525.Az

Oxucu... şeir... və Qismətin hüznləri


 

Oxucu... şeir... və Qismətin hüznləri  <b style="color:red"></b> Mətanət VAHİD  

OXUCU... 

Bu gün ədəbiyyat elə bir durumdadır ki, onu yaradanlar və oxuyanlar təxminən elə eyni kiçik çevrədən ibarətdir. Təəssüf ki, istisnalar azlıq təşkil edir. Nəyə görə insanlar bədii ədəbiyyat oxumağa meyl etmirlər? Niyə hamıdan və hər şeydən bəhs edən ədəbiyyat hamı üçün maraqlı deyil? Oxucu fəallığından söhbət açılanda daha çox 60-70-ci illərdəki aktivlik diqqəti cəlb edir. Sovet dövründə ədəbiyyat, demək olar ki, tamamilə sosiallaşmışdı, eyni zamanda, dövlətin siyasi maraqlarına xidmət edərək insanların həyatına birbaşa təsiretmə qüvvəsinə malik idi. O vaxtlar hər yeni kitab sosial-mədəni hadisəyə çevrilirdi; müəlliflərin kitabları əl-əl gəzir, yeni yazılan şeirləri əksəriyyət əzbər bilirdi. Kitabı nəinki ziyalılar, hətta evdar qadınlar belə oxuyurdu. Bəs ədəbiyyata münasibətdə bu dövrlər arasındakı fərqi yaradan səbəblər nədən ibarətdir? Elmi-texniki inkişaf və bu inkişafdan hərənin öz düşüncəsi səviyyəsində faydalanması, müasir dövrdə ədəbiyyatla bağlı dövlət siyasətinin olmaması. Xüsusilə, gənclər mütaliəni sevmirlər və bunu internetin mövcudluğuna bağlayırlar. Bəs sual olunsa ki, ixtisası, peşəsi etibarilə ədəbiyyata bağlılığı olmayan nə qədər gənc bədii ədəbiyyat oxuyur, internetdə sonuncu dəfə nə vaxt açıb bir şeir, ya bir hekayə oxuyublar? Təəssüf ki, cavab ürəkaçan olmayacaq. Mütaliə edən gənclər isə əksərən belletristikaya üz tuturlar. Belə əsərlərin oxucuya nə verəcəyini bilmirəm, amma ən azı vaxtını alacağını əminliklə demək olar. Bu gün oxucu anlaya bilmədiyini oxumaqdan ehtiyat edir. Onun üçün naməlum olanı əsərdə “kəşf edərək” öyrənməyə cəhd göstərməkdənsə, hamıya bəlli olanı bir daha oxuyub “necə də doğru yazır!” – deyə “heyrətlənmək” daha xoşdur. Təəssüf ki, indi əhali internet istifadəçisinə, serial izləyicisinə çevrildiyi sürətin heç yarısı ilə belə, bədii ədəbiyyat oxucusuna çevrilə bilmir. Bu gün “yaxşı yazar yoxdur, nə oxuyaq” kimi şikayətləri də tez-tez eşitməyə alışmışıq. Bu “şikayətçilərə” bir neçə yaxşı müəllif adı çəkəndə isə onları sadəcə olaraq, tanımadığına, əsərlərini oxumadığına şahid olursan. Çünki ədəbiyyatı hələ də yalnız realizm və romantizm prinsipləri ilə dəyərləndirən oxucu, təbii ki, nə modernizmi, nə postmodernizmi, nə də digər “izm”ləri başa düşür. Müasir oxucunun tələbləri müasirləşə bilmir, o, bu günün şeirinə və nəsrinə əlli il öncənin tələbləri ilə yanaşır (söhbət məlumatlı oxucudan getmir). 

ŞEİR...

