525.Az

Əlillik müayinəsi tam avtomatlaşdırılacaq


 

Əlillik müayinəsi tam avtomatlaşdırılacaq<b style="color:red"></b> ”Aparılan islahat tədbirlərindən biri də əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasıdır”.

Lent.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yap.org.az-a müsahibəsində bildirib. O qeyd edib ki, bu məqsədlə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə şərait yaradır.

Nazirin sözlərinə görə, artıq əlillik vəziyyətlərinin müəyyən olunması üçün bütün məlumatların səhiyyə müəssisələrindən Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və sonrakı mərhələdə əlillik müayinəsinin nəticəsi barədə məlumatın aidiyyatı qurumlara ötürülməsi elektron şəkildə həyata keçiriləcək. “Sistem vasitəsilə yaradılmış elektron məlumat bazasına isə əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar daxil edilir. Artıq bu bazaya 137 minə yaxın şəxslə bağlı əlillik müayinəsinin nəticələrinə dair məlumat daxil edilmişdir və ilin sonuna kimi bu prosesin yekunlaşdırılması nəzərdə tutulur”.

S. Müslümov onu da bildirib ki, informasiya bazası aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunub və onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan götürəcəklər. “Bu sistem əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə yönəlib”.
 





24.12.2014    çap et  çap et