525.Az

Millət vəkilindən “surroqat ana”ya dəstək


 

Millət vəkilindən “surroqat ana”ya dəstək<b style="color:red"></b>

“Azərbaycanda reproduktiv sağlamlıqla bağlı qanun çoxdan qəbul olunmalı idi və bu məsələdə çox gecikmişik”.

525.Az-ın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.

O, bildirib ki, belə bir qanun olsa da, olmasa da bir çoxları ölkədən kənarda süni mayalanma, embrionla bağlı əməliyyatlar keçirirlər:

Q.Paşayevanın dediyinə görə, qanun layihəsində bir sıra təkmilləşdirmələrə ehtiyac var.


Qanun layihəsində bir sıra sosial qruplara aid ailələrin 10 ildən çox sonsuzluqdan əziyyət çəkdikləri halda dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı maddəsinə toxunan Q.Paşayeva , burada sosial qrup sözünün yığışdırılıb, ümumilikdə 10 il və ondan artıq sonsuzluqdan əziyyət çəkən ailələrin dövlət tərəfindən maliyyələşdirilməsi sözünün  göstərilməli olduğunu qeyd edib.

“Bildiyiniz kimi, sonsuzluqdan əziyyət çəkən ailələrin bir çoxunda dağılma və boşanma halları yaşanır. Az - çox imkanı olan ailələr 10 il müddətini gözləmirlər və öz hesablarına məsələnin müsbət həlli üçün çalışırlar. Əgər 10 il ərzində belə bir ailə həkimə müraciət edə bilməyibsə, deməli maddi imkanı yoxdur. Bu cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan əziyyət və dağılmaqda ailələrin xilası demək olardı. Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki, gələn ildən artıq bunu həyata keçirmək olar”.  

Millət vəkili eyni zamanda təklif edib ki, bir şəxsin 5 ailəyə donor ola bilməsi məsələsi dəyişdirilməlidir: “Bu məsələ 5-dən 3-ə endirilməlidir. Çünki biz cəmi 9 milyonluq bir xalqıq. Avropa ölkələrindəki kimi deyilik ki, burada könüllü donorlar çoxluq təşkil etsin. Həmin ölkələrdə donor məsələsinə bir mədəniyyət kimi baxırlar. Odur ki, ildə bu məsələ 5-dən 3-ə endirilməlidir”.
Bununla yanaşı millət vəkili selektiv abortlar məsələsinə də toxunaraq qeyd edib ki, qanun layihəsində bu məsələdə sərtləşdirmə qoyulsa da, amma onun konkret mexanizmləri yoxdur: “Bəzi irsi qan xəstəlikləri halında uşağın cinsiyyətinin müəyyən olunması vacibliyindən başqa cinsi seleksiyanın qadağan olunmasının tərəfdarıyam. Amma hesab edirəm ki, bunu qanunu pozan tibb işçilərinin çox ciddi cəzalandırılmasını biz konkret olaraq müəyyənləşdirməliyik.  

Onlar adi cəzalar və cərimələrlə bundan yayına bilməməlidirlər. Həmin şəxslər çox ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Bundan başqa qadınların kontroseptiv məhsullarla təmin edilməsinin vacibliyinə toxunan Q.Paşayeva vurğulayıb ki, qadınların sağlamlığını qorumaq üçün arzuolunmaz hamiləliyin zamanında qarşısı alınmalıdır.

“Bunun üçün qadınların kontroseptiv məhsullarla pulsuz təminatının bu qanunvericilikdə öz əksini tapmasını alqışlayırıq və hesab edirəm ki, gələn ilin büdcəsində artıq bu məsələ öz əksini tapmalıdır. Əks halda mütəmadi abortlar qadın sağlamlığının ən böyük təhlükə mənbəyi olmaqda davam edəcək. Bu məhsullarla təminatla bərabər bölgələrdə maarifləndirmə işinin də gücləndiriməsinə ciddi ehtiyac var”.  

Q.Paşayevanın bildirdiyinə görə, ümumiyyətlə, bu qanunla bağlı cəmiyyətdə ciddi ictimai müzakirələr aparılmalıdır.

“Həmçinin, qanun layihəsində maarifləndirmə tədbirlərinin aparılması, sosial roliklərin çəkilməsi məsələsi öz əksini tapmalıdır. Eyni zamanda hesab edirəm ki, “surroqat ana” məsələsi yenidən qanun  layihəsində qeyd olunmalıdır.

Qanunvericilikdə 1 ayda  mediada və telekanallarda nə qədər bu məsələnin işıqlandırması qeyd olunmalıdır. Ailələrdə, təhsil ocaqlarında, reproduktiv maarifləndirməyə ciddi ehtiyac var. Bu sahədə çox ciddi problemlərimiz var”.

Kamil Həmzəoğlu

 





21.11.2012    çap et  çap et