525.Az

“Birlik – Edinstvo” qəzeti 10 yaşında


 

“Birlik – Edinstvo” qəzeti 10 yaşında  Artıq 10 ildir ki, Qubada STMEGİ Beynəlxalq xeyriyyə fondunun dəstəyi ilə “Birlik – Edinstvo” qəzeti oxucularla görüşə gəlir. Bu günlərdə qəzetin nəşrə başlamasının 10 illik yubileyi təntənə ilə qeyd olunub. Region mediasının keçdiyi inkişaf yoluna nəzər salmaq üçün, “Birlik – Edinstvo” qəzetinin də fəaliyyətini işıqlandırmaq və keçdiyi yolu oxusulara çatdırmaq məqsədilə baş redaktor Nəcəfqulu Nəcəfovdan müsahibə almağa qərar verdik. Müsahibimiz ilkin olaraq, qəzetin yaranma tarixi və keçdiyi dövr haqqında danışdı:  

– Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində siyasi, iqtisadi, mədəni və sosial sahələrdə olduğu kimi, Milli Mətbuatımızın inkişafına, onun dünya miqyasında tanınmasına hərtərəfli qayğı göstərildi. Azad mətbuatın inkişafına təkan verildi, qəzetlər üzərindəki senzura ləğv olundu, jurnalistlərin toxunulmazlığı, sərbəst şəkildə informasiya əldə etmələri təmin edildi.

Həyata keçirilən bu tədbirlər dağ yəhudiləri icmasının diqqətindən yayınmadı və icma üzvləri öz varlıqlarını dünyanın digər ölkələrinə, xüsusilə İsraldə yaşayan həmvətənlərinə çatdırmaq, baş verənlərlə tanış olmaq üçun ölkəmizin imkanlı şəxslərinə müraciət etdilər. İlk səs verən 60-70-ci illərin tanınmış jurnalistlərindən olan mərhum Raşbil Zaxaryayevin oğlu, STMEGİ Beynəlxalq xeyriyyə fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, fəlsəfə elmləri namizədi Qerman Zaxaryayev oldu. Əslən Qubadan olan bu xeyriyyəçi insanın yardımı ilə “Birlik – Edinstvo” qəzeti bölgənin demək olar ki, bir nömrəli qəzetinə çevrilib.

– “Birlik – Edinstvo” qəzetinin indiki fəaliyyəti nə vəziyyətdədir?

– Qəzetimizin öz dəsti-xətti, öz ənənələri var. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyevin mətbuata verdiyi önəm, göstədiyi diqqət və qayğı sayəsində “Birlik-Edinstvo” qəzeti bu gün dünyanın bir çox ölkələrində oxunur. 10 il ərzində 266 nömrəsi çapdan çıxmış qəzetdə xalqlar dostluğunun tərənnümü, Azərbaycanla–İsrail, Rusiya, Türkiyə və ABŞ dövlətləri arasında dostluq münasibətlərinin işıqlandırılması, Qubada əsrlərdən bəri bir-biri ilə qonşuluq şəraitində yaşayan dağ yəhudiləri ilə azərbaycanlıların mehriban münasibətlərini oxuculara çatdırmaq başlıca vəzifəmizdir. Tolerantlığın geniş şəkildə qəzet vasitəsilə oxuculara çatdırılması və təbliği, rayon, ölkə və beynəlxalq aləmdəki yeniklərin, hadisələrin operativ şəkildə şərh etmək bu gün qarşımıza qoyduğumuz əsas tələbdir.

Qəzetlə sıx əməkdaşlıq edən peşəkar jurnalistlərdən Sergey Vaynşteynin,  Rahim Hüseynovun, Yaşar Rüstəmovun, Tahir Salehin, Yonatan Mişiyevin, Telman Hacəliyevin, Şaul Siman-Tovun bacarığına arxalanıb qəzetimizin daha oxunaqlı olmasına çalışırıq. Bütün bunları nəzərə alıb inamla deyə bilərəm ki, rəhbərlik etdiyim mətbu orqanın bu günkü fəaliyyəti qənaətbəxşdir.

– Region mediası olaraq “Birlik – Edinstvo” qəzeti işıq üzü görməsində hansı problemlərlə qarşılaşır?

– Rayon rəhbərliyinin, xüsusilə Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin gündəlik qayğısını, diqqətini və köməyini hiss edirik. İnformasiya əldə etməkdə hər hansı çətinlyimiz yoxdur. Onu da qeyd edim ki, 2008-ci ilin ikinci rübündən etibarən “Birlik – Edinstvo” qəzetinə əlavə kimi “Qudyal” jurnalının nəşrinə başlamışıq. Jurnal elə ilk nömrəsindən oxucuların rəğbətini qazanıb. Nəfis şəkildə çap olunan bu jurnal rayonda, respublikada baş verən yenikləri əks etdirməklə, xarici ölkələrdə yaşayan yüzlərlə həmvətənimizin də diqqətini cəlb edib. Jurnalı almaq üçün göndərilən sifarişlər bunu deməyə əsas verir.

Bu gün Qubada böyük həcmdə abadlıq və quruculuq işləri aparılır. Küçələr genişləndirilir, yeni istirahət ocaqları istifadəyə verilir, prospektlər salınır. Ümumiyyətlə, bölgənin bütün yenilikləri və istimai-siyasi hadisələri xaricdə yaşayan həmvətənlərimizə məhz bizim qəzet və jurnal vasitəsilə çatdırılır. Yeri gəlmişkən, “Qudyal” jurnalının hər nömrəsində bədii yaradıcılıqla məşğul olan oxucularımızın şeir və hekayələrinə də yer ayırırıq. Mövzu bolluğundan, əməkdaş baxımından qəzet və jurnalın işıq üzü görməsində demək olar ki, heç bir problemlə üzləşmirik. Mövqe və münasibətlərimizə görə yerli dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əlaqələrimiz möhkəmlənir və lazımı informasiya üçün necə deyərlər, qapı döyməli olmuruq.

Bir jurnalist kimi şimal bölgəsini təmsil etdiyimdən deyə bilərəm ki, bu gün bölgədə nəşr olunan mətbu orqanların sayı kifayət qədərdir. Hər rayonun öz qəzeti var. Qubada isə 6 adda qəzet buraxılır. Deməli, medianın inkişafı üçün heç bir maneə yoxdur. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təbirincə desək, Azərbaycanda fikir, söz və məlumat azadlığı təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda azaddır. 10 yaşını qeyd edən və bu yolda kamillik yaşına qovuşmağa hazır olan “Birlik – Edinstvo” qəzetinin kollektivi ölkədə mətbuat üçün yaradılan bütün  imkanlardan bacarıqla istifadə edir, daha böyük uğurlara can atır.
 
Bəxtiyar MƏMMƏDLİ
 





11.09.2012    çap et  çap et