525.Az

"Kaş bu bahar yaylaqlara gedəydim..."


 

"Kaş bu bahar yaylaqlara gedəydim..."<b style="color:red"></b>

Hərdən Bakıya yolum düşəndə onunla görüşürəm. Səmimi söhbətləşirik, bizi narahat edən məsələlərdən, ordan-burdan söz açıb danışsaq da, sözümüz hərlənib-fırlanıb Qarabağın üstünə gəlir. O dərdimizdən danışırıq ki, danışmamaq mümkün deyil. Onun köhnə kişilərə bənzəyən görkəmi, boyu-buxunu, insanı özünə cəlb edən bir görünüşü var. Yenə avqust ayında Bakıdaydım. Yayın bu cırhacırında onun işlədiyi özünə məxsus olan ofisinə gəldim. Həm görüşmək, hal-əhval tutmaq, həm otağındakı sərinkeşin qarşısında oturub bir az sərinləmək istədim. Səmimi salam-kəlamdan sonra yenə ordan-burdan danışdıq. Mənim qələm əhli olduğumdanmı, Hacı İlham Qurbanoğlu söhbət arası əlini uzadıb bir qovluqdan bir neçə vərəq çıxartdı. Hərdən-hərdən qəlbinin səsinin kağıza köçürdüyünü, nəsə yazdığını,- dedi onun şeirlərinə baxa bilərəmmi? - deyə soruşdu. Mən baxdım. Onun yeni əlifbamızla olduqca səliqəli xətlə yazdığı şeirlərə baxdım. Ümumiyyətlə yaxşı xətti olan insanlara böyük hörmətim var. Təhsilini kiril əlifbasıyla alan bu adamın yeni əlifbamızla belə səliqəylə yazmağı mənə çox maraqlı gəldi.


Deyirlər
ki, yaxşı xətt insanın daxili aləminin göstəricisidir. Bəlkə belədir. Şübhəsiz hər bir insanın özünəməxsus xətti olur. Alimlər lap çoxdan müəyyən ediblər ki, insanın xətti ilə onun xarakteri arasında bir uyğunluq da var. Yəni bir adamın psixoloji portretini çəkmək istəyirsənsə, onun xəttinə bax. İnsanın kim necə olduğunu müəyyən etmək üçün onun xəttinə baxmaq kifayətdir. Dünyanın qrafoloqları müəyyən edirlər ki, insanlar əlləriylə yox beyinləriylə yazırlar. Hər bir insanın xətti insanın təfəkkürünü, xasiyyətini, temperamentini, onun insanlara münasibətini göstərir. İnsanın daxili gözəlliyinin onun yazısından bəlli olması mübahisəli məsələdir. Yaxşı xətt - kalliqrafiya nəinki incəsənətdir, hətta ideal ruhun incənətidir deyənlər var. Amma qəribədir ki, bir sıra dahilərin - Leonardo da Vinçinin, Mikelanjelonun, Nikolay Qumilyovun, Aleksandr Puşkinin, Mixail Lermontovun, Bethovenin, Çörçilin, Dostoyevskinin, Qoqolun, Pasternakın xətləri çox pis olub. Hər halda insanın gözəl xətti olması yaxşı əlamətdir.


Azərbaycan
istedadlar diyarıdır deyirlər. Şübhəsiz bu zaman-zaman sübut olunub. Bunlara deməyə heç ehtiyac da yoxdur. Əsrlər boyu Azərbaycanda biri - birindən öz dəsti-xətti ilə, müxtəlif yaradıcılıq qabiliyyətilə seçilən, özünəməxsus isteda malik olan insanlarımız olub. Çox sevindirici haldır ki, belələrini görəndə adamın ürəyi dağa dönür. Onlar istedadlı bacarıqlı olmalarına görə digərlərindən seçilirlər.


