım (yəni sevdiyim) var" - deyərək rədd edir. Lakin xanımın şirnikləndirici hiyləsinə yenilib gözü yolda qalanını bircə anın içindəcə unudur. Çünki həmin anda içində başqa istək baş qaldırır.

"Arşın mal alan" komediyasının (filminin yox!) əsas qəhrəmanlarından biri - sonralar boynuna zorla azad məhəbbətin carçısı missiyası qoyulan tacir Əsgər evlənmək üçün qız axtarışına çıxır. Ona görə yox ki, görüb sevmək istəyir, ona görə ki, tacirdir, öz dediyi kimi, bilmək istəyir aldığı qız verdiyi pula dəyərmi. Bu mənada o, gələcək arvadına elə bəri başdan bir əşya kimi baxır (Burada mötərizə açıb diqqəti danışıq leksionumuzda gen-bol işlədilən "qız alnaq", "qız vermək" ifadələrinə cəlb etmək istəyirəm).

Gülçöhrə Əsgəri qoca, keçəl, şikəst olmadığına görə, Asya isə Süleymanı Gülçöhrənin acığına bəyənir...

Misallar çoxdur. Hansını deyəsən?

Bir misal da gətirmək istəyirəm.

Servantesin məşhur romanının qəhrəmanı - qəmgin ruhlu Don Kixot qədim cəngavər romanlarının ənənələrinə uyğun olaraq özünə sevgili tapmalıdır ki, ona olan məhəbbətdən güc alsın, daha möhtəşəm qəhrəmanlıqlar eləsin. Amma o, bu xanımı həyatda, real insanlar arasında axtarmır, xəyalında onun obrazlnı yaradır və ömrünün sonuna qədər qudsal məhəbbətin rəmzi olan sevgilisinə - Dulseneya adı verdiyi gözələ sadiq qalır. Bilirsiniz niyə? Ona görə ki, yalnız xəyalda yaradılan ideal sevgi təmənnasız, umacaqsız olur.

Amma elə bilməyin ki, mən bu yazını belə bədbin notlarla tamamlayacam. Xeyr! İkincisi, daha vacib tezisim qalıb hələ. O da bundan ibarətdir ki, nə qədər paradoksal olsa da, ehtiyac, istək  adlı tələbatlar dünyaya yeni əbədi sevgilərin gəlməsinə rəvac verdiyinə görə elə sevgi səviyyəsinə yüksəlib urvatlı bir mövqe qazanır. Əksliklərin yaxınlığından sonra tərəflərdən biri dünyaya uşaq gətitib ana olur axı! Nəticədə dünyada qutsal, əbədi sevginin üfüqləri genişlənir, çünki ana və övlad əbədi sevginin ünvanlarıdır.

Deməli, istək və sevgi də əslində bir-birinin mövcudluğunu şərtləndirən əksliklərdir.

Ona görə də bu yazını belə bir şüarla bitirmək istəyirəm: Yaşasın əbədi sevgi və bu sevgini doğuran istək!

 

 





19.04.2024    çap et  çap et