525.Az

“Dolu”nun İsmayıllıdakı nümayişi coşquyla qarşılandı (Fotolar)


 

“Dolu”nun İsmayıllıdakı nümayişi coşquyla qarşılandı (Fotolar)

Aqil Abbasın eyniadlı romanı əsasında ssenarisni yazdığı, rejissoru Elxan Cəfərov olan “Dolu” filmi paytaxt kinoteatrı “Nizami”də üç dəfə nümayiş olunandan sonra bölgələrdə göstərilməyə başlanıb.

Avqustun 8-də “Dolu” filmi və onun yaradıcı heyəti ilk bölgə olaraq İsmayıllı əhalisinin qonağı olub. Film bir gün ərzində iki dəfə təhsil işçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər üçün nümayiş etdirilib.

“Dolu”nun nümayişindən öncə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışıb və bildirib ki, Qarabağ döyüşlərini ekranlaşdırmaq xalqımızın vətənpərvərlik əzminin yüksəlməsinə böyük təkandı. Filmin rejissoru Elxan Cəfərov da öz növbəsində həm Bakıda, həm də İsmayıllıda tamaşaçıların “Dolu”ya böyük maraq göstərdiklərini və alqışlarla qarşıladıqlarını xüsusi qeyd edərək, hər kəsə minnətdarlığını bildirib. İsmayıllıda da eyniylə Bakıdakı anşlaq alınıb. Tamaşaçılar filmdən riqqətə gəldiklərini uzun sürən alqışlarla bildiriblər.

Filmin nümayişindən sonra İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşüb. Film barəsində xoş təəssüratlarını bölüşən başçı nümayiş olunan ekran əsərini müasir Azərbaycan kinosunun nümunəsi adlandırıb. Başçı belə filmlərin çəkilişində hər kəsin dəstəyinə ehtiyac olduğunu deyib və bəyan edib ki, İsmayıllı rayonunun rəhbərliyi və əhalisi mədəniyyətimizin inkişafı, vətənpərvərliyin tərənnümü istiqamətində bundan sonra da layiqli iş görən hər kəsə səylə kömək etməyə hazırdır.

“Dolu”nun ilk olaraq İsmayıllıda göstərilməsinin səbəbi isə ondan ibarətdir ki, çəkilişlərin 70 faizi bu bölgədə olub. İsmayıllılar “Dolu”dakı kütləvi səhnələrdə rol alıblar, rayon ictimaiyyəti əlindən gələn köməyi əsirgəməyib. Yaradıcı heyət filmin ilk nümayişini məhz buna görə onlara hədiyyə edib.

Sonda “Dolu”nun yaradıcı heyəti, rayon ictimaiyyəti və qazilər Qarabağ savaşında 175 şəhid verən İsmayıllı rayonunun Şəhidlər Xiyabanında olublar. Şəhidlərin ruhuna dualar oxunub və əzəli torpaqlarımızn işğaldan azad ediləcəyi günün uzaqda olmadığı vurğulanıb.

 





10.09.2012    çap et  çap et