525.Az

Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"


 

Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"<b style="color:red"></b>

Mənə sual versələr ki, ən çox sevdiyin məkan və ən xoşbəxt olduğun an hansıdır, heç tərəddüd etmədən, "ən çox sevdiyim məkan kitabxana, ən xoşbəxt olduğum an kitabla ünsiyyət qurduğum, xüsusən də yeni kitab aldığım anlardır" deyərəm. Hər kitab alanda uşaq kimi sevinirəm. Abdulla Şaiqin bir neçə gün öncə nəşr olunmuş "Türk çələngi" kitabını filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın imzası ilə alanda da eyni duyğuları yaşadım. Sevindim, çünki əlifbamızın dəfələrlə dəyişdirilməsi səbəbindən, əski əlifba ilə yazılmış xəzinəmizə hamı açar sala bilmir. A.Hacıyeva "Türk çələng"ini əski əlifbadan transfoneliterasiya etməklə bu çətinliyi aradan qaldırdı, Azərbaycan ədəbiyyatşünaslığına və Şaiqsevərlərə böyük töhfə verdi, həm də XX əsr Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndəsi, mütəfəkkir Əli bəy Hüseynzadənin və XX əsr Azərbaycan pedaqoji fikir tarixində çox aydın xətti və imzası olan Abdulla Şaiqin doğum günləri ərəfəsində. AMEA prezidenti, akademik İsa Həbibbəylinin təbirincə desək: "Bu, xidmətdir".

"Türk çələngi" dərsliyi keçən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinın fəaliyyəti dövründə hazırlandığı üçün XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatına nəzər salmaq zərurudir.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələri, mütəfəkkir Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə ərizə ilə müraciətlə "Həyat" adlı qəzet nəşr etmək istəyini bildirdilər (16 aprel 1905). Mesenat H.Z.Tağıyevin böyük nüfuzu sayəsində Qafqaz Canişini Vorontsov Daşkov "Həyat" qəzetinin nəşrinə icazə verdi (22 aprel 1905). Milli ictimai-siyasi fikrinin üç nəhəngi - Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) "Həyat" qəzetinin təməlini qoydu və Azərbaycanda mətbuatı xalqın tribunasına çevirdi. Əli bəy Hüseynzadə Millətin kimliyini, tarixini, dilini qəzet vasitəsiylə xalqına bəyan etdi: "Bilirsiniz, türklər kimdir və kimlərdən ibarətdir"? Məqalə birmənalı qarşılanmadı. Rusiyanın Qafqazdakı vəkili "Türk" sözünün "Tatar"la dəyişdirilməsini tələb etdi. Əli bəy Hüseynzadə "Türk" kəliməsini "Tatar"la dəyişdirmədi, əksinə,  məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha vurğuladı: "Biz ki türk oğlu türküz, biz ki millətlərin ən qədimi və ulusuyuz!" İzlədiyi ideologiya səbəbiylə "Həyat" qəzetinin yayımlanması dayandırılsa da, qısa zaman sonra görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi və  Əli bəy Hüseynzadənin redaktorluğu ilə "Füyuzat" (1906-1907) dərgisi yayımlandı.

Azərbaycan türklərinin milli haqlarının güzgüsü sayılan "Füyuzat"ın ömrü qısa oldu, lakin dərgi millətimizin İslam ümmətindən İslam millətçiliyinə, oradan da türk millətçiliyinə keçidində mühüm rol oynadı.

"Füyuzat" dərgisi, bu məktəbin üzvləri olan şair və yazıçılar öz əsərlərini türk dili üzərində qururdu. Cümhuriyyət dönəmində türk, türkçülük anlayışı daha da populyarlaşdı. Bakının işğaldan azad olunması, bütövlükdə türkün xilaskarlıq missiyası böyük bir coşquyla qarşılandı, türk ordusuna şeirlər yazıldı, alqışlar söyləndi, azadlıq uğruna tökülən qanlardan iftixarla bəhs olundu. Romantik şairimiz Abdulla Şaiq cümhuriyyət dönəmində milli ruhlu şeirlər yazanların öncüllərindən idi. Türkçülük, turançılıq ideyaları A.Şaiqin bütün yaradıcılığına yansımışdı, bəzən "açıq", bəzən "gizli". Məsələn, A.Şaiq "Arazdan Turana" poemasında yalnız turançılıq tərənnüm olunmur. Poema keçmişi və bugünü ehtiva edir.

