525.Az

“Ali məktəblərə qəbulun azaldılmasının əleyhinəyəm”


 

“Ali məktəblərə qəbulun azaldılmasının əleyhinəyəm” MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ HADİ RƏCƏBLİ: “DƏRS DEYƏ BİLMƏYƏN, 4-CÜ SİNİF ŞAGİRDİNDƏN DƏ AZ BİLƏN MÜƏLLİMLƏRDƏN XİLAS OLMALIYIQ”  

– Hadi müəllim, bu günlərdə mətbuatda belə bir fikir səsləndirmisiniz ki,  müəllimlərin, təhsil işçilərinin statusu yüksəldilsin. Onları başqa statusla əvəz etməsinlər, onları başqa qurumlarla ümumiləşdirməsinlər...

– Bu gün belə bir layihə gündəmdə deyil. İkincisi, prezidentin bir istəyi var: müəllimin maaşı yaxşı olsun, müəllim daha yaxşı yaşasın, status tapşırığı da ona görə verilib. Mən də deyirəm ki,  müəllim adını yüksək tutaq, müəllimi ucaldaq. Düşünürəm ki, bu gün müəllimin maaşını qaldırmaq üçün 3-4 istiqamətdə iş görmək olar. Birincisi, gəlin görək hazırda müəllimin bir “aklad” əmək haqqı almaq üçün dərs yükü neçə saatdır? 12 saat. Paradoksdur! 12 saatlıq həftəlik iş saatı olar, dərs yükü olar? Ailə başçısı və sanballı bir xanım geyinib-keçinib gedir məktəbə, gündə 2 saat dərs deyir, elə şey olar? Gəl bunun dərs yükünü edək 18 saat, o zaman onun 50 faiz maaşı artacaq. Əlavə olaraq icazə verək ki, 6 saat da dərs deyə bilsin. Bu  24 saat dərs yükü edir . Bu oldu iki “aklad”, yəni, bu gün aldığı 250 manat əvəzinə  500 manat alsın. Bunu etmək olar, ya olmaz? Əlbəttə, etmək olar. Eyni zamanda,  belə olanda nə baş verir və ya verə bilər? Bir sıra müəllimlər ixtisar olur. Biz zaman-zaman savadsız, səriştəsiz, bacarıqsız müəllimləri ixtisar etməliyik. Dərs deyə bilməyən, hətta əməlli-başlı oxuya bilməyən, yaza bilməyən, bəzən indiki 4-cü sinif şagirdlərindən də az bilən müəllimlərdən xilas olmalıyıq. Başa düşürəm, burada da problemlər yaranacaq, iş yeri axtaracağıq, o adamlar işsiz qalacaqlar və sair.  Gəlin pisi ixtisar edək də. İnanın ki, yaxşı axtarsaq, onlara da münasib iş tapmaq olar. Bazar iqtisadiyyatıdır. Uşaqlar  birinci sinfə gedirlər, bir müəllimin sinfinə düşmək üçün ən azı 200 nəfər yazılır, amma başqa bir ibtidai sinif müəlliməsinin sinfinə valideynlər uşaqlarını qoymaq istəmirlər? Niyə? Kimin ki, sinfinə uşaq getmir onun dərs yükünü azaldaq, müəllimi ixtisar edək!

– Yaxşı olmazdımı  ki, kadrların aşağı səviyyədə olması ilə əlaqədar ali və orta ixtisas məktəblərinə qəbul planı azaldılsın?