Şeirləri
diqqətlə oxudum. Hacının şeirləri onun dünyasının aynasıdır. Bəyəndiyim şeirlər var idi. Onun içindəki yurd, millət, Vətən sevgisi, bununla bərabər özündəki sadə davranış, üstəlik hisslərini bu dərəcədə sadə sərrast ifadə etmək qabiliyyəti məndə müsbət təəssürat yaratdı. Bəzi şeirlərində yerinə düşməyən misralar da, ifadələr var. Amma hər halda İlhamın şeirlərində ilhamsızlıq duyulmur. Onu da nəzərə alsaq ki, Hacı İlham peşəkar şair deyil, özünün şairlik iddiası yoxdur.Yalnız özünün dediyi kimi qəlbinin səsini nəzmə cəkir. Onun işğal altında qalan, doğma ellərimizin həsrətindən bir az da qocalan dağlarımıza, qaçqınlarımıza həsr etdiyi şeirləri oxuyanda isə ona qarşı bir doğmalıq hiss etdim. Şair iddiası olmayan adi bir adamın, sadə bir vətəndaşımızın, bir soydaşımızın içindən keçənləri, fikrini, duyğusunu ictimaiyyətə, söz sevənlərə çatdırmaq maraqlı olar, deyə,- düşündüm. Ona Moskvaya qayıdan kimi şeirləri ümumiyyətlə
yazıları
haqda öz sözümü, fikrimi bildirəcəyimi,- dedim.


Beyləqanda
anadan olsa da, soyunun-kökünün bir qolu Laçının Minkəndinə gedib çıxır. Bu o kənddir ki, zəngin bir tarixə malik olub Azərbaycanımıza çox sayda samballı şəxsiyyətlər, ziyalılar verib. Hacı İlham mənsub olduğu millətlə, özünün milli mənsubiyyətiylə, tarixi keçmişiylə soy-köküylə fəxr edir. Hacı uzun illərdir ki, Bakıxanov qəsəbəsində yaşayır, bu şəhərin ictimai həyatında, ədəbi mühitində fəal iştirak edir, qəsəbə dindarlarının ağsaqqallar şurasının sədridir, yurddaşları ilə - özü kimi dağlarımızın həsrətiylə, dərdiylə yaşayanlarla tez-tez görüşür, dərdini, nisgilini bölüşür sonra isə dərdlərini, hisslərini nəzmə çəkir, şeirə çevirir. Onun çoxsayda məqalələri, ilahi sözləri, nəsihətləri tez - tez "Haqqın səsi" qəzetində çap olunur. Hacı İlhamın şeirə, sözə, ədəbiyyata həvəsi hələ Beyləqanda yaşayanda, orta məktəb illərində yaranıb. Amma ömrünün çox vaxtlarını, indi girov düşən, əsirlikdə qalan allı - güllü yaylaqlarımızda, dağlarımızın qoynunda keçirib. O vaxtlardan uzun illər ötsə , yazdıqlarını bir kimsəyə göstərməyib. Şeirlərinə ötəri bir həvəs, ötəri bir hiss kimi baxıb. Dağlardan ayrı düşdüyünə, yollarının bağlandığına dözə bilmir, dağların harayına çata bilmir, səsinə səs verə bilmir, dərdini yazır:

 

Nadanlar saldı oyuna,

Yetişməyirəm hayına,

Gələ bilmirəm qoynuna,

Əl çatmazsan, yurd yerimiz!

 

Pərən - pərən olub elim,

Çox uzaqsan çatmır əlim,

Yada düşdün, yandı dilim,

Əl çatmazsan, yurd yerimiz!

 

Quzuların mələşməsi,

Bulaqların zümzüməsi,

Yadımdadı tütək səsi,

Əl çatmazsan, yurd yerimiz!

 

Köksü dolu lala yaylaq,

Gül gölündən tala yaylaq,

Sinəmdə bax xala, yaylaq,

Əl çatmazsan, yurd yerimiz!