A.Şaiq yalnız şeirlərində deyil, bütün fəaliyyətində: türkçülük, dil birliyi, ədəbiyyat birliyi ideologiyasını təqib etmiş füyuzatçılar hərəkatına mənsub yaradıcı şəxsiyyətlərdən idi.  Ümumtürk tarixinə, dilinə, ədəbiyyatına, onun tədqiq və tədrisinə böyük əhəmiyyət verən Abdulla Şaiq bu işi dərsliklərində, publisistik yazılarında, nəsr, dramaturgiya və poeziyasında ardıcıl, sistemli şəkildə davam etdirirdi.

Məlum olduğu kimi, A.Şaiq dövrünün ən nümunəvi pedoqoq və ən məhsuldar dərslik müəlliflərindən idi. "Uşaq çeşməyi" (1907), "Uşaq gözlüyü" (1910), "Türk ədəbiyyatı", "Gülşəni-ədəbiyyat", "Gülzar" (1912), "Türk ədəbiyyatına ilk qədəm" (1914, M.Mahmudbəyovla birgə), "Milli qiraət" (1919), "Müntəxəbat", "Türk çələngi" (1919), "Ədəbiyyat dərsləri" (1919, H.Cavidlə birgə) "İkinci il", "Türk dili" dərsliklərinin müəllifi olan A.Şaiqin bu işləri Azərbaycan ədəbiyyatının öyrənilməsində, şagirdlərin oxuma və yazmasında, təhsilində xüsüsi rol oynayıb.

A.Şaiq əsrin əvvəllərində nəşr edilmiş "Gülzar" (1912) adlı dərsliyində özünü püxtələşmiş bir müəllif kimi təqdim etmişdi. Dərslikdə mətnlər dörd hissəyə bölünüb. Əvvəlki üç bölmədə təbiət, əxlaq, davranış haqqında mətnlər verilib. "Şairlərimizin tərcümeyi-halı" adlandırılmış dördüncü bölmədə "Şeyx-əl şüəra Füzuli", "Molla Pənah Vaqif", "Mirzə Fətəli Axundov", "Ədib şair Əli bəy Hüseynzadə", "Mərhum Sabir" və başqa materiallar var. A.Şaiqin Əli bəy Hüseynzadənin adını cəsarətlə yuxarıda adları sadalanan korifeylərlə birlikdə çəkməsi, tərcümeyi-halını verməsi diqqətəlayiqdir.

O, Cümhuriyyət dövründə təşkil edilmiş Bakı Dövlət Universitetində və yenicə fəaliyyətə başlamış Ali Pedaqoji İnstitutunda tədris olunan Azərbaycan ədəbiyyatı tarixi üzrə mühazirələr aparmışdı. Ana dilində proqram və dərsliklərin azlığı, hətta yoxluğu dərsliklərin yazılmasını zəruri etmişdi. A.Şaiq qısa müddət ərzində H.Cavidlə birlikdə dərs vəsaiti hazırladı. Ardınca H.Cavidlə birgə hazırladığı "Ədəbiyyat dərsləri" adlı dərsliyi təkrar çapdan çıxdı. Dərsliklərin hazırlanmasında var qüvvəsi ilə çalışan A.Şaiq "Xatirələrim"də bu dövrü xarakterizə edərək yazır: "Zəif vücudumla gecə-gündüz çalışaraq yoxluqlardan bir varlıq yaratmalı idim. Bir tərəfdən müxtəlif proqramlar yazıb Maarif Komissarlığında təsdiq etdirir, bir tərəfdən ədəbiyyata məxsus dərsliklər tərtib edir, bir tərəfdən ədəbiyyat və ədəbiyyat nəzəriyyəsinə dair elmi materiallar hazırlayırdım".

A.Şaiqin bütün dərslikləri əhəmiyyətli və qiymətlidir, bunların ikisi - Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin nəşr etdirdiyi "Ədəbiyyat dərsləri" (H.Cavidlə birgə, 1919) və "Türk çələngi" (1919) siyasi və elmi müstəvidə xüsusi əhəmiyyətə malikdir, çünki bu dərsliklər AXC-nin yürütdüyü siyasəti özündə əks etdirir.

