525.Az
Cəmil müəllimə vida sözü
“Düyğular” silsiləsindən
Müqtədir Azərbaycan jurnalisti, mahir söz ustası, mətbuatımızın inkişafına gərəkli olan ideyalar müəllifi Cəmil Əlibəyli haqqında daim söz demək, yazmaq istəmişəm. Zaman – zaman deməyinə demişəm. Həyati söhbətlərimdə, radio-efir çıxışlarımda, apardığım müsahibələrdə bu istedadlı qələm ustasını xüsusi cizgilərlə qeyd eləmişəm. Amma yazmaqda çətinlik çəkirdim. Ona görə yox ki, qələmim aciz idi, yaxud kimi vaxtlar adını siyahılardan silir, özünü qapılar dalında saxlayırdılar deyə nədənsə çəkinirdim. Yox, sadəcə ona görə ki, söz sənəti dünyasında ilk xeyirxahım olmuş bu geniş qəlbli insana yaraşan ürək sözlərimi bir yerə toparlayıb ipə-sapa düzməkdə çətinlik çəkirdim. Amma o isə məni – gənc həmkarını izləyir, radio dalğalarıyla yayımlanan uğurlu verilişlərimdən, mətbuatda gedən yazılarımdan sonra hər dəfə telefon açır, özünə xas olan tərzdə (barmaqlarıyla telefon dəstəyinə tıqqıldatmaqla) təbriklərini yetirirdi. Və bu susqunluğum 2009-cu ilin oktyabrınacan çəkdi. Həmin ayın 10-da “525-ci qəzet”in gözəgəlimli səhifəsində “Cəmil müəllimin atalığı” adlı yazım işıq üzü gördü. Bu nağıla bənzər xatirə yazısıydı, jurnalist ömrümdə başıma gələnlərin bir dövrü barədə və təbii ki, baş qəhrəmanı Cəmil müəllim olan portret-oçerk idi. Həmin günün axşamı evimizə telefon zəngi gəldi. Cəmil müəllimin Nigar qızıydı. Dedi atam sənlə danışmaq istəyir. Təəccüb məni bürüdü- yəni dili açılıb müəllimin. Böyük sevinc hissiylə dinşək kəsildim. Az sonra dəstəkdən tıqqıltılar eşidildi. Tanış “səslər” idi. Neçə illərdi Cəmil müəllim öz sözünü, kimlərəsə təşəkkür və şükranlarını bu yolla çatdırırdı. Bundan xəbərdardım deyə onun nə dediyini eşitdim. Sonra Nigar xanım o tıqqıltıları mənə “tərcümə” eləsə də artıq onlardan hali idim – “ Çox sağ ol, İntiqam!”..
Bu olayın tarixi yuxarıda qeyd etdiyim kimi 2009 – un oktyabrı idi. 2007 – ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adına klubunda Cəmil Əlibəylinin 80 illik yubleyi münasibətiylə təntənəli törən təşkil edilmişdi. O yubileyinə Cəmil müəllim səsi batıq – yəni bir vaxtlar Qarabağın o gözəl, koloritli ləhcəsilə danışarkən hamını heyran qoyan səsindən məhrum vəziyyətdə gəlmişdi. Dəfələrlə demiş, həm də yazmışam ki, haçansa bir münasibətlə vətəndən ayrılıb qürbətə düşəndə el-oba, yurd həsrəti üç səsin cilvəsində gəlib dolub içimə, başlayıb orda qövr eləməyə, məni vətənə sarı çəkməyə. Bunlardan biri “Azərbaycan” şeirini bənzərsiz bir duyğusallıqla söylərkən “Azərbaycanım” kəlməsini böyük eşqlə dilə gətirən Səməndər Rzayevin səsi, digəri “Kəhlik, kəhlik gəl ovla məni” deyib oxuyan dahi Bülbülün avazı, bir də çox qəribədir ki, adicə danışığıyla, tünd qarabağlı şivəsində ötməsiylə elə Qarabağ bülbüllərini xatırladan Cəmil müəllimin səsi. İndi budur, 80 yaşın tamamında gözəl Qarabağından, anadan olduğu Dədəli kəndindən, doğmalarının məzarlarından ayrı düşən, son onilliklərdə ata-baba məskənlərindən uzaqlarda dünyaya gələn cavan-comrula Qarabağın nə demək olduğunu anlatmalıykən səsini itirmiş, yar-yoldaşla lal dilində danışan Cəmil müəllim bər-bəzəkli, çiçəklərlə dolu yubiley masasının arxasında Yazıçılar Birliyinin sədri Anarın yanında kirimişcə əyləşib. Amma səhnəyə qalxanacan daha bir məqam Cəmil müəllimi təbrikə gələnləri ehtizaza gətirmişdi. O klubun qapısında görünən