Nədənsə “bədii ədəbiyyat” deyəndə altşüurda daha çox nəsri, xüsusilə, romanı nəzərdə tuturuq. Bəs şeir? Bu gün oxucuya şeir lazımdırmı, o, şeir oxumaq ehtiyacını özündə hiss edirmi? Baxmayaraq ki, Höte deyirdi ki, milyonlar üçün nəzərdə tutulmayan bir misranı belə yazmağa dəyməz, mən bu fikirlə razılaşmıram. Çünki şeiri geniş auditoriya üçün görə bilmirəm. Şeir sözün elə bir  formasıdır ki, kütləvi şəkildə hamıya deyil, məhz ayrı-ayrı fərdlərə müraciət edir. (Təbii ki, burada çağırış, təbliğat xarakterli mətnlər istisna təşkil edir) İ.Brodski deyir ki, hansı ölkədə olursa olsun, şeiri əhalinin yalnız 1 faizi oxuyur. Alman şairi H.Ensensberqer isə ölkədə nə qədər əhali olmasından asılı olmayaraq, şeir oxuyanların sayının üç mini keçmədiyini iddia edir. Bu rəqəmlərin statistik dəqiqliyi ilə bağlı heç nə deyə bilmərəm, lakin bu fikirlərdə həqiqətə yaxınlıq çoxdur. Bizdə gənclərin əksəriyyətinin şeirə marağı sevgilisinə mesaj yazmaq üçün və ya sosial şəbəkələrdə “samballı statuslar” paylaşmaqdan ötrü olmaqdan o yana gedə bilmir. Yəni əksəriyyət şeirdən təəssürat almaq, düşünmək üçün deyil, ağıllı, romantik görünmək üçün “istifadə edir.” İndi çoxları bu ətrafda düşünür: nə edək ki, oxucuların sayı artsın? Təbii ki, yazarın işi yazmaqdır, o üstəlik hələ bir yazdığını məcburən kiməsə oxutdurmalı deyil. Odur ki, mənə qalarsa, oxucunun say çoxluğundansa, az, amma keyfiyyətli olması daha önəmlidir. Biri var, oxucu heç olmasa, müəllifin fikirlərinə yaxın bir fikri qavraya, biri də var ki, onun anladığının əsərə, müəllifin qayəsinə heç bir aidiyyatı olmaya. Başqa bir tərəfdən, məcburən oxucuya çevirməyə çalışdığımız insan oxumağa, mütaliəyə bir ehtiyac duyurmu? Əgər insan kitab üçün, roman üçün, şeir üçün “acımırsa”, oxuduğu ilə yaşamırsa, qəhrəmanlarla birgə düşünmürsə, kədərlənmirsə, böyümürsə, lazım gəlsə, “ölmürsə”, o insanı zorla mexaniki oxucuya çevirmək lazımdırmı?  

QİSMƏTİN HÜZNLƏRİ... 

Yaxşı şeir öncə təəssürat yaradır: təəssüf, sevinc, kədər, ümid, təəccüb, nadir hallarda heyrət... Şeirin dərki prosesi isə təəssürat yaratmaqdan sonra gələn mərhələdir. Şairin qayəsi yeni emosiyalar yaratmaq deyil, çünki insanın hiss və duyğuları əsrlərdir sənətkarlar tərəfindən sözə çevrilir. Müasir şair yalnız bu duyğuları yeni, özünəməxsus şəkildə təsvir edə bilər. Bəzən şeir mətni müəllifinin anlatmaq istədiyindən fərqli qavranılır. Şairin oxucuya nəyi təqdim etmək istəməsi qədər oxucunun ona təklif olunan mətndən nə ala bilməsi də önəmlidir. M.Svetayeva tənqidçini şairin yuxuyozanına bənzədirdi. Biz də Qismətin bəzi yuxularını yozmağa çalışaq.

“Meqapolis hüznləri” kitabında Qismət böyük şəhərin bütün sakinlərini yazır: “bir qarın çörəkçün hər gün özünü qucaqdan-qucağa atan” fahişə də bu şəhərin sakinidir, metroda işləyən “ümidlərindən balaca” qadın da... Kitabda meqapolisin hüznlü sakini “mənim şəhərim”anlayışı altında “mənim müasirlərim”, “mənim ölkəm”, “mənim dünyam” – deyə özünə, dövrünə, həyatına dair acı həqiqətləri paylaşır. “Meqapolis hüznləri”ndəki şeirlərin çoxu dekadent əhvali-ruhiyyəsi ilə yazılıb; kədər, bədbinlik, şikayət, həyatdan bezginlik, yorğunluq, ümidsizlik motivləri bu kitabda prioritet təşkil edir. Bu şeirlərin lirik qəhrəmanı psixoloji sarsıntılar keçirən, saysız-hesabsız insanlar arasında özünü tənha hiss edən, yaşadığı bir günü o birindən seçilməyən gənc şəhər sakinidir. Hətta şeirlərin əksəriyyətində bir-birini tamamlayan əhvali-ruhiyyə etibarilə bu kitabı “şeir-roman” da adlandırmaq olar.  

mən tütünlər çəkib, şərablar içmiş,
dənizlərdə günəşlər batırmış adamam.
özündən yaxşı heç kim 
                    aldatmır adamı...
  