 

Hacı İlham dağlarımızın insanlarının o dağların büllur suyu kimi saflığından, təmizliyindən söz açır. Bu gün onun ürəyi dağlarımızın həsrəti ilə çırpınır, amma neyləsin əli çatmır, ünü yetişmir. Əli çatsa ətəyindən yapışar, torpağına diz çöküb, daşını öpər, qayasını qucaqlayar. Artıq neçə illərdir ki, həsrət qaldığı yurd yerlərimizə, onun torpağına, daşına, suyuna, havasına, gülünə,çiçəyinə həsrət qaldığını deyir,- Hacı İlham.

 

Yurdumuzu yağı düşmən taladı,

Qəlbimizi oda-közə qaladı,

Millətimi al-qanına buladı,

Ayağa qalx, Azərbaycan, ayağa!

 

Anaların göz yaşını silən yox,

Dərdlərimi, nisgilimi bilən yox,

O dağlara bir gedən yox, gələn yox,

Ayağa qalx, Azərbaycan , ayağa!

 

Yurd-yuvamı azad etsin igidlər,

Oğlum,qızım bu diyara ol sipər,

Haqsızlığa bir çəpər ol,sinə gər,

Ayağa qalx, Azərbaycan , ayağa!

 

Ürəyində ölməz həvəs dağların,

Tükənibdi səbri tələs, dağların,

Birgə verək səsinə səs dağların,

Ayağa qalx, Azərbaycan , ayağa!

 

Hacı ilham inamını itirmə,

Odlar yurdum, zamanını itirmə,

Eli səslə, gümanını itirmə,

Ayağa qalx, Azərbaycan , ayağa!

 

Hacı İlham yazılarında xalqımızın başına gətirilən faciələr, fəlakətlər, yurdumuza göz dikən düşmənlərin iyrənc niyyətləri, qaçqınlarımızın, köçkünlərimizin ürək ağrıları, qəlb döyüntüləri öz əksini tapır. Hacı İlham yazılarında insanları əxlaqi saflığa, paklığa, vətənə, xalqa, millətə sədaqətlə, milli mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, gözü-bəbəyi kimi qorumağı tövsiyə edir.


Son
illərdə Azərbaycanda televiziya verilişlərinin bayağılığı, həddindən artıq şou arxasınca qaçmaq, milli dəyərləri nəzərə almadan dayaz, cılız proqramların hazırlanması, milli-mənəvi dəyərlərə, mentalitetə uyğun olmayan verilişlər yayımlandığını bilirik. İnsanların beyninə ən istedadlı, şöhrətli, qüdrətli insanların şou əhli olması sızdırılır. Artıq neçə illərdir ki, xalqa ağıllarına gəldi təqdim edirlər. Səviyyəsiz insanlar ekranlardan şit, bayağı, heç bir maarifləndirici yükü olmayan verilişləri cəmiyyətə sırıyırlar. Humanizmin ümumbəşəri dəyərlərini müdafiə etmək əvəzinə, cəmiyyətin kamilləşməsində iştirak etmək əvəzinə mənəviyyatsızlığı, bayağılılığı, milli mentalitetimizə uyğun olmayan, Azərbaycan xalqının dünyagörüşü, əxlaqı, adət-ənənələri, dini inancları ilə bir araya sığmayan verilişlər hazırlayırlar. Təəssüf ki, bu verilişlər cəmiyyətdə, gənclərin yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Bizim insanların ucuz musiqiyə, bayağı mədəniyyətə alışdırırlar. Bunların hamısı da gələcək nəslin formalaşmasına çox mənfi təsir göstərir. Bütün bunların müqabilində Hacının ilahi sözləri nəsihətləri olduqca dəyərlidir.Əttökən şouların, bayağı söhbətlərin, yersiz, mənasız müzakirələrin yayımlandığı bir zamanda belə müdrik kəlamlara, nəsihətlərə insanların çox ehtiyacı var. Hər bir kəsin yazdıqlarına, adicə bir misrasına, bir ifadəsinə hörmətlə yanaşılmalıdır, ən azından isə bu yazını yazanın bir iddiası yoxdursa. Şübhəsiz, hər bir yaradıcı insan özünü sənətin müəyyən bir mərtəbəsində, iddiaları olanlar isə zirvəsində görmək istəyir elə zənn edir ki, artıq o böyük yazardır o, dahidir, bunun ta yer üzündə tayı-bərabəri yoxdur. Bu mənada Hacı İlhamın dəyərli kəlamlarına, özünün dediyi kimi nəzmə çevirdiyi ürəyinin səsiylə qələmə aldığı kəlamlara sayğıyla yanaşmalıyıq.


