525.Az

Qadınların yerli ictimai həyatda iştirakı gücləndirilir


 

Qadınların yerli ictimai həyatda iştirakı gücləndirilir

ALMANİYANIN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ TƏŞKİLATI YENİ LAYİHƏYƏ START VERİB

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) hökumətlərarası razılaşmaya əsasən, 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib.
Azərbaycan hökuməti tərəfindən dəstəklənən növbəti uzunmüddətli DAYAQ adlı layihəyə 01 avqust 2012-ci il tarixdən start verilib. Layihə Azərbaycan bələdiyyə şuralarının qadın üzvləri üçün nəzərdə tutulub. Layihənin əsas tərəfdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyidir.
Layihə Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarında həyat keçirilir.

Mentorluq Proqramı qadınların yerli ictimai həyatda iştirakını gücləndirməyi və Azərbaycanda yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməyə nail olmağı nəzərdə tutur.
Qeyd edək ki, 2009-cu ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 243 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,5% olub. Əvvəlki, 2004-cü il bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib. Qadın bələdiyyə üzvlərindən 302 nəfəri bələdiyyə sədri seçilib. Baxmayaraq ki, bu nəticələrin əldə olunması kəmiyyət nöqtəsi nəzərdən vacib nailiyyətdir, seçilmiş qadın nümayəndələrinin əksəriyyəti hələ də təcrübəsizdir, onların bilik və bacarıqları kifayət qədər deyil. Bu mənada Mentorluq Proqramı seçilmiş qadınların qərar vermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır. Mentorluq anlayışı qadınların geniş iştirakı üçün hərtərəfli yanaşmaları yaratmışdır. Bu üsula əsaslanaraq mentor və stajor bir araya gəlir və elə bir güclü əlaqə yaradır ki, bu əlaqə vasitə ilə mentor stajora bilik, ictimai və psixoloji dəstək göstərir, karyerada təkmilləşmək və nailiyyətlər əldə etmək üçün köməklik edir.

Mentorluq Proqramı 4 mərhələyə əsaslanır:
1. Üz-üzə mentorluq əlaqələrin yaradılması,
2. Təlimlərin keçirilməsi,
3. Gender yönlü layihələrin dəstəklənməsi,
4. Mentor-stajor şəbəkəsinin yaradılması.

Layihə çərçivəsində ilkin mərhələdə Sentyabrın 3-ü, 4-ü və 5-i tarixlərində Qaradağ rayonunda silsilə görüşlər həyata keçirilib. Tədbirdə Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının Məsləhətçisi Fidan Qasımova, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Qaradağ rayonun İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisı Abbas Məmmədov, Qaradağ rayonu qəsəbə və kənd bələdiyyə sədrləri ilə yanaşı bələdiyyələrin seçilmiş qadın bələdiyyə üzvləri də iştirak etdilər. Burada layihə və proqramın əsas məqsəd və vəzifələri haqqında genış məlumat verilib, proqramda iştirak üçün ərizə formaları paylanıb və şəbəkənin yaradılması üçün ilkin müzakirələr aparılıb.

 





11.09.2012    çap et  çap et