525.Az

Qubada ARGTMŞ-nın növbəti məclisi baş tutub


 

Qubada ARGTMŞ-nın növbəti məclisi baş tutub<b style="color:red"></b>

Azərbaycan Gənclər Paxtaxtı Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti tədbiri baş tutub.

525.az-ın Şuraya istinadən verdiyi məlumata görə, tədbirin rəsmi hissəsi zamanı dövlət rəsmiləri və ARGTMŞ-ın sədrinin 2014-cü ilin yekunları barəsində çıxışları, tədbirdə iştirak edən ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ARGTMŞ-ın fəaliyyəti ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdıraraq, təşkilatın Gənclər siyasəti sahəsində bir liderlik məktəbinə çevrildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev təşkilatı dünyanın ən böyük gənclər platforması – “Dünya Gənclər Assambleyası”-nın idarə heyətinin üzvü seçilməsi münasibəti ilə təbrik edib və təşkilatın uğurlarının Azərbaycan Gənclər Siyasətinin uğurları olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə təşkilatın daima Azərbaycançılıq ideologiyasının təbliğinə öz töhvəsini verəcəyini bildirib:

“Bu gün, sadəcə iki sözdən ibarət olan Gənclər Siyasəti ifadəsinin arxasında çox böyük güc dayanır.

Gənclər siyasəti çox geniş anlayışdır və gənclər üçündür. Gəncləri inkişaf etdirən ictimai təşkilatlar və dövlət strukturlarıdır. Tədbir və proqramları həyata keçirən biz – gənclər təşkilatları, koordinasiya edən, maliyyələşdirən və dəstəkləyən dövlət qurumlarıdır. Yəni, gənclər üçün həm həyata keçirən, təşkil edən, həm maliyyələşdirən və dəstəkliyən, bir sözlə bütün tərəflər mövcuddur və bu uğurla icra olunur. Sözsüz ki, bu Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi islahatların bir isitiqamətidir və gəncləri Azərbaycançılıq idealogiyası ətrafında birləşdirir. ARGTMŞ-ın əsas dəyərləri dövlətçilik və təmsilçilikdir. ARGTMŞ üzv təşkilatları ilə birgə daima bu dəyərlərə sadiq qalacaq və Azərbaycançılıq ideologiyasının təbliğinə öz töhvəsini verəcək. ”

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisinə gündəliyin təsdiq olunması ilə başlanılıb. Məclis hesabat dövründə görülən işlərlə bağlı ARGTMŞ-nın üzvlərinin məlumatlandırılması, cari məsələlərinin müzakirə olunması, növbəti mövsüm üzrə fəaliyyətlərin təsdiqlənməsi və üzvlük üçün müraciət edən təşkilatların namizədliyinə baxılması məqsədi ilə həyata keçirilib.

Daha sonra ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynovun hesabat dövrü üzrə görülən işlərlə bağlı fəaliyyət hesabatı dinlənilib:

“Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2014-cü ildə fəaliyyətini “3G” strategiyası çərçivəsində həyata keçirib. Hesabat dövrü ərzində təşkilat “gənclər siyasətinə dəstək” istiqaməti çərçivəsində dünyanın bir çox aparıcı platformalarının qərarvermə prossesində təmsil olunma hüququ qazanıb.

Eyni zamanda bu istiqamət çərçivəsində beynəlxalq arenada uğurlu fəaliyyətin nəticəsi olaraq, təşkilat Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun idarə heyətinin iclası və  dünyanın ən böyük regional gənclər platformalarını birləşdirən “Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü” təşkilatının illik yığıncağına ev sahibliyi  edib.

Strateji istiqamətlərdən biri olan “gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində təşkilatın saytı üzv təşkilatların istifadəsinə verilib, onlar üçün əlverişli onlayn platforma yaradılıb və QİDA çərçivəsində bilik və bacarıqları inkişaf etdirilib.
 
“Gənclərin əməkdaşlığı” istiqaməti çərçivəsində yerli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Könüllülük Xidməti çərçivəsində Azərbaycanın 13 regionunun 15 “Gənclər Evi”-dən olan gənclər arasında könüllü mübadiləsi həyata keçirilib.
 
Təşkilat 2015-ci ildə də strategiyasının mövcud istiqamətləri çərçivəsində fəaliyyət göstərəcək. Növbəti ildə mövcud istiqamətlərlə yanaşı kənd gənclərinin inkişaf etdirilməsi və bacarıqlarının üzə çıxarılması əsas istiqmətlərdən biri olacaq.”

Tədbirin gedişatında ARGTMŞ tərəfindən həyata keçirilən gənclər təşkilatları arasında sosioloji sorğunun nəticələrindən çıxarışlar iştirakçıların diqqətinə çatdırılıb və 2015-ci ildə həyata keçirilməsi planlaşdırılan “Yerli Gənc” proqramının təqdimatı keçirilib. Yeni layihənin məqsədi kəndlərdə yaşayan gənclər ilə işin ayrıca bir istiqamət kimi təbliğatının aparılması gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərin istedadlarının üzə çıxarılması, kənd gənclərinin məlumatlılığı, bilik və bacarıqlarının artırılmasıdır.

Məclisin sonunda ARGTMŞ-ın üzvü olmaq üçün müraciət olunan təşkilatların namizədliyinə baxılıb və tədbir iştirakçılarının səsverməsi əsasında “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi ARGTMŞ-nın üzvü seçilib və təşkilatın üzvlərinin sayı 112-yə çatıb.

Tədbir günündə ARGTMŞ-ın sədri tərəfindən 2014-cü il üzrə Azərbaycan Gənclər Paytaxtı olduğu müddətdə Quba rayonunun gənclərinin inkişafına verdiyi töhvələrə görə Quba rayon İcra Hakimiyyəti və  Gənclər və İdman İdarəsi fəxri fərmanla təltif olunub.

 





23.12.2014    çap et  çap et