Yaxud darıxan adamın şeiri: 

Saat üç tamam.
qonşunu oyadıb soruşmaq istəyir adam:
bəlkə, bir az hənirtiniz ola? 

Kitabdakı ən təsirli şeirlərdən biri Qismətin paytaxt şəhərə “ağladığı” “Bakı üçün elegiya”dır...

...Bu Bakı sadə, sevimli, doğma şəhər deyil artıq, “plastik əməliyyatlardan keçib” simasını dəyişmiş yad şəhərdir. Adı həmin olsa da, mahiyyəti başqadır, qürbətdir, sanki. Bakı neçə-neçə söz sənətkarlarının ilham mənbəyi olmuş, haqqında onun gözəlliyini, əzəmətini təsvir və tərənnüm edən əsərlər yazılmışdır. Lakin artıq vətən haqqında patetik şeirlər nə yazmaq dəbdədir, nə də oxumaq. Şeirdə “Bakıya toxundum... əsdi ürəyim, Toxunmaz olaydım, Bakı dəyişib”, “Çırpmır üstündəki torpaqdı, gildi, Qanmır ki, o əvvəl belə deyildi” misraları olsa da, müəllif xatirəsindəki Bakını təsvir etmir, onun simasının dəyişdiyini, başqalaşdığını yazır sadəcə. Lakin “Dikdaban geyinmiş göydələnlərin Qalıb ayağının altında Bakı”, “Bir az balaca ol, amma Bakı ol”, “Bir Allah bilir ki, son neçə ildi, Xəzərdə üzünü yumur bu şəhər” kimi metaforalar dünənki Bakının da təsvirini canlandırır oxucunun gözləri önündə.

“Bakı üçün elegiya” nə qədər kədərləndirirsə, “Vitrin” şeirində göz yaşları yerini üsyana verir. Sanki müəllif “hamının satıcı, hər yanın piştaxta olduğu” dünyaya meydan oxuyur. Passiv izləyici olmaqdan  usanan qəhrəman “vitrin-dünya”nı “Alnına bir şeir sıxacam sənin”, – deyə orijinal üsulla, əsl şair kimi hədələyir. Haqsızlığa, ədalətsizliyə üsyan edərək qarşısına sözlə çıxır, bu dünyanı, bu ölkəni, bu şəhəri sözün köməyilə xilas edəcəyinə inanır.

Milyon il şairi qandallasan da, 
Şeiri zirzəmidə saxlasan da sən,
Bir şair nəfəsi gedib-gəlirsə,
Bir uşaq bircə bənd şeir bilirsə,
Şairlər qazacaq sənin qəbrini.
 

Bu şeirlə şair “market-dünyadan” əsrlərin qisasını alır – dərisi soyulmuş Nəsiminin, qanı axıdılmış Lorkanın, çarmıxa çəkilmiş Məsihin qisasını. Bu əsərdə dünyanın xilasına ümid, SÖZün qüdrətinə inam var.

Ayrılıq, ölüm, göz yaşı... bunlar şeirlərdə ən çox işlədilən ifadələrdir. Qismət “Nikbinlik” şeirində ölümlə də dost kimi danışır, ona ehtiyac duyan, yerinin boşluğunu hiss edən biri kimi. Axı ölüm niyə kədər olsun ki?! Bizi başqalarının ölümü sarsıdır, yandırıb-yaxır – çünki bir üzü ayrılıqdır, itkidir. Özümüzün ölümümüz isə öz ilkinliyimizlə görüşdür, vüsaldır, əslində. İnsanın bu yalan və saxta aləmdən ayrılıb ÖZünə qayıdışıdır ölüm. Bu müvəqqəti dünyada bir xoşbəxt, hüzurlu adam tapmaq belə müşkül olduğu, hər kəs yaşamaqdan yorulduğunu, usandığını dilə gətirdiyi halda, elə beləcə yaşamağı ölümdən üstün tutur. Halbuki ölüm əbədiyyətdir, ölməzlikdir. Odur ki, onun mahiyyətini dərk edənin qapısı  ölümə də açıqdır: “Ölmə, ölüm, qurban olum, Bəs məni kim öldürəcək?”

