525.Az
Sürücülük vəsiqəsini necə almalı?
Rövşən ƏLİYEV,
Türkan XƏLİLOVA
“Sürücülük vəsiqəsi almaq bu gün heç də çətin bir məsələ deyil. Bunu da hər kəs bilir. Bakını bilmirəm, amma rayonlarda sürücülük vəsiqəsini almaq adi bir işə çevrilib. Bunun üçün heç imtahan vermək də lazım deyil. İmtahanda iştirak edib və sadəcə pul verib, kiməsə hörmət edirsən” – 23 yaşlı həmsöhbətim İlkin Məmmədov deyir. Söhbət zamanı İ.Məmmədov – “Bəs siz necə, sürücülük vəsiqəsi alarkən rüşvət vermisiniz?” sualına da “bəli” cavabını verdi.
Qəribə olsa da, bu gün bir çoxu sürücülük vəsiqəsini almaq üçün pul xərcləməli olduqlarını bildirir. Bununla bağlı şəhər sakinləri arasında kiçik bir sorğu keçirdik. Əksəriyyətinin cavabı “pulsuz və rüşvətsiz sürücülük vəsiqəsi almaq mümkün deyil” oldu.
Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə belə faktların olmadığını bildirdi. Lakin belə halların baş verməməsi üçün müəyyən tədbirlər görüldüyünü də vurğuladı: “Əgər kimsə gedib yol qəza hadisəsi törədirsə, bu o demək deyil ki, o pul verib sürücülük vəsiqəsi alıb. Bir şeyi bilmək lazımdır ki, nəqliyyat vasitəsini müəyyən qədər idarə etməyi bacaran hər bir kəs sürücülük vəsiqəsi ala bilər. Bizdə qanun imkan vermir axı sürücü neçə il məşq etsin sonra sürücülük vəsiqəsinə sahib olsun. Əsas odur ki, yol hərəkət qaydalarını bilsin, qanunlara riayət etsin. Lakin korrupsiya halları ilə bağlı bizə müraciət olunarsa, mütləq araşdırma aparılır və müəyyən şəxslər cəzalandırılır. Əgər korrupsiya halları baş verərsə, təqsirli şəxslər daxili işlər orqanlarından xaric olunurlar. Belə halların baş verməməsi üçün müəyyən tədbirlər görülür. Bu günədək 40-dan çox əməkdaş işdən azad edilib. 27 nəfərin isə vəzifəsi endirilib.
Bu gün rəhbərlik deyə bilməz ki, hər hansı bir işçimiz korrupsiyaya yol verməyəcək. Amma kim qanun pozuntusuna yol verərsə, buna görə mütləq cavab verəcək. Hər şeydə neqativ hallar axtarmaq lazım deyil. Əmin olun ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün lazımi işlər görülür”.
Sürücülük vəsiqəsi
kimlərə verilir?
Sürücülük vəsiqəsinin kimlərə və necə verildiyini bilmək üçün isə qanuna nəzər yetirdik.
Qanuna görə, müəyyən yaş həddinə çatmış, sağlamlığı yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ – 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan;
3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 18 yaşdan;
4) “BE” – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan;
5) tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan;
6) “DE” – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 24 yaşdan.
“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər “BE” kateqoriyasına, “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər.
Hərbi qulluqçular “CE”, “D” və “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 73337 avtomobil ilkin qeydiyyata alınıb, 62208 sürücülük vəsiqəsi verilib.
“Bizdə sürücülük vəsiqəsi verilmir, satılır. İndi kimdən soruşsan eyni sözü deyir. Min manatın varsa, get sürücülük vəsiqəsi al” – deyə həmsöhbətim Şəhriyar Abbasov deyir. Qeyd edək ki, Ş.Abbasov kənd sakinidir. Sürücülük vəsiqəsini almaq üçün oxuyub imtahana hazırlaşmasa da, dediyinə görə pul verib sürücülük vəsiqəsinə sahib olub.
