525.Az

Tər cinaslı təcnislər


 

Tər cinaslı təcnislər<b style="color:red"></b>

Söz dünyaya gələndən bəri onu necə demək problemi yaranıb. VIII əsrdə ərəb dilçisi musiqişünası Xəlil ibn Əhməd "Kitab əl ayn" adlı lüğəti bununla da əruz nəzəriyyəsini yaratdıqdan sonra Şərqdə şeir yazmaq bir qədər çətinləşdi. Əruzun poetik ehkamları sözün azadlığını çərçivəyə saldı. Həm ehkamı gözləmək, həm gözəl söz demək artıq həvəskarın yox, sənətkarın işi oldu.

Şübhəsiz şair üçün birinci dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır. İstedad Allah vergisidir, o ya olur, ya da olmur. Onu pulla almaq, sərəncamla bağışlamaq mümkün deyil. İkinci şərt odur ki, şair öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan  lal duyğunu hər yetən sözə təslim etməməli, sözün ona yaraşanını, ən gözəlini tapmağın cəzasını çəkməlidir. Ən azı orta çağlardan müvafiq sözü tapmaq, sözlə poetik fiqur yaratmaq, hərflə fəlsəfi məna ifadə etmək şairin sənətkarlığı hesab olunub. Hərf dilçi üçün material, şair üçün gözəllik simvoludur. Hələ bizim folklorumuzda, aşıq poeziyamızda cığalı təcnis, güllü qafiyə, dodaqdəyməz, dildönməz kimi şairdən sənətkarlıq tələb edən incə, bədii formalar mövcuddur. Həm folklor aşıq şeirindən, həm sufi rəmzlərdən, hərf poetikasından gələn ənənələrə sədaqəti məharətlə davam etdirən təvazökar şair Şakir Nadiroğlu bir məclisdə mənə bir hərf üstə yazılan dodaqdəyməz təcnislərini təqdim etdi. Şairin bir il öncə çap olunmuş "Könül sazım" (2013) adlı şeirlər kitabıyla tanış idim. Ustad Qəzənfər Paşayevin kitabda yazdığı lakonik mənalı ön sözdən onu da bildim ki, bundan əvvəl Şakirin "Xatirə yağışı" adlı  şeirlər kitabı çap olunub. 40 il ədəbiyyat naminə qələm işlətmiş, həqiqi sənətkar qəlbindən nalə çəkib gələn SÖZün tozunu silmiş, onun müqəddəs ətəyinə baş qoymuş, SÖZün haləsində xoşbəxt anlar yaşamış, onun gözəlliyini qorumaq üçün əzab çəkmiş bir oxucu tənqidçi kimi özümə sual verdim: əcaba bədii ədəbiyyata, şeir gözəlinə laqeydliyin hökm sürdüyü bu alış-veriş dünyasında Şakir Nadiroğlu  oyundu çıxarır?

"Bir hərf üstə dodaqdəyməz təcnis"ləri oxuyub əmin oldum ki, Şakir SÖZlə söhbət etməyi, sözlə rəftar etməyi, qəlbi ilə sözü isitməyi, sözün urvatını qorumağı bacarır:

 

Qaraxaçda, Şakir, qalar qar tala,

Qaraqaya qala qurar qartala.

Qalan qala Qarıyurdda, qartala,

Qarıdağda qaradaşlar qaralar.

 

Ümumiyyətlə cinas yaratmaq çətindir; cığalı təcnis, ayaqlı təcnis sairə. Bu isə bir hərf, "q" hərfi üstə yazılan dodaqdəyməz təcnisdir. Bir hərf üstündə həm cinas yaratmaq, həm dodaqdəyməz misra qurmaq, həm hərcayı söz qoşqusu yox, bədii-fəlsəfi məna ifadə etmək şairdən şeir texnikasına bələdlik ustalıq tələb edir:

 

Çaylaxdadı çalağanın çalası,

Çaldığını çaydan çalar çalağan,

Çalasına çöndərilsə çalası,

Çöndərəni çönər çalar çalağan.

 

Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi. Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: Dodaqbüzən-dodaqdəyməz təcnis!

 

Gözəl gözlər gözəllikdi güləndə,

Görən görür: gül gözəldi güləndə...

Gözəllikdə gül gəzən , gülən ,

Gördülər güllükdə gözəl güldü.

 

Gözəllərin gözlərində gül gülə,

Gözəl gündə, Şakir, gülər gül-gülə.

Göz güləndə gözəl gülə, gül gülə,

Gözəl gülən gözlər gözələ güldü.

 

Bu da bir hərf üstə dodaqbüzən-dodaqdəyməz təcnisə gözəl bir nümunədir.

Azərbaycan heca şeirinin, zəngin aşıq poeziyasının ənənələri məcrasında intensiv forma axtarışları aparan Şakir Nadiroğlu güllü qafiyədən uğurla istifadə edir:

 

Dedim: gözlərində ocaq alışır,

Dedi: bənd olanın canı alışar.

Dedim: yanağınla günəş yaraşır,

Dedi: çox baxanın ağlı qarışar.

 

Ş. Nadiroğlu türk dillərinin ən gözəli olan Azərbaycan dilinin leksik-semantik imkanlarına yaxşı aşinadır. Onun təcnislərində dilimizin assosiativ çalarları sözdən yuva qurmaq üçün poetik vasitə kimi uğurla işlədilir. Şairlik həm dilə münasibətdən başlanır. Ş.Nadiroğlunun şeirlərində dilin obrazı(rəmzi) fikrin obrazını assosiativ tərzdə tamamlayır.

 





17.10.2014    çap et  çap et