Cümhuriyyət dövründə nəşr olunan ilk milli dərsliklər, o cümlədən, Abdulla Şaiqin "Türk çələngi" və "Ədəbiyyat dərsləri", "Ortaq türk dili", "Ortaq türk ədəbiyyatı" və "Ortaq türk kültürü" ideologiyasına xidmətə köklənmişdi. A.Şaiqin 1919-cu ildə tərtib və çap etdirdiyi "Türk çələngi" dərsliyində Əlabbas Müznib, Bürhanəddin, Əhməd Hikmət, Məhəmməd Əmin Yurdaqul, Hüseyn Cavid, Ziya Göyalp, S.P.Sezai, Ə.Qanib bəy,  A.Gündüz, S.Nihal, X.Ədib, Ə.Müznib, S.Ə.Şirvani, M.P.Vaqif, eləcə də digər türk-Azərbaycan şair və yazıçılarının şeirləri, hekayələri verilib. Burada toplanan əsərlərdə ("Vətən torpağı", "Altun ordu", "Sancaqdar", "Qanın üsyanı", "Azərbaycan", "Bayrağım", "Vətən yanğısı", "Yeni ay doğarkən" və s.) türk qəhrəmanlığı tərənnüm olunur və türk yurdunun başına gələn fəlakətlər anladılırdı.

A.Şaiqin H.Cavidlə birlikdə hazırladığı "Ədəbiyyat dərsləri" kitabı Azərbaycanda ədəbiyyat nəzəriyyəsi sahəsində məlum olan ilk dərslik kimi əhəmiyyətlidir.

Dərsliyə, adları göstərilən türk şair və yazıçılarının əsərlərindən ayrıca nümunələr və parçalar salınmışdı: Şinasi ("Minacat"), Ziya Paşa ("Tərkibbənd"dən), Tevfiq Fikrət ("Əskər keçərkən"), Cəlal Sahir ("Ənin"), Şairzadə ("Qürub"), Hüseyn Cahid ("Yarpaq"), Əbdülhəqq Hamid ("Tariq"dən monoloq və "Duxtəri-hindi"dan bir parça), ("Zeynəb"dən bir parça), Sami Paşazadə Sezayi ("İki yüz əlli quruşa bir əsr"). Dərslikdə, nəzəri mövzular daxilində izah və nümunə məqsədilə Osman Qazinin, Nəfinin, Nədimin, Şinasinin, Qoca Raqib Paşanın, Ziya Paşanın, Ali Canibin, Əbdülhəqq Hamidin, Məhəmməd Əmin Bəyin, Tevfiq Fikrətin, Rza Tevfiqin şeirlərindən nümunələr verilmiş, Mövlana Cəlaləddin Ruminin, Əşrəfin, Xalid Ziyanın, Hüseyn Rəhminin, Xalidə Ədibin isə özlərinin və əsərlərinin adları çəkilmiş, "Mavi və siyah" (Xalid Ziya Uşaqlıgil), "Mətrəs" (Hüseyn Rəhmi), "Mövlud həkim" (Xalidə Ədib) romanlarının qəhrəmanları haqqında məlumat verilmiş, Məhəmməd Əmin bəylə Tevfiq Fikrətin yaradıcılığına istinad olunmuşdu. "Ədəbiyyat dərsləri"ndə Azərbaycan şair və yazıçılarından Füzulinin, Seyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin və Sabirin adı çəkilsə də, yalnız Füzulinin şeirlərinə istinad olunmuş, komediyadan bəhs edilərkən janra nümunə olaraq M.F.Axundzadənin "Hacı Qara" əsəri göstərilmiş, yeni ədəbiyyat məsələlərindən bəhs edilərkən qərbli müəlliflərin də adı çəkilmişdi.

XX əsr Azərbaycan pedaqoji fikir tarixində aydın xətti və imzası olan şəxsiyyətlərdən biri olan A.Şaiq türkçülük əhvali-ruhiyyəsi ilə xalqına böyük xidmətlər göstərib. Yaradıcılığının müxtəlif mərhələlərində ədəbiyyata dair 11, Azərbaycan dilinin qrammatikasına dair 4 adda dərslik hazırlayıb. Dərsliklər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yüksək dəyərləndirilmiş, "Gülzar", "Uşaq gözlüyü", "Türk çələngi", H.Cavidlə birgə yazdığı "Ədəbiyyat dərsləri" kitabları Maarif Komissarlığının komissiyasının qərarı ilə ikinci dəfə çapdan çıxmış,  məktəblərdə istifadə olunmuşdu.

Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Əhməd Hacıyevanın böyük əziyyət bahasına Abdulla Şaiqin transfoneliterasiya edərək nəşr etdirdiyi "Türk çələngi" dərsliyi əhəmiyyətlidir və günümüzdə aktuallıq kəsb edir. A.Hacıyeva "Türk çələngi" dərsliyini transfoneliterasiya edərək elmi ictimaiyyətə təqdim etməklə, Şaiqşünaslara dəyərli töhfə verib.

 





19.04.2024    çap et  çap et