Digər bir həmsöhbətim 25 yaşlı Nailə Axundzadə də, eyni fikirdə olduğunu bildirdi: “Əgər adamın varsa, sürücülük vəsiqəsini 800 manata almaq mümkündür, yox əgər adamın yoxdursa, 1000 manat verib rahat sürücülük vəsiqəsini almaq olar. İndi “hörmət” zəmanəsidir. Gedib imtahanı biliyinlə vermək istəsən də mümkün olmayacaq. Pul verməsən, qeyri-kafi alacaqsan”.
Sürücülük vəsiqəsi aldığın
gündən nə vaxta qədər
etibarlıdır?
Azərbaycan Respublikasının uanunvericiliyində göstərildiyi kimi, sürücülük vəsiqəsi 60 yaşına çatmamış şəxslər üçün – 10 il, 60 və daha çox yaşı olan şəxslər üçün – onların 70 yaşı tamam olanadək qalan müddət, 70 və daha çox yaşı olan şəxslər üçün – 2 ildir.
Onu da qeyd edək ki, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
“Yol Polisləri niyə rüşvətə
meyillidirlər?”
Hüquqşünaslar buna səbəb “Yol hərəkəti haqqında” qanunda boşluqların olduğunu bildirdilər. Qanunun cərimələrin tətbiq edilməsi bəndindəki müddəalarda hər hansısa bir qayda pozuntusuna görə cərimələr rəsmi göstərilib. Lakin bu cərimələr konkret rəqəmlə qeyd olunmayıb.
Misal üçün həmin müddəalarda göstərilir ki, sürücü yol hərəkəti qaydasını pozursa, onun cəriməsi 15 manatdan 25 manatadəkdir. Bu da o deməkdir ki, yol polisi istəsə qayda pozuntusu edən sürücünü saxlayıb onu istədiyi məbləğdə cərimələyə bilər.
“Rüşvət – vətəndaş, yoxsa polis günahkardır?”
“Bəziləri deyirlər ki, sürücülük vəsiqəsini almaq üçün mütləq rüşvət vermək lazımdır. Elələri də var ki, sürücülük vəsiqəsini imtahan verərək almağa inanırlar. Şəxsən mən sürücülük vəsiqəsini pulsuz almışam. Dövlətə təyin olan rüsumu ödədikdən sonra, imtahan vermişəm. Suallara doğru cavab yazıb sürücülük vəsiqəsinə sahib olmuşam. Əslində, sürücülük vəsiqəsini biliyimlə imtahan verib almağıma çox adam inanmır. İnsanlar özləri rüşvətə meyillidirlər. Əgər kim isə öz biliyinə və bacarığına inanırsa, o istədiyinə rüşvət verməməklə nail olar. Sadəcə bizdə bu bir növ vərdiş halına çevrilib. Əgər hər hansısa bir iş alınmırsa, onun həlli puldur, deyə düşünürlər” – həmsöhbətimiz 27 yaşlı Yafəs Əkbərov deyir.
Bu fikiri psixoloq Dəyanət Rzayev da təsdiqlədi. Onun fikrincə rüşvətə meylli olan elə sürücülərdir: “Hazırda rüşvət halları çoxalıb. Ən çox da yol hərəkatı qaydalarını pozan şəxslər rüşvətə meyillidirlər. Deyirlər ki, polislər rüşvət alırlar. Lakin düşünmürlər ki, bu gün bir problem də rüşvət alanda yox, rüşvət verəndədir. Çünki insanlar hər hansı bir problemlə üzləşdikdə pul verib canlarını qurtarmaq istəyirlər. Bu insan psixologiyasıdır. Əgər mənə pul verirlərsə niyə də götürməyim? Yəni bu gün yol polislərində günah olduğu kimi, sürücülər də günahkardırlar.
