525.Az

Azərbaycanda turizm: ilin yekunları


 

Azərbaycanda turizm: <b style="color:red">ilin yekunları</b>

Mehmanxanaların təsnifatı yeni standartla müəyyən edilir

Bu gün mehmanxana sahəsində inkişaf tendensiyası xidmət sahəsinə də öz müsbət təsirini göstərir. Mehmanxanalarda xidmət səviyyəsinin daha yüksəldilməsi məqsədilə Azərbaycan Turizm İnstitutunda, Bakı Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində bu sənayedə çalışacaq ixtisaslı kadrların hazırlığı davam etdirilir. Hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri və respublikamızın turizm potensiallı regionlarında mehmanxana sənayesi işçiləri üçün Türkiyə Respublikasından dəvət edilmiş ekspertlər tərəfindən təlimlər keçirilir.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatını aparılır.

Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

Hazırda müvafiq qanunvericiliyə əsasən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sahibkarların müraciətləri əsasında könüllü sürətdə aparılır.

Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş planşet vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

2014-cü il ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilmişdir. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 79-dur. Onların 56-ı Bakı şəhərində, 23-ü isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 23-ü beş ulduz, 41-i dörd ulduz, 12-i üç ulduz, 3-ü isə iki ulduz kateqoriyasına uyğundur.

2015-ci ildə Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları" ilə bağlı ilk növbədə Bakı şəhəri və Mingəçevir şəhərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sürətləndirilərək və təsnifatdan keçmiş obyektlərin sayı artırılacaq.

Azərbaycan - Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü kimi...

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Xüsusilə üzv olduğu yeganə universal beynəlxalq təşkilat kimi BMÜTT (Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı) ilə əməkdaşlıq bu il daha əhəmiyyətli xarakter alıb. Belə ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmasından sonra Azərbaycan tərəfi artıq Şuranın iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak etməyə başlayıb.

Bu il həmçinin, aprel ayında Bakı şəhərində BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminar təşkil edilib. 30 ölkədən 70-dən çox nümayəndənin iştirakı ilə keçirilən İclasda Avropa turizminin problemləri, inkişaf perspektivləri, dövlət-özəl sektor əməkdaşlığı, sərmayələrə şərait yaradılması üçün biznes mühitinin yaxşılaşdırılması, seminar zamanı isə turizm klasterlərinin təşviqi, yeni turizm məhsullarının təşviqində müasir əməkdaşlıq formaları və s. məsələlər müzakirə edilib, qərarlar qəbul olunub. Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda bu tədbirin təşkil edilməsi həm BMÜTT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, həm də gələcəkdə turizm sahəsində inkişafa nail olmaq üçün böyük zəmin yaradıb.

Azərbaycan tərəfi İcraiyyə Şurasının üzvü kimi ilk olaraq 2014-cü ilin 3-7 iyun tarixində İspaniyada keçirilmiş BMÜTT-nin İcraiyyə Şurasının 98-ci sessiyasında nümayəndə heyəti ilə iştirak edib. Sessiya çərçivəsində "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınması və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanması təklif edilib.

Bunun nəticəsi olaraq, daha sonra 2014-cü ilin 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasında sənəd layihəsinin cari ilin 17-19 noyabr tarixində Dünya Etika Komitəsinin iclasında baxılması qərara alınıb. Qeyd edək ki, Azərbaycanın bu qətnaməni təqdim etməkdə məqsədi dünyada turistlərin təhlükəsizliyinin təmin edilməsi, milli və beynəlxalq hüquq normalarının pozulmasının və münaqişəli ərazilərin turizm məqsədilə təbliğinin qarşısının alınması idi.

Nazirliyin Təşkilatla əməkdaşlığı yalnız beynəlxalq tədbirlərdə iştirakla məhdudlaşmayıb. Mütəmadi olaraq keçirilən sorğular, seminarlar, təlimlər, təşkilat tərəfindən nəşr olunan materiallarda Azərbaycanla bağlı məlumatların hazırlanması və yenilənməsi və s. fəaliyyətlərdə aktiv iştirak edən Mədəniyyət və Turizm Nazirliyi təşkilat çərçivəsində daim öz mövqeyini yüksəltmək üçün səylərini əsirgəməyib.

