525.Az

Reproduktiv hüceyrələrin kommersiya məqsədilə saxlanması və istifadəsi qanunla qadağan olunacaq


 

Reproduktiv hüceyrələrin kommersiya məqsədilə saxlanması və istifadəsi qanunla qadağan olunacaq<b style="color:red"></b>

Şeyxülislam Allahşükür Paşazadə isə bütövlükdə sözügedən sənədə öz xeyir-duasını verdi

“Uzun illərdən bəri cəmiyyətdə qarşılıqlı mübahisə və müzakirə mövzusu olan reproduktiv sağlamlıqla bağlı qanun layihəsi üzərində ötən müddət ərzində işlər davam etdirilib, ora bir sıra dəyişikliklər edilib. Ancaq qeyd edim ki, ilkin qanun layihəsi ilə yeni qanun layihəsi arasında ciddi fərqlər yoxdur, sadəcə, ciddi müzakirəyə səbəb olan “surroqat ana” məsələsi sənəddən çıxarılıb”.

525.az-ın məlumatına görə, bu barədə parlamentin Sosial siyasət komitəsinin noyabrın 21-də keçirilən iclasında “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib. O bildirib ki, ümumiyyətlə, bu komitənin gündəliyinə salınan məsələlər cəmiyyətdə ciddi diskussiyalara, müzakirə və mübahisələrə səbəb olur. Millət vəkilinin sözlərinə görə, hətta çoxları elə bilir ki, bu məsələlərin hamısından xəbərdar və məlumatlıdırlar: “Bu isə əslində belə deyil, bu problem reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin ilkin müzakirəsi dövründə də yaşanıb. Həmin vaxt bir çoxları bu məsələdən agah olmadan yeri gəldi-gəlmədi onun əleyhinə çıxış etmişdilər.  Lakin o vaxt bu məsələnin nə cür vacib olduğunu hamıdan daha çox anlayan spiker Oqtay Əsədov onu səsverməyə çıxarmamışdı. Bununla belə ötən müddət ərzində bu məsələnin vacibliyi bir daha nəzərə alınaraq, onun üzərində işlər davam etdirildi. Onu da bildirim ki, bu variantla köhnə arasında o qədər də ciddi fərqlər yoxdur”.

Qanun layihəsi barədə məlumat verən millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Azərbaycanda indiyə kimi belə bir qanunun olmaması onun beynəlxalq aləmdə imicinə minus gətirə bilər. Millət vəkilinin dediyinə görə, çünki dünyanın əksər inkişaf etmiş ölkələrində davamlı inkişafın təminolunma prinsiplərindən biri ana, uşaq ölümü vəziyyətinin durumu, o cümlədən, ana sağlamlığı məsələsidir:

“Demək olar ki, bütün beynəlxalq tədbirlərdə bu məsələ gündəmə gətirilir, bu baxımdan hesab edirik ki, bu qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olumalıdır”. Millət vəkili məlumat verib ki, qanun layihəsində göstərilir ki, nikahda olan şəxslər yalnız qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilərlər:“Bununla yanaşı, insanın klounlaşdırılması məqsədi ilə reproduktiv hüceyrələrin və dölün istifadəsi qadağan olunur. Həmçinin, reproduktiv hüceyrələrin donorlarının resepiyentlərinin anonimliyi təmin edilir. Eyni zamanda reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanılması və istifadəsi qadağan edilir”.

“Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə reproduktiv sağlamlıqla bağlı qanun layihəsində bir şəxsin yalnız beş ailə üçün donor ola bilməsi müddəasına qarşıdır”. Bu fikri sonda  millət vəkillərinin təkliflərini cavablandıran  H. Rəcəbli deyib. H.Rəcəbli deyib ki, şeyxülislamla söhbət zamanı o, buna qarşı kəskin şəkildə çıxaraq deyib ki, gələcəkdə bilmədən qardaşla bacı evlənə bilərlər: “Bu da, heç cür qəbul oluna bilməz. Yəni, o bundan ciddi narahatlıq keçirdiyini söylədi. Odur ki, bu məsələyə yenidən baxıla və dəyişiklik edilə bilər. Ancaq bütövlükdə götürəndə o da bu qanunun qəbuluna qarşı olmadığını bildirdi ”.

Kamil Həmzəoğlu

 





21.11.2012    çap et  çap et