Əgər kiminsə pulu yoxdursa, onu heç bir şəxs rüşvət verməyə məcbur edə bilməz. Bu gün korrupsiyaya qarşı mübarizə aparılır, tədbirlər görülür. Yaxşı olardı ki, ictimaiyyətlə əlaqə qurulsun, onlara problemləri pul verərək həll etməyin düzgün olmadığı izah edilsin” – psixoloq D.Rzayev bildirir.
Şikayətim var, lakin baxılmır... Nə etməli?
Hüquqşünas Elçin Cəfərov verdiyi açıqlamada hər hansı bir şəxsin şikayəti varsa, məhkəməyə müraciət edə biləcəyini qeyd etdi: “Hər bir şəxs qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən məhkəməyə şikayət edə bilər. Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürülməçilik edilməsində, həmçinin digər qanunsuz hallarda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Hazırlaşmadan sürücülük
vəsiqəsi almaq mümkündürmü?
2011-ci ildə sürücülük vəsiqəsi alanlara şad xəbər verildi. Yeni qanuna görə A1, A və B kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üzrə sürücülük vəsiqəsi almaq istəyənlər nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər. Yəni sürücülük vəsiqəsinə sahib olmaq istəyən hər hansı bir şəxs heç bir kurs keçmədən, nəzəri və təcrübi imtahanlarda iştirak edə bilərlər. Bu dəyişiklər “Yol hərəkəti haqqında” qanuna əlavə edilib.
Qanundakı dəyişikliklərə görə, sürücülük vəsiqəsi almaq istəyən şəxs Baş Dövlət Yol Polisi İdarəsinə lazım olan sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edə biləcək. Şəxsin sənədləri düzgün olduqda nəzəri və təcrübi imtahanın veriləcəyi tarix və vaxt barədə ona bilavasitə və internet vasitəsilə məlumat veriləcək. Yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdikdən sonra 3 gün müddətində nəzəri və təcrübi imtahanlara buraxılırlar.
Yol polisinə qarşı ictimai
münasibət necədir?
Bu haqda jurnalistlərlə sıx təmasda olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan soruşduq. Onun fikrincə polisə qarşı münasibət müsbət və ya mənfidirsə, buna səbəb cəmiyyətin özüdür. “Əslində, polislər digər sahələrdə çalışanlarla müqayisədə ictimaiyyətlə daha sıx təmasda olurlar. Yol polisinin vətəndaşlarla, daha dəqiq desək sürücülərlə mübahisələrin olması təəccüblü deyil. Belə hallar ən çox da sürücülər saxlanılarkən olur. Mən yol polisi kimi, tək polislərin tərəfini saxlamıram. Düzdür, sürücünü əsassız yerə saxlayan polislər də ola bilər. Lakin bu o demək deyil ki, bütün polislər pisdirlər. Biz ictimaiyyətə yaxın olduğumuzdan, ən çox bizim haqqımızda danışırlar”, – deyə Vaqif Əsədov bildirir.
V.Əsədovun fikrincə sürücülük vəsiqəsi alınarkən, korrupsiya hallarıyla üzləşərkən sürücülər özləri günahkar olurlar. Çünki vətəndaşı pul verməyə heç kim məcbur edə bilməz. Əgər sürücülər yol polislərinin standarta uyğun fəaliyyətini arzu edirsə, özləri də məsuliyyətli olmalıdırlar.
İnsandan çox maşın var
Qeyd edək ki, bütün şikayətlərə və narazılıqlara baxmayaraq, respublikada maşınların sayı hər gün artır. Xüsusilə də paytaxt Bakıda maşın sayı insan sayını keçməkdədir. Tədqiqatçıların hesablamalarına görə, 2050-ci ildə dünyada avtomobillərin sayı 5 milyarda çatacaq. Bu fəsadlar isə 2020-ci ildən sonra hiss ediləcək.
Hesabatlara görə, 2011-ci ildə Azərbaycanda avtomobillərin sayı 59,8 min ədəd artaraq 1042300 ədədə çatıb. Azərbaycanda hər 100 ailədən 42-də şəxsi minik avtomobili var.
16.11.2012 çap et