525.Az

Gəncədə Türkiyənin Baş Konsulluğu açıldı


 

Gəncədə Türkiyənin Baş Konsulluğu açıldı

92 İLLİK FASİLƏDƏN SONRA BU ŞƏHƏRDƏ TÜRK NÜMAYƏNDƏLİYİ BƏRPA EDİLDİ

Yağmurlu havaya baxmayaraq, dünən Türkiyə Cümhuriyyətinin Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Baş Konsulluğunun binasının önünə yüzlərlə şəhər sakini və qonaqlar toplaşmışdı.

Təntənəli açılış mərasiminə Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç, Azərbaycan Respublikası Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatı, həmçinin hər iki ölkədən olan iş adamları da qatılmışdılar.Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Haluk Ağca mərasimi açıq elan etdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, qonaqları salamlayıb və ölkəmizin ikinci iqtisadi və mədəni mərkəzi olan Gəncədə Türkiyə nümayəndəliyinin fəaliyyətə başlamasını tarixi kökə söykənən Azərbaycan və Türkiyə xalqları arasındakı birliyin möhkəmləndirilməsinə daha bir töhfə adlandırıb. Şəhər rəhbəri milli liderimiz Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» formulunun, eləcə də Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» sözlərinin iki qardaş ölkənin tarixən müştərək amallarını dəqiq ifadə etdiyini bir daha vurğulayıb.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu bir daha  dilə gətirib və Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin bundan sonra da öz qardaşlarının haqlı mövqeyini müdafiə edəcəyini bildirib. Sonra Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğunun yeni binasının açılışını bildirən rəmzi lent kəsilib, qonaqlar konsulluğun binasında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, Türkiyənin Gəncədəki nümayəndəliyinin fəaliyyəti yalnız bu şəhərlə məhdudlaşmayacaq, respublikanın qərb bölgəsinin 22 şəhər və rayonunda yeni iqtisadi və mədəni əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Baş konsulluğun yeni binasının açılışı münasibətilə ziyafət də təşkil olunub.

Tarixi arayış. Türkiyənin Gəncədə nümayəndəliyi faktiki olaraq, Azərbaycan Cümhuriyyəti elan olunandan və hökumət müvəqqəti paytaxt kimi bu şəhərə köçdükdən sonra, 1918-ci ilin iyun ayından mövcud olub. Azərbaycan sovetləşdikdən sonra, 1920-ci ilin aprelində Türkiyənin Gəncə Konsulluğu da fəaliyyətini dayandırıb.

Zakir MURADOV

 





10.09.2012    çap et  çap et