Qeyd etmək lazımdır ki, BMÜTT ilə əməkdaşlıq ölkəmizdə turizm idarəetmə mexanizmlərinin yaradılmasına, turizmin davamlı inkişafının təmin edilməsinə, turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə və Azərbaycanın turizm sahəsində beynəlxalq səviyyədə özünəməxsus yer tutmasına xidmət edir.

700-ə yaxın əməkdaşlıq müqaviləsi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrindən Azərbaycana turist axınını təmin etmək məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin İstanbul şəhərində (EMİTT), Almaniyanın Berlin şəhərində (İTB), Rusiyanın Moskva şəhərində (MİTT), Ukraynanın Kiyev şəhərində (UİTT), BƏƏ-nin Dubay şəhərində (ATM), Qazaxıstanın Almatı şəhərində ( KİTF), Fransanın Paris şəhərində (Top Resa), Böyük Britaniyanın London şəhərində (WTM) keçirilmiş beynəlxalq turizm sərgilərində iştirak edib.

Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu işgüzar turizm sahəsinə həsr olunmuş, Frankfurt şəhərində keçirilən İMEX və İspaniyanın Barselona şəhərindəki EİBTM sərgilərinə qatılıb. "İMEX 2014" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib, həmçinin Frankfurt şəhərində 62 reklam lövhəsində Azərbaycana dair reklam yerləşdirilib.

Bundan əlavə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 19 - 29 sentyabr tarixində Fransanın Paris şəhərinin San Sülpis meydanında 10 gün davam edən "Azərbaycan şəhərciyi" adlı sərgidə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin nümayişi ilə yanaşı turizm potensialına həsr edilən lövhədə də təmsil olunub. Nazirliyin sifarişi ilə hazırlanan, fransız dilində "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya və digər qonaqlara təqdim edilib. Sərgi zamanı Nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış olublar.

Həmçinin, bu il ərzində Nazirlik Türkmənistanın Avaza vilayətində təşkil olunan "Turizm və Səyahət" sərgisində də iştirak edib.

Xarici ölkələrdə təşkil olunan sərgilərlə yanaşı, hər il Bakıda təşkil olunan "AİTF" beynəlxalq turizm və səyahətlər sərgisində Mədəniyyət və Turizm Nazirliyi milli stendlə çıxış edir və bu il də istisna olmamışdır. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Sərginin işi ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti və xanımı sərgini ziyarət etmiş, iştirakçılara uğurlar arzulamışdır.

Qeyd etmək yerinə düşər ki, iştirak etdiyimiz sərgilərdə Azərbaycanın turizm imkanları ilə yanaşı mədəniyyətimiz təbliğ olunur, həmçinin milli stenddə təqdimatlar, ikitərəfli görüşlər və xarici turizm nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.

Eyni zamanda adıçəkilən sərgilər zamanı iştirakçılara və ziyarətçilərə paylanması üçün 11 dildə 30 növdə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları nazirlik tərəfindən sifariş olunur. Bununla yanaşı sərgilərdə Azərbaycanın turizm imkanlarına həsr olunan 12 video çarx nümayiş olunur.

Beləliklə il ərzində Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib. Nazirlik tərəfindən təşkil olunan, Azərbaycanın regionlarının turizm potensialını əks etdirən milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana qatılıb.

Nazirlik tərəfindən aparılmış təhlil göstərir ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm şirkətləri və mehmanxaları üçün yeni xarici partnyorlar ilə işbirliyinin qurulması, habelə öz turizm məhsullarının xaricdə təbliği və ölkənin imici baxımından ən effektiv vasitələrindən biri hesab olunur. Təsadüfi deyil ki, 2014 -cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanıb.

 





24.12.2014    çap et  çap et