– Xeyr, mən bunun bütövlükdə əleyhinəyəm. Qəbulu niyə azaldırıq? Seçim edək də. Yüz nəfər ixtisara düşdü, bilsinlər ki, savadsız olsam, mənə də iş verməyəcəklər. Bir də tender elan edilsin, seçim olsun, 50-nə iş versinlər, 50-də savadını artırsın, sonra gəlsin iş alsın. İnsititutun buna ancaq keyfiyyət baxımından dəxli var?! Onda tələbədə işsiz qalmaq qorxusundan daha yaxşı oxuyar. Deməli, institutu keyfiyyətsiz oxuyan gənc tələbə bilsin ki, iş tapa bilməyəcək. Qoy oxusun da! Xaricdə necədir? Girirlər hamısı instituta, axırda 50 faizi qurtarır. 20 nəfər girir, 10 nəfər qurtarır. O biri 10 nəfər bir ildən sonra daha da əzmlə çalışıb lazım olan keyfiyyətlərə malik olub, həmən təhsil ocağını bitirir. Nə yaxşı ki, artıq bizdə də belə sistemlər var. Məsələn, ibtidai siniflərə və ya fənnlər üzrə müəllim seçəndə bunu daha rahat etmək mümkündür. Çünki məktəbdə bilirlər hansı müəllim yaxşıdır. Mənim bacım müəllimə idi, onun sinfinə düşmək üçün dava gedirdi. Niyə belə olur? O müəllim xəcalət çəkməlidir ki, mənim sinfimə yazılan yoxdur. Bunu elə həkimə də  şamil edirəm. Yaxşı həkimin yanına hamı gedir, pis həkimin yanına heç kim getmir. Çəkməçi də belə, dərzi də belə, diş həkimi də belə, eynək ustası da belə. Bazar iqtisadiyyatının baş qanunu budur- seçim və keyfiyyət gərək birinci olsun. Keçmişik bazar iqtisadiyyatına. Ona görə də biz məktəblə bağlı da belə şeylər, keyfiyyət istəyirik. Yaxşı müəllimin dərs yükü artsın, maaş da artsın. Dərs yükü artanda məntiqi bir qrup müəllim ixtisar olunur, pisini ixtisar edək. Kollektivdə bilirlər kim dərs demir. Müəllimlər özləri bilirlər, valideynlər də bilirlər ki, kim savadsız və vaxt keçirən müəllimdir, kim yaxşı müəllimdir. 

– Yeri gəlmişkən, ali və orta ixtisas məktəbləri rəhbərlərinin, o cümlədən,  orta məktəb direktorlarının seçki yolu ilə müəyyənləşdirilməsi təkliflərinə necə baxırsınız? 

– Burada da solluq olmamalıdır. Axı, hər kəs  idarəetməni bacara bilmir... Biri var zirəkdi idarə edə bilir, biri də var əfəldir, tənbəldir, işi yarıda bilmir. Bunu da nəzərə almaq lazımdır. Söhbət məktəbdən gedirsə, gərək məktəbi təmir etdirəsən, gərək müəllimlərin çalışmayanını yerində oturdasan, gərək birinə əmr, birinə tapşırıq verəsən. Müəllimlərə qalsa deyəcəklər ki, hansı liberal adamdır, onu seçək. Bilirəm o yaxşı adamdır, mənə söz deməyəcək, onu seçək... Gərək rəhbər peşəkar ola, iş qura, iş yarıda, liderlik keyfiyyətlərinə malik ola.  Çünki bəzən görürsən ki, seçki yolu ilə seçilən adam fayda vermir, iş görə bilmir. Bizə isə  lazımdır iş görən məktəbi müəssisəni çalışdıran keyfiyyətli “məhsul” verən adam. Bunun üçün də xüsusi seçim olmalıdır. İndi təəssüf ki, kadr yetişdirilməsinə, onların addım-addım irəli getməsinə az diqqət yetiririk. Odur ki, zirək adam tapılmır, azdır.   Menecer deyirlər, təəssüf ki, bəs qədər yoxdur, menecment oxumaqla deyil ki? Dünyanın əksər yerlərində otellərə digər müəssisə və idarələrə, özəl bölümlərə müdir bilirsən kimi qoyurlar? Müəssisədə ən aşağı işdən, lap elə süpürgəçilikdən başlayıb gəlib pillə-pillə yüksələn insanı müdir qoyurlar. Yəni, aşağıdan, o müəssisənin bütün dərdini-sərini bilən adamı müdir seçirlər...

KAMİL
 





11.09.2012    çap et  çap et