525.Az

Əbülfəz Ülvinin şeirləri


 

Əbülfəz Ülvinin <b style="color:red">şeirləri</b>

PAYIZ

 

Can verir, yaşayır yay son anları,

Payız haray salır, hökmə başlayır.

Baharın tikdiyi yaşıl donları,

Sanki təbiətdə sökmə başlayır.

Çin olur dağlara sinmək istəyi,

edir çən, duman özəl eyləyir.

Yarpağın qızıla dönmək istəyi,

Saraldıb bu cəhdi xəzəl eyləyir.

Sükuta dalıbdır sirri var kimi,

Baxanda qorxudur gözü sıldırım.

Əsəbi pozulmuş adamlar kimi,

Mırtdana-mırtdana qalır ildırım.

Buludu altına döşüyür günəş,

Şimşəyin önünə keçən tapılmır.

Görəndə sanırsan üşüyür günəş,

Amma hərarətin ölçən tapılmır.

Əkinçi torpağa salır cütünü,

Gör torpaq başına "turp" əkirlər.

Elə bil qızarmış, odlu ütünü,

Çəmənə çəkirlər, düzə çəkirlər.

Toy-düyün susmayır, deyir:-yan, payız,

Sevənlər bu fəsli bir şələ bilmir.

İşə bax, dağ-daşı solduran payız,

Bircə məhəbbətə güc gələ bilmir.

 

AXTARMA

 

Axtarma, tapılan deyiləm ki, mən,

Məni axtarmasan daha yaxşıdır.

O qəlb ki, qəlp düşüb anmır sevgidən,

O ürək nisgilə, aha yaxşıdır.

Mənim eşq məbədim yazdır, qış deyil,

Yoxsa sən özünü düzə çəkirsən.

Canım, bu axtarış, axtarış deyil,

Sən öz suçlarına cəza çəkirsən.

Axtarma, tapılan deyiləm asan,

Yolumda həsrəti bitirməyəydin.

Bilirdin sən məni axtaracaqsan,

Elə qoruyardın, itirməyəydin.

As məni, yolumda dayanma, ancaq,

Yerimi kimsədən soruşma qəti.

Onsuz da kim tapsa qaytarmayacaq,

Sənin itirdiyin bu səadəti.

Bilirəm, çətindir təni itirmək,

Qoy barı dərd mənə təpgi verməsin.

Tək sənə itgidir məni itirmək,

Kaş xalqım, vətənim itgi verməsin.


SUÇUM
YOX

 

Gedirsən, bilmirəm düşünüb nəyi,

Düşün getdiyin tək qayıtmağı da.

Bilirsən həsrətə ömür verməyi,

Barı bil həsrəti bayıltmağı da.

Göz yaşın ümmana dönür az qala,

Suçum yox, qoy bunu göylər bilsin.

Bəlkə su səpirsən getdiyin yola,

Mənə dönüşünü göyərdə bilsin.

olub, hardandır bu sevdada çən?

Qoyma hicran qəlbə tökülü qalsın.

A canım, bənövşə deyiləm ki, mən,

Bükəsən boynumu bükülü qalsın.

Mən ki, hər sözünə min can demişəm,

Qıyma bu canları titrətsin nəsim.

Mən sənə canımı qurban demişəm,

Quzu istəyirsən yüzünü kəsim.

Qayıt, özün verdin bu eşqə qərar,

Mən onu torpaqdan yoğurmamışam.

Görərlər sinəmə saman basarlar,

Sanarlar qəlbini oğurlamışam.

 

ÇƏKƏMMƏRƏM

 

Gülüm, gəl danışaq iki gül kimi,

Çək demə, mən Sərvi kol çəkəmmərəm.

Desən şər şəklini çəkim ləl kimi,

Kəs, doğra, parçala, böl çəkəmmərəm.

Başlara börk qoyan, tez salar börkün,

Kökünü unudan, çürüdər kökün,

Çək desən, çəkərəm min dağın yükün,

Mən haqqa nahaqdan yol çəkəmmərəm.

Dözərəm könlümə qəm, kədər versən,

Ya haqlı, ya haqsız, ya hədər versən,

Oxşaram vüsalı qədər versən,

Həsrəti bir andan bol çəkəmmərəm.

Desən dayazı çək qoşa dərinlə,

Axı uyğun gəlməz bu hal sərinlə,

Vallahi istəsən dara əlinlə,

İstərsən saçımı yol çəkəmmərəm.

Gəl salma bu eşqə şübhədən qada,

Salmasan canına olaram fəda,

Yoxsa layihəsi yazılıbsa da,

Qüvvəyə minməyə qol çəkəmmərəm.

 

YERİNİ TUT

 

Sev, sevgi məst olsun, olmasın qənim,

Mən səndən yarıyım, sən məndən yarı.

Hüsnün itiribdir ağlımı mənim,

Sən de, qaytarsın tapanı barı.

Üzündə nur seli elə allanıb,

Bundan çox danışır sərt qeybətçilər.

Birdən elektrik işığı sanıb,

Sayğaca qoşarlar nəzarətçilər.

Qalıb xəyalım da pərənpərəndə,

Zaman da tez keçir, vaxt da tezləşib,

Dilim lala dönür səni görəndə,

Qorxuram deyələr "protez"ləşib.

Çalmısan həm məni, həm qəlbimi,

Qoy bəxt ulduzumuz çəndə olmasın.

olar, mənə ver sən qəlbini,

Səndə iki olsun, məndə olmasın?

Qoyma vüsal üstdə dayansın bulud,

Qoysan nəğməsini həsrət bəstələr.

qədər gec deyil gəl yerini tut,

Gec olar, özgələr səni üstələr.

 





18.11.2014    çap et  çap et