525.Az

Kitabxanaların birləşdirilməsi gələn ilin sonuna yekunlaşacaq


 

Kitabxanaların birləşdirilməsi gələn ilin sonuna yekunlaşacaq<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin sonuna kimi şəbəkəsindəki kitabxanaların birləşdirilməsini yekunlaşdırmağı nəzərdə tutur.

Nazirliyin kitabxana sektorunun məsləhətçisi Samir Abbasov Trend-ə bildirib ki, nazirliyin şəbəkəsində 4500 kitabxana var idi. Amma ötən ildən başlanılan birləşdirmə nəticəsində artıq kitabxanaların sayı 4000-ə qədər enib. Kitabxana şəbəkəsinin bundan sonra da ehtiyaca uyğun şəkildə optimallaşdırması nəzərdə tutulur.

Abbasovun sözlərinə görə, indiyədək respublikanın bütün şəhər və rayonlarında bu iş ilk mərhələdə həyata keçirilib. İlk mərhələdə bir yaşayış məntəqəsindəki bir neçə kitabxana filialının birləşdirilməsinə üstünlük verilib.

"Sovet dövründə hər şəhərdə, kənddə kitabxana yaradılıb. Bəzi yaşayış məntəqələrində 3 kənd kitabxanası olub. Biz onlardan birini saxlayırıq və fəaliyyətini gücləndiririk", - Abbasov qeyd edib.

O bildirib ki, kitabxanaya oxucu tələbatı yoxdursa, yaxud kiçik yaşayış məntəqəsində bir neçə kitabxana yanaşı yerləşirsə, onların birləşdirilməsi daha səmərəli olur.

Nazirlik rəsmisinin sözlərinə görə, birləşdirmə zamanı şəhər, rayon icra hakimiyyətlərinin, yerli mədəniyyət və turizm şöbələrinin, kitabxana rəhbərlərinin, mütəxəssislərin təklifləri, eyni zamanda, kitabxanaların bina şəraiti nəzərə alınır. Birləşdirmə aparılarkən işçilərin ixtisarına yol verilməməsi də başlıca vəzifələrdən biri olur.

Abbasov deyib ki, işsizlik probleminin yaranmaması üçün cəbhə bölgəsinə yaxın ərazilərdəki kitabxanaların birləşdirilməsi çox ehtiyatla həyata keçirilir.

 





27.08.2012    çap et  çap et