Onun
ilahi kəlamları nəsihətləri insanları həsəddən, kindən uzaq olmağa xeyirxah, mərhəmətli, mehriban, ədalətli, imanlı olmağa, daim insanlara dayaq, kömək olmağa səsləyir. İnsanpərvərliyə səsləyir Hacının ilahi sözləri. O, insanları bir-birilərinə qarşı ədalətli olmağa çağırır, düzgün olmağa, milli- mənəvi dəyərlərimizi var gücü ilə qoruyub saxlamağa səsləyir.Təmizliyi, halal zəhməti hər şeydən üstün tutur. Bədxahlara, xüsusilə tamahkar olanlara, dünya malından doymayanlara nifrətini bildirir:

 

Sevdim təmizliyi, halal zəhməti,

Tanrı halallara verər qiyməti,

Dünyanın sərvəti, şanı - şöhrəti,

Nəyimə gərəkdir, qoy sənin olsun.

 

Çoxları yan aldı sərvətə sarı,

Qoy sərvət yığanlar dinməsin barı,

Dünyada qalacaq dünyanın varı,

Nəyimə gərəkdir, qoy sənin olsun.

 

Hacı İlham üçün Vətən öz doğma kəndindən Beyləqandan başlayır. O, yuxusunda da Beyləqanı görür.Yeniyetmə çağlarını keçirdiyi Laçın dağlarını görür. Onun əsas qələmə aldığı mövzu isə girovluqda qalan torpaqlarımızdır, köçkünlərimizin, qaçqınlarımızın çəkdiyi ağrı-acılar, üzləşdiyi haqsızlıqlardı. Çox sadə şəkildə həsrətini, harayını ifadə edir, dağlarımızı görmək istəyir:

 

Dünyadan əlimi üzməmiş, Allah,

Məni dağlarımın qoynuna qaytar...

 

Yaxud:

 

Ürəyimdə məhəbbətim,

Var dözümüm, dəyanətim,

Görən bitərmi həsrətim,

Görən dərdim azalarmı?

 

Hacı İlham kitabını çapa hazırlayır. Onun şeir hekayələrdən, ilahi kəlamlardan ibarət özünün dediyi kimi kitabında onun həm poetik düşüncələri, həm müxtəlif illərdə yazdığı əsərləri, məqalələri öz ifadəsini tapacaqdır.


Torpaqlarımızın
işğalından çox vaxt keçməsinə baxmayaraq Hacı İlham ümidlə, bir arzuyla yaşayır, inanır ki, bir gün gələcək, elə bir gün yetişəcək ki, biz hamımız doğma yurdumuza qayıdacağıq. İllərdən bəri həsrət qaldığımız, gözü yolda qalan Vətən torpağına qovuşacağıq.

 

Darıxmışam, dözümüm yox,tabım yox,

Kaş bu bahar yaylaqlara gedəydim,

Yaddaşımda əbədilik yaşayan,

Elat küylü oylaqlara gedəydim.

 

Arzuların çin olsun, Hacı İlham!

Nəsib NƏBİOĞLU

Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin katibi, Rəsul Rza Yuri Dolqoruki adına beynəlxalq ədəbi

mükafatlar laureatı

 





01.10.2014    çap et  çap et