Qismət ölümü həyata qarşı qoymur, onu sadəcə ömrün davamı kimi dəyərləndirir: “Ömür dedikləri ölümə qədərki tunel, Ölüm – depoya gedən qatardan düşməmək kimi bir şey...” Ölüm o vaxt dəhşətlidir ki, yaşadığın hər gününü öldürür, hər gün keçdikcə ömrünün axırına çıxırsan. O. Balzakın sözləri ilə desək, “vaxt öldürmək ən bahalı əyləncədir”. Adamı əcəlin öldürməsi qorxulu deyil, zamanın, arzuların, ümidlərin qatili olan insanın özünün günbəgün, saatbasaat öldürməsi faciəvidir.  

...çəkilmiş siqaretlərə bənzəyirik 
kafe-külqabılara basdırılmışıq.  

Bu iki misra “Mono adamın” – gününün biri o birindən fərqlənməyən, rəngsiz, adrenalinsiz həyatı sürdürən, ümidləri adamlardan böyük olan bu böyük və hüznlü şəhərin sakininin gündəliyi”ndəndir.  

Ölüb azalmır adam,
Azalıb ölür. 

Kitabdakı sevgi şeirlərində kədər, ayrılıq, yoxluq, əsasən, ənənəvi təsvirdən uzaqdır. Qismətin sevgi şeirlərini oxuyanda sevgilinin yoxluğundan ah-vay edən aşiq qəhrəmanın hay-küyünü eşitmirsən, o, sadəcə “yoxsan” deyir, “ola bilərdin, amma olmadın”, – deyə, təəssüflə bir qullab tüstü alır ciyərinə, vəssalam. “Telefonumda bir mesaj qədər az, İçimdə bir şeir qədər çoxsan”, – deyib şeirlə yaşayır sevgilinin yoxluğunu. 

Kitabda diqqətçəkən şeirlərdən biri də “Edison üçün silsilə”dir. Belə ki, digər şeirlərdə hüzn, bədbinlik, darıxma əhvali-ruhiyyəsi üstünlük təşkil edirsə, burada nikbinlik hakimdir və müəllif həmin silsilə üçün bu adı səbəbsiz seçmir. Bəlli olduğu kimi, onlarla kəşflərin müəllifi olan dünya şöhrətli amerikalı Tomas Edison çətin uşaqlıq dövrü keçirmiş, məktəbdə oxuyarkən müəllimi onun haqqında “kütbeyin” ifadəsini işlətdikdən sonra təhsildən də uzaqlaşmışdır. Lakin ömründə cəmi üçcə ay məktəbə gedən Edison bütün baryerləri aşmağı bacarmış, müstəqil təhsil almış, saysız-hesabsız kitablar oxuyaraq, nəhayət, onu bütün dünyaya tanıdan kəşflərə imza atmışdır. Bu kiçik tarixçəni yada salmaqda məqsəd Edisonun heç zaman məğlubiyyətlərdən sarsılmadığını, özündə güc tapıb çətinlikləri dəf edə bilməsini xatırlatmaqdır – elə müəllif də oxucusuna bu məqamı xatırladır və silsilədə yalnız nikbinlik təlqin olunur. Darıxmamaq, sıxılmamaq, üzülməmək üçün nə isə etmək, bir addım atmaq lazımdır, sonra hər şey elə bu “nə isə”dən başlayır. “Nəsə elə” şeirində müəllif dönə-dönə bu fikri vurğulayır. Silsilənin ikinci şeiri Səlim Babullaoğluna ithaf edilmiş “Şükranlıq”dır. Bu şeir daha çox ümid və şükranlıq hissinə köklənir: “dostlar, uşaqlar, kitablar varsa, şükür etməyə, sevinməyə, yaşamağa dəyər.” Bu şeirin mabədində həm də Allaha dua və şükür ilə yaxınlaşmaq, bununla hüzurlu olmanın mümkünlüyünə inam ifadə olunur. Şeiri məşhur hədisin sözləri və şükranlıqla tamamlanır: 

Namaz bitər
ürəyində bahar olar,
görərsən ki, yanağında güllər açır.
Sən Tanrıya addım-addım 
yol gedərsən,
Görərsən o tərəfdən sənə tərəf 
qaçır Tanrı...
Şükür olsun, şükür olsun, min şükür!
 