ləhzədə zaldakıların elliyinin bir nəfər kimi ayağa qalxıb onu alqışlamasından şaşırdı. Sanki belə qarşılanacağını gözləmirdi. Təbiətən kövrək olan Cəmil müəllimin gözləri dolmuşdu. Axı son illərin gərgin olayları bir sıra insanları, hətta dostları belə Cəmil müəllimin həndəvərindən perik salmışdı. Səsi çıxmasa da yalnız özünün eşitdiyi sözlərin ahəngiylə dodaqları tərpənən Cəmil müəllimin o dəqiqələrdə bircə əlacı qalmışdı- zalın bu başından o başınacan onu sayıb təbrikə gələn pərəstişkarlarına birəm-birəm yaxınlaşmaq, onları qucaqlayıb öpmək, heç olmasa özünə bəlli təşəkkür dolu sözlərini dodaqlarının tərpənişiylə izah etmək. Beləcə tamaşaçı zalını o baş bu baş dolaşdı, heç kimi yaddan çıxarmadı, hamıya səssiz – sözsüz təşəkkürlərini, isti öpüşləriylə minnətdarlığını bildirdi. Və o dəqiqələrdə beynimə çox axmaq, qəddar bir fikir gəlmişdi, düşünmüşdüm deyəsən axı Cəmil müəllim bu dünya, cəmiyyət, həyatla vidalaşır. Amma çox şükür ki, o hələ 7 il də yaşayacaq, jurnalist missiyasının, yazıçı təxəyyülünün son yadigarı kimi dünyaya “Zəmanəyələ üz-üzə” adlı möhtəşəm xatirələr toplusunu gətirəcək və mənə də bir nüsxəsini yadigar verəcəyi o kitabın titul səhifəsində yazacaqdı: “Çox hörmətli İntiqam!
Səni Yazıçılar Birliyində təntənə zamanı zalda görəndə elə təəssüratlandım ki ...sanki milyon-milyon “Bulaq” ( radio verilişini nəzərdə tutur İ.M.) sevənlər buradadır! Sən “Bulağ”ı hər cəhətdən təmsil edirsən: onun yaradıcılarından və indiyədək yaşadanlardan, həm də bu nadir söz xəzinəsini danışıqdan yazıya köçürənlərdən yeganəsisən!
Bunun üçün minnətdarlığımı qəbul et!
Ömürnaməmi vərəqləsən görəcəksən ki, biz təbiətimiz etibarilə eyni kökdən, xislətdənik: yamanlıqdan yaxşılıqla intiqam alan duyğulu insanlardan!
Var ol!
Sizin Cəmil Əlibəyov
2008”.
Siz sağ olun Cəmil müəllim. Sağ olun ki, sizə həsr etdiyim “Cəmil müəllimin atalığı” adlı yazımda da qeyd etdiyim kimi ötən əsrin 70 – ci ilində, həyatımın ən ağır günlərində, hamının qapısından qaytarıldığım vaxtlarda riskə gedib redaktoru olduğunuz “Azərbaycan gəncləri” qəzeti redaksiyasında məni işə götürməyiniz o çağlar Azərbaycandan uzaqlarda məhkumluq həyatı yaşayan, bir zamanlar Hüseyn Cavidin, Hacağa Abbasovun, Rza Darablının tələbəsi olmuş atam Alının başını ərşə ucaltmış, bəlkə də onu vaxtsız əcəlin əlindən almışdınız. Ömrünün sonuna kimi atam sizinlə görüşüb şükranlarını yetirmək istəyirdi. Ancaq son anda ölüm macal vermədi. Neyləmək olar, qismətimiz beləymiş. İndi siz də 37 il əvvəl dünyasını dəyişmiş atam kimi əbədiyyət diyarına yollanırsınız. Yolunuz nurlu, torpağınız yüngül olsun, Cəmil müəllim! Atam oradasa sizi tapacaq, dualar haləsində öz “sağ ol”larını sizə yetirəcək. Mən isə bu dünyadan sizə əlvida yox, çox sağ olun deyirəm! Çün ki, mənim aləmimdə həmişə sağsınız. Atam və siz.
Sözümün sonunda bir ricamı bildirmək istərdim. Qoy bu günlərimizdə yaşayıb-yaradan, yaxud kirimişcə pensiyaçı ömrü sürən, amma vaxtilə Cəmil müəllimin əlindən su içmiş jurnalistlərimiz onu unutmasınlar, daim qapılarını onların üzünə açmış bu xeyirxah insan haqqında ürək sözlərini, xatirələrini söyləməkdə, yazmaqda xəsislik etməsinlər. Bu, mətbuat tarixində daha bir boşluğun doldurulmasına bərabər olardı. Nə olsun ki, böyük mətbuat araşdırıcımız Qulam Məmmədli aramızda yoxdur, bəs bizə nə gəlib.
6 noyabr 2014.
17.11.2014 çap et