525.Az

“Ermənistanın isterikası siyasi planda özünə haqq qazandırmır"


 

“Ermənistanın isterikası siyasi planda özünə haqq qazandırmır"

“Gürcüstan tərəfdən belə provakasiyalar 2008-ci ilin avqust hadisələri qabağı da tez-tez təkrarlanırdı”

Rusiyalı politoloq, Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxinin APA-nın Moskva müxbirinə müsahibəsi

- Bu gün dünya ictimaiyyəti ABŞ-da baş verən 11 sentyabr terror hadisələrinin 11-ci il dönümünü qeyd edir. Bu hadisədən sonra dünya ölkələri terrorizmlə birgə mübarizəyə başladılar. Bütün dünyada terrorla mübarizənin getdiyi bir dövrdə, düz bir həftə bundan qabaq erməni terror təşkilatı ASALA bütün dünya ictimaiyyətinin gözü qarşısında xaricdə yaşayan azərbaycanlıları açıq-aşkar terrorla hədələyib. Bunu necə şərh edərdiniz?

- Bu hadisəni bir mənalı olaraq mənfi dəyərləndirirəm. Hesab edirəm ki, belə bir iddia ilə çıxış eləmək, dinc insanları ölümlə hədələmək kimi məsuliyyəti üzərinə götürən təşkilat barədə xüsusi xidmət orqanları tədbir görməlidirlər. Lakin çox təəssüf ki, bu gün bu hadisə yalnız mətbuat orqanlarında və siyasi arenalarda müzakirə olunur.

- Ramil Səfərovun Azərbaycana ekstredisiyası və əfv olunması ilə bağlı Ermənistanın isterikasını necə şərh edərsiniz?

- Bütün hallarda Ermənistanın isterikası siyasi planda özünə haqq qazandırmır. İsterikanın köməyi ilə problemi həll etmək mümkün deyil. Bunu asan bir yolla da sübut etmək olar. Evli kişi və ya ailəli qadından soruşun – indiyə kimi isterika ilə hansı problemi həll edə biliblər?

- Ramil Səfərov ətrafında baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında müharibənin başlanma ehtimalı nə qədərdir?

- Hesab edirəm ki, son hadisələr Dağlıq Qarabağda müharibənin başlanmasına səbəb ola bilməz. Müharibə iki ölkə ictimaiyyətində də çox müzakirə olunur. İctimaiyyət müharibənin olacağını nə qədər çox müzakirə edirsə, onda müharibə olmur. Əksinə hər iki ölkə ictimaiyyətində müharibə müzakirə olunmursa, onda müharibə baş verir. Fikrimcə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq.

- NATO baş katibi Anders Foq Rasmussenin keçən həftə Cənubi Qafqaza səfəri baş tutdu. Gürcüstana səfəri çərçivəsində Rasmussen “Gürcüstanın gələcək evi – NATO-dur” bəyanatı ilə çıxış edib. Bunu necə şərh edərdiniz?

- Anders Foq Rasmussen NATO baş katibi vəzifəsini tutsa da, təəssüflər olsun ki, əsas açar rolunu oynayan qərarlar qəbul etmir. Ona görə də, onun səfərinə siyasi səfər kimi deyil, diplomatik səfər kimi baxmaq lazımdır. Rusiya Rasmussenə rəsmi nöqteyi nəzərdən retranslyasiya daşıyıcısı kimi baxır. Yəni, əlbəttə ki, nəzərə almaq lazımdır, lakin ciddi yanaşmaq lazım deyil.

- Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində baş verən son hadisələri necə dəyərləndirərdiniz?

- Sərhəddə baş verən son hadisələri birmənalı qarşılamıram. Çünki biz, son vaxtlar Gürcüstan tərəfdən çoxlu provakasiyaların şahidi oluruq. Gürcüstan tərəfdən belə provakasiyalar 2008-ci ilin avqust hadisələri qabağı da tez-tez təkrarlanırdı. Nəticədə nələrin baş verdiyi hamıya məlumdur. Ona görə də, Rusiya bunu çox böyük həyacanla izləyir. Sərhəddə və sərhədə yaxın məntəqələrdəki vəziyyət Rusiyanın nəzarəti altındadır. Bu hadisələri şərh etmək olduqca çətindir. Çünki baş verən son hadisələr birmənalı dəyərləndirilmir. Hesab edirəm ki, Rusiya Gürcüstanın bu provakasiyasında iştirak etmək istəməz.

- Yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətləri üçüm necə proqnoz verərdiniz?

Yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətləri Gürcüstandan keçirilən seçkilərin nəticələrindən asılı olacaq. Təəssüflər olsun ki, Rusiya Gürcüstandakı seçkilərə təsir edəcək vəziyyətdə deyil. Ona görə də, Rusiya Gürcüstanla həm normal münasibətlərin qurulmasına, həm də münasibətlərin daha da ekstremal vəziyyətə düşməsinə hazırdır.

 





11.09.2012    çap et  çap et