Silsilənin üçüncü şeiri olan “Dekabr səhərinə ümid” də eyni nikbin əhvalı davam və inkişaf etdirir. Bu silsilədə, xüsusilə də, sonuncu şeirdə lirik qəhrəman artıq  bomboz həyatdan qaçmağı, dünyadan küsməyi deyil, onu sevgiylə rəngləndirməyi, canlandırmağı məsləhət görür: 

Dünya həbsxana zatən
qutu evlər içrə kibrit olmağa 
nə hacət.
Bu günəşdən od almaq,
yanmaq, alışmaq, sevmək...


İnsanları sev, dostum.  “Böyük Ben üçün qol və divar” şeirində dilin imkanlarından istifadə edərək söz oyunu yaradan müəllif bu dəfə də “sözə uduzmağı” bacarır. 

Qaçmaq olmur
Divarlarımız və qollarımız 
əqrəb yuvası.
...Saat əqrəbinin çaldığı adamlar  
qum saatının qumunda itər, yoxa çıxar.
 

“Biq Ben”in simasında şair vaxtın, zamanın qətl olunduğunu, hakimiyyəti simvolizə etməklə yanaşı, həm də Avropanın Şərqə meydan oxumasını, təkkəbbürünü rəmzləşdirir. Burada iki məqam diqqəti cəlb edir: Şərqin başının altına yastıq qoyub nağıllar dinləməsi, elmi inkişafa yetərincə çalışmaması və “Biq Ben”in simasında Qərbin dünyanı “zəhərləməsi”. Çünki kitabdakı şeirlərin bir neçəsində Bakının simasının və insanların xislətinin dəyişməsindən  söz açılır ki, bu da əsasən, Avropanın təsiri ilə baş verir. Avropalaşmağa çalışan şərqlilər, o cümlədən azərbaycanlılar öz simalarını da itirib eybəcərləşirlər. Lakin müəllifin bir təsəlli yeri var: Avropanın bəzi müsbət dəyərlərinin Şərqdən təsirlənərək formalaşması. 

Nə forslanırsan,
bəlkə, elə
bizim nağılların almasını cəzb eləyib
Nyutonun başı?
 

Şeir müəllifin hisslərinin poetik ifadəsidir, onu hansı qəlibə sığdırmaq yazı prosesində meydana çıxan bir aktdır. Müasir şeirdəki formallıq artıq çoxdan öz yerini funksionallığa verib və hazırda şeirin forma və strukturundan çox onun məzmun və mahiyyəti əhəmiyyət kəsb edir. Qeyd edim ki, “Meqapolis hüznləri” kitabında sərbəst ölçülü şeirlər üstünlük təşkil etsə də, heca vəzninə sığdırılan şeirlər də az deyil. Onlardan birinə nəzər salaq:  

Ucuz, sığortasız bir qəbir qazın
O qızın qəlbimi qırdığı yerdə.
Üstünə adicə bir cümlə yazın,
Bu oğlan ölməyib durduğu yerdə.
 

Qəlbini qırmadım ürəkqıranın,
Aldım salamını aravuranın,
Əli qırılaydı saat quranın
Vaxtı sənsizliyə qurduğu yerdə


Bu iki bənddə yalnız sonuncu misranın müəyyən bir poetik tutumu olduğunu söyləmək mümkündür, qalanlarını isə sadəcə “söz yığını” adlandırmaq olar. Burada “Bilmək istəmirəm”, “Olmur”, “Döymək”, “Müqəddəs yalanlar”, “Üzü işığa” kimi şeirlər poetik baxımdan zəif olsa da, bunu şeirin heca vəznində yazılması ilə əlaqələndirməkdən uzağam. Çünki müəllifin elə bu vəzndə “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları”, “Bakı üçün elegiya”,”Vitrin” kimi poetik cəhətdən yüklü şeirləri var.
 





23.11.2012    çap et  çap et